Azərbaycan xalqının xilaskarı - Fotolar
Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi
rayon Təşkilatının inzibati binasında Binəqədi rayon İcra Hakimiyyəti və YAP
Binəqədi rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər
Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Heydər Əliyevin milli
dövlətçilik ideologiyası – Azərbaycançılıq, vətənçilik” mövzusunda tədbir
keçirilib.
Tədbir başlamazdan öncə ulu öndər, dahi şəxsiyyət
Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitablara baxış keçirilib.
Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi
rayon Təşkilatının sədri Ramiz Göyüşov qonaqları salamlayıb və tədbirin məqsəd,
məramı haqqında məlumat verib. Bildirib ki, rayon təşkilatı ümummilli liderin həyatına,
siyasi fəaliyyətinə, ideologiyalarının yaşadılmasına və təbliğinə istiqamətlənmiş
çoxsaylı tədbirlər, layihələr həyata keçirir. Bu günkü tədbir də Heydər Əliyev
irsinin öyrənilməsinə xidmət edir. Onun sözlərinə görə Heydər Əliyev Azərbaycanın
dövlətçilik tarixində, dövlət müstəqilliyimizin qorunub-saxlanılmasında müstəsna
xidmətləri olan əvəzsiz şəxsiyyətdir. Heydər Əliyev dühası Azərbaycanı düçar
olduğu bəlalardan xilas etməklə yanaşı, Azərbaycançılıq, dövlətçilik və vətənçilik
ideologiyasının yaradılmasında birbaşa iştirak edib. Ramiz Göyüşov müasir, müstəqil
Azərbaycanın bu günkü inkişafının məhz ulu öndərin misilsiz xidmətlərinin nəticəsi
olduğunu qeyd edib.
Tədbirdə millət vəkili, Atatürk Mərkəzinin
direktoru, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov Heydər
Əliyevin azərbaycançılıq məfkurəsi haqqında geniş məruzə ilə çıxış edib. Bildirib
ki, bu gün xalqımızda yaşadılan azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarının
vahid ideya, vahid ideologiya ətrafında birləşdirilməsi istiqamətində olduqca vacibdir.
Azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını
birləşdirən idealogiyaya, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi
məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətidir və onun adı ilə bağlıdır. Dahi
şəxsiyyət Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması
konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən,
xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər
edən milli azərbaycançılıq ideologiyasını da yaradıb. Ulu öndər Heydər Əliyevin
azərbaycançılıq, vətənçilik ideologiyası
ilə yanaşı, həmçinin azərbaycan dilinin yaşadılması, türkçülük, dövlətimizin və
millətimizin türk dünyasındakı nüfuzunun daha da yüksəldilməsi istiqamətindəki
xidmətlərindən bəhs edib.
Tədbirin gedişatında Nizami Cəfərov tədbir
iştirakçılarının müxtəlif mövzuları əhatə edən suallarını cavablandırıb. Tədbirdə
çıxış edən Yeni Azərbaycan Partiyasının fəallarından – Yusif Alıyev, Vəfa
Yaqubova, Pərviz Xasıyev, Nigar Məmmədova, Xədicə Cavadova, şairələr Təranə Məftun,
Nüyvər Şərifova və başqaları tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürlərini
bildiriblər. Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə həsr olunmuş tədbirdə
iştirak etməkdən böyük məmnunluq hissi keçirdiklərin vurğulayıblar.
Tədbirdə çıxış edən Binəqədi rayon İcra
Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ulu öndər, Azərbaycan xalqının
xilaskarı Heydər Əliyev ideyalarının yaşadılmasının və təbliğinin vacibliyini
önə çəkib. Bu ideyaların dövlətimizin və millətimizin inkişafına, tərəqqisinə
xidmət etdiyini və gələcək nəsillərə ötürülməsinin yüksək əhəmiyyət daşıdığını
söyləyib. 1990-cı illərin əvvəllərində xalqımızın çox böyük təhlükələrlə üz-üzə
qaldığı bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin vahid siyasi strategiya və
ideologiya ilə xalqımızı bu bəlalardan xilas etdiyini qeyd edib. Bu gün inkişaf
etmiş mütərəqqi, müasir və müstəqil Azərbaycan dövlətinin onun şah əsəri
olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına
yeni üzv qəbul edilmiş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim edilib.
Millət vəkili Nizami Cəfərova YAP Binəqədi rayon Təşkilatının Fəxri Fərmanı təqdim
edilib.