• şənbə, 27 Aprel, 07:38
  • Baku Bakı 12°C

Bugünkü mətbuatımız Cümhuriyyət dövrünün xələfidir

19.12.14 13:03 3215
Bugünkü mətbuatımız Cümhuriyyət dövrünün xələfidir
XX yüzilliyin əvvəllərində Azərbaycanda ictimai şüurun formalaşmasında, özünüdərkin güclənməsində 1905-1907 və 1918-1920-ci illər mətbuatının çox böyük rolu olub. Çünki bu zaman mətbuatı məşğul edən problemlər arasında siyasi məsələlər xüsusi yer tuturdu. Hətta o dövrü tədqiq edənlər o zaman jurnalistikanın mühüm bir sahəsinin siyasiləşdiyini də söyləyirdilər. Çünki, bu mətbuat orqanlarının əksəriyyəti partiya və təşkilatlara, cəmiyyətlərə məxsus idi.
«Dində, əqidədə birlik» (S.Əfqani), «Dildə, fikirdə, işdə birlik» (İ.Qaspıralı), «Türkləşmək, islamlaşmaq, müasirləşmək» (Ə.Hüseynzadə) Azərbaycan Xalq Cümhuriyyəti bütünlüklə türk dünyası, mənəvi Turan miqyasında qəbul etdiyi və rəhbər tutduğu bu mənəvi meyarlar, islam dəyərləri ilk dəfə idi ki, rəsmi-ideoloji doktrina, dövlət siyasəti səviyyəsində əməl, iş proqramı kimi elan olunur. 1918-1920-ci illər Azərbaycan dövri mətbuatının ən yüksək inkişaf mərhələsi olmuşdur.
Bu çoxsaylı müxtəlifdilli, müxtəlif ictimai, siyasi yönümlü mətbuat nümunələri içə­ri­sin­də daha real həyat qüvvəsinə və geniş oxucu kütləsinə malik olanı Azərbaycan Xalq Cümhuriyyəti ilə yaxından bağlı olan milli ruhlu mət­buat idi.
Çox zəngin tarixi ənənələri olan, milli demokratik ideyaları təbliğ edən «Açıq söz», «İstiqlal», «Azərbaycan», «Qurtuluş yolu», «Bəsirət», «Zənbur», «Övraqi-nəfisə», «Əfkari-mütəəllimin» və s. bu tipli mətbuat orqanları daha çox seçilirdi. Onlar 1918-1920-ci illər dövründə yeni mədəniyyətin, incəsənətin və ədəbiyyatın bərqərar olması, demokratik və müstəqil dövlət quruculuğunun təbliğ edilməsi uğrunda müba­rizə­də əsas rol oynayırdılar.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi həyatında mövqeyi olan partiya və qruplaşmalar özlərinə tərəfdar toplayaraq siyasətlərini müvafiq mətbuat orqanlarında təmsil edirdilər. Bu dövrün mətbuatında da Azərbaycan parlamentində təmsil olunan partiyaların mövqeyi aydın hiss olunurdu. İctimai-siyasi həyatda davam edən gərgin mübarizələr mətbuatda da öz əksini tapırdı. Qeyd etmək lazımdır ki, həmin dövrdə kütlə şüuru milli özünüdərkin yüksək mərhələsində olmasa da, milli azadlıq ideyası özünün yeni mərhələsinə daxil olurdu.
Arxiv materialları ilə aparılan araşdırmalar da göstərir ki, bu dövr Azər­baycan mətbuatının uğurları birbaşa Azərbaycanın istiqlalı, dövlət müstəqilliyi ilə bağlıdır və dövr mətbuatı milli dövlət quruculuğu prosesində ön mövqedə dayanaraq ideoloji fəaliyyətin azadlığını öz üzərinə götürmüşdür. Təbii ki, bu ideoloji mübarizədə partiya və cəmiyyətlər bütün vasitələrə əl ataraq təbliğat işi aparırdılar.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində fəaliyyət göstərən bütün siyasi, ictimai partiyalara, cəmiyyətlərə çox gözəl şərait yaradılmışdır. «Hümmət» bolşevik təşkilatı da bundan sui-istifadə edərək ölkədə əks, təbliğata aparırdı.
