• şənbə, 20 Aprel, 11:39
  • Baku Bakı 14°C

Bir əsrlik təhsil məbədinə verilən önəm

03.12.19 10:00 659
Bir əsrlik təhsil məbədinə verilən önəm
Bakı Dövlət Universiteti ulu öndər üçün xüsusi dəyər idi
Müvafiq təhsil olmadan dövlətin nə özünün, nə də onun xalqının və mədəniyyətinin gələcəyi yoxdur. 100 il əvvəl tarixin diktə etdiyi bu gercəyi dərk edən Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, vətənpərvər ziyalılarımız Bakı Dövlət Universitetinin əsasını qoymaqla milli şüurun, milli təfəkkürün, milli elmin və mədəniyyətin möhtəşəm binasının təməl daşlarını qoydular. Özünün şanlı tarixi boyu universitet ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatımızın inkişafına dəyərli töhfələr vermiş, neçə-neçə tanınmış dövlət xadimi, dünya şöhrətli alim, mədəniyyət və incəsənət dühası yetişdirmişdir.
Elmin, təhsilin, milli təfəkkürün, mədəniyyətin inkişafında mühüm rol oynayan Bakı Dövlət Universitetinin yaranması Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biridir. Şərqin ilk mütərəqqi təhsil ocaqlarından olan BDU 100 ildə zəngin, şərəfli inkişaf yolu keçməklə, postsovet məkanında ən nüfuzlu ali təhsil ocaqlardan birinə çevrilmişdir.
Vaxtın zamanın zərurəti, diktəsi olan Bakı Dövlət Universitetinin yaradılması, həm də milli özünüdərkin, özünütəsdiqin intişar tapması, yenicə yaradılmış gənc bir dövlətin "vardır millətimin imzası imzalar içində” deməsi idi. O dövrün ictimai-siyasi mürəkkəbliyi, beynəlxalq vəziyyətin gərginliyi nəzərə alınsa, 23 ay yaşamış milli-demokratik respublikamızın taleyüklü məsələlərin həllində necə çevik hərəkət etdiyinin şahidi olarıq.
Müxtəlif tarixi dövrlərdə rejimin basqılarına baxmayaraq, Bakı Dövlət Universiteti daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirərək, ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların son texnologiyalarının tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində böyük xidmətlər göstərmişdir.
Adətən deyirlər ki, yubileyi tarixə köçən illər deyil, bu illərin zaman müstəvisində qazanılan uğurları rövnəqləndirir. Bu gün Bakı Dövlət Universiteti, ona xas olan bütün keyfiyyətləri - humanitar, iqtisadi, təbiət elmləri sahəsində ixtisasların geniş spektri, müasir tədris texnologiyaları, innovasiyalı tədris proqramlarının tətbiqi, fundamental elmlərin sürətli inkişafı, beynəlxalq tədris və elmi ictimaiyyətə inteqrasiyası ilə müasir elm və təhsil mərkəzi olaraq fəaliyyət göstərir. Burada nəinki Azərbaycan, bütövlükdə dünya elminə sanballı töhfələr verən nüfuzlu alimlər, elm adamları yetişmişdir. Onlar öz əsərləri, yenilikləri və ixtiraları ilə elmə şan-şöhrət gətirmişlər.
Ulu öndər Heydər Əliyev demişdir: "Azərbaycan universitetinin yaranması qabaqcıl qüvvələrin qələbəsi idi, doğma xalqı maarifləndirmək uğrunda, dünya mədəniyyəti və elm xəzinəsinin qapılarını onun üzünə açmaq uğrunda Azərbaycanın ən yaxşı oğullarının bir çox illər ərzində apardıqları mübarizənin yekunları idi”.
