AZE | RUS | ENG |

Bakıda söz sahibi olmuş, qəddarlığı ilə “ad qazanmış” gəlmələr

Bakıda söz sahibi olmuş, qəddarlığı ilə “ad qazanmış” gəlmələr
Biz keçmişimizi ona görə sorğu-suala çəkirik ki...

Bütün arxiv sənədləri, tədqiqat əsərləri bir daha sübut edir ki, xalqımız hər dəfə öz milli müstəqilliyi uğrunda mübarizəyə qalxarkən Mərkəz çox amansız üsullara əl ataraq, onu boğmaq üçün ən qəddar icraçılarını ölkəmizə göndərib. 1906-cı ildə də belə olub. "1906-cı ildə Nikolayın fərmanı ilə bir necə şəhərlərdə, o cümlədən Bakıda da şəhər rəisliyi (qradonacalstvo) yaranır”.
Bakıya da 1902-ci ildən Tiflis Quberniya Jandarm İdarəsi rəisinin qəzalar üzrə köməkçisi olan Pyotr İvanoviç Martınov göndərilir. "P.İ.Martınov çox zəhmli, əzazil, cəllad, gözlərindən qəzəb yağan birisi idi. Polkovnik libası geyərdi... Boynundan asdığı polad xaç par-par parıldayardı və bu polad xaçın çox böyük imtiyazları vardır. Şəhərdə istədiyi adamı huşunu itirənə qədər şallaqladar, əl-ayağına buxov taxıb elə itirdərdi ki, nə yerini bilən, nə də sorağını verən olardı”. 
Əslində Martınovun qəddarlığı şəhər əhli üçün yeni bir şey deyildi. Ondan əvvəl də Bakı əhli ona cəhənnəm əzabı yaşadan necə belə məmuru yola salmışdı. Camaat  Fon Vanın etdiyi qəddarlığı hələ unuda bilməmişdi.  Belə ki, 1905-ci ildə Çar hökuməti Bakıda baş verən inqilabı hərəkatı yatırmaq üçün hadisələrin məcrasını erməni-müsəlman məsələsinə yönəldir və şəhərdə milli qırğın yaratmağa başlayır. Sonra da guya qırğını yatırmaq üçün "kömək əlini” uzadır. Çar hökuməti 1905-ci ilin sonlarında Peterburqdan daxili işlər nazirinin müavini, cəllad Fon Vanı təcili olaraq Bakıya göndərir.
Fon Vanın "Bakıya gəlməyi ilə kütləvi həbslər başlayır. Hər gün onun sərəncamı ilə yüzlərlə azərbaycanlı həbs edilir, sürgünə göndərilir. Bununla da, həm inqilabi hərəkat yatırılır, həm də "milli məsələ” həll edilir. 1906-cı ilin əvvəlində Fon Van Bakını tərk edər-etməz, yenidən çaxnaşmalar başlayır. Bu dəfə Nikolayın fərmanı ilə Bakıda birdəfəlik şəhər rəisliyi yaradılır və P.İ.Martınov da rəis təyin edilir. 
 
P.İ.Martınov 1867-ci ildə Tiflisdə zadəgan ailəsində doğulub. İlk təhsilini Tiflisdə alan Martınov, sonra Peterburqda və başqa şəhərlərdə hərbi təhsilini başa vuraraq yenidən vətəninə qayıdır. Tiflis Quberniya Jandarm İdarəsində işə başlayan Martınov qəddarlığı, amansızlığı ilə "ad çıxarır”. O, 1905-ci il inqilabında Tiflisdə nümayişə çıxan fəhlələri atəşə tutduranda yaralanır və bir əli şikəst olur. Bu hadisədən sonra o, fəhlələrə qarşı daha amansızlıq edir.
 
          1906-cı ildə Bakı rəisi təyin edilən bu cəllad, gəlişi ilə şəhər əhalisi arasında bir vahimə yaradır. Özünün amansız "qayda-qanun”ları olan Martınov, şəhər qubernatoruna deyil, bir başa Peterburqa tabe olduğu üçün nə istəyirsə, onu da edir. Hətta insanların mənliyini, qürurunu alçaltmaqdan belə çəkinmir. O zaman qoçular buxara dərisindən hündür papaq qoyardılar. Martınov başladı bu papaqları qısaltmağa. Hündür papaqlı görən kimi yavərə him edərdi, o da, qoçunun papağını götürüb qəmə ilə ikiyə bölər, aşağı hissəsini qoçunun başına keçirdər, üst hissəsini isə üstünə tullayar, ya da ki, yerə atardı. Bu hərəkəti, yerli camaat arasında ona qarşı çox böyük kin-küdurət yaratmışdı.
 
          1916-cı ildə, fevralın 14-də Bakıda, aclıqdan cana gələn qadınların qiyamı baş verir. Şəhərin rəisi Martınov bu zaman Bakıda yox imiş. Xəbəri eşidən kimi dərhal şəhərə qayıdır və qiyamı yatırmaq üçün amansız bir əməliyyat həyata keçirir. Bakı şəhər rəisinin təhrif edilmiş məlumatına görə, 64 nəfər adam iğtişaş vaxtı ölüb və yaralanmışdır. Lakin yerli camaatın danışdığına görə, ölənlərin və yaralananların sayı daha çox olub. Martınovun əmri ilə əsgərləri onların çoxunu yox edib, etirazçıların nə ölüsü, nə də dirisi tapılıb.
P.İ.Martınovun Tiflisdə və Bakıda aşağı təbəqənin insanlarına, xüsusən də müsəlmanlara qarşı qəddarlığı, kin-küdurəti haqqında Həmidə xanım Cavanşirin (Məmmədquluzadə) "Xatirələrim”də yetərincə məlumat verilib.
 
          Martınovun işi (şəhər rəisliyinin idarəsi) və evi şəhərin ən gözəl, əzəmətli binalarından birində yerləşirmiş. Camaatın ona olan nifrətini hər an hiss edən şəhər rəisi, deyilənə görə, nəinki ev və iş qapısında, hətta evin içində gecə-gündüz bir-neçə gözətçi saxlayarmış. "Baş qapının üstündə, bir də tində iri qaz fənəri asılmışdı, axşamlar məhəllə elə çıraqban olurdu ki, göz qamaşdırırdı”.
 
        Martınovun xanımı Yelena Georgievna Martınova da əri kimi tündməcaz, yekəxana və çox kobud imiş. "Çox az hallarda bir necə qaradovoyun əhatəsində əri Martınovun özü üçün xüsusi düzəltdirdiyi faytonda şəhərə çıxardı. Fayton iri və içi dərin idi. Faytonçu atları dördnala çapardı. Yelena xanım hərdən bir, Martınovla birlikdə Hacı Zeynalabdin Tağıyevin evində keçirilən ziyafətlərə getsə də, heç kimlə ünsiyyət qurmaz, ədalı davranışı və bahalı geyimləri ilə diqqəti cəlb etməkdən sanki həzz alardı”.  
P.İ Martınovun Bakıda və ətraf rayonlarında, kəndlərində "at oynatması” II Nikolayın taxt-tacından məhrum edildiyi günə qədər davam edir. O, bu xəbəri eşidən kimi, gecə ikən Bakıdan qaçır.
 
Hörmətli oxucum! Fon Van, Pyotr İvanoviç Martınov, Vorontsov  Daşkov və xalqımızın onlarla belə düşmənləri sizə 1990-cı ilin 20 yanvar faciəsini bizlərə yaşadan Yevgeni Primakovu, Dmitri Yazovu, Mixail Qarbaçovu  xatırlatmırmı? Və yaxud, bütün bunlar bizi ayıq-sayıq olmağa, dostu-düşməni tanımağa çağırmırmı? Yaxşı deyiblər, xalq üçün özünü tanımamaqdan böyük təhlükə yoxdur. Bu qaçılmaz bir faktdır ki, özünü tanımayan millət, tarixi inkişaf yolunu və səmtini düzgün müəyyənləşdirə bilməz. Biz keçmişimizi ona görə sorğu-suala çəkirik ki, bu günümüzü bizə izah etsin, tanıtsın və gələcək yolu müəyyənləşdirməyə yardım etsin!
 
Deməli baş verən hadisələr bizi ayılmağa, düşünməyə və tədbirli olmağa sövq edir. Onda zaman itirmədən tədbirimizi görək!   
 
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973