• cümə, 29 Mart, 04:51
  • Baku Bakı 7°C

Azərbaycanın ziyalı qadınlarının parlaq nümayəndəsi

19.05.20 11:00 4645
Azərbaycanın ziyalı qadınlarının parlaq nümayəndəsi
O, Uşaqların təlim-tərbiyəsi ilə yanaşı, kəndli qadınların savadlanması qayğısına da qalırdı
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri də Xalidə Hasilovadır. Bu il görkəmli yazıçı, dramaturq, nüfuzlu dövlət və ictimai xadim olan X.Hasilovanın anadan olmasının 100 illiyi tamam olur. Xalidə Məmməd qızı Hasilova 1920-ci ilin 19 aprelində Azərbaycanın dilbər guşələrindən biri olan Zaqatalada anadan olmuşdur. Orta məktəbi uğurla bitirdikdən sonra Zaqatala Pedaqoji Texnikumunda təhsil almışdır. Gənc müəllim bir müddət doğma Qımır kəndində müəllimlik etmişdir. Təhsilini davam etdirmək arzusu ilə Xalidə xanım Leninqrad Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1939-1941-ci illərdə orada təhsil almışdır. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar o, Bakıya qayıtmış və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsilini davam etdirmişdir.
Uşaqların təlim-tərbiyəsi ilə yanaşı, kəndli qadınların savadlanması qayğısına qalan Xalidə xanım, ibtidai və orta məktəblərin Birinci Azərbaycan Qurultayının nümayəndəsi kimi "Şərq qadını” jurnalının 1938-ci il 1-ci sayında "Kəndimizin mədəni cəhətcə daha yüksəlməsinə çalışacağam” adlı məqaləsi ilə publisistik fəaliyyətə başlamışdır. Yazıçının "Kiçik hekayələr”, "Yaşıl ayna” kitabları kiçik və məktəb yaşlı uşaqlara həsr olunmuşdur. Onun "Sular durulur”, "Onun taleyi”, "Unutmaram”, "Xatirə”, "Xatirənin sorağı ilə” kitablarındakı hekayə və povestlərdə, "Nəğməli könül”, "Həsrət”, "Hamı doğmadır mənə” və s. pyeslərində müasirlərinin mənəvi aləmindən danışılır. Xalidə xanımın əsərləri müxtəlif xarici dillərə tərcümə olunmuşdur. O, "Bir sahilin adamları” pyesinə görə Dövlət Mükafatına layiq görülmüşdür.
Xalidə Hasilova tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuş, qiymətli tərcümələri ilə ədəbiyyatımızı zənginləşdirmişdir. N.Nosovun "Şən ailə”, N.Tixonovun "İgid partizan”, İlda Pereranın "Zənci balası Atolo”, Ə.Nesinin "İndiki uşaqlar möcüzədir”, Melih Bayramın "Günəş gözlü Mustafa Kamal” və başqa tərcümə kitabları bu qəbildəndir. Xalidə xanım həmçinin uşaq ədəbiyyatı problemlərinə həsr olunan "Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında”, "Gözəl duyğular”, "Uşaqlara yüksək keyfiyyətli əsərlər verək”, "Ədəbiyyat və tərbiyə” və s. kimi əsərlərin müəllifidir. Görkəmli yazıçı 1966-1972-ci illərdə "Göyərçin” jurnalının, 1972-ci ildən ömrünün sonuna kimi "Azərbaycan qadını” jurnalının baş redaktoru vəzifəsində çalışmışdır. Onun zəngin ictimai fəaliyyəti Azərbaycan qadınlarının çoxşaxəli problemləri ilə bağlı olmuşdur. Xalidə xanım uzun müddət Azərbaycan Qadınlar Şurası Rəyasət heyətinin üzvü kimi qadın hüquqlarının müdafiəsi uğrunda mübarizə aparmışdır. O, Sovet nümayəndə heyəti tərkibində Macarıstan, Almaniya, İsveçrə, İran, Yaponiyada səfərlərdə olmuşdur. Görkəmli yazıçı "Əməkdar mədəniyyət işçisi” fəxri adını almış, "Şərəf nişanı” və "Qırmızı əmək bayrağı” ordenləri ilə təltif edilmişdir. Azərbaycanın görkəmli yazıçısı Xalidə Hasilova 1996-cı ilin 5 dekabrında Bakı şəhərində vəfat etmişdir. Xalidə Hasilovanın 100 illiyi ərəfəsində bu sətrilərin müəllifinin təqdimatında qardaş Türkiyədə çap olunan Avrasiya Yazarlar Birliyinin (AYB) mətbu orqanı olan "Kardeş Kalemlər” dərgisinin 2019-cu il dekabr sayında Xalidə Hasilovanın həyat və yaradıcılığı haqqında məlumat və yazıçının "Xoruzlu dəsmal” adlı hekayəsi çap olunaraq bütün türk dünyasına ərməğan olunmuşdur. Müasir ədəbiyyatımızın müharibə mövzusunda yazılmış ən yaxşı nümunələrindən biri olan bu hekayədə XX əsrin sonlarında bədnam qonşularımızın – ermənilərin əsasız torpaq iddiaları ilə başladıqları Qarabağ hadisələrindən bəhs olunur. Xalidə Hasilovanın əziz xatirəsi daim yaşayacaqdır.
Həşim İsmayılov,
Pedaqogika üzrə fəlsəfə doktoru
banner

Oxşar Xəbərlər