• cümə, 26 Aprel, 09:24
  • Baku Bakı 12°C

BDU-nun rektorları

09.01.18 12:30 1467
BDU-nun rektorları
Təzyiqlər onu da "səhhətindən şikayətlənməyə” vadar edib
Cümhuriyyətin süqutundan sonra bolşeviklər idarəetmə aparatını dağıdaraq inzibati amiranəlik sistemini yaratmağa başladılar. Ölkədə qurulan bu amiranəlik rejimi Azərbaycan xalqının milli dövlətçilik ənənələrini, milli ruhunu məhv etməyə istiqamətləndirildi. Bu, ilk olaraq təhsildən başladı. Xüsusən də yeni yaradılan BDU-dan. Bolşeviklər milli ruhlu alimləri və müəllimləri tədris prosesindən uzaqlaşdırmağa start verdilər. Bunu, respublikanı idarə edən Mərkəzin səlahiyyətli nümayəndələri də dolayısı ilə təsdiq edirdilər. Məsələn, 1920-ci ilin sonlarında Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri N.İ.Solovyovun V.İ.Leninə göndərdiyi hesabat Azərbaycanın o zamankı siyasi reallığını əks etdirirdi: "Azərbaycanın yeni hökuməti - İnqilab Komitəsi azərbaycanlılardan təşkil edilsə də, heç kimə sirr deyil ki, onun üzərində Azərbaycan Kommunist Partiyasının hakimiyyəti mövcuddur. Partiyada rəhbərlik erməni-gürcü qrupunun əlindədir. Bu rəhbər qrup, kütləvi həbslərlə və ən yaxşı nümayəndələri güllələmək yolu ilə Azərbaycan millətini başsız qoymağı qərara almışdır. Bütün müsəlman ziyalıları və milli burjuaziya nümayəndələri güllələnmişdir”. Əlbəttə respublikanın Sovet Rusiyası tərəfindən "idarə edilməsi” BDU-nun da işinin məzmununu tamamilə dəyişməyə istiqamətləndirildi.
Əksər mənbələrdə qeyd edilir ki, V.İ.Razumovskidən sonra BDU-nun ikinci rektoru Sergey Nikolayeviç Davidenkov olub. Amma əslində o zaman siyasi vəziyyət çox gərgin olduğu üçün yeni yaranan hökumət bir necə ay ərzində universitetə 2-3 rektor təyin edib. Məsələn, 1920-ci il iyunun 15-də Birləşmiş Cəmiyyətlər Şurası 1920-ci ilin iyun-avqust aylarında tibb fakültəsinin dekanı, professor İ.İ.Şirokoqorovu rektor seçdi. 1920-ci ilin avqustunda o, vəba epidemiyasına qarşı mübarizəni təşkil etmək üçün Batuma yollandı. Rektor vəzifəsini müvəqqəti icra etmək tibb fakültəsinin dekanı A.M.Levinə və tarix-filologiya fakültəsinin dekanı N.A.Dubrovskiyə tapşırıldı.
BDU-nun yaranma tarixi ilə bağlı arxiv materiallarından və araşdırmalardan aydın olur ki, o illərdə universitetin rektor və prorektorları bu cür seçilirdi: əvvəlcə gizli məktublar vermək yolu ilə səsə qoyulmaq üçün namizədlər göstərilirdi. Göstərilən hər bir namizəd haqqında verilmiş məktubların sayı hesablanırdı. Bəziləri özləri haqqında az məktub verildiyini görəndə, səsə qoyulmaqdan imtina edirdilər. Bundan sonra gizli səsvermə keçirilirdi. Səslərin çoxunu toplayan şəxs bir il müddətinə rektor və ya prorektor olurdu. BDU-nun ikinci rektoru S.N.Davidenkov da bu yolla seçilmişdir. Seçkini əks etdirən protokoldan: "58 məktub verilmişdir. S.N.Davidenkov -49 məktub, İ.İ.Şirokoqorov - 4 məktub, A.A.Oşman - 2 məktub, V.V.Sipovski, A.V.Urusov və L.S.Leybenzon - hərəsi 1 məktub. Namizədlər A.A.Oşman, L.S.Leybenzon və A.V.Urusov öz namizədliklərinin geri götürülməsini xahiş edirlər. Burada olmayan İ.İ.Şirokoqorovun və V.V.Sipovskinin namizədliklərinin səsə qoyulması üçün onlardan razılıq alınmadığına görə, sədr rektor vəzifəsinə seçilmək üçün S.N.Davidenkovu səsə qoymağı təklif edir. Sədr səsəqoyma qutularını açanda məlum olur ki, S.N.Davidenkov 58 seçici səsi, 27 qeyri-seçici səsi toplamışdır”. Beləliklə, BUD-ya 1920-ci ilin 23 noyabrından 1923-cü ilin 29 sentyabrına kimi rəhbərlik edən S.N.Davidenkov, gizli səsvermə yolu ilə 1921, 1922 və 1923-cü illərdə rektor seçilmişdir. Səsvermən protokolları ilə tanışlıq belə deməyə əsas verir ki, digər namizədlərə nisbətən, universitet kollektivi arasında S.N.Davidenkovun böyük hörməti-izzəti olub.
1880-ci ildə müəllim ailəsində anadan olan Sergey seminariyada təhsili aldıqdan sonra Moskva Dövlət Universitetinə qəbul olub və 1904-cü ildə oranı bitirib. Əvvəllər Moskvada və Xarkovda psixiatriya xəstəxanada çalışıb. 1912-ci ildən isə S.N.Davidenkov Xarkov Qadın Tibb İnstitutunun sinir və zehni xəstəliklər kafedrasında işləyib. Klinik neyrogenetikanın qurucusu kimi tanınan S.N.Davidenkov, həm də bu terminin müəllifidir. O, dünyada ilk tibbi genetik məsləhətin təşkilatçısıdır. 1920-ci ildə BDU-da işləmək üçün Bakıya gələn məşhur nevropatoloq, əvvəl BDU-nun tibb fakültəsində çalışıb. İlk olaraq sinir xəstəlikləri kafedrasının müdiri işləyən Sergey Nikolayeviç 1920-ci il noyabrın 23-də Birləşmiş Cəmiyyətlər Şurasının iclasında gizli səsvermə yolu ilə BDU-nun rektoru seçilib. Bu zaman Azərbaycanın bütün ideoloji və siyasi həyatı Sovet Rusiyası tərəfindən idarə edilirdi. Professor S.N.Davidenkov da universitet həyatında baş verən siyasi hadisələrin qarşısını almaqda aciz qaldı. Onun rəhbərliyi dövründə ilk olaraq Xalq Maarif Komissarlığının 6 dekabr 1922-ci il kollegiyasının qərarına əsasən, Bakı Dövlət Universitetinin adı dəyişdirilərək Azərbaycan Dövlət Universiteti adlandırıldı. Bundan sonra universitetlə bağlı bütün qərarlar mərkəzdən ünvanlanır və onların həyata keçirilməsi məcburi idi. Sovetləşmə siyasətini aparan hökumət milli ruhlu ziyalıları universitet həyatından uzaqlaşdırmaq üçün "təmizləmə” işlərinə başlayaraq, təhsili sovet ideologiyasına uyğun istiqamətləndirdi. AK (b) P MK-nın katibi S.M.Kirovun məqsədli şəkildə çapına icazə verdiyi E.Xanbudaqovun "Milli məsələ” sərlövhəli məqaləsi ilə "təmizləmə” əməliyyatı daha da genişləndirildi. Məqalənin dərc edilməsi ilə Azərbaycanda "millətçi ovu” başladı”.
Bu proses daha çox BDU-ya şamil edildi. Çünki milli ruhlu ziyalıların toplaşdığı bu təhsil ocağı, Mərkəzin sovetləşmə siyasətini həyata keçirmək üçün maneəyə çevrilə bilərdi. Odur ki, respublika daxilində milli ruhlu kommunistləri təzyiqlər və təqiblər nəticəsində elə bir vəziyyətə saldılar ki, onlar mərkəzin göstərişlərini müti şəkildə həyata keçirməyə məcbur oldular. Hətta bu proses tələbələrə də şamil edildi. Universitetdə 1923-cü ildən başlanan "akademik” yoxlamalar 1924-1925-ci tədris illərin də davam etdirildi. ADU-nun 1313 tələbəsi arasında 129 "perspektivsiz” tələbə aşkar olunaraq, universitetdən xaric edildi.
Xalq Maarif Komissarlığının yerli-yersiz sərəncamları tez bir zamanda S.N.Davidenkovu da V.İ.Razumovski kimi "səhhətindən şikayətlənməyə” vadar etdi. O, 1923-cü il sentyabrın 29-da ərizə yazaraq "xəstəliyinə və ailə şəraitinə görə” universitetin rektoru vəzifəsindən "imtina” etməli oldu. 1925-ci ildə Bakını birdəfəlik tərk edən S.N.Davidenkov Sankt-Peterburqa qayıdaraq, Həkimləri Təkmilləşdirilməsi İnstitutunda işləyib. Sovetlər də onun əməyini yüksək qiymətləndirib. SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi olan N.S.Davidenkov Lenin ordeni və digər medallarla təltif olunub.
1950-ci ildə S.N.Davidenkovun şəxsi həyatında baş verən hadisə, onu çox sarsıdır. Yeganə övladı Nikolayın (34 yaşında) qəfil ölümü S.N.Davidenkovu yatağa salır. O, 1961-ci ildə 81 yaşında dünyasını dəyişir.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər