"Bir gün bu dünyadan getsəm də, nə qəm!" - Fotolar
Masamın üstündə bir kitab var. Üz qabığındakı çərçivədən hərbi
geyimdə elə şəkil kimi bir oğlan baxır. Onun çatma qaşları, işıqlı gözləri, zil
qara saçları var. Gəncliyin ən gözəl, qaynar illərini yaşadığı şübhəsizdi...
Amma fonda payızın kövrək çağıdır. Saralmış, torpağa vida nəğməsi oxuyan
yarpaqlar xəzələ dönüb... Arxa səhifədə isə zəif şölə saçan şam və avtomat
silahının şəkli verilib.
Kitabı vərəqləməsən də deyilənlərdən çıxan mənanı aydın başa düşmək
olur. İlk səhifələrin birində qəhrəmanın əsgər geyimində ayaqüstü şəkli
verilib. Şəkil baharda, ağacların çiçək yağışında çimdiyi günlərdə çəkilib.
Fotoşəklin altında istiqlal şairimiz Xəlil Rza Ulutürkün bu misraları
yazılıb:
İtib-batmaq üçün yaranmamışam,
Dünənəm! Bu günəm! Gələcəyəm mən!
Bir gün bu dünyadan getsəm də, nə qəm!
Dünyaya təzədən gələcəyəm mən.
Kitabı oxuduqca kövrəlirəm, gözlərim önünə əsərin qəhrəmanı, İnşaat
Mühəndisləri İnstitutunun memarlıq fakültəsinin üçüncü kursunda təhsilini
yarımçıq qoyub könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qoşulmuş 19 yaşlı
igidimiz, heç vaxt üzünü görmədiyim Fuad Qərib oğlu Əsədovun siması canlanır.
Ömür yolundan sətirlər
Fuad 1972-ci ildə Cəbrayılın Quycaq kəndində, Qərib həkimin ailəsində
dünyaya gəlib. 1979-cu ildə ilk dəfə kənd məktəbində parta arxasında əyləşib. 7-ci
sinfi bitirdikdən sonra rayon mərkəzindəki Sovet İttifaqı Qəhrəmanı Cəmil
Əhmədovun adını daşıyan orta məktəbdə təhsilini davam etdirib. Ailəsinin
yaşayış yerini dəyişdirməsi ilə əlaqədar 9-cu sinifdən akademik Mehdi Mehdizadə
adına məktəbə gedib və orta təhsilini orada başa vurub. Fərəhlidir ki, məktəb
illərində Fuad özünün çoxcəhətli istedada malik olduğunu sübut edib. Belə ki,
o, doqquzuncu sinifdə oxuyarkən Göyçay şəhərində keçirilən Gənc memarların
Ümümrespublika Müsabiqəsində diploma layiq görülüb və dincəlmək üçün fəal və
nümunəvi şagird kimi "Artek" pioner düşərgəsinə göndərilib.
1989-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq
fakültəsinə qəbul olunub...
Fuadın yazdıqları və
rəsmləri
Hansı yaşda olsan, harada yaşasan da ayaq açıb maya bağladığın el-oba
sənə hər yerdən şirin gəlir. İllər ötdükcə sən o yeri qəlbində qiymətli bir
sənəd kimi qoruyub saxlayır, əzizləyirsən. Bəzən yuxularında o yerə qayıdır,
uşaqlığını, o yerin dağını, düzünü, bulağını, mehriban insanlarını görürsən.
