Azərbaycana verilən böyük siyasi dəstək
ABŞ-ın prezidenti səviyyəsində dövlətimizin nüfuzu
və gücü qəbul edilir
Müstəqillik dövründə Azərbaycanın xarici siyasət
prioritetləri arasında ABŞ-la münasibətlər daim mühüm yer tutub. Bu münasibətlər
ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif sferalarını əhatə etməklə, hər
iki dövlətin mili maraqlarına cavab verməkdədir.Dünyanın super dövləti
olaraq ABŞ-la münasibətlərin normal səviyyəyə qaldırılması işində əlbəttə ki,
ölkəmizin demokratik dünyaya inteqrasiyası istiqamətində atdığı davamlı
addımlar mühüm rol oynayıb. Digər tərəfdən, ölkəmizin Avropanın enerji təchizatı
sahəsində əhəmiyyətli rolu da Azərbaycanla ABŞ arasındakı münasibətləri dərinləşdirən
faktorlardandır. Təsadüfi deyildir ki, 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi”ndə
və sonrakı mərhələlərdə bağlanmış digər neft-qaz kontraktlarında xeyli sayda
ABŞ şirkəti təmsil olunub.
Status-kvonun qəbuledilməz
olması
Ölkələrimiz arasında münasibətlərin mühüm istiqamətləri
sırasında qlobal təhlükəsizlik və terrorizmlə mübarizə xüsusi əhəmiyyət kəsb
edir. Bəlli olduğu kimi, Azərbaycan ABŞ-ın milli maraqlarını və bütün sivil
dünyanı təhdid edən terrorizmlə mübarizə işində rəsmi Vaşinqtonla yaxından
işbirliyinə malikdir. Azərbaycan 2001-ci ildə Əfqanıstana qarşı yaradılmış beynəlxalq
antiterror koalisiyasının fəal üzvlərindən olmaqla, ABŞ-la ciddi əməkdaşlıq
edib. Bu əməkdaşlıq hazırda da davam etməkdədir. Azərbaycan-ABŞ münasibətlərinin
mühüm aspektlərindən biri də Dağlıq Qarabağ problemi ilə bağlıdır. ABŞ Minsk qrupunun
üzvü kimi münaqişənin həlli ilə bağlı prosesdə yaxından iştirak edir. Azərbaycan
ABŞ-ın prosesdəki aktiv roluna daim ümid bəsləyir. Bu baxımdan ATƏT-in Minsk
qrupunun həmsədri olan rəsmi Vaşinqtonun Azərbaycan tərəfinin Dağlıq Qarabağ
münaqişəsinin həllində status-kvonun qəbuledilməz olması məsələsində tutduğu
mövqeyə uyğun mövqe sərgiləməsi və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində
həllinin vacibliyini vurğulaması, həm də qlobal və regional təhlükəsizliyin təmin
edilməsi baxımından önəmlidir.
200 milyard dollaradək
investisiya
İki ölkə arasındakı münasibətlərdə ABŞ-Azərbaycan
iqtisadi əlaqələri də önəmli yer tutur. Azərbaycanla Birləşmiş Ştatlar
iqtisadiyyatın bir çox sahələrində, xüsusilə enerji təhlükəsizliyinin təmin
edilməsi, resurs mənbələrinin şaxələndirilməsi istiqamətində uğurlu əməkdaşlıq
edirlər. Yaradılmış əlverişli biznes mühitinin nəticəsidir ki, ABŞ şirkətləri
ötən dövr ərzində Azərbaycan iqtisadiyyatına ümumilikdə 200 milyard dollaradək
investisiya yatırıb. İndiyə qədər Azərbaycan öz tərəfdaşları və Birləşmiş
Ştatların tam dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri
kimi mühüm geostrateji layihələri həyata keçirib. Bunun davamı olaraq, ABŞ və
Azərbaycan Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək
Cənub Qaz Dəhlizi çərçivəsində yaxından əməkdaşlıq edir.
Avropa dövlətlərindən
daha etibarlı tərəfdaş
Azərbaycanın etibarlı tərəfdaş olması, gündən-günə
daha da güclənməsi, daxili və xarici siyasətini daim qlobal çağırışların tələbləri
çərçivəsində yeni meyarlarla zənginləşdirməsi və Cənubi Qafqazın aparıcı dövləti
kimi regionu qarşıdurma deyil, əməkdaşlıq məkanına çevirmə istiqamətində mühüm
diplomatik-siyasi səylərini əsirgəməməsi ABŞ-ın diqqətini cəlb etməyə bilməz.
Bu reallığı ifadə edən Amerikanın dövlət xadimləri, siyasətçiləri və ekspertləri
Amerika üçün ölkəmizin, hətta inkişaf etmiş Avropa dövlətlərindən daha etibarlı
tərəfdaş, müttəfiq olduğunu qeyd edirlər. Onların qənaətinə görə, yaxın gələcəkdə
ABŞ-ın regiondakı ən yaxın müttəfiqi Azərbaycan olacaqdır. Bunu ötən il ərzində
ABŞ prezidenti Donald Trampın Azərbaycan dövlət başçısı İlham Əliyevə
ünvanladığı məktublar, amerikalı rəsmilərin ölkəmizə səfərləri, səsləndirdikləri
bəyanatlar bir daha təsdiqləyir.
Birləşmiş Ştatlar Azərbaycan
xalqının yanındadır
Bu münasibət ABŞ Prezidentinin 28 May – Respublika
Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda növbəti
dəfə əksini tapıb. 28 May – Respublika Günü münasibətilə dövlət başçısı İlham Əliyevə
və xalqımıza Amerika xalqı adından səmimi salamlarını, təbriklərini çatdıran
Donald Tramp Birləşmiş Ştatların Azərbaycanın suverenliyini və müstəqilliyini
güclü şəkildə dəstəklədiyini bəyan edib. Təbrik məktubunda bildirilib ki, Birləşmiş
Ştatlar və Azərbaycan beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji
marşrutlarını və mənbələrini şaxələndirmək və iki böyük xalqın insanlarına
parlaq gələcək qurmaq naminə təxminən 30 il əməkdaşlıq ediblər. ABŞ Prezidenti
bu sahələrdə Azərbaycanın mühüm töhfələrini dəyərləndirdiklərini ifadə edib.
Qeyd edib ki, koronavirus pandemiyası ilə üzləşdiyimiz bir vaxtda Birləşmiş
Ştatlar Azərbaycan xalqının yanındadır. ABŞ Prezidenti ölkəsinin Minsk qrupunun
həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı və sülh yolu
ilə həlli üçün danışıqların dəstəklənməsində iştirakını davam etdirəcəyini
vurğulayıb.
ABŞ-a məxsus 150-dən
çox şirkət
Millət vəkili Nəsib Məhəməliyev mövzu ilə bağlı açıqlamasında bildirib ki, ABŞ
prezidenti Donald Trampın Prezident İlham Əliyevə 28 may Respublika Günü
münasibətilə göndərdiyi məktubda Amerika-Azərbaycan əlaqələri xatırlanıb, ölkəmizdə
aparılan işlər qeyd olunub və buna hər
zaman dəstək veriləcəyi söylənilib. Deputatın sözlərinə görə, iki ölkə arasında
əməkdaşlığın tarixi 20-ci əsrin əvvəllərinə, xalq cümhuriyyəti dövrünə düşür:
"Həmin dövrdə Bakıda Amerika Birləşmiş Ştatlarının nümayəndəliyi açılmışdı.
Müstəqillik illərində isə ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində
enerji, iqtisadiyyat, müdafiə, təhlükəsizlik, nəqliyyat-loqistika və digər sahələrdə
sıx əməkdaşlığın əsası qoyulub. Amerikanın və müttəfiqlərinin yaxından göstərdiyi
dəstək nəticəsində, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri,
TAP, TANAP kimi layihələr icra olunub. ABŞ-a məxsus 150-dən çox şirkət Azərbaycanda
çalışır, ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyulub. ABŞ Dağlıq
Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun üzvüdür. Azərbaycan
Xəzər ölkələri arasında ilk ölkədir ki, öz enerji resurslarının işlənməsi üçün
ABŞ-la birlikdə digər ölkələrə şərait yaradıb. Beynəlxalq terrorla mübarizədə
Amerikanın təşkil etdiyi koalisiya qüvvələrinin tərkibində təhlükəsizliyə öz
töhfəsini verir. NATO qüvvələrinin Əfqanıstanda məskunlaşmış qüvvələrinin təchizatı
üçün ölkəmizin hava məkanından istifadə edilir. Eyni zamanda, hər iki ölkənin
qanunverici orqanları arasında da əməkdaşlıq mövcuddur”.
Liderlərin dünya
siyasətindəki rolu
N.Məhəməliyev deyib ki, Azərbaycan dünyaya açıq ölkə
olaraq, Ermənistan istisna olmaqla, bütün ölkələrlə ikitərəfli və çoxtərəfli
münasibətlər qurub: "Təbii olaraq bunların içərisində ABŞ kimi güclü, hərtərəfli
inkişaf etmiş ölkənin özünəməxsus yeri var. Prezident İlham Əliyev bu münasibətlərin
inkişaf etdirilməsinə ciddi əhəmiyyət verir. Donald Tramp da yazdığı məktubda,
Azərbaycanın və onun liderinin dünya siyasətindəki rolunu dəyərləndirir.
Xalqımız bu əməkdaşlığı yüksək qiymətləndirir və hər iki ölkə üçün olduqca əhəmiyyətli
hesab edir”.
Qlobal inkişafa
yardım
Milli Məclisin
deputatı Şahin İsmayılov ABŞ
Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə məktubunun bir
neçə istiqamət üzrə böyük əhəmiyyət daşıdığını dilə gətirib. Məktubun məzmununu
xatırladan millət vəkili qeyd edib ki, məktubda ilk baxışdan önə çıxan məqam Azərbaycanın
suverenliyi və müstəqilliyinin ABŞ tərəfindən güclü şəkildə dəstəklənməsi
faktıdır: "Düşünürəm ki, bu, birbaşa olaraq D.Trampın həm də ABŞ-ın Azərbaycanın
ərazi bütövlüyünə dəstək mesajı kimi şərh olunmalıdır. Çünki beynəlxalq hüquqda
suverenlik konsepsiyası müəyyən ərazi hüdudlarında dövlətin hakimiyyətinin
aliliyinin tanınması kimi qəbul edilir. ABŞ və Azərbaycan Respublikası bərabərhüquqlu
dövlətlərdir. Dünyanın supergüc dövləti olan ABŞ-ın belə mövqeyi həm də Azərbaycan
Prezidenti İlham Əliyevin apardığı xarici siyasətin kifayət qədər peşəkar
olmasının növbəti göstəricilərindən biridir. Məktubda önə çıxan digər bir məqam
Azərbaycanın beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropanın enerji
marşrutlarının və mənbələrinin şaxələndirilməsindəki strateji roludur. Azərbaycan
beynəlxalq terrorçuluq, radikalizm, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq,
Əfqanıstan da daxil olmaqla, dünyanın həssas bölgələrində çoxtərəfli sülhməramlı
əməliyyatlara dəstək, qlobal inkişafa yardım, enerji infrastrukturlarının
genişləndirilməsi kimi istiqamətlər kifayət qədər böyük töhfələr verir”.
Azərbaycana verilən
böyük siyasi dəstək
Deputat vurğulayıb ki, ərazisinin 20 faizi işğal
olunan və erməni terrorundan əziyyət çəkən ölkəmiz bu kimi hallara qarşı bütün sivil
dövlətlərlə, o cümlədən ABŞ-la ciddi şəkildə əməkdaşlıq edir: "Eyni zamanda, Azərbaycan
təbii resurslarının beynəlxalq aləmdə sülhün və sabitliyin qorunması istiqamətində
strateji layihələrlə dəstəklənməsini də həyata keçirir. Yeri gəlmişkən, Avropa qitəsinin
enerji təminatının gücləndirilməsi üzrə həyati vacib layihələrdən biri olan Cənub
Qaz Dəhlizinin uğurla reallaşdırılması bu layihələrdən biridir. Düşünürəm ki,
burada ABŞ-ın və şəxsən Prezident Donald Trampın Azərbaycana verdiyi böyük
siyasi dəstək xüsusi vurğulanmalıdır. Müasir dünyada dövlətlərin və xalqların
böyüklüyü onların ərazisi və sayı ilə ölçülmür. Onların beynəlxalq proseslərə
verdikləri töhfələrlə ölçülür. Məktubda ABŞ və Azərbaycan nəzərdə tutularaq,
iki böyük xalq və dövlət ifadəsindən istifadə olunur. ABŞ-ın dövlət başçısı səviyyəsində
Azərbaycanı nüfuzlu və güclü dövlət olaraq qəbul edir. Bu da kifayət qədər
böyük əhəmiyyət kəsb edən məqamdır”.
Rufik İSMAYILOV