AZE | RUS | ENG |


Bakının qəsəbəsində “yaşatdığımız” quldur

Bakının qəsəbəsində “yaşatdığımız” quldur
Onun cəsədini itlərə atıblar

Sovet dövründə xalqımıza qənim kəsilənlərin adlarını əbədiləşdirmək sanki dəb şəklini almışdı. Deyə bilərsiniz ki, hökumət bunu tələb edirdi. Amma bəzən öz işinin xətrinə buna can atanlarımız da olub. 1989-cu ilin sonları idi. Görkəmli yazıçı-tədqiqatçı Manaf Süleymanlıdan müsahibə götürürdüm. Söhbət zamanı bu mövzu ilə bağlı şahidi olduğu belə bir hadisəni xatırlatdı. Dedi ki, rayonlarımızdan birində partiya komitəsinin birinci katibi xanım idi. O, iclaslardan birində təkid edir ki, bu rayonda Şaumyana heykəl ucaldılsın. Bu xanım Şaumyanın heykəlini ona olan sevgisindən ucaltmaq istəmirdi. O, vəzifədə yerini möhkəmlətmək, Mərkəzi Komitədə olan rus-erməni dost-aşnasının yanında özünü yaxşı etmək üçün bunu edirdi. Amma görmürdü ki, heykəl ucaltmaq istədiyi Şaumyanın nəvə-nəticələri hər gün onun soydaşlarını qanına qəltan edərək, yurdundan-yuvasından didərgin salır, qız-gəlinlərinin namusuna təcavüz edir.

Xalqımıza qənim kəsilən bu cəlladlardan biri də Stepan Razin olub. Yüzlərlə, minlərlə Bakı sakinlərini qanına qəltan edən, var-yoxunu talayan bu qatilin adını uzun illər Bakının ən böyük qəsəbələrindən birində "yaşatmışıq” (Hazırda bu qəsəbə A.Bakıxanovun adını daşıyır).  

Timofeyeviç Timafey varlı kazak olub. Tez-tez hərbi səfərlərə gedirmiş. Bir dəfə hərbi səfərdən qayıdanda gözəl bir türk qızını əsir götürür və özü ilə gətirir. Günlər keçir. Mavi gözlü, şux qamətli türk gözəlinə biganə qala bilməyən Timafey onunla evlənir. Bu türk gözəli Timafeyə üç oğul bəxş edir, onlardan biri də 1630-cu ildə anadan olan Stenka idi. Sonralar Stepan Razin kimi tanınan Stenka ailənin ortancıl oğlu idi. Tədqiqatlardan bəlli olur ki, Stenka mükəmməl təhsil almasa da, 8 dil bilib və güclü yaddaşa malik olub. 1658-ci ildə Krım tatarları və Osmanlı türklərinə qarşı müharibədə iştirak edən Stepan bir neçə kazak döyüşçü ilə Moskvaya göndərilir. Burada Don kazaklarının rəsmi nümayəndəsi kimi Krım tatarlarına qarşı döyüşmək üçün danışıqlar aparır və döyüşlərə qoşulur. Artıq 1662-ci ildə Stepan ataman kimi ad çıxarır.

1665-ci ildə baş verən hadisə Stepanı həm sarsıdır, həm də çox qəddarlaşdırır. Knyaz Dolqorukov Stepanın böyük qardaşı İvanı rus-polyak müharibəsindən fərarilik etdiyi üçün qətlə yetirir. Bu hadisə Stepanı bütün kübarlara qarşı çevirir. O, tezliklə 600 nəfərlik kazak dəstəsi ilə Donboyu yaşayan varlı kazakları talan edir və amansızcasına qətlə yetirir. Bu döyüşdən bir necə ay sonra Stepanın dəstəsinin sayı 2 min nəfərə çatır.

Qəribədir, rus tarixşünaslığında S.Razinə müxtəlif münasibət var. Bəziləri onu "böyük sərkərdə”, bəziləri isə "quldur”, "üsyançı” kimi təqdim edirlər. Əksər tədqiqatlardan belə aydın olur ki, Stepan Razin guya yoxsullara qarşı mərhəmətli olub. Bəlkə də Rusiyada belə olub. Amma Bakıda evləri talan edərkən, adamları qılıncdan keçirərkən, Stepan Razin və onun kazakları üçün yoxsul-varlı fərqi olmayıb. Basqın etdiyi hər yeri xarabaya çevirib.

1668-ci ilin yayında Stepan Razin altı min kazakla Volqadan çıxaraq gəmilərlə Xəzər sularına daxil olur və İran sahillərinə tərəf üzür. Dərbəndlə Bakı arasında o, sahil boyu kənd və obaları talan edir. Ayrı-ayrı yerlərdə düşərgə salır, dincəlir, sonra yenə yoluna davam edir. Belə düşərgələrdən biri də Xəzərin sahilində, Bakıxanov qəsəbəsinin yerləşdiyi ərazidə,  dağın ətəyində idi.

Burada bir necə ay dincələn S.Razin yenidən Bakıya hücum edir. Bakını tuta bilməyən quldur şəhərin ətrafındakı kəndləri qarət edir, ələ keçirdikləri qənimətlər, əsir aldığı yüzədək adam və yeddi min qoyunla Xəzərdəki Jiloy adasına çəkilir. Onun və kazaklarının Bakıda törətdikləri vəhşiliklər haqqında S.Razini gözləri ilə görmüş, onu yaxından tanıyan bir kazakın  dediklərini Hollandiya səyyahı Y.Y.Stpeys məşhur "Üç səyahət” adlı əsərində belə nəql edirdi: "Bakıya və Astrabada tərəf üz tutmuşduq. Qabağımıza çıxan adamları qılıncdan keçirir, evləri və mülkləri yandırırdıq. Bakıya çatanda əlimizə çoxlu çaxır keçdi və onu öz aramızda bölüşdürdük. Çaxır içməyə adət etmədiyimiz üçün hamımız sərxoş olduq. O zaman beş minə qədər kazak idik.  Bundan istifadə edən iranlılar (azərbaycanlılar Q.D) tez qoşun toplayıb, biz sərxoş kazakların üstünə düşdülər. Çox güclü və igidcəsinə vuruşurdular; demək olar ki, hamımızı qırdılar. Yalnız 400-500 nəfər qayıqlara oturub canlarını qurtara bildilər. Stepan Razin də çətin vəziyyətə düşdü. Yanında mühafizəçi olmasaydı, o da əsir düşəcəkdi. Yaxşı ki, mühafizəçi onu qoruyub, aradan çıxarmaq üçün yol tapa bilmişdi”.

1669-cu ildə S.Razinin Xəzər dənizində axırıncı döyüşü oldu. Bu axırıncı döyüş Səngi Muğan adası yanında baş vermiş və səs-sədası bütün Rusiyanı bürümüşdü. S.Razinin Krımdan Osmanlı, Səfəvi imperiyası daxil olmaqla böyük bir ərazidə atamanlıq etməsini çar hökuməti həzm edə bilmirdi və hökumətə qarşı saymazlığı ona canı bahasına başa gəldi.

1670-ci ilin oktyabrında Simbirsk döyüşlərində S.Razin yaralandı. Onu Kaqalnikə gətirirlər. Bundan istifadə edən hökumətə sadiq kazaklar qəfil hücum edərək S.Razini və qardaşı Trolu əsr götürüb çarın hüzuruna gətirirlər. 1671-ci ildə S.Razini edam edirlər. Çox dəhşətli olan bu edam səhnəsi haqqında o zaman məşhur olan jurnalist (bəzi mənbələrdə onu tacir kimi göstərirlər) Tomas Herbon yazırdı: "Quldurun əli dəyirmi lövhəyə mismarlanmış, ayaqları zəncirlə dar ağacına bərkidilmişdir. Ancaq bu adamın vüqarı hamını dəhşətə salmışdı. Görkəmindən bilinirdi ki, ölümdən qorxmur. Əvvəlcə əllərini sonra ayaqlarını kəsib bir torbaya yığdılar, bədənini isə axşam itlərə atdılar”.

Bəzilərinin mərhəmətli, bəzilərinin böyük sərkərdə adlandırdığı Stepan Razin, V.İ.Lenin kimi hərəkət edərək, böyük qardaşı İvanın qisasını almaq üçün milyonlarla günahsız insanları qurban verib. Əslində Stepan Razin qardaşının qisasını almaq üçün knyaz Dolqorukovla kişi kimi təkbətək vuruşub qisasını alsaydı, tarixdə daha şərəfli bir adla qalardı.
 
Qərənfil Dünyaminqızı, 
Əməkdar jurnalist             


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6872
GBP 1 İngilis funt sterlinqi 2.3022
TRY 1 Türk lirəsi 0.4878
KWD 1 Küveyt dinarı 5.6445
SEK 1 İsveç kronu 0.2140
EUR 1 Avro 2.0368
CHF 1 İsveçrə frankı 1.7698
USD 1 ABŞ dolları 1.7007