• cümə, 29 Mart, 10:21
  • Baku Bakı 5°C

Azərbaycanın təhsil tarixində izi qalmış qadın

16.05.18 10:30 1617
Azərbaycanın təhsil tarixində izi qalmış qadın
Cümhuriyyət dövründə (1918-1920-ci illər) Azərbaycanda məktəb-tədris işinin təşkilində və onun yayılmasında müəyyən rolu və xidməti olmuş maarifpərvər qadın, Xalq Maarif Nazirliyinin orta məktəb şöbəsinin müdiri Aynülhəyat Yusifbəylinin həyat və fəaliyyəti haqqında bəzi qeydlər.
Cümhuriyyət dövründə Azərbaycan Respublikasında təhsil və məktəb-tədris işlərinin dövrün tələblərinə uyğun olaraq təşkil edilməsində, məktəb islahatlarının aparılmasında və qadınların təhsilə cəlb edilməsi işində yaxından iştirak etmiş maarifpərvər qadınlardan biri də riyaziyyat və fizika müəlliməsi, ev mürəbbiyəsi, Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinin orta məktəb şöbəsinin müdiri Aynülhəyat Yusifbəyova olmuşdur. Azərbaycan Respublikasının Dövlət Arxivi və Dövlət Tarix Arxinin müvafiq fondlarında saxlanılan sənəd materiallarından və digər mənbələrdən istifadə edərək Azərbaycanın təhsil tarixində izi qalmış Aynülhəyat Yusifbəyovanın həyat və fəaliyyəti haqqında bəzi qeydlər adlı hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram.
Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin " Qafqaz təhsil idarəsi qəyyumunun dəftərxanası” fondunda digər sənəd materialları ilə yanaşı maarifpərvər qadın Aynülhəyat Yusifbəyovanın xidməti haqqında şəxsi işi və 28 noyabrın 1916-cı il və 27 may 1918-ci il tarixlərində tərtib edilmiş formulyar siyahılar qayğı ilə qorunub saxlanılır. Həmin mənbələrdəki məlumatlara əsasən Aynülhəyat Yusifbəyova 1887-ci il mayın 30-da Rusiyanın Penza şəhərində dünyaya gəlmiş və müsəlman dininə mənsub olmuşdur. Onun qızlıq soyadı Baişeva, mənşəcə isə Kazan tatarlarındandır. Aynülhəyat Baişeva 1916-cı il mayın 21-də Yelizavetpol zədəganı Nəsib bəy Yusifbəyovla nigaha girmiş və həyatının sonrakı illərində görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Xalq Maarif Naziri, IV və V hökumət kabinetinin sədri Nəsib bəy Yusifbəylinin xanımı olaraq onun soyadını daşımışdır. Yeri gəlmişkən xatırladırıq ki, N.b.Yusifbəyovun ilk həyat yoldaşı görkəmli ictimai-siyasi xadim, jurnalist, "Tərcuman” qəzetinin redaktoru İsmayıl bəy Qaspiralının qızı Şəfiqə xanım olmuşdur. Filologiya elmləri doktoru N.Qəhrəmanlı və filoloq,tarixçi,publisist Ə. Tahirzadənin N. Yusifbəylinin həyat və fəaliyyətinə dair əsərlərində qeyd edilir ki, N.b.Yusifbəyli Şəfiqə xanımla hələ 1903-cü ildə Baxçasarayda "Tərcuman” qəzetinin 20 illik yubileyində tanış olaraq nişanlanmış, 1906-cı ilin yayında isə ailə həyatı qurmuşdur. Nəsib bəyin bu evlilikdən Zöhrə və Niyazi adlı iki övladı dünyaya gəlmişdir. N.b.Yusifbəyli 1906-cı ildən 1912-ci ilədək Baxçasarayda yaşayaraq "Tərcuman” qəzetində çalışmışdır.Lakin bir müddət sonra səbəbi indiyə qədər bəlli olmayan bir ailə ixtilafı ucbatından 1916-cı ildə Nəsib bəylə Şəfiqə xanımın həyat yolları ayrılmış və Şəfiqə xanım uşaqlarını götürərək Krıma qayıtmışdır. N.b.Yusifbəyli 1916-cı il mayın 21-də Aynülhəyat Baişeva ilə nigah bağlayaraq ailə həyatı qurmuşdu. Şəfiqə xanım Qaspralı isə ömrünün sonunadək Nəsib bəyə və övladlarına sadiq qalaraq yenidən ailə həyatı qurmamışdır..
Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin müvafiq fondunda saxlanılan Yelizavetpol Müqəddəs Nina qızlar məktəbinin riyaziyyat müəlliməsi Aynülhəyat Yusifbəyovanın(qızlıq soyadı Baişeva) xidməti haqqında formulyar siyahıda qeyd olunmuş məlumatlara əsasən qeyd edirik ki, Aynülhəyat xanım ümumi təhsilini Penza II qadın gimnaziyasında almış və həmin gimnaziyanı 1905-cı il iyunun 11-də qızıl medalla bitirmişdir. Aynülhəyat Yusifbəyova Penza II qadın gimnaziyasını bitirdikdən sonra təhsilini Balaşov qadın gimnaziyasının əlavə VIII sinif kursunda davam etdirmiş və həmin kursu1906-cı il mayın 29-da bitirərək riyaziyyat üzrə ev mürəbbiyəsi vəzifəsinə hüquq əldə etmişdir. Aynülhəyat Yusifbəyova həyatı boyu təhsilə yüksək qiymət vermiş və daim özünün elm və təhsilini artırmağa çalışmışdır.Onun keçdiyi həyat yolu bu fikri bir daha təsdiq edir.Belə ki, Aynülhəyat xanım Penza II qadın gimnaziyasını, daha sonra isə Balaşov qadın gimnaziyasının əlavə VIII sinif kursunu bitirdikdən sonra 1909 -1910-cu tədris ilində Petroqrad ali qadın kurslarının fizika-riyaziyyat bölməsinin sırf riyaziyyat və astronomiya üzrə elmi kurslarını müvəffəqiyyətlə bitirmişdir. Petroqrad ali qadın kurslarının professorlar şurası tərəfindən 1910-cu il oktyabrın 5-də Aynulhəyat xanıma 3574/216 № li şəhadətnamə verilmişdir. Xarkov tədris dairəsi qəyyumunun 15 sentyabr 1910-cu il tarixli 20120№li təklifi ilə Aynülhəyat Yusifbəyovaya icazə verilmişdi ki, müvəqqəti olaraq 1910-cu il sentyabrın 1-dən etibarən Saransk qadın gimnaziyasının yuxarı siniflərində riyaziyyat, hesab və fizikanın metodikası üzrə dərsləri tədris etsin.
1911-ci il noyabrın 30-da Aynülhəyat Yusifbəyovaya Xarkov tədris dairəsi qəyyumu tərəfindən riyaziyyat fənni üzrə ev mürəbbiyəsi adının verildiyini təsdiq edən 27160№li şəhadətnamə təqdim edilmişdir. Xarkov tədris dairəsi qəyyumunun 17 yanvar 1912-ci il tarixli 1372№li təklifi ilə Aynülhəyat xanım Saransk qadın qimnaziyasında riyaziyyat müəlliməsi vəzifəsinə təsdiq olunmuş, bir qədər sonra isə Xarkov tədris dairəsi qəyyumunun 23 avqust 1912-ci il tarixli 19704№li təklifi ilə onun avqustun 1-dən etibarən əlavə olaraq V sinfin paralel bölməsində də riyaziyyatdan dərs deməsinə icazə verilmişdir. Qafqaz tədris idarəsi rəisinin 20 oktyabr 1912-ci il tarixli /teleqrafla/ və 25 oktyabr 1912-ci il tarixli 24398№ li sərəncamlarına uyğun olaraq Aynulhəyat xanım 1912-ci il oktyabrın 20- dən etibarən Yelizavetpol müqəddəs Nina qadın məktəbinə riyaziyyat və fizika müəlliməsi vəzifəsinə təyin edilərək Yelizavetpol şəhərinə köcməli olmuşdur. Qafqaz tədris dairəsi qəyyumunun 31dekabr 1915-ci il tarixli 32702№li sərəncamı ilə Aynülhəyat Yusifbəyovanın Saransk şəhərindən Yelizavetpol şəhərinə köçməsi üçün biryarım tonluq iki atlı çaparxananın icarəsinə 168 rubl 90 qəpik pul ayrılmışdır.
"Qadın gimnaziya və progimnaziyaları haqqında” Rusiya imperiyasının qanun külliyatına dəyişikliklərin edilməsi haqqında 3 iyul 1916-cı il tarixli Qanuna və Xalq Maarif Departamentinin 30 sentyabr 1916-cı il tarixli 10219№li sərəncamına uyqun olaraq Qafqaz Tədris Dairəsinin Qəyyumu və Dairə müfəttişi tərəfindən Aynülhəyat Yusifbəyovanın qadın orta məktəblərində riyaziyyat fənnini tədris etməsinə icazə verilmişdir.
XX əsrin əvvəllərində Rusiya imperiyasının bir çox ucqarlarında olduğu kimi Azərbaycanda da milli azadlıq hərəkatı, xalqı cəhalətdən və qəflətdən xilas etmək, geriliyin və savadsızlığın aradan qaldırılması uğrunda mübarizə genişləndi. Azərbaycanın mütərərəqqi ziyalıları və ictimai-siyasi xadimlərinin əzmkarlığı sayəsində yaradılmış müxtəlif mədəni-maarif və xeyriyyə cəmiyyətləri, nəşr edilən qəzet və jurnallar öz fəaliyyətlərində xalqın savadlandırılması və maarifləndirilməsi, eləcə də milli məktəblərin yaradılması məsələlərini ön cərgəyə çəkdilər. Çar Rusiyasının xalq təhsili sistemində azərbaycanlı şagirdlərin Azərbaycan dilində təhsil almaq imkanlarının məhdud çərçivədə saxlanılması xalq arasında savadsızlığın və geriliyin aradan qaldırılması işini olduqca ləngitmişdir. Həmin dövrdə ümumtəhsil məsələləri qabaqcıl ictimaiyyətin təzyiqi ilə müzakirə edilsə də, təhsil idarələrində, dövlət dumasında dəstəklənmir, onun həlli üçün lazımı tədbirlər həyata keçirilmirdi.
1917-ci ilin fevralında Rusiyada baş vermiş fevral inqilabı qələbə ilə başa çatdıqdan sonra çar II Nikolay taxt-tacı tərk etdiyi haqqında 1917-ci il martın 2-də manifest imzalamağa məcbur oldu. 1917-ci il martın 3-də Rusiyada yaradılmış müvəqqəti hökumətin qərarı ilə Cənubi Qafqazda mülki hakimiyyət regionun əsas millətlərini IV Dövlət Dumasında təmsil etmiş deputatlardan ibarət olan Xüsusu Zaqafqaziya Komitəsinə - (ОЗАКОМА)-a verildi. Qafqaz tədris dairəsinin idarə edilməsi üzrə komissariyatın 11 oktyabr 1917-ci il tarixli 29035 №-li məruzəsi əsasında Xüsusi Zaqafqaziya Komitəsinin icazəsi ilə Aynülhəyat Yusifbəyovaya hər hansı bir sınaqdan keçmədən orta məktəblərdə riyaziyyat müəlliməsi vəzifəsində işləmək hüququ verildi.
Rusiyada mərkəzi hakimiyyət 1917-ci il oktyabrın 25-də bolşeviklər tərəfindən ələ keçirildikdən sonra mərkəzlə ucqar regionlar arasındakı əlaqələr demək olar ki, kəsildi.1917-ci il noyabrın 15-də J.P.Qeqeçkorinin başçılığı ilə bu ərazidə yaşayan üç xalqın (Azərbaycan, gürcü və erməni) nümayəndələrindən ibarət Zaqafqaziya Komissarlığı adı altında yeni hökumət yaradıldı və bununla da Xüsusi Zaqafqaziya Komitəsinin fəaliyyətinə son qoyuldu.Yeni yaradılmış Zaqafqaziya Komissarlığında F.X.Xoyski maarif nazirliyinə rəhbərlik edirdi.Yeri gəlmişkən qeyd edirik ki, Cənubi Qafqazın tədris müəssisələrində milli fənlərin tədris olunması istiqamətində ilk addımlar Zaqafqaziya Komissarlığı tərəfindən atılmışdır.Belə ki, Zaqafqaziya Komissarlığı tərəfindən 1918-ci il yanvarın 29-da Zaqafqaziyanın orta və ali-təhsil məktəblərində milli fənlərin tədris edilməsi haqqında 12 maddədən ibarət Qanun təsdiq edilmişdir. Qanunda qeyd edilirdi ki, Zaqafqaziyanın orta və ali-ibtidai məktəblərində burada yaşayan xalqların milli fənlərinin tədris olunması tətbiq edilir. Milli fənlər dedikdə isə milli ədəbi dildə olan ana dili və ədəbiyyatı, millətin tarixi, milli coğrafiya, müsəlmanlar üçün isə əlavə olaraq şəriət dərslərinin tədris edilməsi üçün ayrıca müəllimlərin dəvət olunması nəzərdə tutulurdu. Həmin qanuna əsasən orta və ali-ibtidai məktəblərdə Zaqafqaziya xalqlarının milli fənlərinin tədris edilməsi üçün ştata daxil edilmiş müəllim vəzifələrinin təsis edilməsi, milli fənləri tədris edən müəllimlərin maaşlarının həmin məktəbdə əsas fənlərdən dərs deyən müəllimlərin maaşlarına bərabər tutulması və dövlət qulluğunda verilən hüquqların həmin müəllimlərə də şamil edilməsi nəzərdə tutulurdu.
Rusiyanın gələcək ictimai-siyasi inkişaf yolunun müəyyən edilməsi məqsədilə Petroqradda çağırılmış Müəssislər Məclisi 1918-ci ilin yanvarında bolşeviklər tərəfindən qovulduqdan sonra fevralın 23-də Tiflisdə Zaqafqaziyanın qanunvericilik orqanı olan Zaqafqaziya Seymi çağırıldı.1918-ci il aprelin 9 (22)-da Seymin qərarı ilə Zaqafqaziya Demokratik Federativ Respublika elan edildi. A.Çxenkelinin başçılığı ilə yaradılmış hökumətin tərkibində N.b.Yusifbəyli- maarif naziri vəzifəsinə təyin edilmişdir. 1918-ci il mayın 11-16-da təşkil olunmuş Batum konfransında Gürcüstan Almaniya nümayəndələrinin təzyiqi altında ZDFR-dən çıxmağı qərara aldı.Gürcüstan Zaqafqaziya Seyminin 1918-ci il mayın 26-da keçirilmiş son iclasında müstəqilliyini elan edərək ZDFR-i tərk etdi.Tarixi mənbələr təsdiq edir ki, Zaqafqaziya Federasiyasının cəmi bir ay mövcud olmasının əsas səbəblərindən biri də erməni tərəfinin əsassız olaraq həm Azərbaycana, həm də Gürcüstana qarşı ərazi iddialarının irəli sürməsi olmuşdur.
1918-ci il mayın 28-dəTiflis şəhərində Azərbaycan Milli Şurası xalqımızın azadlıq hərəkatının yekunu kimi Azərbaycanın Müstəqil Dövlət elan olunması haqqında qərar (İstiqlal Bəyannaməsi)-ni qəbul etdi. Azərbaycan xalqı özünün çoxəsirlik tarixində müstəqil dövlətini yaratdı, ictimai-siyasi quruluşun müvafiq modelini qurdu. Milli Şuranın 28 may 1918-ci il tarixi iclasında F.X. Xoyskinin təqdim etdiyi I müvəqqəti hökumətin tərkibi təsdiq edildi. AzərbaycanXalqCümhuriyyəti dövründə (1918-1920) hökumət böhranları ilə əlaqədar olaraq biri-digərini əvəzetmiş 5 hökumət kabinetləri təşkiledilmişdir. I-III hökumət kabinetləri Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərindən biri F.X.Xoyskinin (28.05.1918-17.03.1919), IV-V hökumət kabineti isə N.b.Yusifbəylinin (14.04.1919-30.03.1920) sədrliyi ilə yaradılmışdır. F.X.Xoyskinin sədrlik etdiyi І-ІІІ hökumət kabinetlərinin tərkibində N.b.Yusifbəyli ardıcıl olaraq: I müvəqqəti hökumətin tərkibində-Maliyyə və Xalq maarif naziri(28.05.1918); II müvəqqəti hökumətin tərkibində Maarif və dini etiqadlar naziri (17.06.1918-06.10.1918);1918-ci il oktyabrın 6-da II hökumət kabinetində edilən kabinet daxili dəyişikliklərdən sonra Xalq maarifi və ərzaq naziri (06.10.1918-07.12.1918); III hökumət kabinetində isə Maarif və dini etiqadlar nazirivəzifələrinə təyin edilmişdir.
Yarandığı ilk gündən etibarən Azərbaycan Xalq Cümhuriyyəti xalq maarifi və mədəniyyətinin inkişafına xüsusi diqqət yetirdi.Çünki,əvvəlki dövrlərdə xalqın oyanmaqda olan milli mənlik və siyasi şüurunun qarşısını almaqdan ötrü çarizm xalq maarifi işini uzun müddət məhdud çərçivədə saxlamış, həmçinin təhsilin əsasən rus diində aparılması, milli dil və mədəniyyətin inkişafına müxtəlif əngəllərın törədilməsi ilk növbədə müsəlmanların geridə qalmasına və onların arasında savadsızlığın hökm sürməsinə səbəb olmuşdur. Xalq Maarif Naziri N.b.Yusifbəylinin1918-ci ilin dekabrında Bakı Qubernatotuna ünvanladığı məktubda da qeyd edilirdi:" 1917-ci il çevrilişinədək Rusiya hökuməti özünün xüsusi siyasi niyyətlərini əldə rəhbər tutaraq, xalqın maarifləndirilməsi işinə çox azqayğı göstərirdi. Ölkədəki məktəblərin vəziyyəti olduqca acınacaqlı idi. Xalq məktəbləri özünün dözümlüyü baxımından dövlət orqanizmindəki "sağalmaz yaranı" xatırladırdı. Çar hökuməti bununla barışmağa məcbur idi və eyni zamanda məktəbləri məhdud çərçivədə saxlamaqdan ötrü müxtəlif tədbirlər həyata keçirirdi. Xalq maarifinin daşıyıcıları olan xalq müəllimləri çar hökuməti tərəfindən müxtəlif təhqir və təqiblərə məruz qalırdılar...Həmin hökumətin ucbatından hazırda Azərbaycanın bütün ərazisi boyu məktəblərə böyük ehtiyac duyulur və indi Nazirlik bütün qüvvəsini yeni məktəblərin, müəllim kurslarının və s.açılmasına yönəldərək mümkün qədər qısa bir müddətdə ölkədə maarif və təhsil işini lazımi səviyyədə qurmağa çalışır. Çünki, indiki zamanda yalnız savadlı xalqın sərbəst yaşamağa hüququ və imkanı vardır”.
Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra Azərbaycan Hökuməti və Xalq Maarif Nazirliyi tərəfindən təhsil sisteminin dağılmasının qarşısının alınması və onun kö­kün­dən dəyişdirilərək milli manefələrə uyğun yenidən qurulması, məktəb isla­hatlarının aparılması və tədris-tərbiyə işlərinin milli köklər üzərində yenidən qurulması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlandı. Həmin tədbirlərin həyata keçirilməsində onlarca digər təcrübəli pedaqoqlar və təhsil işçiləri kimi Aynülhəyat Yusifbəyova da yaxından iştirak etmişdir. Yeri gəlmişkən qeyd edirik ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1919-cu il avqustun 6-da keçirilmiş iclasında orta məktəblərin idarə edilməsi şöbəsinə rəisin təyin edilməsi haqqında Xalq Maarif Nazirinin məruzəsi dinlənilmiş və qərara alınmışdır ki, Xalq Maarif Nazirliyinin orta məktəblərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsinə Bakı Müqəddəs Nina qadın tədris müəssisəsinin müəlliməsi Aynulhəyat Yusifbəyova təyin edilsin. Tarixi mənbələr təsdiq edir ki, Aynulhəyat Yusifbəyova 06.08.1919-cu ildən 09.02. 1920-ci ilədək, təxminən 6 aydan bir qədər artıq müddətdə Xalq Maarif Nazirliyinin orta məktəblərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsini layıqincə yerinə yetirmişdir. Arxiv materialları və həmin dövrün mətbuatı araşdırılarkən Aynulhəyat Yusifbəyovanın Hökumətin 9 fevral 1919-cu il tarixli qərarı ilə Xalq Maarif Nazirliyinin orta məktəblərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsindən azad edilməsi və həmin vəzifəyə F.Rzabəyovun təyin edildiyi haqqında məlumat əldə edilmişdir..
