Bu, Çingiz Əlioğludur …

Bu, Çingiz Əlioğludur …

21 İyun 2014, 13:58 1441
Müasir ədəbiyyat

Yox, mən heç cur inana bilmirəm Çingiz Əlioğlu 70 yaşına gəlib çatıb. Bu dünyada dəyişilən sifətlər, xasiyyətlər, hətta xarakterlərlə üzləşirik, insanın yaşı da sabit qalmır, illər, aylar gəlir ömrün üstünə bu yaşın və birdən…üzünə-gözünə alışdığın bir adam gözlərinin qabağında 60, 70 yaşın astanasında bardaş qurur. «Salam, mənim altmışım», «Xoş gördük yetmişim mənim» deyir. Və Çingiz Əlioğlu da beləcə yetmişi başa vurur, səkkizinci onilliyə qədəm basır. Səkkizinci onillik... İlahi, axı o, mənim gördüyüm Çingizdirsə, cavan bir oğlan idi. Bir az arıq, bir az hündür, həmişəki təbəssümü üzündə, danışanda dünya ədəbiyyatından üzü bəri sitatlar gətirir, şeirlərini oxuyanda da ən yaxşı qiraət ustasından da geri qalmır. İnanımmı bu zalım yaşa... Zorla özünü inandırmamağa çalışıram, amma fakt budur ki: Çingiz Əli oğlu Əliyev 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. Vəssalam!

Çingiz Əlioğlu müasir Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biridir və bu gün ona ən çox yaraşan söz İSTEDADdır. İstedadının birinci əlaməti poeziyada təcəssüm edir, yəni Çingizin hər hansı bir şeiri məhz şeirdir və bu şeirlərin cəmi, toplumu poeziyadır. Çingiz professionaldır. O, şeirin düsturuna sığışan nə varsa, məhz istedadı ilə o düsturu həll edir. Çingiz riyaziyyatçı olsaydı, məşhurundan olardı, çünki onun poeziyasında riyazi bir dəqiqlik də var. Amma poeziyanı başqa elmlərlə qarışdırmayaq, çünki riyaziyyat təkcə ağılla bağlıdır və burada ürəyin fəaliyyəti ikincidir. Amma poeziya məhz ürəklə bağlıdır.

Onun çoxlu şeir kitabları çıxıb və bir yazıda bunları əhatə eləmək çətindir. Çünki hər bir kitabı oxucuya yeni söz deyir. O, Azərbaycan şeirin bütün istiqamətlərini, axınlarını öz poeziyasında əks etdirə bilir.

Çingiz minillik Azərbaycan poeziyasının ənənələrinə, xalq şeiri örnəklərini sədaqətlidir.

Çingiz hecada da, sərbəstdə də kifayət qədər uğur qazanıb.

Çingiz modernist şairdir və bu yolda ustadı Rəsul Rzanın yolunu davam etdirir, amma ustaddan təqlid yox, yaradıcı hünər dərsini keçib.

Çingiz realist şairdir, həyatın, yaşadığımız mühitin gözə görünən mənzərələrini və gözə görünməyən gizlinlərini şeirə gətirir.

Çingiz romantik şairdir, ay işığını çox sevir, meşələri, ormanları, dənizi şeir-rəsmlərində vəcdlə canlandırır.

Mənim fikrimcə, Çingizin poeziyası öncə rənglər və səslər üstündə pərvəriş tapdı. O, təbiətin, dünyanın və insan qəlbinin rənglərini şeirlərində əks etdirməyi çox sevir.

Budaqdan qopmuş
nar kimi,
Üfüqdə diyirləndi
gülöyşə günəş-
Qıpqırmızı
nar şirəsinə
bulaşdı qürub.
Bir azdan
dənəvər-dənəvər
mələs ulduzlar
səpiləcək səmaya
Nar çiçəyi kimi
çıttayacaq
pəncərələrdə işıqlar.

Toğrul Nərimanbəyovun bir tablosundan alınan bu təəssürat həmin tablonun sözlə ifadəsi kimi uğurludur. Amma Çingiz heç də hazır tabloları şeirə köçürmür, özü sözlə tablolar yaradırdı. Vaxtilə böyük şairimiz Rəsul Rzanın Çingizin şeirləri barədə söylədiyi bu fikirləri xatırlayıram: «Çingizin şeirləri ilə tanış olanda ilk baxışda belə bir təsir oyana bilər ki, gənc şair seyrçiliyə uyur, dənizin, qürubun, dağın, çiçəyin təsvirinə çox aludədir. Bu ancaq ilk baxışda belədir. Şeirləri diqqətlə oxuduqda görürsən ki, bütün bu təbiət mənzərələri Çingizin ürək çırpıntılarını, həyat, insan haqqında düşüncələrini ifadə etmək üçün lazımdır».

