Boş qalan yerlərdən gözlərim qorxub

Boş qalan yerlərdən gözlərim qorxub

13 Oktyabr 2014, 14:36 1093
Unudulmaz şairimiz Bəxtiyar Vahabzadə “İnsan göydə Ay kimidi, görünməyən tərəfi var” yazırdı və bu qənaətində yüzdə-yüz haqlıydı...

Ancaq elə şəxsiyyətlər, simalar da var ki, adları çəkilən kimi bütün tərəfləri, yönləri ilə göz önünə gəlirlər; daha çox gün işığı, Ay ziyası kimi.

Bu sətirləri yazdıqca xalq şairi Söhrab Tahirin bütün tərəflərdən, baxış bucağından görünən, hər bir Azərbaycan insanına yaxşı tanış olan və doğma siması gəlir gözlərim önümdə durur:

Təbii ki, hər şeydən öncə qüdrətli söz adamı, döyüşkən sənət fədaisi kimi!

Təbii ki, hər şeydən öncə böyük vətəndaş, azadlıq fədaisi kimi!

Təbii ki, şəxsiyyət, fövqəladə xarakter sahibi, insanlıq nümunəsi kimi.

Bu ayırma və fərqləndirmələrin sayını sonsuza qədər uzatmaq da, hər bir mərhələ haqqında yetərincə söz açmaq da olar. Ancaq bütün bu keyfiyyətlərin hamısı bir yerdə Söhrab Tahirin ruhi və cismani durumunda bir araya gəlib, necə deyərlər, onun varlığının ölməz abidəsini formalaşdırıb; Söhrab Tahir böyük insanlığı daxilində böyük insan, şəxsiyyət, böyük şəxsiyyəti, insanlığı daxilində böyük şairdi – bu dəyərlər bir-biri ilə vəhdətdə, canbir-qəlbdədi. Onu birmənalı olaraq o taylı-bu taylı, bütöv Azərbaycanımızın gəzəri, hər vaxt ayaq üstə durmağı bacaran simvolu hesab edənlər necə də haqlıdırlar. Ancaq hər kəsdən əvvəl bu böyük haqqı və gerçək olanı Söhrab Tahirin özü bütün qüruru, ağrısı, nisgili və şərəfi ilə özü yazıb bütün zamanlar üçün:

Öləndə kəfənim ikiqat olsun,
Ruhum o taydadır, qəbrim bu tayda.
Dözümlü xalqıma heykəl qoyulsun,
Ortadan bölünmüş bir dəli çayda.

Onun şəxsiyyət, xarakter özəlliyinin bir doğma möhürü, təsdiqi də var ki, dillər əzbəridi; Söhrab Tahir öz imzasını ədəbi mühitdə tanıtdığı gündən bəri hansı ədəbi nəslə mənsub olmalarından asılı olmayaraq hər kəsin “əmi”sidi. Və çox vaxt valideynlərindən yadigar olan Söhrab adı bu “əmi” müraciətinin kölgəsindən özünü güclə xilas edir. Eyni zamanda Söhrab Tahirin simasında “əmi” sözü daşıdığı qohumluq anlayışı, yozumundan çıxıb, daha çox “ustad”, “ağsaqqal”, “vətəndaş”, “ideal” mənasını kəsb edib. Əslində onu olduğu kimi tanıyıb-bilənlər bu “əmi” sözünün can evində otaylı-bu taylı Azərbaycanımızın Sovet sistemindən çəkdiklərinin, çarizm basqısından alınan yaraların ağrısını ümumiləşdiriblər – sözün həqiqi mənasında “əmi” sözü vətən ağrısının ifadəsinə dönüb. Bu müraciət, ərkli “əmi” ifadəsi ilk növbədə unudulmaz Məmməd Arazın dil əzbəri olub. Vətəndaşlıq duyğularımızın, azərbaycançılıq düşüncəmizin ən parlaq səhifəsində bu sözün özündə ehtiva etdiyi ərk yeri anlayışı da yer tutmaqdadı. O səbəbdən ki, Söhrab Tahirə qədər doğma yurdundan didərgin düşüb vətənin bu tayına pənah gətirmiş heç bir cənublu şair ikiyə bölünmüş bir millətin qəlb acısını onun qədər kövrək, eyni zamanda da, yenilməz düşüncəylə əks etdirə bilməmişdi:

İkili yaşadım həyatımı mən,
İkili səsimdə birləşdi xalqım.
Qovdum ikiliyi öz ürəyimdən,
Böyük ürəyimdə birləşdi xalqım.

Söhrab Tahir öz şair ömrünü ümidin və dözümün ədəbiyyətə hesablanan heykəlinə, simvoluna çevirən nadir şəxsiyyətlərdəndir. Hər şeydən əvvəl qəlbinin vətən istəyiylə böyükdü. Hər şeydən əvvəl insanlara və cəmiyyətə, milli dəyərlərə dönməz münasibətilə böyükdü. Bəzən adamın heyifi gəlir ki, bu böyük şəxsiyyət, dəyərli şair özünün təbii dahi olmaq hissini, istəyini həyat və cəmiyyət qayğılarının ayağına vermək zorunda qalıb, kiminsə müşgül işinin yoluna qoyulmasına sərf edib – yəni həyatını insanca yaşayıb. Və bu yaşamın nisgilini də qürurla daşıyıb:

Əlvida, ey dahi olmaq həvəsim,
Çatmadı o yerə ağlım, nəfəsim.
Ancaq öz evimdə dolaşdı səsim,
Ey hədər sovrulan gücüm, əlvida.


Eyni zamanda onun da fərqindəyik ki, S.Tahirin “ey hədər sovrulan gücüm” deyə dəyərləndirdiyi həqiqət əslində onun böyük insan təvazökarlığının ifadəsidi. Ona görə ki, Söhrab Tahirin ömür yolunun hər anı xalqa millətə, ədəbiyyata xidmətdə keçib. Onun hətta “ey hədər sovrulan gücüm, əlvida” deyə təəssüf etdiyi misraların ardınca belə yaşadığı böyük ömrün əsl qayəsi, nədənliyi gəlməkdədi:

Uçmadım, uçmadım neçə il olar,
Bir cüt vicdan düşmüş qanadım qalar.
Ey vətən tərəfə uçan durnalar,
Mənim qanadımla uçun, əlvida...

Başıma gör necə oyun açdılar,
Niyə başsız qoydu məni başçılar?
Hələ də gözləyir gözü yaşlılar,
Ey anam, qardaşım, bacım, əlvida...

Söhrab Tahir Allahın ona bəxş etdiyi ömrün hər anını böyük amalların, xalq istəyinin yolunda şam kimi əridə-əridə yaşayan, sənətkar fədakarlığının örnəyini yapan bir qələm adamıdı. Onun yaradıcılığı bütün zamanlarda azadlıq mücadiləsini ömrünün mənasına çevirən insanların yanında olub, onlara güc-qüvvət, ümid, dözüm hissi aşılayıb. “Gücü döyüşlərə çatmayan adamların” təbiətinə eyhamlı təbəssümlə “özünə dön!” təpəri aşılayıb. “Özünü yuxuya verən millətin gecəsi bəllidir günortasından” uzaqgörənliyini ortaya qoyub.
Danılmaz həqiqətdir ki, S.Tahirin dil əzbəri olan aşağıdakı misraları ötən əsrin 70-80-ci illərində bütöv bir nəsil Azərbaycan insanının vətəndaşlıq müstəvisində tərbiyəsində, baxış və mövqelərinin formalaşmasında əsl məktəb rolu oynayıb:

Azad qardaşım var, onunla xoşam,
Mən gərək sahili sahilə qoşam.
İki bölünməkdən elə qorxmuşam;
Çöpü də ikiyə bölmərəm daha.

Onunla həmsöhbət olmaq, xatirələrini dinləmək böyük bir epopeya, tarixlə üzbəüz qalmaq kimidi. Ədəbi məclislərdə etdiyi çıxışların, söylədiyi şeirlərin hər məqamından böyük bir insanın həyat təcrübəsi, zalımlığa, qəviliyə dirənişi və bütün çəkdiklərinə rəğmən qürurlu qala bilməsinin dərsi, hesabı sirayət edir qarşı tərəfə.

Heç unuda bilmirəm, doğma rayonumda keçiriləcək yubiley tədbirimdə şəxsən iştirak edəcəyini bildirmiş, dəqiq vaxtında həyətdə birgə səfərə çıxacağı dostları gözləyəcəyini demişdi. Təəssüf edirəm ki, son anda Söhrab əminin səhhəti buna yol vermədi. Açığı, uzaq yol yorğunluğunu da qıymadım ona. Ancaq tədbir günü dəfələrlə zəng edib bizimlə bir arada ola bilməməsi üçün təəssüfünü bildirdi. Bu diqqətin, nigarançılığın özü bir tərbiyə məktəbiydi, əsl diqqət idi mənim üçün. O anlarda keçirdiyi təəssüf hissinə görə belə ən səmimi duyğularımla “bütün yaxşılıqların, diqqətin üçün çox sağ ol, Söhrab əmi, həmişə qəlbimizdə, yanımızdasan” - deyəndə də mən onun əsl azərbaycanlı simasını görür, duyurdum. Bilirəm ki, qəlb qırmağa, adam intizarda qoymağa çox dözümsüzdü Söhrab əmi. İnsanın insanın yanında olması yaşamı, istəyi və gərəkliliyi onun özünün və poeziyasının başlıca meyarıdı. Bu meyarla tərbiyələnməyə dəyər. Bu meyarla şeir yazmaq olar-necə ki, aşağıdakı şeiri də həmin duyğularla qələmə almışam:

Barı kölgəmisə özünlə apar,
Görənlər yanında boş yer görməsin.
Boş qalan yerlərə göz dikən çoxdur,
İzlərin içində iz yiyəsi var,
Boş qalan hər yerin yüz yiyəsi var,
Səndən soruşsalar “o yer boşdumu?”
Boş qalan yerlərdən gözlərim qorxur,
Deyərsən: - “o yerin öz yiyəsi var”.

Yandığım atəşdə, yandığım odda
İsit ürəyini, nə deyirəm ki...
O atəş könlümün ahından düşüb,
Yiyəsiz nə var ki, bu yer üzündə;
Ocaq yiyəsi var, köz yiyəsi var –
Bu eşqin odunda bir yanan olsa,
Deyərsən: - “o yerin öz yiyəsi var”.

Tutub divarlardan kor sual gəzir,
Böylə sualların cavabı bəlli,
Günahı bəllidir, savabı bəlli.
Hələ deyilməmiş söz yiyəsi var,
Cığır yiyəsi var, iz yiyəsi var.
Tutub divarlardanj kor sual gəzir...
Gözümün altında dayanıb belə,
Gözümün üstünə göz dikənlərə
Deyərsən: - “o yerin öz yiyəsi var”.