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəbul etdiyi bir sıra qərarlardan , o cümlədən Azərbaycan dilinin dövlət dili qəbul edilməsi (27.06.18.); Xalq Maarif Nazirliyinin dəftərxanasının ştatının tərtib edilməsi(30.06.18.); Türkiyədən müəllimlərin dəvət olunması və dərsliklərin gətirilməsi(22.07.18.);Məktəblərin milliləşdirilməsi, Xalq məktəbləri müfəttişliyinin təsis edilməsi(24.08.18) Tədris müəssisələrində dövlət dili olan Azərbaycan dilinin məcburi tədris olunması(28.08.18); haqqında qəbul edilmiş qərarlardan sonra məktəb islahatının zəruriliyi məsələsi gündəliyə çıxmışdır. Məktəb islahatının məqsədi - ölkədə məktəb-tədris işini yeni şəraitə uyğunlaşdırmaq, onu milli dövlətçilik ideyaları və mənafelərinə yaxınlaşdırmaq, yeni nəsli milli - tərbiyə üzərində yetişdirməkdən ibarət idi. Məktəb islahatı ilə bağlı əsaslı məsələləri hərtərəflı müzakirə etmək və lazımi təkliflər hazırlayaraq Hökumətə təqdim etmək məqsədi ilə 1919-cu il avqustun 20-də Bakı real məktəbinin akt zalında Azərbaycan müəllimlərinin II qurultayının təntənəli açılışı oldu. Qurultayda Respublikanın bütün bölgələrindən olan məktəblərin nümayəndələri iştirak etdiyi barədə 22 avqust 1919-cu il tarixli 177№li "Azərbaycan” qə­ze­tində (rus dilində – R.S.) məlumat verilmişdir. Həmin qurultayda iştirak et­mək üçün məhşur müsəlman pedaqoqu və ədibi Mirzə Cəlal Yusifzadənin də Şu­şa­dan Bakıya gəlmişdir. Məktəb islahatı məsələsi ilə əlaqədar Xalq Maarif Naziri R.Kaplanov və orta məktəblər üzrə bölməin müdiri Yusifbəyovanın imzası ilə orta məktəblərin müdirlərinə göndərilmiş 23 avqust 1919-cu il tarixli 7226№li təmimi məktubda qeyd edilirdi:” Respublikanın mədəni, etnoqrafiq xüsusiiyyətlərinə və dövrün tələblərinə uyğun olaraq Respublikada orta təhsilin qoyuluşu işində islahatların aparılması vaxtının artıq çoxdan çatdığını nəzərə alaraq sizə təklif edirəm ki,bu məsələni tabeçiliyinizdə olan məktəbin pedaqoji şuralrında müzakirəyə çıxarasınız və hərtərəfli müzakirədən sonra məsələ ilə bağlı öz fikirlərinizi sentyabrın 5-dən gec olmayaraq təqdim edəsiniz.Yaxşı olardı ki, orta məktəb kurslarından hansı fənlərin çıxarılmasının, hansının isə daxil ediilməsinin mümkünlüyü və proqramlarda hansı dəyişikliklərin edilməli oldüğü barədə və s. məsələlərə aydılıq gətirilsin.”
