• şənbə, 27 Aprel, 02:44
  • Baku Bakı 14°C

Bəxtiyar Vahabzadənin pedaqoji görüşlərinə həsr olunmuş monoqrafiya

31.01.15 06:48 2872
Bəxtiyar Vahabzadənin pedaqoji görüşlərinə həsr olunmuş monoqrafiya
“Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi”.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2015-ci il tarixli sərəncamından
Bəxtiyar Vahabzadə irsi geniş və çox istiqamətlidir. Onu bütövlükdə dərk etmək üçün fəaliyyətinin hər bir sahəsi dərin təhlil və tədqiqə layiqdir. Elə bu zərurətdəndir ki, tanınmış filoloq-alim, professor Buludxan Xəlilov bir-birinin ardınca nəşr etdirdiyi iki əsərində B.Vahabzadə yaradıcılığının iki istiqamətini tədqiqat obyektinə çevirmişdir. “Bəxtiyar Vahabzadənin dilçilik görüşləri” və “Bəxtiyar Vahabzadənin pedaqoji görüşləri” hər iki kitab 2014-cü ildə işıq üzü görmüş və oxuculara çatdırılmışdır. Bəri başdan deyək ki, bu kitabları Bəxtiyar Vahabzadə şəxsiyyətinə və yaradıcılığına yüksək ehtiram və məhəbbətlə yazılmış dərin təhlil və elmi ümumiləşdirmələri ilə fərqlənən çox dəyərli əsərlər kimi qiymətləndirmək lazım gəlir.
Diqqətəlayiq cəhətdir ki, müəllif özü respublikamızın elmi-pedaqoji ictimaiyyətində kifayət qədər tanınan təcrübəli müəllim və nüfuzlu dilçi alimdir. Yəni Buludxan Xəlilov imzası hər iki sahə üzrə söz demək səlahiyyətini özündə tam ehtiva edir...
B.Vahabzadənin pedaqoji görüşlərinə həsr olunmuş monoqrafiyanı qarşıma qoyub oxumağa başlayıram. Əsərin 1-ci fəsli “Təlim, tərbiyə, təhsil: müəllimə borc və ehtiram” adlanır. Elə ilk sətirlərdən müəllifin B.Vahabzadənin pedaqoji görüşləri ilə bağlı qabarıq şəkildə nəzərə çatdırmaq istədiyi məqsəd və amalların təsiri altına düşdüm; axı B.Vahabzadə böyük şair və ictimai xadim olmaqla yanaşı, həm də sözün əsl mənasında böyük müəllim idi. Böyük müəllim və ustad sənətkar olmaq isə öz-özünə başa gəlmir. Bunun üçün kimlərdənsə dərs alıb, onların ideyasından, təcrübəsindən bəhrələnməli və nəticə olaraq sən də bu işə öz töhfələrini verməlisən. Tədqiqatçı bu məqamda çox doğru olaraq B.Vahabzadənin hələ 1969-cu ildə M.Hüseynin xatirəsinə yazılmış “Döyüşən ədib” və 1976-cı ildə çap edilərək S.Vurğuna həsr edilmiş “Mən ona borcluyam” adlı məqalələri diqqətə çatdırır və qeyd edir ki, müəlliminə borc və ehtiram hissi, qədirbilənlik B.Vahabzadə şəxsiyyətinin ən ali keyfiyyətlərindən idi.
B.Vahabzadə uşaqları çox sevir, onlara daim diqqət və qayğı ilə yanaşmağı tövsiyə edirdi. Bu fikirləri diqqətə çatdıran B.Xəlilov qeyd edir ki, şair uşaqlar üçün yazmağın çətinliyini dərindən dərk edərək bunun səbəbləri və aradan qaldırılma yolları barədə də düşüncələrini oxucularla bölüşürdü: “Uşaqlar haqqında yazmaq çətindir, deyirlər. Bu doğrudan da belədir. Bəs bu çətinlik nədədir? Məncə, bu çətinlik dəfələrlə eşitdiyimiz kimi, birinci növbədə uşağa məxsus olan xüsusiyyəti – uşaq psixologiyasını, uşaq təbiətini, uşaq aləmini bilməkdədir. Uşaq üçün yazıb onların dilini, dərketmə qabiliyyətlərini, ətrafdakı hadisələrə münasibətlərini bilməmək şairi, sözsüz, ümumiçiliyə, mücərrədliyə aparacaqdır”.
Tədqiqatçı B.Vahabzadə irsinə söykənərək əlavə edir ki, o pedaqogikadakı əyanilik prinsipini konkret olaraq hər hansı bir fikrin, ideyanın daha canlı çatdırılmasında əhəmiyyətli hesab edirdi. Konkret olaraq həyat lövhələri əsasında öyrənmək, quru nəsihətçilikdən, sözçülükdən uzaq olaraq canlı boyalarla öyrənmək uşağın yaddaşına biliyi əbədi həkk etdirir.
B.Vahabzadəni görkəmli ziyalı kimi xarakterizə edən müəllif onun bu barədə söylədiklərinə də diqqət yetirməyi vacib sayaraq yazır: “İntelligenti, ziyalını tamamlayan hansı cəhətlər var? Bu cəhətlər içərisində Bəxtiyar Vahabzadə vətən və xalq qarşısında borc hissini əsas hesab edirdi. Doğrudan da, biliyi olmaq, diplomu olmaq hələ ziyalılıq deyil. Elələri var ki, onların diplomları yoxdur. Ancaq onlar təbiətən ziyalıdırlar”. Burada öz millətinin ziyalılarına xor baxıb, başqa millətlərin ziyalılarını başı üstə qaldıranlara B.Vahabzadənin yanaşma tərzini də tədqiqatçı maraqlı detallarla nəzərə çatdırmışdır.
B.Vahabzadə bir müəllim kimi daim öyrətməyin ən sadə və asan yolları üzərində düşünmüşdür. Kitabın ikinci fəsli B.Vahabzadə ilə əlaqəli şəkildə məhz bur problemə həsr edilmişdir. Müəllif B.Vahabzadədən gətirdiyi nümunələr əsasında şairin bu məsələ ilə bağlı görüşlərini bu cür ümumiləşdirmişdir: “Bəxtiyar Vahabzadə istənilən bir elmi məlumatın, yaxud da həqiqətin adi, sadə formada çatdırılmasında bədii priyomlardan istifadəni, xalqın yaratdığı bədii ifadələrə istinad etməyi vacib sayırdı”.
B.Vahabzadə gənc nəslin qürurlu və başqalarına hörmət ruhunda böyüməsini istəyir və istər bədii əsərlərində, istərsə də adi söhbətlərində bunu təbliğ edirdi. Kitabda bu məsələ ilə bağlı fikirlər “Şagird, tələbə qüruru” başlığı altında öz əksini tapmışdır.
B.Vahabzadə bir insan və müəllim kimi çox həssas və diqqətcil olduğundan həmkarlarından da bu keyfiyyətləri umurdu. Bu məsələdən geniş bəhs edən B.Xəlilov B.Vahabzadəni çox həssas bir müəllim kimi dəyərləndirərək yazır: Adətən müəllimlərdə həssaslıq olmazsa, o şagirdlərə, tələbələrə diqqət göstərə bilməz. Məhz bu həssaslıq B.Vahabzadənin şair, müəllim qəlbinə uyarlı olmuşdur”. “Müəllim həssaslığı” adlanan bu bölmədə B.Vahabzadənin həyatından və əsərlərindən gətirilən konkret faktlarla onun necə bir həssas və qayğıkeş müəllim olması ön plana çəkilmişdir. Əlamətdardır ki, B.Vahabzadənin həyatının müxtəlif anlarını özündə əks etdirən fotolar, məktublar müəllifin fikirlərinin bütün kitab boyu əyani təsdiqinə çevrilmişdir.
B.Vahabzadə böyük şair və müəllim olmaqla yanaşı, həm də yaradıcı bir ədəbiyyatşünas, ali və orta məktəblərdə ədəbiyyat tədrisi mütəxəssisi idi. Onun ədəbiyyatımızın tədrisi ilə bağlı təklif və mülahizələri bu gün də aktual olaraq qalmaqdadır. Bu istiqaməti də nəzərdən qaçırmayan tədqiqatçı “Ədəbiyyatın tədrisinə dair” başlıq altında B.Vahabzadənin həmin sahədəki fəaliyyətinə işıq salmışdır. Müəllif B.Vahabzadənin ədəbiyyat tədrisinin əhəmiyyəti, məqsəd və vəzifələri ilə bağlı söylədiklərini ondan iqtibas etdiyi konkret bir nümunə ilə bu cür diqqətə çatdırır:
O yazırdı: “Şagird qrammatika fənni ilə dilin qanun-qaydalarını öyrənirsə, ədəbiyyat vasitəsilə bu dilin nələrə qadir olduğunu bu dilin əzəmət və böyüklüyünü görür, incəlik və gözəlliyinə heyran qalır”.
Ədəbiyyat müəllimlərinin hansı keyfiyyətlərə sahib olması barədə B.Vahabzadənin mövqeyini şərh edən B.Xəlilov bu fikirlərini belə ümumiləşdirir: “B.Vahabzadə ədəbiyyat müəllimi necə olmalıdır, hansı keyfiyyətləri özündə daşımalıdır, hansı mənəvi keyfiyyətlərə malik olmalıdır məsələlərinə öz mövqeyini bildirirdi”. Ədəbiyyat fənnini tədris edən müəllimin fənnə olan sevgisini, xalq ruhunu, xalq mənəviyyatını dərindən bilməsini, bəhs etdiyi məsələləri duya-duya, hiss edə-edə danışmağı bacarmasını təcrübəli bir pedaqoq kimi önə çəkirdi.
Bu bölmədə B.Vahabzadənin ədəbiyyat dərslikləri ilə bağlı fikirləri də yer almışdır. Onun haqlı iradlarına şərik olan B.Xəlilov bu problemlə bağlı öz fikirlərini də yeri gəldikcə oxucuların diqqətinə çatdırmağı unutmamışdır.
Bütün cəmiyyətlərdə müəllim digər zümrələrə örnək olduğu kimi, bizim cəmiyyətdə də müəllim şəxsiyyəti həmişə digərlərinə nümunə olmuşdur. Ona görə də biz bu gün də hörmət etdiyimiz adamlara “müəllim” deyə müraciət edirik. Hər kəs ona dərs demiş müəllimlərdən birini və ya bir neçəsini ömrü boyu əsl insan obrazı kimi xatırlayır, heç vaxt unutmur. Bu mənada B.Vahabzadə həm də gözəl şagird olmuş, ona dərs deyən müəllimlərini heç vaxt unutmamış daim minnətdarlıqla yad etmişdir. Xüsusən, B.Xəlilov B.Vahabzadənin öz ilk müəllimlərinə verdiyi qiymət, sonsuz sevgi haqqında belə deyir: “B.Vahabzadə ilk müəlliminə sanki poetik bir tərif vermişdir. Bu poetik tərifdə ilk müəllimi xarakterizə edən xüsusiyyətləri möhür kimi vurmuşdur. Məsələn, o ilk müəllimi “xarüqaladə bir varlıq” kimi, “böyük bir sirr xəzinəsi” kimi, Allahın yaratdığı hər bir şeyin dilini bilən varlıq kimi xarakterizə etmişdir. B.Vahabzadə ilk müəllim barədə elə dəqiq, həyat təcrübəsindən çıxmış fikirlər söyləyir ki, onların hamısı hikmətli sözlər kimi diqqəti cəlb edir. Müəllif B.Vahabzadənin söylədiyi “Müəllim bizim ilk dostumuz, mənəvi atamız, anamızdır” cümləsi ilə necə bir müəllim obrazı yaratdığını şərhsiz təqdim edərək nəticə çıxarmağı oxucunun öhdəsinə buraxır. Yaxud şairin Mir Cəlal müəllim barədə söylədiyi minnətdarlıqla dolu “çoxları kimi mən də Mir Cəlal müəllimə borcluyam” kəlmələrini həyacansız oxumaq olmur. Bu məqamda prof.B.Xəlilov vaxtilə özünə dərs demiş bəzi müəllimləri, həmçinin müəllim hazırlama problemlərini də polemika mövzusuna qatmaqla maştabı bir az da genişləndirmişdir ki, bu da təqdir edilməli haldır.
Kitabın “Təlim, tərbiyə və təhsildə qədirbilənlik” adlanan sonuncu fəsli də B.Vahabzadənin pedaqoji görüşlərinin bir çox istiqamətlərinin şərhinə həsr olunmuşdur. Burada B.Vahabzadənin elmə, təhsil və tərbiyə ilə bağlı vaxtilə dedikləri və yazdıqları ardıcıllıqla ümumiləşdirilərək diqqətə çatdırılmışdır. Tədqiqatçı əsərin sonunda B.Vahabzadənin pedaqoji görüşlərinin zirvəsi hesab etdiyi “Qiymət” poemasını təqdim edərək mövzunu bu şəkildə yekunlaşdırmağı uyğun bilmişdir: “Bəxtiyar Vahabzadənin müəllim kimi fəaliyyətini, şair kimi poetik hisslərini təhlil etməkdənsə, poemanı olduğu şəkildə təqdim etməyi məqsədəuyğun sayırıq”.
B.Vahabzadənin pedaqoji görüşlərinə həsr olunmuş bu kitab hər bir ziyalının, müəllimin qəlbindən keçən duyğuların ifadəçisidir desək, bizcə, yanılmarıq. Ona görə də, sonda onun müəllifinə bir müəllim kimi öz minnətdarlığımızı bildirməklə yazını tamamlayırıq.
Kamil Bəşirov,
filologiya üzrə elmlər doktoru
banner

Oxşar Xəbərlər