• cümə, 19 Aprel, 23:16
  • Baku Bakı 24°C

Bu, Elçin İsgəndərzadədir …

17.05.14 12:07 2998
Bu, Elçin İsgəndərzadədir …
Müasir ədəbiyyat
Onu Azərbaycanda və bir sıra qardaş türk ellərində çox yaxşı tanıyırlar. Həmişə də ədəbi gündəmdədir. İldə neçə dəfə xarici səfərlərdə olur. Texnika elmləri doktoru, professordur. Nyu-York Elmlər Akademiyasının, «Qafqaz Xalqları» Beynəlxalq Elmlər Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının, Təbriz Dil və Kültür Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının. Avropa Mədəniyyət Akademiyasının həqiqi üzvüdü. O, Beynəlxalq «Nizami Aydın» mükafatına, «Akademik Yusif Məmmədəliyev» mükafatına, Beynəlxalq Rəsul Rza mükafatına, «Türk dünyasına xidmət» mükafatına, «Qaracaoğlan» özəl ödülünə, S.Bina adına «Balkan ədəbiyyatına xidmət» ödülünə layiq görülüb. 120-dən çox elmi əsərin, 36 ixtiranın, 13 monoqrafiya və dərs vəsaitinin, 64 bədii və elmi kitabın müəllifidir. O, 1991-ci ildən «VEKTOR» Nəşrlər Evini təsis edib və bizim bir çox yazarlarımızın əsərlərini pulsuz çap edib.Bu, Elçin İsgəndərzadədir.
Yox, mən onun burada sadaladığım və bəzilərini də heç sadalamadığım xidmətlərindən sözaçmaq istəmirəm. Akademiyalarının sayı bol olsun, bundan sonra da mükafatlar alsın, elm aləmində də yeni nailiyyətlər qazansın.
Mən Elçin İsgəndərzadədən bir şair kimi söz açmaq istəyirəm. O Akademiyalar da, o mükafatlar da elə bilirəm, şairlik istedadından sonra gəlir.
Elçin İsgəndərzadə müasir Azərbaycan poeziyasının orta nəslinə mənsubdur və ədəbiyyata səksəninci illərin əvvəllərində gəlib. İlk şeiri on yeddi yaşında (1981), ilk kitabı –«Yaşamaq dərsi» isə otuz iki yaşı olanda (1996) işıq üzü görüb.
O, müasir Azərbaycan şeirinin bütün axınlarında görünə bilir. Gözəl heca şeirləri var, qoşmanı qoşma, gəraylını gəraylı kimi yazır, onların şəklini çəkmir, özünü yaradır. Sərbəst şeir də onun qələmində yaxşı alınır. Elçin İsgəndərzadə müasir Qərb şeiri üslubunda da özünü sınayır və Avropa ədəbi cərəyanlarına bələdliyi bu nümunələrdə də bariz nəzərə çarpır. Bütün bunlar haqqında daha geniş söz açmaq olar, amma yığcam şəkildə Elçini bir şair kimi səciyyələndirən cəhətlərə diqqəti yönəldəcəyəm.
Hələ doxsanıncı illərin sonlarında böyük şairimiz Məmməd Araz Elçinin şeirləri haqqında yazmışdı: «Elçin İsgəndərzadənin poetik ilham mayasının Allah vergisi olmasını mən çoxdan, lap əvvəldən hiss etmişdim. Elə ona görə də bu çətin, şərəfli yaradıcılıq yolunda ona ilk uğuru, ilk xeyir-duanı da mən demişdim, mən yazmışdım.
Görünür yanılmamışam. Şeirdən-şeirə, kitabdan-kitaba, Elçin sözün qədir-qiymətini bilə-bilə, artıra-artıra irəliləyib, istedadı cilalanıb, qələmi bülövlənib və mənim etimadımı bütünlüklə doğruldub».
Elçin əslən şuşalıdır. Təbii ki, hamımızdan daha çox onun içində bir Şuşa dərdi yaşayır. Amma həmişə qələbəyə inamını itirmir. Yazır ki:
Kəsilib övlad ayağı,
Ürəklərdə vətən dağı.
At oynadır yurdda yağı,
Yad oldum özüm-özümə.
Yolum o yurd səmtinədi,
Düşün, izimə-izimə.
Ya qələbə, ya da ölüm,
Qoşul sözümə-sözümə.
Qaldır döyüş bayrağını,
Hayqır zəfər sorağını,
Ölsəm, Şuşa torpağını
Səpin gözümə-gözümə.

Professor, tənqidçi həmkarım Nizami Cəfərov görün nə yazır: «Elçinin şeiri adamın ürəyini, hissini əzmir, sıxmır, emosiyanı təlatümə gətirmir, ürəyə, hissə olduqca sakit, rəvan, harmonik bir axınla dolur… Qarabağ şikəstəsi kimi!....Elçin bugünkü poeziyamızın Qarabağ şikəstəsidi. Emosiyası nə qədər güclü olsa da, yalnız emosiyadan ibarət deyil, Elçin hisslərin filosofudur».
Ağlamağa nə var ki,
gülməyə nə var, dostum.
Bu fani dünyadan küsüb
ölməyə nə var, dostum.
Oğul odu Qarabağlı ola,
özü də qərib şair,
sinəsi dağlı ola.
Və günlərin bir günü
Gedib çıxa Dördyola.
Qabaq Ağdam,
Qənşər Şuşa.
Ürək qanlı bir çiçək,
Könül sınıq bir şüşə.

Ümumiyyətlə, Qarabağ mövzusu, yurd itkisi və itkidən doğan yanğılar Elçinin şeirlərinin mühüm bir qolunu təşkil edir. Dərin vətənpərvərlik ruhu bu şeirlərin mayasına hopub. Amma Elçin İsgəndərzadə vətənpərvərliyi vətəni tərənnüm kimi anlamır, o, vətənin bu günündən yazır, onun igid, qəhrəman və şəhid oğullarını gənc nəslə nümunə göstərir, söz ustadlarının sənət dünyasına baş vurur, onların bir vətənin mənəvi tarixinin yaradıcıları hesab edir. Bu yaxınlarda mən Elçin İsgəndərzadənin «525-ci qəzet»də dərc edilmiş «Məmməd Araz qayası» poemasını oxudum. Məmməd Araz mənim çox sevdiyim şairlərdən biridir və onun poetik qüdrəti və şəxsiyyəti haqqında nə yazırlarsa, məmnuniyyətlə oxuyuram.
Elçin M.Arazın vaxtilə Şuşaya həsr etdiyi bir şeirindən təsirlənib. M.Araz o şeirdə Şuşanın əsrarəngiz gecəsini təsvir etmişdi, daha doğrusu, sözlə Şuşa gecəsinin rəsmini çəkmişdi. İndi isə:
Hanı sənin gördüyün
o çilçıraq şəhər, o qəndil şəhər.
Hər evi bir insan yuvası,
hər evi bir qızıl qərənfil şəhər.
O gecə sən kəşf elədin Şuşa bürcünü-
xatırlayırsanmı o günü.
Bu gecə yuxuma girmişdi Şuşa-
Şuşanın dağları dumandı, çəndi.
Şair qədəm qoyub basdığı torpaq
Mən uğrunda baş qoyduğum Vətəndi.

Elçin İsgəndərzadə modern ruhlu şairdir. Onun «Çərçivəsiz rəsmlər», «Avtoprtret», «Bir ümid Xarıbülbül», «Qürbət hücrəsində» adlı kitablarında çoxlu şeirlər, poemalar var ki, bunlar ənənəvi şeirin çərçivəsindən kənara çıxır. Bu şeir və poemalarda Avropa cərəyanlarının təsiri hiss olunur. Modernist şair Adil Mirseyid Elçin İsgəndərzadənin yaradıcılığına həsr etdiyi «Hardan baxsan görünən adam» kitabında onu sürrealist və impressionist şair kimi təqdim edir. Bəzi sətirlərinə müraciət edək: « Salvador Dali üfüqə qədər gözlə görünən dünyanın deyil, üfüq arxasında qalan dünyanın rəsmini çəkirdi. Elçin İsgəndərzadə üfüqə qədər gözlə görünən dünyanın deyil, üfüq arxasında qalan dünyanın şeirlərin yazır:
Sürrealist saatlarda
zaman damla-damla əriyir.
Ölüm dəniz sahilində
iz salmadan yeriyir.
Yaddaş qurumuş
ağacdı burda.
Qara yağışlar
yağır ana yurda.

Bu misralar sürrealist olduğu qədcər də reallığı təsvir edir. Bu misralarda reallığın harda irreallığa qovuşduğu üfüq xəttini belə sezmək mümkünsüzdü. Şair sanki başqa bir zaman çərçivəsindən dünyaya baxır».
Elçin İsgəndərzadənin bir neçə poeması var ki, o poemalarda Qərb improssionist sənətin təsirini hiss edirik.«Adil Mirseyidin göyərçinləri» əsərini E.İsgəndərzadə «fraqmentlərlə improssionist poema» adlandırmışdır. O,A.Mirseyidin rəsmlərindən aldığı təəssüratları poeziya dililə ifadə edir.
Çərçivəsiz kətanda
İlahi söz möcüzəsi.
qızıl qanla yazılmış
bir ömür faciəsi.
Köksündə qərib ürəyi,
fırçası durna lələyi,
güzgüdə bəyaz mələyi,
alnında qara yazı.

Bu yaxınlarda Elçin İsgəndərzadənin «Qürbət hücrəsində» yeni şeirlər kitabı əlimə keçdi. Bu kitabda olan şeirlərin əksəriyyəti xarici ölkələrdə, şəhərlərdə gördüklərindən qələmə alınıb. Bir az da qürbətçilik hissi hopub o şeirlərə. Bir məqamı da qeyd edim ki, Elçin İsgəndərzadə həm də türkçü şairdir və onun türk xalqlarının şanlı tarixi, etnoqrafik aləmi və böyük Turan məhəbbəti ilə bağlı poetik düşüncələri bu mövqedə ardıcıl olduğunu nümayiş etdirir. «Yer üzü Türkün torpağı, Göy üzü Türkün bayrağı»-inam və əqidə budur…
Mən Elçin İsgəndərzadənin çox-çox şeirlərini, çox-çox misralarını «bunlar həqiqi şeirlərdir», «təzətər, orijinal poetik deyimlərdir, uğurlu təşbehlərdir» deyə bircə-bircə təqdim etmək istəmirəm. «Mən dərdimin oğluyam» deyən şairə elə bu deyiminə görə gözəl-gözəl kitablar. O gözəl kitablara layiq olan zərif-zərif şeirlər, o şeirlərdə «sevdalı gilənar yarpağı» kimi boy atan misralar və ən əsası o misralarda həmişə döyünən və döyüntüsünü eşidə biləcəyimiz ürək arzulayıram.
Vaqif Yusifli
banner

Oxşar Xəbərlər