Azərbaycanın təhsil tarixində izi qalmış qadın

Cümhuriyyət
dövründə (1918-1920-ci illər) Azərbaycanda
məktəb-tədris işinin təşkilində və onun
yayılmasında müəyyən rolu və xidməti olmuş maarifpərvər qadın, Xalq Maarif Nazirliyinin orta məktəb şöbəsinin müdiri
Aynülhəyat Yusifbəylinin həyat və fəaliyyəti haqqında bəzi qeydlər.
Cümhuriyyət dövründə Azərbaycan Respublikasında təhsil
və məktəb-tədris işlərinin dövrün tələblərinə uyğun olaraq təşkil edilməsində,
məktəb islahatlarının aparılmasında və qadınların təhsilə cəlb edilməsi işində yaxından iştirak etmiş maarifpərvər qadınlardan biri də
riyaziyyat və fizika müəlliməsi, ev mürəbbiyəsi, Azərbaycan Respublikası Xalq Maarif Nazirliyinin orta məktəb şöbəsinin müdiri Aynülhəyat Yusifbəyova olmuşdur. Azərbaycan Respublikasının Dövlət Arxivi və Dövlət Tarix Arxinin müvafiq fondlarında
saxlanılan sənəd materiallarından və digər mənbələrdən istifadə edərək Azərbaycanın təhsil tarixində izi
qalmış Aynülhəyat Yusifbəyovanın həyat və fəaliyyəti haqqında bəzi qeydlər adlı
hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram.
Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin " Qafqaz təhsil idarəsi qəyyumunun dəftərxanası” fondunda digər sənəd
materialları ilə yanaşı maarifpərvər
qadın Aynülhəyat Yusifbəyovanın xidməti haqqında şəxsi işi və 28 noyabrın
1916-cı il və 27 may 1918-ci il tarixlərində
tərtib edilmiş formulyar siyahılar qayğı ilə qorunub saxlanılır. Həmin mənbələrdəki məlumatlara
əsasən Aynülhəyat Yusifbəyova 1887-ci il mayın 30-da Rusiyanın Penza şəhərində dünyaya gəlmiş və müsəlman
dininə mənsub olmuşdur. Onun qızlıq soyadı Baişeva, mənşəcə isə Kazan
tatarlarındandır. Aynülhəyat Baişeva 1916-cı il mayın 21-də Yelizavetpol zədəganı
Nəsib bəy Yusifbəyovla nigaha girmiş və
həyatının sonrakı illərində görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycan
Xalq Cümhuriyyətinin ilk Xalq Maarif
Naziri, IV və V hökumət kabinetinin sədri Nəsib bəy Yusifbəylinin xanımı olaraq
onun soyadını daşımışdır.
Yeri gəlmişkən xatırladırıq ki,
N.b.Yusifbəyovun ilk həyat yoldaşı görkəmli ictimai-siyasi xadim, jurnalist, "Tərcuman”
qəzetinin redaktoru İsmayıl bəy Qaspiralının qızı Şəfiqə xanım olmuşdur.
Filologiya elmləri doktoru N.Qəhrəmanlı və filoloq,tarixçi,publisist Ə.
Tahirzadənin N. Yusifbəylinin həyat və fəaliyyətinə dair əsərlərində qeyd
edilir ki, N.b.Yusifbəyli Şəfiqə xanımla
hələ 1903-cü ildə Baxçasarayda "Tərcuman” qəzetinin 20 illik yubileyində tanış
olaraq nişanlanmış, 1906-cı ilin yayında isə ailə həyatı qurmuşdur. Nəsib bəyin bu evlilikdən Zöhrə və Niyazi
adlı iki övladı dünyaya gəlmişdir. N.b.Yusifbəyli 1906-cı ildən 1912-ci ilədək Baxçasarayda
yaşayaraq "Tərcuman” qəzetində çalışmışdır.Lakin bir müddət sonra səbəbi indiyə qədər bəlli olmayan bir ailə
ixtilafı ucbatından 1916-cı ildə Nəsib bəylə Şəfiqə xanımın həyat yolları
ayrılmış və Şəfiqə xanım uşaqlarını götürərək Krıma qayıtmışdır.
N.b.Yusifbəyli 1916-cı il mayın 21-də
Aynülhəyat Baişeva ilə nigah bağlayaraq ailə
həyatı qurmuşdu. Şəfiqə xanım
Qaspralı isə ömrünün sonunadək Nəsib bəyə və övladlarına sadiq qalaraq yenidən
ailə həyatı qurmamışdır..
Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin
müvafiq fondunda saxlanılan Yelizavetpol Müqəddəs Nina qızlar məktəbinin
riyaziyyat müəlliməsi Aynülhəyat Yusifbəyovanın(qızlıq soyadı Baişeva) xidməti
haqqında formulyar siyahıda qeyd olunmuş məlumatlara əsasən qeyd edirik ki,
Aynülhəyat xanım ümumi təhsilini Penza
II qadın gimnaziyasında almış və həmin
gimnaziyanı 1905-cı il iyunun 11-də qızıl medalla bitirmişdir. Aynülhəyat Yusifbəyova Penza II qadın gimnaziyasını
bitirdikdən sonra təhsilini Balaşov qadın gimnaziyasının əlavə VIII sinif
kursunda davam etdirmiş və həmin kursu1906-cı il mayın 29-da bitirərək
riyaziyyat üzrə ev mürəbbiyəsi vəzifəsinə hüquq əldə etmişdir. Aynülhəyat
Yusifbəyova həyatı boyu təhsilə yüksək qiymət vermiş və daim özünün elm və təhsilini
artırmağa çalışmışdır.Onun keçdiyi həyat
yolu bu fikri bir daha təsdiq edir.Belə ki, Aynülhəyat xanım Penza II qadın
gimnaziyasını, daha sonra isə Balaşov qadın gimnaziyasının əlavə VIII sinif
kursunu bitirdikdən sonra 1909 -1910-cu tədris ilində Petroqrad ali qadın
kurslarının fizika-riyaziyyat bölməsinin
sırf riyaziyyat və astronomiya üzrə elmi kurslarını müvəffəqiyyətlə
bitirmişdir. Petroqrad ali qadın kurslarının professorlar şurası tərəfindən
1910-cu il oktyabrın 5-də Aynulhəyat xanıma 3574/216 № li şəhadətnamə
verilmişdir. Xarkov tədris dairəsi qəyyumunun 15 sentyabr 1910-cu il tarixli 20120№li təklifi ilə Aynülhəyat
Yusifbəyovaya icazə verilmişdi ki, müvəqqəti olaraq 1910-cu il sentyabrın 1-dən etibarən Saransk
qadın gimnaziyasının yuxarı siniflərində
riyaziyyat, hesab və fizikanın metodikası üzrə dərsləri tədris etsin.
1911-ci il noyabrın 30-da Aynülhəyat Yusifbəyovaya Xarkov tədris dairəsi qəyyumu tərəfindən riyaziyyat fənni üzrə ev
mürəbbiyəsi adının verildiyini təsdiq edən 27160№li şəhadətnamə təqdim edilmişdir. Xarkov tədris dairəsi qəyyumunun 17 yanvar 1912-ci
il tarixli 1372№li təklifi ilə Aynülhəyat
xanım Saransk qadın qimnaziyasında riyaziyyat müəlliməsi
vəzifəsinə təsdiq olunmuş, bir qədər sonra isə Xarkov tədris dairəsi qəyyumunun 23 avqust 1912-ci il tarixli 19704№li təklifi ilə onun
avqustun 1-dən etibarən əlavə olaraq V
sinfin paralel bölməsində də riyaziyyatdan dərs deməsinə icazə verilmişdir. Qafqaz tədris idarəsi rəisinin
20 oktyabr 1912-ci il tarixli /teleqrafla/ və 25 oktyabr 1912-ci il tarixli
24398№ li sərəncamlarına uyğun olaraq Aynulhəyat xanım 1912-ci il oktyabrın 20- dən
etibarən Yelizavetpol müqəddəs Nina qadın məktəbinə
riyaziyyat və fizika müəlliməsi vəzifəsinə təyin edilərək Yelizavetpol şəhərinə
köcməli olmuşdur. Qafqaz tədris dairəsi qəyyumunun 31dekabr 1915-ci il
tarixli 32702№li sərəncamı ilə Aynülhəyat Yusifbəyovanın Saransk şəhərindən Yelizavetpol şəhərinə köçməsi üçün
biryarım tonluq iki atlı çaparxananın icarəsinə 168 rubl 90 qəpik pul
ayrılmışdır.
"Qadın gimnaziya və progimnaziyaları haqqında”
Rusiya imperiyasının qanun külliyatına dəyişikliklərin
edilməsi haqqında 3 iyul 1916-cı il
tarixli Qanuna və Xalq Maarif Departamentinin 30 sentyabr 1916-cı il tarixli
10219№li sərəncamına uyqun olaraq Qafqaz
Tədris Dairəsinin Qəyyumu və Dairə müfəttişi
tərəfindən Aynülhəyat Yusifbəyovanın
qadın orta məktəblərində riyaziyyat fənnini tədris etməsinə icazə verilmişdir.
XX əsrin əvvəllərində Rusiya imperiyasının bir çox ucqarlarında olduğu kimi Azərbaycanda da
milli azadlıq hərəkatı, xalqı cəhalətdən
və qəflətdən xilas etmək, geriliyin və savadsızlığın aradan qaldırılması uğrunda mübarizə genişləndi. Azərbaycanın mütərərəqqi ziyalıları və
ictimai-siyasi xadimlərinin əzmkarlığı sayəsində yaradılmış müxtəlif mədəni-maarif
və xeyriyyə cəmiyyətləri, nəşr edilən qəzet və jurnallar öz fəaliyyətlərində
xalqın savadlandırılması və maarifləndirilməsi,
eləcə də milli məktəblərin yaradılması məsələlərini ön cərgəyə çəkdilər. Çar
Rusiyasının xalq təhsili sistemində azərbaycanlı şagirdlərin Azərbaycan dilində təhsil almaq imkanlarının məhdud
çərçivədə saxlanılması xalq arasında
savadsızlığın və geriliyin aradan qaldırılması işini olduqca ləngitmişdir. Həmin
dövrdə ümumtəhsil məsələləri qabaqcıl ictimaiyyətin təzyiqi ilə müzakirə edilsə də, təhsil idarələrində,
dövlət dumasında dəstəklənmir, onun həlli üçün lazımı tədbirlər həyata
keçirilmirdi.
1917-ci ilin fevralında Rusiyada baş vermiş fevral
inqilabı qələbə ilə başa çatdıqdan sonra çar II Nikolay taxt-tacı tərk etdiyi
haqqında 1917-ci il martın 2-də manifest
imzalamağa məcbur oldu. 1917-ci il martın 3-də Rusiyada yaradılmış müvəqqəti hökumətin
qərarı ilə Cənubi Qafqazda mülki hakimiyyət regionun əsas millətlərini IV Dövlət Dumasında təmsil etmiş
deputatlardan ibarət olan Xüsusu Zaqafqaziya Komitəsinə - (ОЗАКОМА)-a verildi.
Qafqaz tədris dairəsinin idarə edilməsi üzrə komissariyatın 11 oktyabr 1917-ci il tarixli 29035 №-li məruzəsi əsasında
Xüsusi Zaqafqaziya Komitəsinin icazəsi ilə Aynülhəyat Yusifbəyovaya hər hansı
bir sınaqdan keçmədən orta məktəblərdə riyaziyyat müəlliməsi vəzifəsində işləmək
hüququ verildi.
Rusiyada mərkəzi hakimiyyət 1917-ci il oktyabrın
25-də bolşeviklər tərəfindən ələ
keçirildikdən sonra mərkəzlə ucqar regionlar arasındakı əlaqələr demək
olar ki, kəsildi.1917-ci il noyabrın
15-də J.P.Qeqeçkorinin başçılığı ilə bu ərazidə yaşayan üç xalqın (Azərbaycan,
gürcü və erməni) nümayəndələrindən ibarət
Zaqafqaziya Komissarlığı adı altında yeni hökumət yaradıldı və bununla da Xüsusi Zaqafqaziya Komitəsinin
fəaliyyətinə son qoyuldu.Yeni yaradılmış Zaqafqaziya Komissarlığında
F.X.Xoyski maarif nazirliyinə rəhbərlik
edirdi.Yeri gəlmişkən qeyd edirik ki, Cənubi Qafqazın tədris müəssisələrində
milli fənlərin tədris olunması istiqamətində ilk addımlar
Zaqafqaziya Komissarlığı tərəfindən atılmışdır.Belə ki, Zaqafqaziya Komissarlığı tərəfindən 1918-ci il yanvarın
29-da Zaqafqaziyanın orta və ali-təhsil
məktəblərində milli fənlərin tədris edilməsi haqqında 12 maddədən ibarət
Qanun təsdiq edilmişdir. Qanunda qeyd edilirdi ki,
Zaqafqaziyanın orta və ali-ibtidai məktəblərində burada yaşayan xalqların milli fənlərinin tədris
olunması tətbiq edilir. Milli fənlər dedikdə isə milli ədəbi dildə olan ana
dili və ədəbiyyatı, millətin tarixi, milli coğrafiya, müsəlmanlar üçün isə əlavə
olaraq şəriət dərslərinin tədris edilməsi üçün
ayrıca müəllimlərin dəvət olunması nəzərdə tutulurdu. Həmin qanuna əsasən
orta və ali-ibtidai məktəblərdə
Zaqafqaziya xalqlarının milli fənlərinin tədris edilməsi üçün ştata daxil
edilmiş müəllim vəzifələrinin təsis
edilməsi, milli fənləri tədris edən müəllimlərin maaşlarının həmin məktəbdə əsas fənlərdən dərs deyən müəllimlərin
maaşlarına bərabər tutulması və dövlət qulluğunda verilən hüquqların həmin müəllimlərə də şamil edilməsi nəzərdə
tutulurdu.
Rusiyanın gələcək ictimai-siyasi inkişaf yolunun müəyyən edilməsi məqsədilə
Petroqradda çağırılmış Müəssislər Məclisi
1918-ci ilin yanvarında bolşeviklər tərəfindən qovulduqdan sonra fevralın 23-də Tiflisdə
Zaqafqaziyanın qanunvericilik orqanı olan
Zaqafqaziya Seymi çağırıldı.1918-ci il aprelin 9 (22)-da Seymin qərarı
ilə Zaqafqaziya Demokratik Federativ
Respublika elan edildi. A.Çxenkelinin
başçılığı ilə yaradılmış hökumətin tərkibində N.b.Yusifbəyli- maarif
naziri vəzifəsinə təyin edilmişdir. 1918-ci il mayın 11-16-da təşkil olunmuş
Batum konfransında Gürcüstan Almaniya nümayəndələrinin təzyiqi altında ZDFR-dən çıxmağı qərara
aldı.Gürcüstan Zaqafqaziya Seyminin 1918-ci il mayın 26-da keçirilmiş son
iclasında müstəqilliyini elan edərək ZDFR-i tərk etdi.Tarixi mənbələr təsdiq
edir ki, Zaqafqaziya Federasiyasının
cəmi bir ay mövcud olmasının əsas səbəblərindən biri də erməni tərəfinin əsassız
olaraq həm Azərbaycana, həm də Gürcüstana qarşı ərazi iddialarının irəli sürməsi
olmuşdur.
1918-ci il mayın 28-dəTiflis şəhərində
Azərbaycan Milli Şurası xalqımızın azadlıq hərəkatının yekunu kimi Azərbaycanın
Müstəqil Dövlət elan olunması haqqında qərar (İstiqlal Bəyannaməsi)-ni qəbul
etdi. Azərbaycan xalqı özünün çoxəsirlik tarixində müstəqil dövlətini yaratdı, ictimai-siyasi
quruluşun müvafiq modelini qurdu. Milli Şuranın 28 may 1918-ci il tarixi
iclasında F.X. Xoyskinin təqdim etdiyi I müvəqqəti hökumətin tərkibi təsdiq
edildi. AzərbaycanXalqCümhuriyyəti
dövründə (1918-1920) hökumət böhranları ilə əlaqədar olaraq biri-digərini
əvəzetmiş 5
hökumət kabinetləri təşkiledilmişdir. I-III hökumət kabinetləri Azərbaycanın görkəmli
tarixi şəxsiyyətlərindən biri
F.X.Xoyskinin (28.05.1918-17.03.1919), IV-V hökumət
kabineti isə N.b.Yusifbəylinin (14.04.1919-30.03.1920) sədrliyi ilə yaradılmışdır. F.X.Xoyskinin sədrlik etdiyi І-ІІІ hökumət kabinetlərinin
tərkibində N.b.Yusifbəyli ardıcıl olaraq: I müvəqqəti hökumətin tərkibində-Maliyyə
və Xalq maarif naziri(28.05.1918); II müvəqqəti hökumətin tərkibində Maarif və
dini etiqadlar naziri (17.06.1918-06.10.1918);1918-ci il oktyabrın 6-da II
hökumət kabinetində edilən kabinet daxili dəyişikliklərdən sonra Xalq maarifi və
ərzaq naziri (06.10.1918-07.12.1918);
III hökumət kabinetində isə Maarif və dini etiqadlar nazirivəzifələrinə
təyin edilmişdir.
Yarandığı ilk gündən etibarən Azərbaycan
Xalq Cümhuriyyəti xalq maarifi və mədəniyyətinin inkişafına xüsusi diqqət
yetirdi.Çünki,əvvəlki dövrlərdə xalqın oyanmaqda olan milli mənlik və siyasi
şüurunun qarşısını almaqdan ötrü çarizm xalq maarifi işini uzun müddət məhdud çərçivədə
saxlamış, həmçinin təhsilin əsasən rus diində aparılması, milli dil və mədəniyyətin
inkişafına müxtəlif əngəllərın törədilməsi ilk növbədə müsəlmanların geridə
qalmasına və onların arasında savadsızlığın hökm sürməsinə səbəb olmuşdur. Xalq
Maarif Naziri N.b.Yusifbəylinin1918-ci ilin dekabrında Bakı Qubernatotuna
ünvanladığı məktubda da qeyd edilirdi:" 1917-ci il çevrilişinədək Rusiya hökuməti
özünün xüsusi siyasi niyyətlərini əldə rəhbər tutaraq, xalqın maarifləndirilməsi
işinə çox azqayğı göstərirdi. Ölkədəki məktəblərin vəziyyəti olduqca acınacaqlı
idi. Xalq məktəbləri özünün dözümlüyü baxımından dövlət orqanizmindəki
"sağalmaz yaranı" xatırladırdı. Çar hökuməti bununla barışmağa məcbur idi və eyni zamanda məktəbləri məhdud
çərçivədə saxlamaqdan ötrü müxtəlif tədbirlər həyata keçirirdi. Xalq maarifinin daşıyıcıları olan
xalq müəllimləri çar hökuməti tərəfindən müxtəlif təhqir və təqiblərə məruz qalırdılar...Həmin hökumətin
ucbatından hazırda Azərbaycanın bütün ərazisi boyu məktəblərə böyük ehtiyac
duyulur və indi Nazirlik bütün qüvvəsini yeni məktəblərin, müəllim kurslarının
və s.açılmasına yönəldərək mümkün qədər qısa bir müddətdə ölkədə maarif və təhsil
işini lazımi səviyyədə qurmağa çalışır. Çünki, indiki zamanda yalnız savadlı
xalqın sərbəst yaşamağa hüququ və
imkanı vardır”.
Azərbaycan xalqı müstəqillik əldə etdikdən
sonra Azərbaycan Hökuməti və Xalq Maarif Nazirliyi tərəfindən
təhsil sisteminin dağılmasının qarşısının alınması və onun kökündən dəyişdirilərək
milli manefələrə uyğun yenidən qurulması, məktəb islahatlarının aparılması və
tədris-tərbiyə işlərinin milli köklər üzərində yenidən qurulması istiqamətində
mühüm tədbirlərin həyata keçirilməsinə başlandı. Həmin tədbirlərin həyata
keçirilməsində onlarca digər təcrübəli pedaqoqlar və təhsil işçiləri kimi Aynülhəyat Yusifbəyova da yaxından iştirak etmişdir. Yeri gəlmişkən qeyd edirik ki, Azərbaycan
Xalq Cümhuriyyəti hökumətinin 1919-cu il
avqustun 6-da keçirilmiş
iclasında orta məktəblərin idarə edilməsi şöbəsinə rəisin təyin edilməsi haqqında
Xalq Maarif Nazirinin məruzəsi
dinlənilmiş və qərara alınmışdır ki, Xalq Maarif Nazirliyinin
orta məktəblərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsinə Bakı Müqəddəs Nina qadın tədris müəssisəsinin
müəlliməsi Aynulhəyat Yusifbəyova təyin edilsin. Tarixi mənbələr təsdiq edir
ki, Aynulhəyat Yusifbəyova 06.08.1919-cu ildən 09.02. 1920-ci ilədək, təxminən
6 aydan bir qədər artıq müddətdə Xalq Maarif
Nazirliyinin orta məktəblərin
idarə edilməsi şöbəsinin rəisi vəzifəsini
layıqincə yerinə yetirmişdir. Arxiv materialları və həmin dövrün mətbuatı araşdırılarkən Aynulhəyat Yusifbəyovanın Hökumətin 9 fevral
1919-cu il tarixli qərarı ilə Xalq Maarif
Nazirliyinin orta məktəblərin idarə edilməsi şöbəsinin rəisi vəzifəsindən
azad edilməsi və həmin vəzifəyə F.Rzabəyovun
təyin edildiyi haqqında məlumat əldə edilmişdir..
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəbul
etdiyi bir sıra qərarlardan , o cümlədən
Azərbaycan dilinin dövlət dili qəbul edilməsi (27.06.18.); Xalq Maarif
Nazirliyinin dəftərxanasının
ştatının tərtib edilməsi(30.06.18.);
Türkiyədən müəllimlərin dəvət olunması və dərsliklərin gətirilməsi(22.07.18.);Məktəblərin
milliləşdirilməsi, Xalq məktəbləri müfəttişliyinin təsis edilməsi(24.08.18) Tədris
müəssisələrində dövlət dili olan Azərbaycan dilinin məcburi tədris
olunması(28.08.18); haqqında qəbul edilmiş
qərarlardan sonra məktəb
islahatının zəruriliyi məsələsi
gündəliyə çıxmışdır. Məktəb islahatının
məqsədi - ölkədə məktəb-tədris işini
yeni şəraitə uyğunlaşdırmaq, onu milli dövlətçilik
ideyaları və mənafelərinə yaxınlaşdırmaq, yeni
nəsli milli - tərbiyə üzərində
yetişdirməkdən ibarət idi. Məktəb
islahatı ilə bağlı əsaslı məsələləri hərtərəflı müzakirə
etmək və lazımi
təkliflər hazırlayaraq Hökumətə
təqdim etmək məqsədi ilə 1919-cu il avqustun 20-də
Bakı real məktəbinin
akt zalında Azərbaycan
müəllimlərinin II
qurultayının təntənəli açılışı oldu. Qurultayda
Respublikanın bütün bölgələrindən olan məktəblərin nümayəndələri iştirak etdiyi
barədə 22 avqust 1919-cu il tarixli 177№li "Azərbaycan” qəzetində (rus dilində
– R.S.) məlumat verilmişdir. Həmin qurultayda iştirak
etmək üçün məhşur müsəlman pedaqoqu və ədibi Mirzə Cəlal Yusifzadənin də Şuşadan
Bakıya gəlmişdir. Məktəb islahatı
məsələsi ilə əlaqədar Xalq Maarif Naziri R.Kaplanov və orta məktəblər
üzrə bölməin müdiri Yusifbəyovanın
imzası ilə orta məktəblərin müdirlərinə göndərilmiş 23 avqust 1919-cu il tarixli 7226№li təmimi məktubda
qeyd edilirdi:” Respublikanın mədəni, etnoqrafiq xüsusiiyyətlərinə və dövrün tələblərinə uyğun olaraq
Respublikada orta təhsilin
qoyuluşu işində islahatların
aparılması vaxtının artıq çoxdan çatdığını nəzərə alaraq sizə təklif edirəm
ki,bu məsələni tabeçiliyinizdə olan məktəbin pedaqoji şuralrında müzakirəyə
çıxarasınız və hərtərəfli
müzakirədən sonra məsələ
ilə bağlı öz
fikirlərinizi sentyabrın 5-dən
gec olmayaraq təqdim
edəsiniz.Yaxşı olardı ki, orta
məktəb kurslarından hansı fənlərin
çıxarılmasının, hansının isə daxil ediilməsinin mümkünlüyü
və proqramlarda hansı dəyişikliklərin edilməli oldüğü barədə və
s. məsələlərə aydılıq gətirilsin.”
Qurultayda qəbul edilmiş qərarlardan biri də
Xalq Maarif Nazirliyinə təqdim etdilmiş təkliflər əsasında təhsilin məzmunca milliləşdirilməsini
əsas tutan proqram və dərsliklərin nəşri üzrə komissiyaların yaradılması
olmuşdur. Azərbaycan Xalq Maarif Nazirliyinin orta məktəblər şöbəsinin rəisi
Aynülhəyat Yusifbəyova dövrün qabaqcıl təhsil xadimləri və pedaqoqlarına -
H.b.Şahtaxtinski,N.b, N.Şahsuvarov, A.b.Əmirov, F.b.Rzabəyov, S.Qəniyev, A.b.Əfəndiyev,
Sərimə xanım Yaqubova, Sara xanım Xuramoviç, A.Pepinov,Xədicə xanım Ağayeva,
M.Şahtaxtlı, C.Orucəliyev, C. Vəkilova müraciət edərək onları məktəb
islahatları və məktəblərin milliləşdirilməsi və məktəb islahatı üzrə yaradılmış
xüsusi komissiyaların işində iştirak etməyi xahiş etmişdir.
Məktəblərin milliləşdirilməsi ilə bağlı orta məktəblərdə
bir sıra fənlərin mahiyyətinin və həcminin dəyişdirilməsi haqqında 1919-cu il
dekabrın 2-də Xalq Maarif Naziri
R.b.Kaplanov və orta məktəblər üzrə şöbənin müdiri A . Yusifbəyova
tərəfindən imzalanaraq orta məktəb direktorlarına göndərilmiş 13918№li təmimi məktubda
qeyd edilirdi:”Rus orta məktəblərində tədris proqramlarının və onun ruhunun
müasir həyatın tələblərinə cavab vermədiyi hələ inqilabdan əvvəlki illərdə, yəni
ümumavropa müharibəsi və rus inqilabı
dövründə aydın surətdə meydana çıxmışdır. Bəzi fənlərin,-tarix və
coğrafiya kurslarının tərtib olunduğu təməllər tamamilə iflasa uğradığı üçün həmin
fənlərin əvvəlki qaydada tədris olunmasının qeyri-mümkün olduğu üzə çıxmışdır.
Məsələn, milli müstəqillik ideyasının həyata keçirilməsinin mümkün olduğu Azərbaycan
ərazisində rus dövlət quruluşunu Azərbaycan dövlət quruluşu əvəz etmişdir və
şübhəsiz ki, artıq məktəblərin köhnə, inqilabdan əvvəlki simasının saxlaya bilməsi
mümkün deyildir. Orta məktəblərin yuxarıda qeyd olunan yeni dövlətin ruhuna
uyğun kökündən dəyişdirilməsi zəruridir. Buna məktəblərin milliləşdirilməsini həyata
keçirməklə nail olmaq mümkündür. Bu ideyanı həyata keçirərkən biz əsasən iki
amillə: tədris dili və məktəbdə şagirdlərin mənimsəməli olduqları materialların
dəyişdirilməsi ilə məşğul olurduq.. Belə ki,Azərbaycan dövlətçiliyi prinsipindən
çıxış edərək məktəblərin dərs kurslarına bir sıra yeni fənlər-türk dili, türk
tarixi və coğrafiyasını daxil edillməli, köhnə məktəbdən qalmış və tədris ruhunun azərbaycan məktəbində
yolverilməz və əlavə ağır bir yük kimi
sayılan fənlərin - rus tarixi,rus coğrafiyası və ədəbiyyatının həcmini və
mahiyyətini dəyişdirməli oluruq. Onu da qeyd etməliyik ki, dövlətlərin
qarşılıqlı siyasi və iqtisadi münasibətlərini kökündən dəyişmiş cahan müharibəsindən
sonra coğrafiya və tarix fənlərinin mütləqiyyətin ruhunda tədris edilməsi
qeyri-mümkündür və onun kökündən dəyişdirilməsinə ehtiyac vardır.Ədəbiyyatın tədrisində
mövcud olan nöqsanlar da çoxdandır ki, hiss edilir.Belə ki, nə yeni rus ədəbiyyatı,
nədə ki, yalnız öz müxtəlifliyi ilə yeniyetmələrin dünya görüşünün inkişaf
etdirilməsində zəngin material verə biləcək
geniş qərbi avropa ədəbiyyatı orta məktəblərdə indiyə qədər öz yerini
tutmamışdır və orada yalnız birtərəfli olaraq qədim və orta rus ədəbiyyatının
yadigarları mənimsənilir.
Yuxarıda qeyd olunanlara əsaslanaraq göstərilən
istiqamətdə məktəb islahatlarının aparılmasını Nazirlik özünün başlıca vəzifəsi
hesab edir. Lakin bu vəzifənin tam şəkildə həll edilməsi məsələnin təfərrüatı
ilə müzakirə olunmasını tələb edir ki,bunun da yerinə yetirilməsini Nazirlik gələn tədris ilinin əvvəlindən tez qeyri-mümkün
hesab edir və hazırki tədris ilində qismən dəyişiklik etməyi planlaşdırır ki,
bu da xalq maarif nazirliyinin sonuncu təmimnamələrində öz əksini tapmışdır. Həmin
təmimnamələrə uyğun olaraq rus tarixi və coğrafiyası ayrıca fənn kimi ləğv
edilir,rus ədəbiyyatı kursu isə qısaldılır”...
Azərbaycan Hökumətı və Xalq Maarif Nazirliyi
tərəhindən Azərbaycan dilinin müstəmləkəçilik
dövründə itirilmiş mövqelərinin bərpa edilməsi və onun dövlət dili elan
olunması, məktəb-tədris işinin milli mənafelərə
uyğun yenidən qurulması, doğma ana dilimizin ölkənin təhsil, təlim-tərbiyə
dilinə çevrilməsi, ana dilində tədris proqramlarının və dərsliklərin
hazırlanması sahəsində mühüm tədbirlər həyata keçirildi. Həyata keçirilmiş həmin
tədbirlər nəticəsində Azərbaycan dilinin
müstəmləkəçilik dövründə itirilmiş
mövqelərini bərpa etmiş, dövlət
dili statusunu qazanmış,ölkənin tədris,
təlim-tərbiyə dilinə çevrilmişdir. Ana dilli
məktəblər şəbəkəsinin yaradılmasını, maarif və mədəniyyət sahəsində
milliləşmə tədbirlərinın həyata
keçirilməsini, ümumi,ali, orta
ixtisas,hərbi təhsilin təşkilini, eləcə də müsəlman azərbaycanlı uşaqların öz doğma Azərbaycan dilində və
milli müəllim və pedaqoqlar tərəfindən tərtib
edilmiş dərsliklər əsasında təhsil almaq imkanını əldə etməsini, gənclərin təhsil
almaq üçün dövlət hesabına xarici ölkələrə göndərilməsini böyük nailiyyət hesab
etmək mümkündür. Bu naliyyətlərin əldə
olunmasında Azərbaycan Respublikası
Hökuməti və Parlamenti
ilə yanaşı Xalq
Maarif Nazirliyi və
ona rəhbərlik etmiş
şəxslərin- F.X. Xoyski, N.b.Yusifbəyli, H.b.Şahtaxtinski, R.b. Kaplanov,
N.Şahsuvarov,C.Hacinski, A.b.Əmirov, F.b.Rzabəyov Ş. Əfəndizadə, A. Yusifbəyova,R.Hacıbababəyova
və başqa tanınmış müəllim və pedaqoqların xidmətləri danılmazdır. Hazırki dövrdə yetişməkdə olan nəsil xalqımızın
çoxəsrlik zəngin tarixini, habelə onun ayrılmaz
tərkib hissəsi olan
Azərbaycan Xalq Cümhuriyyətinin tarixini,
həmin dövrün məktəb
və pedaqoji fikir
tarixini dərindən öyrənərək
elmi-pedaqoji biliklərini artırmalıdırlar. Azərbaycanın zəngin təhsil tarixi həqiqətən də
fəxr edə biləcəyimiz nailiyyətlərlə zəngindir.
Ölkəmizdə məktəb-tədris quruculuğunda
rolu və xidməti olmuş maarif fədailəri
xalqımız tərəfindən heç vaxt unudulmur, daim böyük hörmət və ehtiramla
yad edilir.
Rafiq Səfərov,
Azərbaycan
Respublikası Milli Arxiv İdarəsininBaş məsləhətçisi
