• cümə, 19 Aprel, 23:50
  • Baku Bakı 24°C

Azərbaycanlıların qənimi, Bağırovun “sağ əli”

24.10.19 10:15 1017
Azərbaycanlıların qənimi, Bağırovun “sağ əli”
Mir Cəfərin məhkəməsində onun üzünə ilk duran da elə Atakişiyev olub
Onun haqqında ilk dəfə görkəmli jurnalist, araşdırmaçı Qulam Məmmədlidən eşitmişdim. Qulam müəllim o dövrün canlı şahidi olduğu üçün hadisələr haqqında mükəmməl informasiyası var idi. Müsahibələrin birində repressiya illərindən geniş danışaraq, sonda çox böyük təəssüf hissi ilə ded: "Minlərlə azərbaycanlı ailələrini dərbədər salanlar, ziyalılarını həbsə, sürgünə məhkum edənlər, güllələdənlər əsasən, o zaman ölkəmizə rəhbərlik edən ermənilər və ruslar olsa da, təəssüf ki, özümüzünkülərdən bəziləri "az aşın duzu” olmayıblar. Uzun illər Azərbaycan Dövlət Təhlükəsizlik orqanlarında məsul vəzifələrdə işləyən, Mir Cəfərin "sağ əli” olan Ağasəlim Atakişiyevin adı gələndə məhbuslar zar-zar ağlayırdı. Onu Mir Cəfər yetişdirmişdi. Mir Cəfərin məhkəməsində onun üzünə ilk duran da elə Atakişiyev oldu. Arxivlərdə repressiya ilə bağlı hansı sənədi qaldırsan, əksəriyyətində Atakişiyevin imzası var. Nə qədər adlı-sanlı, nəcib ziyalılarımızı məhv elədi, ocaqlarını qaraltdı, ailələrini dağıtdı. Amma cəzasını da aldı. Özü də çox tez. 1956-cı ildə 25 il həbsə məhkum edildi. O mühüm prosesdə Mir Cəfərlə birlikdə yeddi nəfər mühakimə edildi. Mühakimə vaxtı özünü qorxaq, miskin, iyrənc aparan, ağlayan, məhkəməyə yalvaran Dövlət Təhlükəsizliyi Naziri Yemelyanov, Xüsusi Vacib İşlər şöbəsinin müdiri Borşov və Atakişiyev idi. Atakişiyev o zaman Azərbaycan Daxili İşlər Naziri idi”.
Qulam müəllimlə bu söhbətimiz 1990-cı illərin əvvəllərində oldu və bir məqalə hazırladım. 1993-cü ildə isə akademik Ziya Bünyadovun "Qırmızı terror” kitabı ilə tanış oldum. Z.Bünyadov A.Atakişiyev haqqında yazırdı: "Xalq əleyhinə, xüsusilə ziyalılar əleyhinə cəza tədbirləri 1937-38-ci illərdə daha da amansızlaşdı, hakimiyyətdə oturmuş dövlət quldur dəstəsi görünməmiş vəhşiliklə Sumbatovun, Borşovun, Gerasimovun, Sinmanın, Şerin, Qriqoriyanın, Markaryanın, Qalstyanın, Ohanesyanın, Avanesyanın və onların Atakişiyev kimi nökərlərinin və qeyrilərinin əlilə təxminən 70-80 min Azərbaycan ziyalı nümayəndəsi ... bir ucdan məhv edildi”. Bütövlüklə arxiv sənədləri əsasında ərsəyə gələn əsərdə, dəfələrlə Ağasəlim Atakişiyevin imza atdığı sənədlərlə rastlaşdım və rəhmətlik Qulam müəllimin sözlərini xatırladım...
Öz soydaşlarına qənim kəsilən Ağasəlim Atakişiyev kim idi? 1 mart 1950-ci tarixli "Kommunist” qəzetinin yazdığına görə, vətənin "sədaqətli oğlu,” sosializm dövlətinin düşmənlərinə qarşı amansızlıqla mübarizə aparan, Lenin-Stalin partiyasının bütün tapşırıqlarını namusla yerinə yetirən sovet çekisti... Qəribədir, "Kommunist”in tərifini göylərə qaldırdığı vətənin bu "sədaqətli oğlu” cəmi üç il sonra vətənə xəyanətdə suçlanaraq həbs edilir və yenidən "Kommunist” qəzeti səhifələrində "vətən xaini”, "xalq düşməni” deyərək bu "sədaqətli oğlu” "yıxıb sürüyür”. Təəccüb doğuran odur ki, hər iki məzmunlu məqalələrin əksəriyyətinin müəllifləri eynidir və yetərincə ədəbi mühitdə tanınmış söz "sahibləri”dir. Qayıdaq Atakişiyevin kimliyinə. Ağasəlim İbrahim oğlu Atakişiyev 1903-cü ildə Bakıda gəmi bosmanının ailəsində anadan olub. İlk olaraq 4 sinifli tam orta məktəbdə oxuyub. Sonra Bakı Realını məktəbində təhsilini davam etdirib. 1918-1920-ci illərdə Bakıda fabrikdə usta köməkçisi işləyib. Tale Ağasəlimin üzünə aprel işğalından sonra gülür. 1921-ci ildə təhlükəsizlik orqanlarında "işə” başlayır. Tez bir zamanda özünü "doğruldan” Ağasəlim, rəsmi olaraq Baş İdarənin xeyir-duası ilə işə qəbul edilir və 1953-cü ilin iyun ayına kimi yalnız yüksəlişə doğru addımlayır. Kommunist partiyasının bütün tapşırıqlarını can-başla yerinə yetirən, öz soydaşlarından saysız-hesabsız "xalq düşməni”, "vətən xaini” yaradan A.Atakişiyev, 1931-ci ildə Ümumittifaq Kommunist (bolşevik) Partiyası sıralarına daxil olur və 1934-cü ildən artıq Azərbaycanda təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışır. 1941-ci ildə Azərbaycan SSR Xalq Daxili İşlər Komissarının milis işləri üzrə müavini vəzifəsinə təyin edilir. 1943-44-cü ilin iyun ayına qədər Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Xalq Komissarının birinci müavini vəzifəsini icra edir və general-mayor rütbəsi ilə təltif edilir.
Respublikada Mir Cəfər Bağırovun "sağ əli” kimi tanınan Atakişiyevin vəzifələri kimi, təltifləri də çoxalır. Dövrünün ən böyük mükafatlarına "Lenin”, "Qırmızı Bayraq”, "Şərəf Nişanı” və s. orden-medallara "layiq” görülür. Bir sözlə, "burda ağa mənəm, Bağdadda gör xəlifə” prinsipi ilə "ucalan” Atakişiyev, deyilənə görə, respublikada Mir Cəfərdən başqa bütün vəzifəlilərin otağının qapılısını ayağı ilə açırmış və ona aid olan-olmayan hər bir sahədən izahat tələb edirmiş...
A.Atakişiyevlə bağlı sənədlərə baxarkən Mikayıl Müşfiq haqqında M.C.Bağırova yazdığı arayış diqqətimi cəlb etdi: "Məhbus Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (M.Müşfiq) kamerada özünü yaxşı aparmır, mahnı oxuyur, mahnının sözləri arasında sizi və dövləti söyür. Yaxşı olardı ki, İsmayılzadəni təhlükəli məhbus hesab edərək, Baş Kəşfiyyat İdarəsinin xüsusi Şöbəsinin Sərəncamına verək”. Digər bir arayışa da diqqət yetirdim. Bu arayışı da həmin idarənin əməkdaşı Məmmədcan Əbubəkir oğlu Əbdülsalmanov yazıb: "1109 saylı məhbusun kamera davranışlarına nəzarət etdim. O, (İsmayılzadə Mikayıl Müşfiq) özünü çox səliqəli, ciddi və qüsursuz aparırdı”. Hər iki arayışı yazan soydaşımızdır. Şərhə ehtiyac varmı?
İstiqlal şairimiz adlandırılan Əhməd Cavadın da ilk dindirilməsi prosesi A.Atakişiyevə həvalə edilir. Atakişiyev o zaman Dövlət Təhlükəsizlik Komitəsinin IV şöbəsinin rəisi vəzifəsini icra edirmiş. İlk dindirilmə 1937-ci ilin 5 iyununda başlayır. Atakişiyev sorğu-sual zamanı şairə necə "əl gəzdirirsə” şair huşunu itirir (Bəzi mənbələrdə yazılır ki, Əhməd Cavad həbsxanada döyülərək, ağır işgəncələr verilərək öldürülüb. Sənədlərdə isə onun güllələndiyi bildirilir).
Dövrünün görkəmli jurnalisti Gülarə İbrahim Xəlil qızı Qədirbəylinin də "əksinqilabi millətçi təşkilatın üzvü kimi” həbs edilməsinin "xeyir-duası”nı Atakişiyev verib. Sənədlərdən belə aydın olur ki, Atakişiyev "3 nömrəli metodu” tətbiq etdikdən sonra müttəhim özünü tam günahkar, təqsirkar hesab edərək, təslim olur. Bilmirəm, bu, təsadüfdür ya... Azərbaycan Dövlət Təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən həbs edilən əksər ziyalımızı Atakişiyev ya dindirib, ya həbs edilməsi haqqında orderi imzalayıb, ya da birbaşa, ona nəzarət edib.
Tədqiqatçı alim Teyyub Qurbanın bu mövzuda olan məqalələrində bildirilir ki, Ağasəlim Atakişiyev sonralar adının qarşısındakı "ağa” sözünü ataraq olub Səlim Atakişiyev. Əksər sənədlərində bu ixtisarı apara bilməsə də, bəzilərində aparıb. A.Atakişiyevin "at oynatmağı” 1953-cü ilin 6 iyununa kimi davam edir. Bu tarixdən, o, bütün imtiyazlarından, vəzifələrindən məhrum edilir: "RSFSK CM-nin 58-1 "b”; 58-8; 58-11 maddələri ilə müqəssirli bilinsin və əmlakı müsadirə olunmaqla 25 il azadlıqdan məhrum edilsin”.
Görkəmli yazarımız Manaf Süleymlı yazır: "Allah bəzən cəzanı o dünyaya qoymur, başqalarına ibrət dərsi olsun deyə, elə bu dünyada, göz qabağında verir”. Repressiya dövründə də belə oldu. Vəzifə, ad-san, var-dövlət üçün xalqına qənim kəsilənlərin əksəriyyəti, layiq olduğu cəzanı aldı.
Qərənfil Dünyaminqızı,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər