Azərbaycan dövlətçiliyi tarixində yeri olan cümhuriyyətçi
28 may 1918-ci il. Tiflis şəhəri. Azərbaycan ziyalılarının mühüm bir
hissəsi Qafqaz canişinin əzəmətli və yaraşıqlı sarayına toplaşıblar. Xalqın
aydınları, zəka sahibləri millətin, vətənin taleyini həll etmək üçün Milli
Şuranın tarixi iclasını keçirdilər və Azərbaycanın dövlət müstəqilliyi barədə
qərar qəbul etdilər. Bu tarixi qərarın qəbul edildiyi iclasda Həmid bəy
Şahtaxtinski də iştirak edirdi.
Azərbaycan aydınlarının görkəmli nümayəndəsi olan Həmid bəy kim idi?
Dövrünün hörmətli ziyalılarından biri olan Həmid bəyin adı tarixə tanınmış
maarifçi-pedaqoq, ictimai-siyasi xadim, vətənpərvər bir insan kimi düşdü.
Əslində belə də olmalı idi. Çünki onun mənsub olduğu Şahtaxtılar təkcə
Naxçıvanda, Azərbaycanda deyil, bütövlükdə Zaqafqaziyada maarifçi, yenilikçi
bir nəsil kimi tanınıblar. Həmid bəy də bu köklü nəslin nümayəndəsi idi.
1880-ci il martın 12-də Naxçıvan qəzasının Şahtaxtlı kəndində Xəlil
bəyin ailəsində bir oğlan uşağı dünyaya gəlir. Xəlil bəyin atası Hüseynqulu
Sultan I İsa Sultanın oğlu olub. I İsa Sultan Naxçıvan xanlığında çox nüfuzlu
şəxslərdən biri kimi tanınıb. Xəlil bəyin babası, qardaşları, əmiləri və özü də
hərbiçi olmalarına baxmayaraq, maarifi, elmi, yeniliyi təbliğ edən ziyalı kimi
tanınıblar. Ona görə də, Xəlil bəy övladlarının yüksək təhsili alması üçün
onlara hərtərəfli dəstək oldu.
Həmid bəy ilk təhsili ilə bağlı tərcümeyi-halında yazırdı: "5 yaşında
ibtidai məktəbə gedib, ana dili ilə yanaşı fars dilini də öyrəndim, iki il
sonra isə beşillik rus məktəbinə daxil olub, oranı bitirdikdən sonra 1872-ci
ildə Naxçıvanda peşə məktəbində oxudum”.
1899-cu ildə Həmid bəy
İrəvan Müəllimlər Seminariyasının tam kursunu bitirmək haqqında attestat alır
və həmin il sentyabrın 1-dən İrəvan rus-tatar məktəbinə müəllim təyin edilir.
Lakin Qafqaz Tədris Dairəsi popeçitelinin 27 oktyabr 1901-ci il tarixli 14622
N-li təklifi ilə H.Şahtaxtinskiyə İrəvan Müəllimlər Seminariyasında türk dili (Azərbaycan)
dərslərini tədris etməyə icazə verilir və o, bu təyinata əsasən, beş ildən çox
burada pedaqoji fəaliyyətlə məşğul olur. Həmid bəy həmin illərdə İrəvandakı
Müsəlman Xeyriyyə Cəmiyyətinə üzv yazılır və cəmiyyətin işinə həm maddi, həm
mənəvi köməklik edir. Amma bunlar onu qane etmir. Xalqına daha çox yardımçı
olmaq istəyi ilə mükəmməl təhsil almaq qərarına gəlir.
1907-ci ilin oktyabrında öz xahişi ilə türk dili müəllimi
vəzifəsindən azad edilir və elə həmin ilin sonları Odessada Novorossiysk
İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. İkinci kursda oxuyarkən
Həmid bəyin səhhətində problemlər yaranır, o, istəməsə də, vətənə qayıtmağa
məcbur olur və bir ildən sonra sağalaraq yenidən təhsilini davam etdirmək üçün
Odessaya qayıdır. 1913-cü ildə hüquq fakültəsini bitirir və ikinci dərəcəli
diploma layiq görülür.
Yenidən vətənə qayıdan Həmid bəy, Bakı quberniyası xalq məktəbləri
direktorunun icazəsi ilə pedaqoji fəaliyyətini davam etdirməyə başlayır. O,
maarifçilik fəaliyyəti ilə yanaşı, həm Gəncədə, həm də Bakıda Dairə
Məhkəməsində andlı müvəkkilin köməkçisi vəzifəsində də işləmişdir.
1917-ci il. Rusiyada baş verən hadisələr, xüsusən də fevral inqilabı
Azərbaycana da öz təsirini göstərdi.
Məhz bu hadisədən sonra milli partiya və təşkilatların fəaliyyəti
leqallaşdırıldı. Yeni partiyalar yaranmağa başladı. Bu zaman "Rusiyada müsəlmanlıq” partiyası
yarandı və həmin ilin sonlarında "İttihad” partiyası adlandırıldı. Həmid bəy
həmin partiyaya üzv oldu. Beləliklə, Həmid bəy həmin ildən pedaqoji fəaliyyəti
ilə yanaşı, siyasi məsələlərə də meyilləndi.
Fevral-burjua inqilabından sonra
H.Şahtaxtinski Tiflisdə keçirilən Müəllimlər Qurultayında Müvəqqəti
Zaqafqaziya Hökuməti tərəfindən Qafqaz Təhsil Dairəsi Komissarlığının üzvlüyünə
seçildi. 1918-ci ildə isə Zaqafqaziya Seymi formalaşdıqdan sonra Zaqafqaziya
Hökumətinin xalq təhsil naziri vəzifəsində çalışdı.
1918-ci ilin iyunu. Gəncə. Artıq Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti Gəncədə fəaliyyətə başlamışdı. Bu zaman Həmid bəy də Gəncədə idi. O,
hökumətin 26 avqust 1918-ci il tarixli qərarı ilə xalq maarif nazirinin müavini
təyin edilir və F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin II
və III hökumət kabinələrində də xalq maarif nazirinin müavini vəzifəsini icra
edir. N.Yusifbəylinin sədrliyi ilə yaradılmış IV hökumət kabinəsində isə
1919-cu il aprelin 16-dan mayın 16-dək Xalq Maarif Nazirliyini idarə etməli
olur. 1919-cu ilin dekabrın 24-də N.Yusifbəylinin formalaşdırdığı ikinci (sayca
5-ci) Hökumət kabinetində H.Sahtaxtinski maarif
və dini etiqad naziri təyin olunur. O, bu vəzifəni 1920-ci ilin martın
5-nə qədər icra edir.
Bu qərarlardan belə aydın olur ki, Həmid bəy Azərbaycan Cümhuriyyəti
dövründə fəaliyyətini əsasən ölkədə maarifin inkişafına yönəldib. Azərbaycanın
bir çox şəhər və kəndlərində yeni məktəblərin, seminariyaların, kitabxanaların,
xüsusən Bakı Dövlət Universitetinin açılmasında böyük xidmətləri olub. 20
avqust 1919-cu ildə Bakıda Azərbaycan müəllimlərinin III qurultayı keçirilərkən,
qurultaya rəhbərlik etmək Həmid bəyə həvalə edilir. O, qurultayda geniş
məzmunda çıxış edərək ölkədə bu sahədə yeni islahatların aparılmasını təklif
edir.
Həmid bəy ölkədə təhsilin əsasən milli istiqamətdə aparılmasını
tərəfdarı idi. H.Şahtaxtinski tədrisi Azərbaycan dilində apara bilən təcrübəli
müəllim kadrlarının hazırlanması üçün 1918-ci il sentyabrın 9-dan etibarən
açılmış kurslara rəhbərlik etmişdir. Bakıda ümumi ictimai kitabxanaların
açılması üçün məhz onun sədrliyi ilə Xalq Maarif Nazirliyinin nəzdində
komissiya yaradılır. Hökumət də bu sahədə onlara dəstək olur və 1918-ci ildə
M.Ə.Sabir adına kütləvi kitabxana, 1919-cu ildə isə Bakı Dövlət Universitetinin
elmi kitabxanası təşkil edilir.
Onu da qeyd edim ki, Həmid bəy 1919-cu ilin iyulundan "İttihad” partiyasının
rəsmi üzvü idi və Azərbaycan parlamentində təmsil olunurdu. Parlamentdə "Müsavat”dan
sonra ikinci güclü fraksiya "İttihad” idi. Elə aprel işğalından dərhal sonra da
daha çox repressiyaya məruz qalanlar ittihadçılar oldu.
1920-ci ilin aprel işğalından sonra H.Şahtaxtinski bolşeviklər
tərəfindən Bakı Dövlət Universitetində işləməyə dəvət alır və 1930-cu ilə qədər
burada çalışır. 1923-25-ci illərdə BDU-da prorektor vəzifəsində işləyən Həmid
bəy, 1926-cı ildə universitetin tibb fakültəsində təhsilini davam etdirir. 1929-cu
ildə universitetin yaradılmasının 10 illiyi münasibətilə H.Şahtaxtinskiyə
professor fəxri adı verilir.
1930-cu ilin sonlarından Həmid bəy Azərbaycan Tibb İnstitutunda
işləməyə başlayır. İstər universitetdə, istərsə də Tibb İnstitutunda çalışarkən
Həmid bəy fəaliyyətini bütövlüklə elmin təbliğinə yönəldir. Ümumtəhsil
məktəbləri üçün dərsliklər, dərs vəsaitləri hazırlayır.
...Arxiv sənədlərindən və tədqiqat əsərlərindən bəlli olur ki,
bolşeviklər bütün partiyalara, xüsusən də "Müsavat” və "İttihad”çılara qarşı
qırmızı terror elan etdilər. İlk gündən ucdantutma həbslər və repressiyalar
başlandı. Akademik Ziya Bünyadov "Qırmızı terror” əsərində bu haqda geniş
məlumat verərək yazırdı: "İttihad” partiyasının işi ilə bir necə ay XI Ordunun
Xüsusi Şöbəsi və onun rəisi, Azərbaycan xalqının cəlladlarından sayılan
Pankratov məşğul olmuşdur”. Bu fakt öz bir daha sübut edir ki, "İttihad”çılar
necə ağır cəzalara məruz qalıblar.
Həmid bəy də "İttihad”çı kimi 1938-ci ildə yada "düşür” və dəhşətli
işgəncələr, təhqirlər az bir vaxtda onu
tanınmaz hala salır. Onu ahıl yaşında (60) isti ocağından, əzizlərindən ayırırlar.
1940-cı ilin yanvar ayının 5-də Azərbaycan SSR XDİK-in əməkdaşı, Dövlət təhlükəsizlik
mayoru Markaryanın təsdiq etdiyi qərar və Zaqafqaziya dairəsi hərbi
prokurorunun sanksiyasına əsasən, XDİK DTİ 3-cü şöbənin 1-ci bölməsinin rəisi,
baş leytenant Martirosov yanvar ayının 6-da H.Şahtaxtinskini 23 saylı order
əsasında həbs edir. SSRİ XDİK yanında xüsusi müşavirə 11 iyun 1940-cı ildə
H.Şahtaxtinskinin işinə baxır və o, antisovet millətçi təşkilatda fəaliyyətinə
görə, islah-əmək düşərgəsində saxlanılmaqla, 8 il müddətinə azadlıqdan məhrum
edilir.
1943-cü ilin fevralın 3-də Həmid bəy vətənindən, ailəsindən çox
uzaqlarda, Arxangelski vilayətindəki həbsxanada ağır şəraitə və işgəncələrə
dözməyib 63 yaşında əbədi olaraq gözlərini yumur. Ailəsi bu acı xəbəri çox
sonra eşidir.
Həmid bəy öz dayısı qızı Səkinə xanımla ailə qurmuşdu. Tale onlara
dörd gözəl-göyçək qız övladı bəxş etmişdi. Həmid bəy qızlarını çox sevirdi və
hər zaman övladlarına xalqı, milləti üçün gərəkli bir şəxsiyyət olmağı tövsiyə
edərdi. Özü də canını xalqının azadlığı, xoşbəxtliyi uğrunda qurban verdi. Bu
gün Azərbaycan dövlətçiliyi tarixində öz yeri olan Həmid bəyin əziz xatirəsi
hər bir Azərbaycanlının qəlbində yaşayır və daima yaşayacaq!
Qərənfil
Dünyaminqızı
Əməkdar jurnalist