• cümə, 26 Aprel, 16:10
  • Baku Bakı 23°C

Bəzi sözlərin yazılışı dəyişdirilə bilməz

12.06.18 11:30 1486
Bəzi sözlərin yazılışı dəyişdirilə bilməz
Allah sənə rəhmət eləsin, Cəlil Məmmədquluzadə! Hələ orta məktəbdə "Anamın kitabı” əsərini oxuyanda müəllim dünyanın müxtəlif ölkələrində təhsil almış qardaşların gördükləri işləri qabarıq şəkildə izah edib bu qənaətini bizə başa salırdı ki, Rüstəm bəy, Mirzə Məhəmmədəli və Səməd Vahid qardaşları kimi əziyyət çəkib, vaxt sərf edib ali təhsil alaraq bu cür boş-boş işlərlə məşğul olmaqdansa, Qurban və Zaman kimi təhsil almadan kənddə qalıb işləmək ondan da sərfəlidir.
Son aylarda Azərbaycan dilinin orfoqrafiya lüğətinə daxil olan sözlərin müəyyən bir qisminin yazılışının dəyişdirilməsi ilə bağlı söylənilən fikirləri oxuyanda yuxarıda adı qeyd olunan əsərin əsas qəhrəmanları olan qardaşların dialoqunu xatırladım: Rüstəm bəy deyir: "İndi keçək "almaz” ləfzinə, Yaz, "almaz”, latınca atamas”...
Mirzə Məhəmmədəli isə ona cavabında: "Dadaş, o lüğəti ki, sən yazırsan, bu bir yadigardır ki, hər bir kəs oxuyub mənfəətbərdar olacaq. Amma mənim qanacağıma görə sizin kitabınızda olan məlumat məhz Yevropa və Rusiya mənbəsindən əxz olunmuşdur. Belə olan surətdə siz öz əlinizlə lüğətinizin dairəsini daraldırsınız. Hə... gülərsiniz, gülərsiniz. Vay sizin halınıza! ... Afərin lüğət yazanlar!”
Niyə bunu xatırladım. Anladım ki, əgər orfoqrafiyamızda heç bir mütləq əhəmiyyət kəsb etməyən bu dəyişdirmə əməliyyatı qısa bir müddətdən sonra yazı yazıb ortaya çıxaran amilləri ucuz gülüş hədəfinə çevirəcəkdir.
Bu gün yazılışı dəyişdirilən sözləri yalnız sentyabrdan təhsil almağa başlayan şagirdlər düzgün yazmaq qabiliyyətinə sahib olacaqlar.
Yeni orfoqrafiya yazı-pozu ilə məşğul olan insanların ayağında buxova, qollarında qandala çevriləcəkdir.
Hansısa nəşr olunmuş bir əsərin ön sözünü cırıb yeni ön sözlə nəşr edərək kiminsə xoşuna gəlmək, kiminsə hörmətini qazanmaq olar. Ancaq əsərin özünə müdaxilə edib onu dəyişmək, həm də milyonlar üçün əzbər olan nəyi isə dəyişmək ucuz diqqət çəkmək marağından başqa bir şey deyildir.
Uşaq vaxt oxumuşdum ki, Fransada kimsə tarixdə qalıb əbədi yaşamaq fikrinə düşür. Bunun üçün başqa bir yol tapmayıb Paris Notrdam kilsəsini partladaraq tarix yazır. Elə bilirəm ki, orfoqrafiya lüğətimizdə aparılan bu "yenidənqurma” Paris Notrdam kilsəsini partlatmağın yeni variantıdır.
Ətrafdakıların diqqətini çəkmək üçün ortaya sanballı, dilimizə, dilçiliyimizə şərəf gətirən iş qoymaq lazımdır.
Yoxsa müəyyən sözlərin yazılışının dəyişilməsini əsas gətirərək, dövlətin kifayət qədər vəsaitin sərf edib yeni orfoqrafiya lüğəti çap etmək el malına qəsddən başqa bir şey deyildir.
Mətbuatda gedən yazılardan bəlli olur ki, bu sahə ilə bağlı insanların əksəriyyəti bu dəyişmənin əleyhinədir. Orfoqrafiyada yazılışı sabitləşmiş bu sözlərin yeni formada yazılmasına səbəb nədir, bu hansı tələbdən irəli gəlir, başa düşmək çətindir.
Yenə də "Anamın kitabı” əsərindəki Gülbaharın sözləri yada düşür: "Niyə hamı bir yerə getmir, niyə hərə bir tərəfə gedir?! Bax , görürsən, o adamlar o tərəfə gedir, bu adamlar bu tərəfə gedir: mən bu işi başa düşmürəm!”
Sərdar Zeynal,
filologiya üzrə elmlər doktoru
Bu məqalə "İntellekt Araşdırmalar Mərkəzi” İB tərəfindən AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının "Kütləvi İnformasiya Vasitələrində Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı sahəsində təşəbbüslərə dəstək” layihəsi çərçivəsində hazırlanıb.
banner

Oxşar Xəbərlər