• cümə, 26 Aprel, 16:43
  • Baku Bakı 23°C

Azərbaycan arxeologiyası elmlərin qovşağında

26.06.18 12:00 1969
Azərbaycan arxeologiyası elmlərin qovşağında
Azərbaycanın yazıyaqədərki qədim dövr tarixinin öyrənilməsinin yeganə vasitəsi yalnız arxeoloji tədqiqatlardır. Çox da zəngin olmayan yazılı mənbələrin mövcud olduğu antik və orta əsrlər dövrlərinin də tarixinin tam tədqiqini arxeoloji qazntılar aparmadan təsəvvür etmək mümkün deyil. Ölkə ərazisinin məskunlaşmasının, xalqımızın etnogenez tarixinin erkən mərhələsinin, min illər öncəki yaşayış məskənlərinin və qəbir abidələrinin, maddi və mənəvi mədəniyyətinin, erkən dövlətçilik ənənələrinin, qədim sivilizasiyalarla bağlılığının və s. mühüm məsələlərin tarixinin tədqiqinin ən etibarlı, bəzən isə yeganə üsulu məhz arxeoloji qazıntılardır. Son illər beynəlxalq aləmdə siyasi uğursuzluğa düçar olan, Azərbaycanın hərbi üstünlüyü qarşısında aciz qalan Ermənistan rəhbərliyi işğal siyasətinə haqq qazandırmaq üçün guya ermənilərin Qarabağda köklü sakinlər olduğunu iddia edir və bunu sübut etmək üçün həmin ərazilərdə qeyri-qanuni arxeoloji qazıntılar aparırlar. Düşmənin bu saxtakarlığına ən effektli cavab da məhz geniş arxeoloji araşdırmalardır. Bu baxımdan arxeologiya mühüm elmi və siyasi əhəmiyyəti olan strateji sahələrdən biridir.
Son illər dövlət rəhbərliyi bu sahəyə xüsusi diqqət yetirir. Cənab Prezidentin sərəncamları ilə respublika ərazisində arxeoloji qazıntıların aparılması üçün yüksək səviyyədə maliyyə vəsaiti ayrılmışdır. Bu maliyyə əsasında geniş arxeoloji tədqiqatlar aparılmış, əvvəllər elmə məlum olmayan yüzlərlə abidələr aşkara çıxarılmışdır.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, bu gün Azərbaycan arxeologiya elmi, Arxeologiya və Etnoqrafiya İnstitutu müasir elmi tələblər əsasında yenidən təşkilatlanmalıdır. Bunun üçün institutun strukturunda əsaslı islahatların aparılmasına böyük ehtiyac vardır. İlk növbədə institutun bazasında "Arxeologiya İnstitutu”nun yaradılması məqsədəuyğundur. Arxeologiya istiqamətində fəaliyyət göstərən şöbələr abidələrdə qazıntılar aparır, aşkar edilmiş maddi mədəniyyət nümunələri əsasında minillikləri əhatə edən qədim tarixin öyrənilməsi ilə məşğul olurlar.
İnstitutda etnoqrafiya (əslində etnologiya və ya mədəni antropologiya) istiqamətində 60-dan artıq əməkdaşı birləşdirən 3 şöbə və 1 sektor fəaliyyət göstərir. Həmin əməkdaşlar təsadüfi istisnalar nəzərə alınmazsa, bütövlükdə xalqın XIX-XXI əsrlər mədəniyyətini, məişətini, folklorunu, toy və yas adətlərini, sənətkarlığını və s. etnoqrafik ənənələrini, eyni zamanda azsaylı xalqların məişət və mədəniyyətini tədqiq edirlər. Qeyd etmək lazımdır ki, etnoqraf alimlərimiz bu elmi problemlərin araşdırılmasında böyük uğurlara nail olmuşlar. Fikrimizcə, bu şöbələrin və sektorun əsasında AMEA-da Etnologiya və Antropologiya İnstitutunun (burada sosial/mədəni antropologiya nəzərdə tutulur) yaradılmasının vaxtı çoxdan çatmışdır. Yaradılacaq həmin institutda müasir elmi tələblərə uyğun yeni şöbələr təşkil edilə bilər. İnkişaf etmiş dünya elmində artıq çoxdandır ki, köhnəlmiş və aktuallığını itirmiş "etnoqrafiya” ifadəsindən elmi istiqaməti müəyyənləşdirən bir termin kimi imtina edilmişdir.
Etnoqrafiya və ya etnologiya, antropologiya əslində tarix elmləri sırasına daxil deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 15 mart tarixli 65 saylı qərarı ilə təsdiq edilmiş "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatında” ayrıca elm sahəsi kimi göstərilmiş antropologiya elmlərinə daxil olan ixtisaslar arasında mədəni antropologiya, etnoqrafiya və etnologiya, sosial antropologiya qeyd olunmuşdur. Həmin qərara əsasən, etnoqrafiya tarix elmləri siyahısından çıxarılıb, ayrıca bir elm sahəsi kimi göstərilmişdir. Bu sahə xalqın tarixini deyil, ənənəvi mədəniyyətini öyrənir. Məhz buna görə də bu sahə üzrə elmi dərəcələrin təsnifatına da düzəliş edilməsi vacibdir. Bu istiqamətdə artıq az da olsa təcrübə vardır. Belə ki, etnoqrafiya üzrə doktorluq dissertasiyasını müdafiə etmiş mütəxəssisə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "antropologiya üzrə elmlər doktoru” elmi dərəcəsi verilmişdir.
Göründüyü kimi, arxeologiya və etnoqrafiya elmləri arasında həm xronoloji, həm də tədqiqat istiqamətləri, tədqiqat üsulları baxımından heç bir bağlılıq yoxdur və bunlar tam fərqli sahələrdir. Məsələn, hazırda Arxeologiya və Etnoqrafiya İnstitutunda araşdırılan yüz min illər öncə paleolit dövrü ibtidai insanlarının hazırladığı daş alətlərin texniki-tipoloji xüsusiyyətlərinin tədqiqi ilə XIX-XX əsrlərin məişəti və ya 4-5 min il bundan əvvəlki tunc dövrünün kurqanlarının qazıntıları ilə XIX-XX əsrlərin şəhər sənətkarlığı mövzuları arasında hansı əlaqədən söhbət gedə bilər? Belə misalların sayı onlarladır. Buna görə də arxeologiya və etnoqrafiya elmlərinin bir institutda, bir elmi şurada və bir dissertasiya şurasında qalması elmin müasir tələblərinə tamamilə ziddir. Belə bir vəziyyət həm də hər iki elm sahəsinin inkişafına mane olan amildir. Əlbəttə, bir sıra arxeoloji tapıntıların interpretasiyasında etnoqrafik materiallara müraciət edilir. Lakin bu, hər iki elm sahəsinin bir institutda birləşdirilməsinə əsas vermir.
Müasir dövrdə yalnız keçmiş SSRİ-nin bəzi geridə qalmış ölkələrində, məsələn, Ermənistan Elmlər Akademiyasında Arxeologiya və Etnoqrafiya İnstitutu, Tacikistan Respublikasının Elmlər Akademiyasında Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu mövcuddur. Türkmənistan Elmlər Akademiyasında isə Arxeologiya və Etnoqrafiya İnstitutu 2009-cu ildə yaradılmışdır. Əlbəttə, istər mədəni-iqtisadi, istərsə də elmin vəziyyəti baxımından, Azərbaycan Respublikası bu ölkələrlə müqayisə edilməyəcək dərəcədə yüksək inkişaf səviyyəsindədir. Hazırda inkişaf etmiş Avropa ölkələrindən əlavə, keçmiş SSRİ-nin Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan kimi ölkələrində də ayrıca Arxeologiya İnstitutu fəaliyyət göstərir. Bu elm sahələri üzrə Azərbaycanın, nisbətən geridə qalmış ölkələrlə bir sırada qalması elmimizin yüksək göstəricisi deyil. İndi biri-birindən ayrı Arxeologiya, Etnologiya və Antropologiya İnstitutlarının yaradılması üçün AMEA-nın həm lazımi elmi potensialı, həm də islahat yönümlü fəaliyyət iradəsi vardır. Bu institutların təşkili həmin sahələr üzrə daha səmərəli elmi fəaliyyət üçün şərait yaradacaqdır. Ən əsası isə odur ki, belə institutların yaradılması üçün böyük məbləğdə əlavə dövlət vəsaitinin sərf edilməsinə ehtiyac yoxdur.
İctimai elmlər sahəsində məhz arxeologiya multidissiplinar tədqiqatların aparılması üçün daha geniş imkanlar yaradır. Arxeologiyanın etnoqrafiyadan daha çox geologiya, kimya, botanika, zoologiya və s. dəqiq elmlərlə sıx əlaqələri vardır. Belə ki, arxeoloji qazıntılar zamanı abidənin yerləşdiyi sahənin və aşkar edilmiş daş alətlərin, bir sıra mineralların geoloji xüsusiyyətlərinin araşdırılmasında geoloq mütəxəssislərin bilik və təcrübəsindən istifadə etmək lazım gəlir. Geoloji qazıntılar zamanı mədəni təbəqənin aşkar edilməsi faktları da məlumdur. Bütün bunlar həm də arxeoloji abidələrə təsir göstərən təbii-fiziki prosesləri tədqiq edən "geoarxeologiya” adlı multidissiplinar istiqamətin yaranmasına səbəb olmuşdur.
Arxeoloji qazıntılar zamanı aşkar edilmiş bir sıra tapıntıların – qədim metal nümunələrinin kimyəvi analizləri əsasında onların tərkibi barədə, eyni zamanda orqanik qalıqların radiokarbon analizləri ilə abidənin yaşı barədə dəqiq məlumatlar əldə edilir. Hər bir dövrün metal məmulatının kimyəvi tərkibi müxtəlifdir və yalnız bu analizlər nəticəsində tarixi-analitik təhlillər aparmaq mümkündür.
Bundan başqa, arxeoloji qazıntılar zamanı aşkar edilmiş bitki qalıqları əsasında paleobotanik araşdırmalar aparılır, həmin bitkilərin növləri müəyyənləşdirilir, bunun əsasında arxeoloji abidənin əmələ gəldiyi qədim dövrün müəyyən mərhələsində bölgənin bitki örtüyü və iqlimi barədə informasiya əldə edilir. Eyni zamanda, qazıntılar nəticəsində minlərlə heyvan sümükləri – osteoloji qalıqlar aşkar edilir. Bu heyvan sümüklərinin paleozooloji (və yaxud arxeozooloji) tədqiqatları müəyyən arxeoloji mərhələdə yayılmış heyvan növlərini müəyyən edir.
Arxeoloqlar məhz paleobotanik və paleozooloji tədqiqatların nəticələri əsasında qədim dövrlərin müəyyən mərhələlərində maddi istehsalın, müxtəlif təsərrüfat sahələrinin - əkinçilik, maldarlıq və ovçuluğun tarixi barədə daha düzgün mülahizələr yürütmək imkanı əldə edirlər.
Arxeologiyada multidissiplinar araşdırmalardan bəhs edərkən çox mühüm bir sahəni – paleoantropoloji (burada fiziki/bioloji antropologiya nəzərə tutulur) tədqiqatları qeyd etmək lazımdır. İslamaqədərki qədim qəbir abidələrinin arxeoloji qazıntıları zamanı ( arxeologiyada müsəlman qəbirləri əgər onların köçürmə və başqa problemləri yoxdursa, bir qayda olaraq qazılmır) aşkar edilmiş insan sümükləri üzərində antropoloji tədqiqatlar aparılır, həmin insanların qida rasionu, keçirdikləri xəstəliklər, ölüm səbəbləri və s. problemlər müəyyənləşdirilir. Bundan əlavə, qədim insanların kəllə sümükləri əsasında onların antropoloji tipi müəyyənləşdirilir ki, bu da etnogenez tarixinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir.
Abidədə qazıntı aparmış, maddi mədəniyyət nümunələrini, qədim insan və bitki qalıqlarını, heyvan sümüklərini və s. aşkar etmiş arxeoloq abidənin ümumi xüsusiyyətləri, mədəni mənsubiyyəti ilə yanaşı məhz bütün yuxarıda qeyd edilən multidissiplinar tədqiqatların nəticələri əsasında, qədim tarixin konkret mərhələsi ilə əlaqədar dolğun təhlillər apararaq düzgün nəticələr əldə edir.
Bir sözlə, multidissiplinar araşdırmalar aparmadan Azərbaycan arxeologiya elminin gələcək inkişafını təsəvvür etmək çətindir. Yuxarıda qeyd edilən arxeologiya ilə bağlı multidissiplinar sahələr respublikamızda lazımi səviyyədə inkişaf etmədiyindən bu istiqamətdə beynəlxalq əlaqələrin genişləndirilməsi vacibdir. Doğrudur, son on ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Almaniya, Fransa, Cənubi Koreya, Yaponiya, İtaliya və s. ölkələrin alimləri ilə birgə arxeoloji qazıntılar aparırlar. Bütün bunlarla yanaşı, qazıntılar zamanı aşkar edilmiş nümunələr əsasında multidissiplinar tədqiqatların genişləndirilməsinə xüsusi diqqət yetirilməlidir. Ayrı-ayrı elmi mərkəzlər müəyyən sahələr üzrə daha böyük nüfuza malikdirlər. Məsələn, qədim metallurgiya problemləri üzrə daha geniş tədqiqatlar aparan elmi mərkəz Almaniyanın Bohum şəhərindədir (laboratory for Archaeology and Material Sciences, DBM, Bochum, Germany). Dünyanın bir sıra ölkələrində radiokarbon analizlərin aparıldığı laboratoriyalar fəaliyyət göstərir. Lakin Mayami (ABŞ) Beta Analitik Radiokarbon Dövrləşdirilməsi Laboratoriyasında (Beta Analytic Radiocarbon Dating Laboratory)
bu istiqamətdə daha sanballı tədqiqatlar aparılır və daha düzgün nəticələr verilir.
Əlbəttə, bütün bu beynəlxalq elmi qurumlarla multidissiplinar araşdırmalar istiqamətindəki əlaqələr hazırkı tədqiqatlara dəstək verilməsi ilə yanaşı, gələcəyə hesablanmış layihələr çərçivəsində həyata keçirilməlidir. Respublikamızın gənc tədqiqatçılarının bu ölkələrin elmi mərkəzlərində təhsil alması və elmi təcrübə toplaması həmin sahələrin Azərbaycan elmində inkişafına zəmin yaradacaqdır.
Nəcəf Müseyibli
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun
elmi işlər üzrə direktor müavini,
tarix elmləri doktoru
banner

Oxşar Xəbərlər