Adicə bir predmetdə –səsdə, küləkdə, yaz havasında, işıqda dünyanın rəng və çalarlarını görmək və bunları həssaslıqla poetik müşahidə obyektinə çevirmək hər şairə qismət olmur. Çingizin ilk şeirlərindəki uğurları da məhz buradan başlanırdı. Şairin lirik qəhrəmanı günlərin birində «bekar və kara gəlməz avara bürkünün» əlindən şikayətlənir, amma birdən bu söhbət başqa rəng alır. Yayın ortasındakı başgicəlləndirən bürküdən-təbii iqlim sferasından pulgir bazarların möhtəkir bürküsünə, qardaş qırğını gedən İranın, Kampuççili ac körpə baxışlarının, Hindistandakı musson yağışlarının, Avropadakı raket tünlüyünün bürküsünə düşürsən və bir udumluq təmiz hava, genişlik istəyirsən.

Çingizin elə ilk şeirlərindən bu yana assosiasiyalar, ayrı-ayrı təsəvvürlər arasındakı əlaqələr oxucu üçün yeni idi.

Şüa-şüa
Barmağının ucundan
Dünyamıza axan,
Qara gözlərinin içindən
Kədərli işıqla
Gözümüzə bir dəcəl baxan,
Lopabığ, qıvrımsaç
Bir oğlan yaşayırdı.

Bu oğlan-Vaqif Mustafazadə idi. «Barmaqları ağlayan-gülən, yaşayan-ölən, boy-boy nəğmə, rəng-rəng nəğmə biçən, könlümüzə-gözümüzə işıq daşıyan» həmin Vaqif. Və bu şeirdə Çingiz rənglərin assosiasiyasına müraciət edirdi:

Barmaqları Qırat kimi,
Barmaqları Dürat kimi
Haçandı dünyadan
Köçmüş Vaqifi
O qara dünyadan
Bu ağ dünyaya
Gətirmək istəyir…
Gətirə bilmir.

Çingizin ustadları çoxdur, bütün klassik şairlərimiz və XX əsrin ən novator, modkrnist şairləri. Amma mənim fikrimcə, onun ustadlarından biri və bəlkə də birincisi Rəsul Rzadır. O, Rəsul Rzadan çox şeylər öyrənib. Amma ilk növbədə, onun sərbəst şeir yolunu ən uğurla davam etdirənlərdən biridir. Maraqlıdır ki, 90-cı illərə qədər Çingiz daha çox hecada yazırdı və bu şeirlər ənənəvi şeiri yeni çalarlar gətirmək baxımından maraqlı təsir bağışlayırdı.

Dünya, boyun bircə qarış…
Qarı dünya, qımış görüm.
Ürəyimdə yağ qalmamış,
Dünya, mənnən danış görüm,

Yolların yüyrəkdi sənin,
Yerişin küləkdi sənin,
Olanım-ürəkdi mənim,
Dünya, mənnən yarış görüm.

Niyə belə yaraqlısan,
Hansı fikir, soraqlısan,
Mən haqsızam, sən haqlısan,
Dünya, mənnən vuruş görüm.

A qırışmal, gidi dünya,
Neynədin igidi, dünya?
Mən bilmirəm, sən bilirsən…
Dünya, mənnən barış görüm.

Bu, Çingizin hecada yazdığı şeirlərdən biridir və ilk baxışda heç bir qəribəliyilə seçilmir. Amma diqqətlə nəzər yetirdikdə, həm deyilən fikirlər, həm də bunların poetik ifadəsi uğurludur.

Çingizin şeirlərində sakitlik də var, həzinlik də, rəqs də, gurultu da..amma patetika, boş hay-küy yoxdur. Ən ümdəsi isə bu şeirlərin əksəriyyətində uğurlu təşbihlər, metaforalar diqqəti cəlb edir.

Çingizin şeirlərində (vəznindən, formasından asılı olmayaraq) OBRAZ yaratmağa , yaratdığı bu obrazı müxtəlif aspektlərdən mənalandırmağa lap əvvəldən meyl güclü olub.Azərbaycan şeirində kök salmış bu ənənəni Çingiz özünəməxsus poetik tapıntılarla zənginləşdirirdi.

Çingiz Əlioğlu şeirdə eksperiment aparmağı xoşlayır. Bu eksperimentlər yetmişinci illərdən başlamışdı və onların bir çoxu özünü doğrultdu, yaşam hüququ qazandı. Onun «postmodernist paradiqma hüdudlarında tişə-fırçayla qazılıb-yazılmış simfopoema yaratmaq cəhdi» kimi səciyyələndirdiyi «OF!!!» silsiləsi də oxuculara təqdim etdiyi yeni bir eksperimentdir.

Çingizin poetik axtarışları onun «Ruhumun həndəsəsi» kitabında toplanan şeirlərində daha çox hiss olunur. Əgər siz şeirimizdə yeni əsrin ruhunu, nəfəsini və XXI əsr insanının düşüncə tərzini aramaq istəyirsinizsə, bu yolda Çingiz Əlioğlunun şeirləri bələdçi rolunu oynaya bilər. Çingizin sözün həqiqi mənasında novator şair səciyyəsi bu kitabdakı şeirlərdə dolğun əks olunub. Onun bu kitabında ötən illərin şeirlərindən də nümunələr var və onları yeni yazdığı şeirləri ilə müqayisə etdikdə doğrudan da ənənəçi Çingizin, sərbəst şeir məkanında ilk uğurlarını qazanan bir şairin illər keçdikcə poetik axtarışlarında bir üslubun (fərdi!) müxtəlif variasiyalarının şahidi oluruq. 1969-cu ildə Əli Kərimin xatirəsinə həsr etdiyi bir şeir var:

Kiprikləriylə asılıb
Günəşin tellərindən
yellənirdi mavilikdə
belədən beləyə o!
Ulduzdan salxım-salxım
dəstələyib əlində
Səpərdi, səpələyərdi
adamların üstünə.
Əgər qar yağsaydı,
Onun ümidlə dolu
kövrək nəğmələri
qarışıb
ağappaq qar dənələrinə
Əllərimizə axardı,
Süzülərdi gözlərimizə..
..Qırıldı bir gün
Günəşin qızıl yelləncəyi
asıla qaldı havada
onu tutmaq üçün
uzanmış əllərimiz…
Yıxılıb
qollarımız üçtünə
düşmüşdü Əli.

Bu, altmış-yetmişinci illərin poeziyasına xas olan, o poeziyanın ən orijinal çalarlarını açıqlayan bir nümunədir.

Və onu deyim ki, Çingiz Əlioğlu hər dövrün, zamanın hər dönümünün ab-havasını şeirlərinə gətirən şairlərdəndir. Bu mənada, onun altmışıncı illərdə yazdığı şeirlərində o illərin, doxsanıncı illərdə qələmə aldığı şeirlərdə doxsanıncı illərin poetik ahəngi və axtarışları hiss olunur. Budur yeni əsrdə yazdığı bir şeir:

qara fincan qəhvə qabı həzin soba yumaq pişik
miz üstündə mürgüləyir ağ telefon
aynaların ekranında eşilir bax qarlı eşik
pişik kimi qıvrılıbdır ağ telefon.

zaman çayı ləngərlidir bərə-otaq yüngül beşik
lal dünyaya axan səslər sızır bəzən
telefonu diksindirən zəng zənciri sualtı daş
azman qaya zərbəsindən zingildəyib sınır sükut.

Bu da şeirdir və olsun ki, bu tipli şeirlərin oxucuları hələ azdır və onları fəhm etmək, anlamaq da çətin olar. Amma Çingiz belə eksperimentlərdən qətiyyən çəkinmir. Qoy çəkinməsin.

Çingiz Əlioğlunun yetmişindən üzü o yana-ötən illərə boylananda yalnız bir Obraz gözlərimiz qarşısında boy verdi. ŞAİR ÇİNGİZ ƏLİOĞLU…Onun şairliyi nazirlikdəki məsuliyyətli vəzifəsindən də, gənc ağsaqqallığından da, ədəbi aləmdə qazandığı nüfuzundan da qat-qat yuxarıdadır, amma o, vəzifəsində də, cavan ağsaqqallığında da, nüfuzunda da yenə şairdir… Şairdir… şairdir.

Vaqif Yusifli