1918-1920-ci illər Azərbaycan demokratik hökumətilə müxalifətdə olan mətbuat içərisində ən fəalı və güclüsü bolşevik mətbuatı idi. Bu mətbuat həmin illərdə Azərbaycanda da sovet hakimiyyətinin qurulması uğrunda mübarizə aparırdı və Azərbaycan bolşevikləri Rusiyada qurulmuş sovet hökumətindən təkcə ideoloji cəhətdən deyil, həm də maddi-texniki cəhətdən yardım alırdılar. Məhz bunun nəticəsində onlar geniş mətbuat şəbəkəsi yaratmağa nail olmuşdular.
Bolşevik mətbuatı qərəzli fikirləri təbliğ edərək ölkədə on illərlə yığı­lıb qalmış problemləri Azərbaycan Xalq Cümhuriyyəti rejiminin doğurduğu kimi təqdim edir və saxta informasiya ilə qeyri-sağlam mübarizə aparırdı. 1918-ci ilin sentyabrında xilaskar türk ordusunun yardımı ilə Bakı bolşeviklərdən azad ediləndən sonra bir müddət bolşeviklər leqal qəzet çıxarmağa nail olmadılar. Onların əsas hərəkətverici qüvvələri gizli fəaliyyətə keçdi və onların mətbuat işi 1919-cu ilin may-iyun aylarından etibarən bərpa olundu.
1918-1920-ci illərdə Bakıda yerli bolşeviklərlə bir mövqedə dayanan və Azərbaycanda milli hökumətlə müxalifətdə olan «Bakinets» (1907-1920, redaktoru M.S.Cinoridze, M.D.Manuçaryan), «Bakinskaya jizn» (1919, Redaksiya heyəti), «Bakinskiy raboçiy» (1906-1920, RSDFP Bakı Komitəsinin orqanı),«Bakinskoye slovo» (1918-1920, redaktoru Qlaxenqauz), «Bakinskoye utro» (1919, redaktoru M.N.Sergeyev), «İskra» (1919, Redaksiya heyəti), «Nabat» (1919, redaktoru A.A.Murovyan, F.E.Maxaradze), «Naşa jizn» (1919, redaktoru S.Q.Şaumyan), «Proletari» (1919, Redaksiya heyəti) və s. rus dilində qəzet və jurnallar da çıxırdı. 1918-1920-ci illərdə Azərbaycanda milli hökumətə qarşı erməni dilində çıxan qəzet və jurnallar içərisində «Artsax» (1919, Redaksiya heyəti), «Aparaj» (1917-1919, redaktoru Ayrapet Musaelyan) və s. kimi düşmən mövqeli qəzet və jurnallar xüsusilə fəallıq göstərirdi. Rus dilində çıxan daşnak istiqamətli «Znamya truda», «Yedinaya Rossiya», «İskra», «Naşa vremya», «Vperyod» kimi qəzetlər Azərbaycanda milli hökumətin əleyhinə təbliğatda heç də onlardan geri qalmırdı.
Odur ki, yeni yaranan Azərbaycan dövləti xarici və daxili mənfur qüvvələrlə mübarizə aparmaqda çətinlik çəkirdi. Çünki, Azərbaycan Xalq Cümhuriyyətinin hələ kifayət qədər qüvvəsi yox idi. Öncə ölkənin daxilində fəaliyyət göstərən düşmənləri zərərsizləşdirmək lazım idi. Cümhuriyyəti daxildən parçalamaq üçün rus partiyaları, ictimai təşkilatları və mətbu orqanları dövləti idarəetmədə ajiotaj yaradırdılar. Onlar hər vəchlə sübut etməyə çalışırdılar ki, azərilər dövləti müstəqil şəkildə idarə edə bilməyəcəklər.
Həmin illər haqında sonralar publisist Hüseyn Baykara «Azərbaycan istiqlal mübarizəsi» əsərində geniş məlumat verirdi. O yazırdı ki, «Azər­baycan xalqı və yenicə təşkil olunan Azərbaycan hökuməti həm daxildə, həm xaricdə olan düşmənlərlə mübarizə aparır, bir tərəfdən də dövlət üçün lazımi milli heyətləri yaradırdı».
Çar rejiminin çoxlu bəlalar gətirdiyi təhkimçilik qaydaları AXC döv­ründə kökündən dəyişdirildi. Dövrün bütün bu problemləri mətbuatın da inkişafına təsir edir, müəyyən sədlər çəkirdi. Bununla belə, cümhuriyyət dövrü jurnalistikası milli dövlət quruculuğu prosesində ön planda dururdu. Dövri mətbuat ictimai-siyasi, mədəni, iqtisadi, sosial həyatda baş verən yenilikləri, hadisələri ətraflı, obyektiv şəkildə işıqlandırırdı. Bu dövrdə jurnalistika ictimai, siyasi, mədəni həyatın carçısına çevrildiyi üçün, hökumət mətbuatın inkişafına xüsusi önəm verdi.
Məhz Azərbaycanda KİV-in hüquqi bazasının yaradılması prosesi də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə başlandı. Demokratik prinsiplər üzərində qurulan AXC müstəqil və azad jurnalistikanın zəruriliyini anlayaraq bir sıra qanun və sərəncamlar qəbul etdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat sahəsində əldə edilən ən böyük uğur 1919-cu il oktyabrın 30-da qəbul olunan «Mətbuat haqqında Nizamnamə»dir. «Mətbuat haqqında Nizamnamə» qısa müddətdə (27 aprel 1920) olsa belə, Azərbaycan jurnalistikasının inkişafına güclü təkan vermiş, milli mətbuat tarixində silinməz bir iz qoymuşdu. Müasir dövrümüzdə KİV sahəsində qəbul olunan qanunvericilik aktlarında da bu iz hiss olunmaqdadır. Sözsüz ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə senzuranın ləğvi də bu inkişafı sürətləndirmişdi. 1918-ci il noyabrın 9-da qəbul edilən bu sərəncam ölkədə azad mətbuata yol açdı. Uzun illər çar imperiyasının zülmü altında sıxılan azərilər, nə­ha­yət ki, azad şəkildə fikirlərini, düşüncələrini ifadə etmək imkanı qazan­dılar.
1919-cu ildə qəbul edilmiş «Mətbuat haqqında Nizamnamə»dən KİV-miz bu gün də bəhrələnir.
Belə ki, Azərbaycan Respublikası müstəqillik əldə edən kimi özünün müstəqil Konstitusiyasını yaratdı. Konstitusiyanın xalqa verdiyi azadlıq hüququndan biri mətbuat, söz, fikir azadlığı ilə bağlıdır. Konstitusiyanın 47-ci maddəsinin 1-ci bəndində deyilir: «Hər kəsin fikir və söz azadlığı vardır». Təbii, bu azadlıq kütləvi informasiya vasitələri ilə gerçəkləşir. Ona görə də bu azadlığın hüquqi bazasını təşkil edən KİV haqqında qanun hazırlandı. Belə bir qanun 1992-ci ildə ilk dəfə parlament tərəfindən qəbul olundu və bir neçə dəfə əlavələr, düzəlişlər nəticəsində daha da mükəmməlləşdi.
Bu gün mətbuatımızın ideya istiqamətinə nəzər saldıqda görürük ki, Azərbaycan Xalq Cümhuriyyəti mətbuatı ilə tam eyni bir siyasəti təbliğ edir. Ümumilikdə isə AXC dövri mətbuatı müasir mətbuatımızın sələfi rolunda özünü tam mənada göstərir.
İstər əsrin əvvəllərində, istərsə də bu gün milli mətbuatımız müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti qurmaqla yanaşı, cəmiyyətdə sosial ədalətin təmin olunmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır. Zəngin və böyük bir tarixi olan milli mətbuatımızdan bu müsbət xüsusiyyətləri öyrənməli və əxz etməliyik. Çünki Azərbaycanda qəzetçilik işinin milli-mənəvi dəyərlərə əsaslanması, ictimai-siyasi dəyərlərin daşıyıcısına çevrilməsi bir daha sübut edir ki, milli mətbuatımızın özünəməxsus yeri var.
Qərənfil Dünyamin qızı,
BDU-nun dosenti, fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər