“Burdan Kəlbəcərə elə yaxındı...”

“Burdan Kəlbəcərə elə yaxındı...”

24 May 2014, 13:17 1164
...Qazağımı görmüşdüm bir gecə yuxuda, Azərbaycanımın şeiriyyət ocağını, söz xiridarlarının vətənini, müqəddəsliyi canıma-qanıma hopmuş elimi... İllər öncə Qarabağımı qamarlamış yad əllər, yuxumda Qazağıma da uzanmışdı. Torpaq davası, qan davası gedirdi yenə...
Gözlərimi açdığımda nəfəsim kəsilirdi. Göz yaşlarımda boğulur, kiriyə bilmirdim. Torpağını itirmək, onu bir daha görməmək, həsrətilə yaşamağa məcbur olmaq, havasını ala, oylaqlarında dolaşa bilməyəcəyinin qorxusu... vətənsizlik kabusu.. ölmək qorxusundan daha ötə imiş. Bir daha, itirilmiş torpaqlarımızı, o torpaqların yetişdirdiyi qələm dostlarımı, onların ürək titrədən yazılarını xatırladım. Bu dərdi duymaq, yaşamaq, bu dərdlə yazıb-yaratmaq nə demək olduğunu düşündüm bir daha. Qürbətdəki yazarlarımızı, ən əsas da, hər birimizin sevimlisi, kövrək qəlbli, duyğulu, mehriban, həsrətli şeirlərilə qəlbləri riqqətə gətirən şairimizi – Nəsib Nəbioğlunu və onun “Kəlbəcər” adlı sağalmayan yarasını düşündüm...

Baloğlan Cəlil
...Ağır kişilərə məxsus yerişi və mərdanə duruşu ilə fərqlənən Nəsib müəllim - bu dağlar oğlu - qürbətdə yaşasa da, bənövşə misali ruhu zindanlarda inləyən Kəlbəcərdə, doğma nəfəslərə həsrət qalmış qayalarda və türfə gözəllərin yolunu gözləyən gözü yaşlı buz bulaqlardadır...
Nəsib Nəbi oğlu 1980-ci ldən Moskvada ömür sürür, qəm çəkir, həsrət çəkir, amma şükür Allaha ki, bir şair ömrü, sənətkar taleyi yaşayır.
M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirən Nəsib Nəbioğlu müxtəlif xalqların klassik yazarlarını, xüsusiylə də, V. Şukşini, V. Rasputini, A.S.Puşkini, S.Yesinini və Jan Pol Sartrı dilimizə çevirib doğmalaşdırmışdır.
Öz zəhməti ilə və istedadı ilə Rəsul Rza və Yuri Dolqoruki adına beynəlxalq ədəbi mükafatları almış Nəsib müəllim, öz səmimiliyi və bənzərsizliyi ilə yaddaşımın ədəbi zirvəsində çiçəklənən şairlərdəndir.

Afaq Şıxlı
...İlk dəfə bu şeirlə tanımışam onu, bu şeirlə sevmişəm Nəsib Nəbi oğlu yaradıcılığını:

"O dağlar Nəsibdən küsülü qalıb...
Həsrətdən qamətim qısılı qalıb!
Bir əlim ümiddən asılı qalıb,
Bir əlim Tanrının ətəyindədir!"


Elə ilk gündən aramızda bir ata-bala sevgisi yaranıb. Nəsib müəllimi tanıyan hər bir adam belə bir insanla ünsiyyətdə olmaq fürsətinə görə Tanrıya şükürlər edir.

Moskvada yaşadığım uzun illər ərzində bu insandan inciyən, küsən, onun davranışından narazı qalan kimsəni görmədim. Hər kəsə yardım əlini uzatmağa hazırdır. Xoş bir kəlmədən gözləri dolacaq qədər həssas, insanları hər zaman saf və səmimi biləcək qədər məsumdur. Nəsib Nəbioğlu öz nadir istedadına, şair duyumuna güvənib qürrələnmir. O, bu vergini dürüstlüklə və sadəliklə qəbul edən şəxslərdəndir. Azərbaycana, onun hər qarışına məftunluğu şeirlərinə hopub Nəsib müəllimin və oxuyan hər kəsə sirayət edir.

“Vətəndə çiçəklərin də ətri fərqlidir...” – deyirdi Kuprin. Nəsib müəllimin dilindən bu kəlmələrdən daha ötəsini eşidirik. Vətən dərdinin böyüklüyü, vətən həsrətinin sonsuzluğu duyulur onun şeirlərdən... və yandırır qəlbimizi:

Burdan Kəlbəcərə elə yaxındı...
Bu yollar keçilməz qayadı, daşdı.
Zirvələrə baxdım, özümə baxdım,
Xəyalım qəfildən ilişdi, çaşdı.

Apardı uzağa xəyallar məni,
Qəm aldı üstümü cığırda, düzdə.
İşə bax, ay Allah, bu necə sirdi –
Xəyalım o üzdə, mənsə bu üzdə?

Bəs necə adlayım, bəs necə keçim,
Yollarımı kəsən bu sədlər nədir?
O üzdə o tutur sönmüş ocaqlar,
Bu üzdə qəm, həsrət məni göynədir!..


Nəsib Nəbioğlu özü bu haqda, böyük ürək ağrısıyla, belə deyir:

“...Bu illər ərzində kəlbəcərlilərin nələr çəkdiklərini bir Allah bilir... Özüm əslən Kəlbəcərdən olduğumdan, Kəlbəcər haqqında yazmaq, daha doğrusu onun işğalını dilə gətirmək mənin üçün çox çətindir. Hər bir insanın böyük vətəniylə bərabər kiçik bir vətəni də olur. O kiçik vətən hər birimizin doğulduğu ev, böyüyüb, boya-başa çatdığımız həyət, məhlə, cığırlarında yüyürüb-yıxıldığımız kənd,cılğın yeniyetməlik illərimizi keçirdiyimiz yurd, ilk sevginin yaşandığı məkan, böyüdükcə ruhumuza, qanımıza daha çox hopan, gecələr yuxumuzdan əl çəkməyən, ömrümüz boyu hər birimizi rahatlanmağa qoymayan varlıqdır.Və bu varlığın işğal altında olması asan məsələdirmi? İllər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınan, qaçqına, köçgünə çevrilən insanların dərdini hələm-hələm adamlar anlamaz. Bu, böyük dərddir, nədənsə davası- dərmanı tapılmayan dərddir. Üstəlik də qəribçilik! Onun da yükü adi yük deyil axı...”
“...İşimlə, tutduğum vəzifəylə bağlı dünyanın irili-xırdalı 30-dan çox ölkəsində olmuşam, demək olar ki, bütün Avropanı gəzmişəm, Asiyada, Afrikada olmuşam, xoşuma gələn ölkələr, şəhərlər çox olub, amma Kəlbəcərin gözəlliyini heç yerdə görməmişəm. Bu, aydındır, hər kəsə öz yurdu, öz eli, öz obası gözəldir”.

Baloğlan Cəlil
Nə demək olar? Sözün bitən yeridir. Amma inamın deyil! İnam sabaha köklənən, qələbəyə, ümidlərimizin doğrulacağına köklənib. Biz buna inanırıq, Nəsib müəllim! Biz buna inanırıq, Vətən!

Afaq Şıxlı.
...Bu gecədə əziz şairimizə Rusiya Yazarlar Birliyi tərəfindən Lermontov mükafatı təqdim olundu. Bu çox böyük uğurdur. Dünyanın möhtəşəm dövlətlərindən birinin belə ünlü ödülünə layiq görülmək, rus ədəbi mühitində bu qədər hörmət qazanmaq - əlbəttə ki, hər yazara nəsib olmur və bu, fərəhli bir haldır. Nəsib müəllim buna öz əməyi, çalışqanlılığı, təmiz ürəyi və çoşqun ilhamı ilə nail olmuş insandır! Və biz: bütün dostları, qələm yoldaşları, soydaşları – onunla fəxr edirik!

Baloğlan Cəlil
Gəlin, ömrünün çiçəklənən vaxtında ona - gözləri daim yol çəkən Nəsib Nəbioğluna uzun, şərəfli ömür yolu, can sağlığı və könül azadlığı arzu edək! Axı onun könlü o ulu torpaqlarda, doğma beşiyi olan Kəlbəcərindədir...

Ürək sözlərimizi dəyərli şairimizə, eləcə də, onun timsalında, qürbətdə yaşayan bütün yazarlarımıza ithaf etdiyim bir şeirlə tamamlamaq istəyirəm:

...İtirdiyin başını alarsan əllərinə,
Gəzərsən dəvəsini axtaran ərəb kimi.
Üzünə mələkləri gülsə də məmləkətin,
Bir gün çəkərlər səni meydana, Hələb kimi...


"Gəl-gəl" deyər uzaqdan qos-qoca Qız Qalası,
Bakı sehirbaz təki tutub sehirlər səni.
Daim edam edərlər Azadlıq meydanında,
Vaxt edib yazmadığın sözlü şeirlər səni.

Bir vaxt könlündən keçən qadınlar keçib gedər,
Qərib durnalar kimi gəzərsən öz ölkəni...
Bir yandan da beynini kotan kimi şırımlar,
Qürbət limanlarında ayrılığın yelkəni.

Sonsuz bir qəhər kimi tıxanar boğazına,
Torpağın inildəyən, tapdalanan haqları.
Qürbət nəğmələrində ancaq qələbə çalar
Meydanlarda uyuyan Vətənin bayraqları.

Tutub qəlbini sıxar qəribliyin sancısı,
Gözlərin həsrət çəkər bir ata ocağına.
Dərdini dağıtmağa bir adam axtararsan,
Pıçıldayar dodağın gecə yazdığın şeiri,
Zilləyib gözlərini bir qayın ağacına...


P.S.
Su gələr arxa, haray!
Tökülər çarxa, haray!
İgid qürbətə düşsə,
Çağırar arxa, haray!...

Baloğlan Cəlil,
Afaq ŞIXLI

Ufa-Moskva, 2014