Fuadın tələbəlikdə yazdığı gündəlikləri oxuduqca az öncə söylədiklərimizin
şahidi oluruq. O ,"Bu, mənim kəndimdir" başlıqlı yazıda qeyd edir ki,
"bu kənd bütün varlığı ilə qəlbimə hopub. Bu kənd mənim doğma hisslərimin
məkanı, müəllimim, arxam, ümid yerim, şirin yuxularım, həyata baxışımdı. Bu
kənd mənim iç dünyamdı. İlk məhəbbətim də burada dünyaya göz açıb, ilk qəzəbim,
nifrətim, hiddətim də. Bu kəndi varlığım qədər sevirəm... Bəlkə elə bu, adi
Vətən sevgisidir? " O, yazılarında Quycaq kəndindəki məktəbi, "Quzey
kəhriz"i, "O tay bağ"ı, "Miri evinin ocağı"nı,
"Sofular kəhrizi"ni, qocaman Çinarı, "Qarı bağ"ı, "Sarı
yal"ı, "Narlı yoxuş"u tez-tez xatırlayır, o yerlərlə bağlı
xatirələrini söyləyir. Bu kəndin müxtəlif xasiyyətə malik adamları - masabəyi
Şikar müəllim, sürücü Məhyəddin, İsaq kişi, Əmirxan kişi və başaqları da onun
uşaq dünyasının daimi qəhrəmanlarıdır. Şəmsə nənənin, Əsəd babanın nəvə
arzuları yaddaqalan ifadələrlə təsvir olunub.
Fuadın bədii yaradıcılığı zəngindir. Onun Cəbrayıl haqqında
düşüncələri bir lirik şeirə bənzəyir. Bu yazıda sözlər elə "hörülüb"
ki, sanki bir gül çələngidir. Bu, əlbəttə, gənc Fuadın doğma yurda dərin
sevgisindən, söz sənətinə bələd olmasından xəbər verir: "Qaya kimi möhkəm,
qartal kimi qürurlu, çinar kimi əzəmətli, kəhriz suyu kimi saf, şirin, ürək
sərinlədən, savab iş görən Xüdafərin körpüsü kimi həsrətliləri qovuşduran,
"Dəyirman dərəsi" kimi ruzulu, Ağatlı oğlan kimi fədakar, işə
yarayan, Hacı Qaraman, Qurban təpəsi kimi inam, yeridir buranın insanları.
Azərbaycanın hər guşəsi gözəldir. Bu gözəlliklər içərisində Cəbrayılın öz yeri
var. Cəbrayılı mən cüssəcə böyük olmayan, görkəmcə yığcam, zahirən gözəl,
mənəviyyatca zəngin insanlara bənzədirəm. Mən Cəbrayılı sevirəm. Axı həm də o,
mənim Vətənimdir". Bu, on yeddi, on
səkkiz yaşlı bir gəncin fəhmi, yaşantılarıdır. Fuadın gündəliyi əslində
Cəbrayılın tarixinin bir səhifəsi kimi də dəyərlidir. Belə ki, xalqımız
milli-azadlıq hərəkatına başlayanda Cəbrayıl camaatının Araz boyunda
toplanması, orada keçirilən mitinqlər, bu tədbirlərdə söz alan adamların
cəsarətli çıxışları Fuadın gündəliyində öz əksini tapıb. Fuadın yurd sevgisi, torpağa
bağlılıq duyğusu bir başqa olub. Onun şeirlərində də bu sevgi, istək ürək
ovsunlayır:
Sultan çinar, xan çinar,
Göylərə qalxan çinar.
Asimandan boylanıb
Dünyaya baxan çinar.
Ay çinar, uca çinar,
Əsrdən qoca çinar.
Uzanıb budaqların
Boynumu quca çinar.
Şerin son bəndi isə belədir:
Düşmənə sipər çinar,
Pis gözə çəpər çinar.
Çətinliyə düşəndə
Qəlbimə təpər çinar.
Fuadın "Səngər", "Dağdağan", "Şuşanın
işğalı", "Qatar", "Burda hər addımda mənim izim var"
şeirləri də onun elə-obaya, doğma ocağa sevgisindən xəbər verir.
O, çətin bir sənətə - heykəltəraşlığa könül vermişdi. Bunun üçün həm
də rəssam olmaq lazım gəlirdi. Buna görə də Fuad uşaqlıqdan Azərbaycanın
memarlıq abidələrini, qalalarını diqqətlə öyrənməyə çalışır, gördüklərini
kağıza köçürürdü. Memarlıq fakültəsində oxuduğu illərdə qrafik və sulu boya ilə
çəkdiyi rəsmlər cizgilərin harmoniyasına və rəng həllinə görə uğurlu işlərdir.
Xocalı faciəsi dönüş
nöqtəsi oldu
1992-ci ilin fevralında ermənilərin xalqımıza qarşı törətdiyi Xocalı
faciəsi Fuadın taleyində dönüş nöqtəsi oldu. Onda Fuad üçüncü kursda oxuyurdu.
O, bu qırğından sonra Milli Orduya yazılmaq üçün Bakı şəhərində hərbi
komissarlığa müraciət edib. Hərbi
komissarlıqdan rədd cavabı alsa da, fikrindən dönməyib. Doğma Cəbrayıla gedib və
orada yeni qurulmaqda olan Milli Ordunun yerli müdafiə batalyonunun
rəhbərliyinə müraciət edib. Batalyon komandanlığı ilk müraciətdə onun tələbə
olduğunu nəzərə alıb təhsilinə davam etməsi üçün istəyini qəbul etməsə də, Fuad
Bakıdan gələn televiziya əməkdaşlarının dəstəyini alaraq komandanlığı "yola
gətirə” bilib. 24 mart 1992-ci ildə ərazi milli müdafiə taburunun hərbi
komissarı N.Yusifova ünvanladığı ərizəsini Fuad bu sözlərlə bitirib: "Bu
ərizəmlə Sizdən məni ən qaynar nöqtələrə posta göndərmək üçün sərəncam
vermənizi yazılı surətdə xahiş edirəm". Bu ərizədən sonra onu ən qaynar
nöqtələrdən olan Qışlaq kəndinə göndəriblər...
Həmişə öndə gedirdi
Fuadın döyüş yoldaşı, taqım komandiri Əli Çərkəzoğlu o günləri göz
önünə gətirərək Fuad haqqında belə dedi:
- Onun cəbhəyə, döyüş zonasına getməsinə ilk növbədə valideynləri,
təhsil aldığı universitetin rəhbərliyi, daha sonra hərbi hissə rəhbərliyi
etiraz edirdi. Həm də qanuna görə, tələbə hərbi xidmətə çağırılmırdı. Amma
qeyrətli oğullar bu imtiyazdan imtina edir, ancaq səngərdə öz vicdanlarını sakitləşdirə bilirdilər. Fuad belə qeyrətli
oğul idi, həm də ilklərindən idi. Təsəvvür edin ki, batalyonunun komandiri onu
qayıdıb təhsilini davam etdirməyi məsləhət görəndə Fuad bu barədə "
Komandirə məktub" adlı şeir yazmışdı və həmin şeiri də belə bir sualla
tamamlayırdı: "Kişilik sözünü lüğətdən silək?” Yəni o şəraitdə Fuad kimi oğul
üçün kişilik də, ləyaqət də, sevgi də, şəxsiyyət də, yaxşı bildiyimiz nə varsa hamısı
səngərdə idi və o, səngərdən kənarda rahat ola bilməzdi. Ona görə də inadı ilə,
qətiyyəti ilə maneələri aradan qaldırdı və səngərdə yerini tutdu. İlk günlərdən
cəsarətli döyüşçü olduğunu sübut etmişdi. 19 yaşı olsa da güclü, yetkin bir
insan idi. Fuad həm də istedadlı idi - şeir yazırdı, gözəl rəsmlər çəkirdi,
ədəbiyyatı, sənəti yaxşı bilirdi. Musiqi təhsili, gözəl duyumu vardı. Bəzən
ətrafında özündən on yaş böyüklərə də dəyərli məsləhətlər verirdi. Bundan
əlavə, arabir ədəbi söhbətlər edir, döyüşçülərə Hüqonun
"Səfillər"indən, L.Tolstoyun "Hərb və Sülh"ündən,
M.Dostoyevskinin "Cinayət və cəza"sından, Balzakın, Şekspirin,
Hötenin əsərlərindən danışırdı. Hamı ona maraqla qulaq asırdı. Bu, onun
ziyalılığının, çox mütaliə etməsinin göstəricisi idi.
Çox fədakar idi, döyüşdə heç nədən çəkinmədən öndə gedirdi. Onun bu
cəsarəti, fədakarlığı digər könüllülərə inam, mənəvi dəstək verirdi. Onu da
deyim ki, belə əsgərlər hər hansı əməliyyatın uğurla başa çatmasında həlledici
rol oynayırlar. Fuad belə oğul, belə igid idi. İgidliyindən əlavə o, tam,
yetkin xarakterə sahib idi, ədalətli idi, qarşısına çıxan haqsızlıqla
barışmazdı, sözünü üzə deyirdi və kimsədən də çəkinməzdi. Yaxşı xatırlayıram. Biz Şayaq əməliyyatına
gedəndə üzü yoxuşa, dağın zirvəsinə doğru qalxırdıq. Hər kəs üstündə olan
yükdən əlavə, digər cəbhədaşı ilə ortaq döyüş sursatı daşıyırdı. Fuad da eləcə.
Mənim yük ortağım çox siqaret çəkdiyi üçün üzü yoxuşa zorla çıxırdı. Buna görə
də çox vaxt yükü mən aparmalı olurdum. Sən demə, Fuad mənə göz qoyurmuş. Arada
mənə yaxınlaşıb dedi ki, komandir, icazə verin o silahları da mən aparım,
dönə-dönə xahiş etdi, amma mən qıymadım. Çünki özü yükü çiynindən yenicə
düşürmüşdü.
Fuad yaşasaydı, gözəl memar olacaqdı, rəssam olacaqdı, şair olacaqdı -
bilmirəm. Ancaq inanıram ki, o yaşasaydı,
mükəmməl bir insan olacaqdı, Vətənə vicdanla xidmət edəcəkdi, insanlara
gərəkli ziyalı olacaqdı. Amma neyləyəsən...
Onu heç kim səngərə məcburi göndərməmişdi, amma cəsurluğu, bacarığı
ilə qəhrəman əsgər adını qazanmışdı. Ona Azərbaycanın Milli Qəhrəmanı adının
verilməsi üçün Nazirliyə təqdimat göndərilmişdi. Fuad bu ada layiq idi. Amma o
vaxt Müdafiə Nazirliyində də qarışıqlıq idi. Deyilənə görə, sənədləri haradasa
itirilmişdi. Amma belə oğullarımızın layiqincə mükafatlandırılması heç vaxt gec
deyil. Belə igidlərimizin təbliği, məktəblərdə təbliğ edilməsi çox gərəklidir.
Son döyüş
İyun ayının 28-də Hadrut rayonunun Sur kəndi uğrunda şiddətli döyüş
başlanmışdı. Bu döyüşə qədər Fuad üç gün postda olmuşdu və əslində istirahət
etməli idi. Amma o, bu haqqından da imtina elədi, çünki döyüş vardı və Fuad
kimi bir oğul kənarda qala bilməzdi. Fuad bu döyüş zamanı 12 nəfər dostu ilə ön
mövqeyə çıxmışdı. Düşmən onların qarşısında tab gətirməyərək geri
çəkilirdi.... Və hər şey bir anda oldu….
Əsgər dostu Sevindiyin xatirələrindən
Mən onun cəsurluğuna, qorxmazlığına, döyüş zamanı göstərdiyi şücaətə
heyran qaldım. Fuad bu döyüşdə bir neçə əsgərimizin həyatını xilas elədi.
Düşmən snayperi onu izləyirmiş. Sur kəndi ermənilərdən azad olunan ərəfədə
düşmən snayperi Fuadın Vətən eşqi ilə çırpınan qəlbini nişan aldı. O, canından
çox sevdiyi Vətəni yolunda şəhid oldu. Fuadın şəhid olması xəbəri bütün əsgər
və zabitləri sarsıtdı. Düşmənə qarşı nifrətimiz birə min artmışdı. Artıq heç
nəyə baxmadan hücuma keçdik və bir həmlədə Sur kəndini ermənilərdən azad etdik.
Fuadı heç vaxt görməsəm
də...
Rejissor Rafiq Həşimov dövlət sifarişi ilə igid əsgər Fuad Qərib oğlu Əsədovun döyüş yolu haqqında
"Yarımçıq gündəlik” adlı sənədli film çəkib. Təhsil aldığı Azərbaycan Memarlıq
və İnşaat Universitetində barelyefi, ilk oxuduğu Quycaq kənd məktəbində isə
büstü qoyulub. Hazırda Quycaq kənd məktəbi onun adını daşıyır.
Nə vaxtdır ki, bir atanın azadlıq aşiqi olan qəhrəman oğlu haqqında
yazdığı "Fuad dünyası" kitabı stolumun üstündədir. Tez-tez Fuadın
sanki hər zaman mənə göz qoyan vüqarlı baxışları ilə üz-üzə dayanıram. Onun
işıqlı çöhrəsi çox doğma gəlir mənə.
Elə bilirəm ki, yaş fərqimiz olmayıb, biz eyni kənddə, eyni məhəllədə
doğulmuş, boya-başa çatmışıq. Uşaqlığımız bir yerdə keçib. Məktəb yollarımız da
bir olub.
İndi torpaqlarımızın xeyli hissəsi düşmən tapdağında olsa da müstəqil
Azərbaycan Respublikası böyüyür, inkişaf edir, böyük uğurlara imza atır, dünya
birliyində layiqli yerini tutmağa çalışır. Bu inkişafda gənclərimizin
fədakarlığı, elmin son nailiyyətlərinə əsaslanan yeni texnologiyalara
yiyələnmələri böyük rol oynayır. Düşünürəm ki, Fuad Əsədov o gənclərlə
çiyin-çiyinədir. Harada geniş inşaat işləri görülür, ən yaxşı memarlıq abidələri ucaldılır və həmin əsərlər
Fuadın layihələridir. Bir sözlə, düşünürəm ki, müstəqil Azərbaycanımızın hər
bir uğurunda onun layiqli payı var.
Biz müharibənin bir mərhələsində döyüşü uduzmuşuq, amma əminəm ki,
sonda zəfər bizimdir, o Qarabağın hər qarışında dalğalanan bayraq bizim
bayrağımız olacaq. Milli Ordumuz daim
möhkəmlənir, öz döyüş hazırlığını gücləndirir ki, doğma yurd yerlərimizi düşmən
tapdağından qurtarsın. Elə bilirəm ki, o qəhrəman əsgərlərimizin sırasında
cəsur Fuadımız da var. Çünki Vətənimizin bütövlüyü, torpaqlarımızın şərəflə
qorunması onun ən böyük arzusu idi...
Fuad həm də onunla dəyərlidir ki, insanın qələbəyə inamını
gücləndirir. İnanırsan ki, bu gün də aramızda Fuad kimi oğullar yetişir və
böyük zəfər onların əllərində çiçəkləyəcək.
Mən Fuadı heç vaxt görməmişəm. Lakin elə bilirəm ki, hər zaman yanaşı
addımlayırıq. Hər səhər evdən çıxıb işə tələsirik...
Axı o, şəhiddir. Şəhidlər isə heç vaxt ölmürlər! Onların ruhu həmişə
bizimlə yanaşıdırlar-bu torpağın bərəkəti, bu yurdun ruhu, işiğı kimi.
Səməd Məlikzadə