BİR YÜYRƏK NAĞILIN DİLİNDƏ...

BİR YÜYRƏK NAĞILIN DİLİNDƏ...

30 Noyabr 2014, 11:49 738
Bax elə bu sübhün yelinə dönüb,
Uçaydim, bir durna telinə dönüb.
Bir yüyrək nağılın dilinə dönüb,
Kaş durub yanına gələ biləydim!

“Kaş ki...” bir çarəsizlik sonucunda işlənən, boynumuz təəssüf ilməyində sıxışan anda köksümüzdən ötürdüyümüz kəlmənin adıdır. Addırmı, ahdırmı, kim bilir!?

“Kaş ki..., onun dilində edə biləcəyindən daha artığını etməyə can atdığı istəkdir. Onun “Kaş ki...” ilə başlanan cümlələrində şərtlərə doy gəlib əngəlləri aşmağa çağırış var.

“Kaş gələ biləydim” niyyətinin durna səfli söz qatarında, sazın tellərindən havalanıb can yaxan, cana yaxın musiqinin qanadında pərvazlanaraq bir “Elman Tovuz nağılı”nın yüyrək diliylə yanımıza - Moskvaya gəldi o gecə. Moskva da “Sən məni yuxuda çağır bir axşam” çağırışına “Elman Tovuz gecəsi” ilə hay verdi.
O gecə, şairə yuxuların gerçəkliyini yaşatmaq missiyasını üzərinə götürənlərin həm də şair qarşısında imtahan idi, sanki. Məkanın məktəb olması, təşkilatçıların, iştirakçılarin başlanğıcdakı şagird həyəcanına Bakıdan videogörüntü ilə öz gecəsinə qoşulan Elman Tovuz su səpələdi.

Və beləcə, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinin, şairlərin, ictimai xadimlərin və KİV nümayəndələrinin iştirak etdiyi, şair Elman Tovuzun yaradıcılıq gecəsi Moskvada 157 saylı Azərbaycan etno-təmayüllü məktəbdən Bakıyacan yol aldı.

Gecədə əvvəl Elman Tovuzun həyat və yaradıcılığının qısa bir dönəmini əks etdirən vidoçarx göstərildi.

Təbdirin bütün ağırılığını və məsuliyyətini çiyninə götürən, gecənin təşəbbüskarlarından və təşkilatçılarından biri olan - məktəbin metodisti Sevil İsmayılova gecəni açaraq Elman Tovuz poesiyası işığına toplaşanları salamladı. Bu gecənin hazırlığından və onun həyəcanından danışaraq Elman müəllimə xoş istəklərini çatdırdı.

Gecənin aparıcısı şairə Afaq Şıxlı, Elman Tovuz yaradıcılığından qisa söz açaraq, onun gözəl şair olması ilə bərabər, başqalarına müyəssər olmayan bir çöx müsbət xüsusiyyətlərindən danışdı:
“Şair, jurnalist, saz ifaçısı, riyaziyyatçı, inşaatçı... və ən başlıcası isə dəyanətli insan, gözəl dost! Nə qədər adam özündə bu keyfiyyətləri daşıya bilər?! Elman Tovuz bütün bu sənətləri və, üstəlik də, insanlığa layiq gözəl keyfiyyətlərin cəmini özündə yaşadan, yaşayan nadir insanlardandır! Mən onun qədər səmimi, sədaqətli, mərhəmətli, özgə dərdinə özününkündən artıq yanan ikinci birinə rast gəlmədim” - dedi.

Elman Tovuzun yaradıcılıq gecəsində bu sözlərlə Moskvadakı Kərim Kərimov adına 157 saylı məktəbin direktoru Elmira İsmayılova çıxış edərək, gecənin təşkilatçıları kimi Sevil İsmayılovaya və şairə Afaq xanıma - onu Elman Tovuzla tanış etdiyinə görə təşəkkür etdi: “Elman Tovuz və onun yaraıcılığı ilə bu gün, elə bu gecədə ilk dəfədir tanış oluram. Və gec tanıdığım üçün təəssüfümü də qeyd etmək istəyirəm. Həmyerlimə həsr olunmuş gecəyə məhz məktəbimizin qucaq açmasının ikiqat xoşbəxtliyini, həyəcanını yaşayıram”.

Videobağlantı ilə görüşə qoşulan Elman Tovuzun ekrandan görünməsinə salondan alqış sədaları gəldi. Və gecənin xoş ovqatını dəyişdi: “Moskvada soyuq diyarda, kiçik bir Azərbaycan qurub, o ocaq başında toplaşmısınız. Bu gün oradan bura həmin istiliyi hiss etdirəm, hiss etdirirsiniz mənə” - sözləriylə bu görüşü təşkil edənləri, iştirakçıları salamlayan Elman Tovuz, "ən cüzi zəhməti keçən hər bir kəsə minnətdarlığımı bildirirəm!”

Elman Tovuzun hər zaman qonaqlı-qaralı evində, Moskvadan getmiş “Dərviş” teatrının aktyoru Şirzad Pirallahi də ekranda göründü. Şairin yaradıcılıq gecəsində yanında olan aktyorumuz, bir gözəl hekayətdən doğub yaranmış “Məktub” şeirini oxumazdan əvvəl, "O əhvalatı Elman müəllimin dilindən eşidək", - deyərək gecəyə qatıldı.

Gecə bir çox yenilklərə, sürprizlərə imza atdı. Afaq Şıxlının Elman Tovuzun sözlərinə bəstələdiyi “Gülüm” mahnısı, əməkdar tarzən Qorxmaz Axundovun müşayəti ilə, Zəhra Salmanlının ifasında alqışlarla qarşılandı.

"Şəhriyar" ƏMC-nin üzvü Abbas Alıyev də sazı sinəsinə basıb aşıq havası ilə iştirakçıları və Elman müəllimi xəyalların ağuşuna alıb doğma yurda götürdü.

Gecəyə daha bir ərməğanı gənc şairə, jurnalist Nilufər Şıxlı təqdim etdi. Nilufər: “Elə insanlar var ki, biz onları sevirik, elələri də var ki, bizi çox sevirlər. Bəzən bu istəklər kəsişməyə bilir. Amma bəzən isə, qeyri-şərtsiz sevirik və sevilirik. Elman əmi mənim üçün o doğmalardandır, mən onu çox istəyirəm. Və onun da məni çox istədiyinə inanıram, elədirmi, Elman əmi?! – sualıyla şairə üz tutdu.
Sonra isə Nilufər Şıxlı Elman Tovuza maraqlı bir sürpriz edərək, onun "Yaxin gəlmə, uzaq durma" şeirini rus dilinə tərcümə etdiyini bildirib həmin şeiri oxudu.

“Şəhriyar ” fondunun sədri Nüsrəddin Məmmədov, Azəri-Rus mədəniyyəti və həmrəyliyi mərkəzinin rəhbəri Mehman Şükürov və gözəl qiraət ustası, ədəbiyyat müəlliməsi Xalidə Səmədova Elman Tovuza xoş ürək sözlərini çatdıraraq, onun şeirlərindən söylədilər.

Qoxmaz Axundovun tarda müşaiyəti ilə Zahir Balaşovun Elman Tovuzun "Bu gecə" qəzəlini “Mahur təsnifi”ndə ifa etməsi, məktəb şagirdlərinin hazırladığı şeir kopmozisiyaları, rəqs nömrəsi, Afaq Şıxlı və Qorxmaz Axundov duetinin – həzin tar səsi və şairədən bir şeir nümunəsi qoşalığı da gecənin yaddaqalan məqamlarından oldu.

Oxunan şeirlərin, edilən çıxışların təsiri altında, hamı ədəbiyyatın, sözün və o sözü sevgiylə, səmimiyyətlə, başqdan-başa şəfqət, mərhəmət, insana, insanlığa sevgi aşılayan hissə vasitə edib işlədən Elman Tovuzun xoş aurasında sehrlənmişdi.

Gecə boyu bu təsirdən kövrələn məktəb direktoru Elmira İsmayılova son söz olaraq: “Məişət qayğılarıyla yükləndiyimiz, yorğun və hər şeydən qıcılandığımız bir zamanda bəzən başqalarnın problemlərinin yanından etinasız keçirik. Ta ki, o problemləri özümüz yaşayana kimi. Bax o zaman insanların təmənnasız yardımına, mərhəmətinə, şəfqətinə ehtiyac duyuruq. Bütün bu sadaladıqlarımı həyat vərdişinə çevirmək hər kəsə bəxş olunan hünər deyil. Elman Tovuzun şeirlərində bunu gördüm, bunu hiss etdirdi. Bu gecə o möcüzəni yaşatdı. Bir anlıq bütün problemləri unutdurdu. “Sevgiylə, mərhəmətlə yanaşanda dünya daha gözəl olar”-ı bizə göstərdi”, - dedi.

Elman Tovuz da öz növbəsində, ona yaşadılan bu gecə üçün hər kəsə adbaad minnətdarlığını bildirərək, onun şeirlərini belə hərarət lə söyləyən balaları bağrına basıb öpdüyünü söylədi.

Bu unudulmaz gecə, Azərbaycan mətbəxi şirniyyatları ilə zəngin çay süfrəsi arxasında, beləcə də sazlı-sözlü davam etdi.

Tünzalə Vəliqızı
Moskva