Qurultayda qəbul edilmiş qərarlardan biri də Xalq Maarif Nazirliyinə təqdim etdilmiş təkliflər əsasında təhsilin məzmunca milliləşdirilməsini əsas tutan proqram və dərsliklərin nəşri üzrə komissiyaların yaradılması olmuşdur. Azərbaycan Xalq Maarif Nazirliyinin orta məktəblər şöbəsinin rəisi Aynülhəyat Yusifbəyova dövrün qabaqcıl təhsil xadimləri və pedaqoqlarına - H.b.Şahtaxtinski,N.b, N.Şahsuvarov, A.b.Əmirov, F.b.Rzabəyov, S.Qəniyev, A.b.Əfəndiyev, Sərimə xanım Yaqubova, Sara xanım Xuramoviç, A.Pepinov,Xədicə xanım Ağayeva, M.Şahtaxtlı, C.Orucəliyev, C. Vəkilova müraciət edərək onları məktəb islahatları və məktəblərin milliləşdirilməsi və məktəb islahatı üzrə yaradılmış xüsusi komissiyaların işində iştirak etməyi xahiş etmişdir.
Məktəblərin milliləşdirilməsi ilə bağlı orta məktəblərdə bir sıra fənlərin mahiyyətinin və həcminin dəyişdirilməsi haqqında 1919-cu il dekabrın 2-də Xalq Maarif Naziri R.b.Kaplanov və orta məktəblər üzrə şöbənin müdiri A . Yusifbəyova tərəfindən imzalanaraq orta məktəb direktorlarına göndərilmiş 13918№li təmimi məktubda qeyd edilirdi:”Rus orta məktəblərində tədris proqramlarının və onun ruhunun müasir həyatın tələblərinə cavab vermədiyi hələ inqilabdan əvvəlki illərdə, yəni ümumavropa müharibəsi və rus inqilabı dövründə aydın surətdə meydana çıxmışdır. Bəzi fənlərin,-tarix və coğrafiya kurslarının tərtib olunduğu təməllər tamamilə iflasa uğradığı üçün həmin fənlərin əvvəlki qaydada tədris olunmasının qeyri-mümkün olduğu üzə çıxmışdır. Məsələn, milli müstəqillik ideyasının həyata keçirilməsinin mümkün olduğu Azərbaycan ərazisində rus dövlət quruluşunu Azərbaycan dövlət quruluşu əvəz etmişdir və şübhəsiz ki, artıq məktəblərin köhnə, inqilabdan əvvəlki simasının saxlaya bilməsi mümkün deyildir. Orta məktəblərin yuxarıda qeyd olunan yeni dövlətin ruhuna uyğun kökündən dəyişdirilməsi zəruridir. Buna məktəblərin milliləşdirilməsini həyata keçirməklə nail olmaq mümkündür. Bu ideyanı həyata keçirərkən biz əsasən iki amillə: tədris dili və məktəbdə şagirdlərin mənimsəməli olduqları materialların dəyişdirilməsi ilə məşğul olurduq.. Belə ki,Azərbaycan dövlətçiliyi prinsipindən çıxış edərək məktəblərin dərs kurslarına bir sıra yeni fənlər-türk dili, türk tarixi və coğrafiyasını daxil edillməli, köhnə məktəbdən qalmış və tədris ruhunun azərbaycan məktəbində yolverilməz və əlavə ağır bir yük kimi sayılan fənlərin - rus tarixi,rus coğrafiyası və ədəbiyyatının həcmini və mahiyyətini dəyişdirməli oluruq. Onu da qeyd etməliyik ki, dövlətlərin qarşılıqlı siyasi və iqtisadi münasibətlərini kökündən dəyişmiş cahan müharibəsindən sonra coğrafiya və tarix fənlərinin mütləqiyyətin ruhunda tədris edilməsi qeyri-mümkündür və onun kökündən dəyişdirilməsinə ehtiyac vardır.Ədəbiyyatın tədrisində mövcud olan nöqsanlar da çoxdandır ki, hiss edilir.Belə ki, nə yeni rus ədəbiyyatı, nədə ki, yalnız öz müxtəlifliyi ilə yeniyetmələrin dünya görüşünün inkişaf etdirilməsində zəngin material verə biləcək geniş qərbi avropa ədəbiyyatı orta məktəblərdə indiyə qədər öz yerini tutmamışdır və orada yalnız birtərəfli olaraq qədim və orta rus ədəbiyyatının yadigarları mənimsənilir.
Yuxarıda qeyd olunanlara əsaslanaraq göstərilən istiqamətdə məktəb islahatlarının aparılmasını Nazirlik özünün başlıca vəzifəsi hesab edir. Lakin bu vəzifənin tam şəkildə həll edilməsi məsələnin təfərrüatı ilə müzakirə olunmasını tələb edir ki,bunun da yerinə yetirilməsini Nazirlik gələn tədris ilinin əvvəlindən tez qeyri-mümkün hesab edir və hazırki tədris ilində qismən dəyişiklik etməyi planlaşdırır ki, bu da xalq maarif nazirliyinin sonuncu təmimnamələrində öz əksini tapmışdır. Həmin təmimnamələrə uyğun olaraq rus tarixi və coğrafiyası ayrıca fənn kimi ləğv edilir,rus ədəbiyyatı kursu isə qısaldılır”...
Azərbaycan Hökumətı və Xalq Maarif Na­zir­liyi tərəhindən Azərbaycan dilinin müstəmləkəçilik dövründə itirilmiş mövqelərinin bərpa edil­məsi və onun dövlət dili elan olunması, məktəb-tədris işinin milli mənafelərə uy­ğun yenidən qurulması, doğma ana dilimizin ölkənin təhsil, təlim-tərbiyə dilinə çev­ril­məsi, ana dilində tədris proqramlarının və dərsliklərin hazırlanması sahəsində mü­hüm tədbirlər həyata keçirildi. Həyata keçirilmiş həmin tədbirlər nəticəsində Azərbaycan dilinin müstəmləkəçilik dövründə itirilmiş mövqelərini bərpa etmiş, dövlət dili statusunu qazanmış,ölkənin tədris, təlim-tərbiyə dilinə çevrilmişdir. Ana dilli məktəblər şəbəkəsinin yaradılmasını, maarif və mədəniyyət sahəsində milliləşmə tədbirlərinın həyata keçirilməsini, ümumi,ali, orta ixtisas,hərbi təhsilin təşkilini, eləcə də müsəlman azərbaycanlı uşaqların öz doğma Azərbaycan dilində və milli müəllim və pedaqoqlar tərəfindən tərtib edilmiş dərsliklər əsasında təhsil almaq imkanını əldə etməsini, gənclərin təhsil almaq üçün dövlət hesabına xarici ölkələrə göndərilməsini böyük nailiyyət hesab etmək mümkündür. Bu naliyyətlərin əldə olunmasında Azərbaycan Respublikası Hökuməti və Parlamenti ilə yanaşı Xalq Maarif Nazirliyi və ona rəhbərlik etmiş şəxslərin- F.X. Xoyski, N.b.Yusifbəyli, H.b.Şahtaxtinski, R.b. Kaplanov, N.Şahsuvarov,C.Hacinski, A.b.Əmirov, F.b.Rzabəyov Ş. Əfəndizadə, A. Yusifbəyova,R.Hacıbababəyova və başqa tanınmış müəllim və pedaqoqların xidmətləri danılmazdır. Hazırki dövrdə yetişməkdə olan nəsil xalqımızın çoxəsrlik zəngin tarixini, habelə onun ayrılmaz tərkib hissəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, həmin dövrün məktəb və pedaqoji fikir tarixini dərindən öyrənərək elmi-pedaqoji biliklərini artırmalıdırlar. Azərbaycanın zəngin təhsil tarixi həqiqətən də fəxr edə biləcəyimiz nailiyyətlərlə zəngindir. Ölkəmizdə məktəb-tədris quruculuğunda rolu və xidməti olmuş maarif fədailəri xalqımız tərəfindən heç vaxt unudulmur, daim böyük hörmət və ehtiramla yad edilir.
Rafiq Səfərov,
Azərbaycan Respublikası Milli Arxiv İdarəsininBaş məsləhətçisi
banner

Oxşar Xəbərlər