Heydər Əliyevin səyləri nəticəsində həmin illərdə universitetin maddi-texniki bazası gücləndirilir, elmin inkişafı naminə əlverişli şərait yaradılır, informatika-hesablama mərkəzi, yeni tədris binaları, kitabxana, yataqxana istifadəyə verilir, 1961-ci ildə fəaliyyəti dayandırılmış universitet nəşriyyatı 80-ci illərdə yenidən fəaliyyətini bərpa edir, Universitetdə yeni fakültə, laboratoriyalar, kafedralar açılır.
Universitetin keçdiyi yarım əsrlik yolu ətraflı təhlil edən və gələcək arzularından danışan ulu öndər professor-müəllim heyəti qarşısında mühüm vəzifələrin-yüksək səviyyəli kadrların hazırlanması məsələsinin durduğunu bildirmişdi. Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetində böyük işlərin görüldüyünü qeyd etməklə yanaşı, universitetin xalqın taleyində oynadığı rolu və onun gələcəkdə də digər təhsil ocaqlarına nümunə olacağına əmin olduğunu bildirdi: "Əgər universiteti qüdrətli bir ağaca bənzətmiş olsaq, deyə bilərik ki, bunlar onun öz qol-budaqlarıdır. Tam əsasla demək olar ki, respublikamızın digər ali məktəbləri də Azərbaycanın ilk ali məktəbi ilə qohumdur. Azərbaycan Dövlət Universitetinin yetişdirmələri Sovet Azərbaycanın 12 ali məktəbinin hamısında səmərəli elmi-tədqiqat işi aparırlar.
Azərbaycan Universitetinin tarixi xidməti bir də bundadır ki, o, Azərbaycanın xalq təsərrüfatı, elm və mədəniyyəti üçün yüksək ixtisaslı mütəxəssislərin böyük bir dəstəsini hazırlamışdır.”
Məhz həmin yubileydə Bakı Dövlət Universiteti SSRİ-nin ən böyük mükafatına - Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdü və heç şübhəsiz, bu da yenicə respublikaya rəhbər seçilmiş Heydər Əliyevin xidmətləri sayəsində baş tutmuşdu. 25 il sonra ulu öndər həmin hadisəni xatırlayaraq deyirdi: "Universitet 50 illik yubileyində o vaxtkı Sovetlər İttifaqının yüksək mükafatı - Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdu. Bu, tarixdir və bu tarixi dəyişdirmək olmaz”.
Bakı Dövlət Universitetinin 75 illik yubileyində ulu öndər Heydər Əliyevin universitetin keçdiyi çətin, əzab-əziyyətli, amma şərəfli yola verdiyi qiymət o dövrün mənzərəsini əks etdirir: "Bakı Dövlət Universitetinin bütün digər xidmətləri ilə yanaşı, Azərbaycan xalqının ana dilinin inkişafındakı xidmətlərini xüsusi qeyd etməliyik. Universitet yaranarkən müəllimlərin əksəriyyəti azərbaycanlı olmamışdır. Ancaq sonrakı mərhələlərdə universitet Azərbaycanda xalqımızın ana dilinin inkişaf etməsi üçün, təbliğ olunması üçün böyük işlər görmüşdür”.
Heydər Əliyevin "Literaturnaya qazeta”da dərc edilmiş məşhur müsahibəsinin sərlövhəsindəki "Qoy, ədalət zəfər çalsın!” aforizmi Azərbaycan ictimaiyyətinin qabaqcıl nümayəndələri, məmur heyətinin böyük bir qismi üçün, o cümlədən Bakı Dövlət Universitetinin kollektivi üçün mənəvi-əxlaqi prinsipə çevrildi. Universitet, ictimaiyyət arasındakı yüksək nüfuzuna görə, həmin dövrdə Sovet İttifaqının qabaqcıl ali təhsil məktəbinə göndərilən azərbaycanlı gənclərin seçilməsi üçün baş qərargaha çevrildi.
Həmin illərdə Bakı Dövlət Universiteti Heydər Əliyevin siyasi kursuna və idarəçilik prinsiplərinə ciddi əməl edilməsi sayəsində keyfiyyətli kadr hazırlığı, qəbul imtahanlarında neqativ halların aradan qaldırılması, dünyanın qabaqcıl universitetləri ilə qarşılıqlı əlaqələrin güclənməsi tədbirləri ilə böyük uğurlara imza atdı. Tədrisin yüksək səviyyəsi və elmi tədqiqatçıların gənc nəslinin yetişdirilməsindəki nailiyyətləri BDU-ya xarici ölkələrdə böyük maraq oyadırdı.
Məhz Heydər Əliyevin qayğısı nəticəsində Asiya, Afrika, və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün mütəxəssislər mərkəzə çevrilmişdi, artıq 80-ci illərdə Bakı Dövlət Universitetində dünyanın 61 ölkəsindən 500-dən artıq tələbə təhsil alırdı. 1985-ci ildə 1266 nəfər universitetə qəbul edilmişdir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdışından sonra Bakı Dövlət Universitetində yenidən canlanma başladı. Təhsilə, inkişafa, sivilizasiyaya xüsusi önəm verən ulu öndər, öz doğma ocağı saydığı Bakı Dövlət Universitetinə xüsusi qayğı ilə yanaşırdı. Məhz onun diqqət və qayğısı nəticəsində Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi, beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi kimi yeni ixtisaslar açıldı. Beynəlxalq Universitetlər Assosiasiyasının üzvü olan Bakı Dövlət Universiteti öz əlaqələrini daha da genişləndirdi. Bir çox görüşlərində "Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” söyləyən ulu öndər Heydər Əliyev həmişə bu təhsil ocağının ölkənin ali məktəblərinin bayraqdarı-flaqmanı saymış və onu hər yerdə nümunə göstərmişdir: "Azərbaycan elmi dünyanın qabaqcıl elmləri sırasındadır. Onun inkişafında Bakı Dövlət Universitetinin fəaliyyəti əvəzsizdir. Bakı Dövlət Universiteti yarandığı gündən Azərbaycanda elmi-inkişaf etdirən mərkəzə çevrilmişdir. Sonrakı dövrlərdə Azərbaycanda yaranmış elmi tədqiqat institutlarının əksəriyyəti, elmi ocaqların hamısı öz başlanğıcını Bakı Dövlət Universitetindən götürmüşdür” .
Xalq yazıçısı, millət vəkili Elmira Axundova çoxcildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabında BDU-nun yubileyləri məsələsinə də toxunaraq qeyd edir: "Ümumiyyətlə, bütövlükdə ölkənin əsas ali məktəbi olan Bakı Dövlət Universiteti öz yubileyini 6 dəfə bayram etmişdir – 1929, 1969, 1980, 1994, 2000 və 2009-cu illərdə. İnanılmaz olsa da faktdır: yubileylərdən dördünün təşəbbüskarı və təşkilatçısı ulu öndər Heydər Əliyev olub.
Bakı Dövlət Universiteti onun üçün xüsusi dəyər idi. Və bu qabaqcıl, nümunəvi təhsil ocağının dünyanın ən məşhur universitetlərinin cərgəsinə qoşulmasını o, çox arzulayırdı və bunu belə ifadə edirdi: "Keçmişdə, ölkəmiz xarici dövlətlərlə çox əlaqədə olmadığı vaxtda, bəzən belə düşünürdük ki, başqa ölkələrdə elm, ali təhsil bizimkindən çox yüksəkdir. Şübhəsiz ki, dünyanın 800-900 illik tarixi olan məşhur universitetləri var, Avropa universitetlərini, Şərq universitetlərini, Rusiya universitetlərini götürün, 100 illik tarixi olan universitetlər var. Şübhəsiz ki, onların yüksək səviyyəsi var. Ancaq indi biz dünyaya açıldıq, bizim alimlərimiz, universitetin müəllimləri, professorları dünyanın bir çox ölkələrinə getdilər. İndi onlar bir çox ölkələrdə dərs deyirlər, elmi iş aparırlar. Aydın oldu ki, bu müddətdə Azərbaycanın elmində, təhsilində əldə edilən nailiyyətlər başqa dövlətlərinkindən aşağı deyildir, bəzi hallarda yüksəkdir. Əgər belə olmasaydı, indi Bakı Dövlət Universitetinin, yaxud da ki, digər universitetlərimizin, elmi tədqiqat institutlarımızın alimləri, elmi işçiləri gedib başqa ölkələrdə yüksək səviyyədə fəaliyyət göstərə bilərdilərmi?”
Azərbaycanın son illərdə qazandığı böyük uğurlar, dünya dövlətləri arasında özünə layiq yer tutması, iqtisadi tərəqqi, idman sahəsində qazandığımız nailiyyətlər, əhalinin rifah halının yaxşılaşması, gənclərə göstərilən böyük qayğı ölkə daxilində aparılan əzəmətli işlər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin titanik zəhmətinin bəhrəsidir.
Universitetin keçdiyi inkişaf mərhələlərinin hər birinin özünəməxsus cəhətləri olmuş, çox zaman baş verən proseslər nəinki bir-birinə oxşamamış, hətta bir-birinə zidd xarakter daşımışdır. Azərbaycan Prezidenti İlham Əliyev isə 90 illik yubiley təntənəsində Bakı Dövlət Universitetinin xalqımızın tarixindəki yerinə və göstərdiyi xidmətlərə belə dəyər vermişdir: "Bakı Dövlət Universitetinin çox gözəl və böyük tarixi vardır, 1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. Bakı Dövlət Universiteti Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Bu, çox düşünülmüş və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox gənc idi. Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir. Çox sevindirici haldır ki, Bakı Dövlət Universiteti bütün illər ərzində Azərbaycanda təhsil sahəsində öz aparıcı rolunu qoruyub saxlaya bilmişdir və bu gün bu rol daha da güclənir”.
İlham Əliyevin prezidentliyinin ilk illərindən başlayaraq inkişafının yeni mərhələsinə qədəm qoyan BDU-da 2008-ci ildə 4 min tələbənin təhsil aldığı ən müasir texniki avadanlıq və ləvazimatla təchiz edilmiş yeni tədris binası, yeni idman kompleksi, 500 əməkdaş üçün 2 müasir yaşayış kompleksi tikilib istifadəyə verilmişdir.
Zaman ötür, Bakı Dövlət Universiteti inkişaf edir. Prezident İlham Əliyev xalqın tam əksər hissəsinin iradəsi ilə 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçiləndən çox az bir müddət sonra ilk maraqlandığı məsələlərdən biri Bakı Dövlət Universitetinin yeni korpusunun inşası məsələsi olur. Real vəziyyəti ətraflı öyrənib təhlil etdikdən sonra qərar verir ki, yeni tədris korpusunun tikintisi qısa vaxtda başa çatdırılsın. Prezidentin sərəncamı ilə tikintiyə vəsait ayrıldı. 2008-ci il sentyabrın 15-də yeni tədris korpusunun inşaat işləri və avadanlıq təminatı başa çatdırılaraq istifadəyə verildi.
Bakı Dövlət Universitetinin 100 illiyini bayram etməyə hazırlaşması da dövlət başçısının diqqətindən yayınmadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu möhtəşəm bayramın dövlət səviyyəsində qeyd edilməsilə bağlı hələ iki il əvvəl - 2017-ci il noyabrın 14-də imzaladığı sərəncamda deyilir: "2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirə layiq xidmətləri vardır”.
Ata ocağımız sayılan universitetə Prezidentimizin bu diqqət və qayğısına görə minnətdarıq və onu əmin edirik ki, BDU bundan sonra da müstəqil Azərbaycanın çiçəklənməsi naminə öz bilik və təcrübəsini əsirgəməyəcək.
Günel MƏLİKLİ,
BDU-nun müəllimi,
siyasi elmlər üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər