“Axsaq atlar”ın “kor nalbənd”i

“Axsaq atlar”ın “kor nalbənd”i

Cəmiyyət
06 Noyabr 2019, 12:25 1109
Bundan sonra Əli Kərimlinin müalicəsi ilə Əli İnsanovun özü məşğul olacaq?
 
Gözlənilirdi. Gözlənilirdi ki, ən sonda bu çöpdən – "saman çöpü”ndən yararlanacaqlar. Hər üsula əl atdılar, hər təxribatdan yararlandılar, amma xalqdan dəstək ala bilmədilər. Nəhayət, axırıncı yola varid oldular. Xalqın çoxdan imtina etdiyi, qatı korrupsioner kimi tüpürdüyü Əli İnsanova möhtac oldular. Təfəkkür çatışmazlığı aşkar sezilir radikal müxalifətdə. Əslində təfəkkürləri əl versəydi belə, yenə də axırıncı yola getməli olacaqdılar. Çünki sifarişçiləri bunu tələb edir: Köhnə korrupsioneri də özünüzə qoşun. Bəkə o, "axsaq atlar”ı yönəldə bildi. Amma "axsaq atın kor nalbəndi olar” deyib atalar.
 
Əli İnsanovun siyasi cəhətdən kor olduğunu bir neçə dəfə qətiləşdirib xalq. Bir dəfə təmsil olunduğu hakimiyyətə xor baxdı, korrupsiyaya bulaşdı, xarici qüvvələrlə əlbir oldu. Uzun müddət həbsdə qaldı bu siyasi korluğuna görə. Amma bu müddətdə özünün müalicə edə bilmədi. Baxmayaraq ki, ixtisasca həkimdir. Həbsdən çıxdı. Və yenə də "kor” olduğunu nümayiş etdirdi.
 
Siyasi korluğuna yaraşan açıqlamalar verdi, amma dəstək görmədi kimsədən. Çünki axsaq olan kimsə tapa bilmədi cəmiyyətdə. Radikal müxalifətdən savayı. Əlləri hər yerdən üzülənlər axsaya-axsaya qaçdılar "kor nalbənd”in yanına. Guya bu nalbənd onların axsaqlığını müalicə edəcəkmiş. Guya bundan sonra onlar dimdik gəzəcəkmişlər, guya bundan sonra "axsaq” olduqları hiss edilməyəcəkmiş və xalq onları dəstəkləyəcəkmiş.
 
Dəyirmi masada oturublar. Allahın işinə bax ey, necə alınıbsa, ikisi yanaşı oturublar. Yəqin ki, birinin "siyasi axsaq”, birinin də "siyasi kor” olması öz işini görüb. Əli İnsanovla İsa Qəmbəri deyirik ey. O Əlini ki, İsaya "faşist” demişdi. İndi o faşist”in əlini sıxıb. Yəqin ki, İnsan(ov)lığı oyanıb. Fikirləşib ki, o "axsaq”, mən "kor”, bundan sonra nə hap-gop...
 
Hələ o biri Əlini demirik. Kərimlini. Biri "siyasi kor”, biri də "siyasi axsaq”. Gəl indi bunları cütləşdir, sonra da sağlam müxalifət arzula.

Hətta bu cütləşmədən sağlam müxalifət arzulamaq belə axmaqlıqdır. Cütlüyün "törəməsi”nin yaranmadan öləcəyi də dəqiqdir. Sadəcə, molla lazımdır ki, fatihə versin. Mollaya görə narahat olmağa dəyməz. İşlərini ehtiyatlı tutublar. Molla Mehman Əliyev yanlarındadır. Bir vaxtlar İbrahimbəyovun yanında oturub fatihə verirdi, dua oxuyurdu. Duası müstəcəb olmadı deyəsən. Molla üçün nə fərqi var ki, kimin yanında oturub fatihə verir, yasin oxuyur. Sadəcə, can verən olsun, ya da ölən. Vəssalam. Hazırdırlar. "Siyasi axsaqlar” "kor nalbənd”in yanına gediblər. Pənah umurlar. Ölməyəcəklərini, siyasi səhnədə sağ qalacaqlarını güman edirlər. 

Amma gümanları da "ölüdür”. Can verdiklərinin fərqində də deyillər. Bəs molla Mehman Əliyev nəyi gözləyir? Gözləyir ki, canları tam çıxsın, sonra yasin oxumağa başlasın? Olmaz belə. Can verən, yasin səsini eşitsə yaxşı olar. Mehman Əliyev, nəyi gözləyirsən, başla yasinə. Arda İbrahiməyovun da ruhuna salavat çevir.  
 
F.Abasoğlu