• çərşənbə, 17 Aprel, 01:13
  • Baku Bakı 14°C

Azərbaycan xalqına qənim kəsilən “Teymurlar”

28.11.19 09:30 2590
Azərbaycan xalqına qənim kəsilən “Teymurlar”
Onların haqqında bu gün də fəxrlə yazanlar var
Əksər tədqiqat əsərlərindən, arxiv sənədlərindən belə aydın olur ki, 20-ci yüzilliyin əvvəllərində Azərbaycanda baş verən repressiya birbaşa Mircəfər Mirabbas oğlu Bağırovun əli ilə gerçəkləşdirilib. Təbii ki, bu işdə onun silahdaşlarının da "əməyi” az olmayıb. Xüsusən də Mərkəzi Komitədə (Azərbaycanda) "Teymurlar” və ya "uşaqlar” adlandırılan Teymur Quliyevin və Mir Teymur Yaqubovun. Hər iki "Teymurlar” 1930-cu ildən 1954-cü ilin ortalarına kimi Azərbaycanda müxtəlif vəzifələrdə çalışaraq, M.C.Bağırovun sağ əli olublar.
Məsələn, Mir Teymur Mir Ələkbər oğlu Yaqubov Azərbaycan KP MK II katibi, Azərbaycan SSR Ali Sovetinin sədri, Azərbaycanın daxili işlər naziri və s. yüksək vəzifələrdə çalışıb. Teymur İmanqulu oğlu Quliyev də adaşı kimi birbaşa M.C.Bağırovun xeyir-duası ilə həmin illərdə Azərbaycan Dövlət Siyasi İdarəsində gizli və xüsusi şöbənin rəisi, Azərbaycan SSR Ali Məhkəməsinin xüsusi kollegiyasının sədri, Azərbaycan SSR Ali Məhkəməsinin sədri, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri işləyib.
... 1990-cı illərin əvvəllərində tədqiqatçı-yazar Qulam Məmmədli, yazıçılar Qlman İlkin və Manaf Süleymanlı ilə dəfələrlə görüşüb müsahibə götürmüşdüm. Söhbət əsnasında onlardan eşitdim ki, M.C.Bağırovun hər istəyini can-başla yerinə yetirməkdən zövq alan və "papka”sını daşımaqdan "qürur” duyan "Teymurlar”a MK-də "uşaqlar” deyiblər. Amma M.C.Bağırov işdən azad olunub həbs edilərkən, onun əleyhinə danışanlar arasında ilk yeri də uzun illər onun kölgəsində daldalanıb firavan ömür sürən, kef çəkən bu adaşlar olub.
M.C.Bağırovun mühakimə prosesində iştirak edən Manaf müəllim danışırdı: "M.C.Bağırovun mühakiməsi, son dərəcə maraqlı, dəhşətli... təsviri mümkün olmayan proses idi. Bircə gün o məhkəmə iclasında oturmaq, adamı bir ay dəhşətli azara sala bilərdi. Mühakimənin Bakıda başlanması şəhərdə bomba kimi partladı. Məhkəmə prosesi Dzerjinski klubunda (indiki Şəhriyar klubu) keçirilirdi. Binanı hər tərəfdən hərbiçilər mühafizə edirdi. Ətraf küçələrdə soldatlar, əllərində tüfəng, şahmatsayağı düzülmüşdü. Tinlərdə tanklar dururdu. Damlarda da mühafizəçilər vardı. Məhkəməyə buraxılış kağızını mənə Politexnik İnstitutunun rektoru Abuzər Əliyev verdi və indi ona minnətdarlığımı bildirirəm. İcazə kağızı olanları bircə qapıdan, çox ciddi yoxlanışdan sonra içəri buraxırdılar. Salon ağzına qədər adamla dolu olurdu. Dəhlizlərdə hərəkət məhdud idi, hər addımda mühafizəçilər vardı. Salonda da, lojalarda da silahlı soldatlar nəzərə çarpırdı. Çoxlu şahid vardı. Adi adamlar yaxına buraxılmırdı. Mənsəb sahibləri, otuz il gecə-gündüz təriflədikləri, "kişi” adlandırdıqları adamı söyür, töhmətləndirir və ona ağır cəza tələb edirdilər. Çıxışçıların ən qəddarı Teymur Quliyev idi. Elə bil Mir Cəfər haqq-nahaq ağzını açanda "Siz tamamilə haqlısınız, yoldaş Bağırov” deyən adam o deyildi. Bu iclasda Teymurlar xüsusən də Teymur Quliyev şirə-nərə dönmüşdü. Birinci olmaq arzusu ilə belə canfəşanlıq edirdi. Amma onu yox, adaşı Teymur Yaqubovu seçdilər. Maraqlıdır ki, bu iki adama dallarınca "Teymurlar”, ya da "uşaqlar” deyirdilər. Nə isə, Mir Cəfər Bağırovu vəzifədən uzaqlaşdırdılar, kreslosunda Teymur Yaqubovu oturtdular. Sonradan eşitdim ki, M.C.Bağırov deyib ki, tezi üç, geci altı ay vaxt qoyuram, hay-hoyla sizi qovacaqlar. Doğrudan da elə oldu. Heç il ötməmiş, "Teymurlar”ı hay-küylə yola saldılar, partiyadan da xaric etdilər” (6 aprel 1953-cü ildə Azərbaycan KP MK I katibi seçilən Mir Teymur Mir Ələkbər oğlu Yaqubov 12 fevral 1954-cü ildə vəzifəsindən azad edilir).
Yəqin ki, oxucum üçün də maraqlıdır, Mərkəzi Komitədə "uşaqlar” adlandırılan "Teymurlar” kimlər idi?
Teymur İmanqulu oğlu Quliyev. 1888-ci ildə (bəzi mənbələr 1896-cı il yazır) Qaryagin qəzasının Cəbrayıl kəndində sadə kəndli ailəsində anadan olub. İlk təhsilini də orada ikisinifli kənd məktəbində alıb. 1909-cu ildə Tiflisə gəlir və Qori Müəllimlər Seminariyasına daxil olur. 1914-cü ildə seminariyanı yaxşı qiymətlərlə başa buran Teymur, öz kəndinə qayıdaraq müəllimlik edir. 1918-ci ilin əvvəlləri müəllimlik peşəsindən uzaqlaşan Teymur, 1920-ci ilin ortalarına kimi əvvəl tikintidə, sonra poçt idarəsində çalışır. 1919-cu ilin ortaların da Bakıya gələn Teymur, inqilabçılara qoşulur və Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti əleyhinə gizli fəaliyyətə başlayır. Hökumət onu həbs etmək istəyir. Lakin o, gizlənməklə, yaxasını qutarır.
1920-ci ilin sonlarında Bolşevik partiyasına üzv olan Teymuru, 1921-ci ildən əks-inqilabi mübarizə aparan Fövqəladə Komisyonda işə götürürlər. O, 1921-ci ildən 1934-cü ilə kimi Azərbaycan Fövqəladə Komissiyanın orqanlarında çalışır. 1923-29-cu illərdə Bakıda Azərbaycan Dövlət Siyasi İdarəsində gizli və xüsusi şöbənin rəisi işləyir.
Ölkənin qan çanağında boğulduğu 1930-cu illər onun üçün yüksəliş illəri olur. 1934-37-ci illərdə Azərbaycan SSR Ali Məhkəməsi xüsusi kollegiyasının sədri və Azərbaycan SSR Ali Məhkəmənin sədri kimi yüksək vəzifələri icra edir. 1937-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri təyin edilən (birbaşa M.C.Bağırovun xeyir-duası ilə) Teymur Quliyev, on iki ildən artıq bu vəzifədə işləyir. Üç dəfə Lenin ordeni ilə mükafatlandırılan "Lenin-Stalin partiyasının sədaqətli oğlu” daha sonra Qırmızı Əmək Bayrağı və digər orden, medallarla təltif olunur. Ömrünü Azərbaycanda Sovet hökumətinin qurulmasına həsr edən "mübariz Leninçi kommunist” 1965-ci ildə Bakıda vəfat edir.
Mir Teymur Mir Ələkbər oğlu Yaqubov 1904-cü ildə Bakıda anadan olub. İlk təhsilini Bakıda alan Teymur, 1920-25-ci illərdə axşamlar fəhlə fakültəsində oxuyub. 1925-ci ildə Bolşevik partiyasının sıralarına qəbul olan Teymur, 1930-cu ildə Moskvada ali təhsilini başa vurduqdan sonra V.İ.Lenin adına Kənd Təsərrüfatı Akademiyasının aspiranturasına qəbul olub. 1933-cü ildə Bakıya qayıdan Teymur, ilk gündən partiya və komsomol işlərinə cəlb edilib.
"Çalışarıq, vuruşarıq Lenin baba yolunda” şüarına sadiq qalan gənc Leninçi, bütün ömrünü bu "iş”ə həsr edib. Tale onun üzünə gülüb. M.C.Bağırovun kölgəsini hər an üzərində hiss edən Teymur, Azərbaycan SSR Ali Sovetinin sədri, Azərbaycan KP MK II katibi, daxili işlər naziri vəzifələrinə qədər ucalıb. Və adaşı Teymur Quliyev kimi dövrünün ən böyük mükafatlarına layiq görülüb. 1970-ci ildə Moskvada vəfat edib (Bəzi mənbələrdə Bakıda vəfat etdiyi göstərilir).
Bu məqamda yazıçı-publisist Rafael Hüseynovun "Vaxtdan uca” əsərində yazdığı bu sözləri xatırladım: "Ləyaqətsizliyi, qeyri-nəcibliyi bağışlayan, hansı şəraitdəsə mümkün sayan, buna haqq qazandırmağa çalışan heç bir izaha inanmıram. İkiüzlü səmimiyyətin varlığına inanmıram”.
Təbii, buna nəinki Rafael müəllim, heç birimiz inanmırıq. Amma maraqlısı odur ki, bütün ömürlərini Stalin-Lenin partiyasına sədaqətlə qulluq edən (əslində yüzlərlə soydaşının ocağını qaraldan, işığını söndürən, həbs edilməsinə, sürgününə göndərilməsinə, güllənməsinə səbəb olan) bu kommunist yoldaşlar haqqında bu gün də fəxrlə yazanlar var. Niyə, nə üçün həqiqətin üzərinə mala çəkilir? Axı onların bu xalqa necə "qulluq” etdikləri haqda arxivlərimizdə yetərincə faktlar var...
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər