• cümə, 26 Aprel, 17:25
  • Baku Bakı 23°C

Avropa qiyafəli Şərq oğlu

01.11.18 10:30 840
Avropa qiyafəli Şərq oğlu
Onun adı Naxçıvanın yetirdiyi görkəmli şəxsiyyətlər arasında öz ölkəsinə, vətəninə və millətinə böyük şöhrət gətirən nadir şəxsiyyətlərdən biri kimi çəkilir. "Sahib-mənsəb ziyalılar yurdu” kimi tanınan qədim Şahtaxtının məşhur yetirmələrindən, görkəmli simalarından olan bu şəxsiyyət görkəmli maarifçi, publisist, alim, milli ziyalı kimi çox böyük bir şöhrətə malikdir. Onun haqqında həmişə qürurla, iftixarla bəhs edirlər... O şəxsiyyət ki, "millətinin canlı heykəli” kimi şöhrətlənib, dövrünün görkəmli elm adamlarından biri, məharətli diplomat, publisist və Azərbaycan siyasi publisistikasının banisi, naşir və sonradan "Qeyrət” adlanan məşhur mətbəənin sahibi, "Şərqi-rus” qəzetinin redaktoru, cəfakeş jurnalist, Azərbaycanın ilk universiteti olan Bakı Dövlət Universitetinin yaradıcılarından və onun ilk professorlarından biri, poliqlot, əlifba islahatçısı kimi nəhəng ziyalılıq siması ilə tanınmışdır.
...1846-cı ildə Naxçıvanın Araz yaxınlığında "Naxçıvanın elm və mədəniyyət mədrəsəsi” kimi qiymətləndirilən Şahtaxtı kəndində bəy ailəsində doğulub. O, ilk dəfə Avropa təhsili almış, hərtərəfli dünyagörüşə və biliklərə malik olmuş nadir şəxsiyyətlərdən biridir. Söhbət, adı hər zaman böyük hörmətlə çəkilən Məhəmmədağa Məhəmmədtağı Sultan oğlu Şahtaxtılıdan (1846-1931) gedir. O adamdan ki, hələ 14 yaşından - 1860-cı ildən başlanan Tiflis həyatı və gimnaziya təhsili, 1865-ci ildən Peterburq həyatı, 1871-ci ildən 1873-ci ilə qədər Almaniyada Leypsiq həyatı və təhsili, 1873-cü ildən 1875-ci ilədək Fransada Paris həyatı və təhsilini təkmilləşdirmə dövrü, onu gələcəyin mötəbər bir şəxsiyyəti kimi yetişdirmişdir. Hələ Avropada olarkən Almaniyada, xüsusilə Fransada nəşr etdirdiyi əsərlər və məqalələr, onun yetkin bir şəxsiyyət və ziyalı kimi tanınmasına şərait yaratmışdır.
Bu görkəmli şəxsiyyətin Azərbaycan milli mətbuatının inkişafında da müstəsna xidmətləri olmuşdur. Məhəmmədağa Şahtaxtılı 1896-cıildə Azərbaycandilində "Tiflis”adlıqəzetnəşr etdirmək istəmiş, amma buna icazəverilməmişdi.Bundansonra o, birneçəil"Moskovskiye vedomosti”, "Novoyevremya”, "Kafkaz”kimi rusdillimətbuat orqanları ilə əməkdaşlıqetmiş,hətta buqəzetlərinİstanbulmüxbirikimi də fəaliyyət göstərmiş, Türkiyədə çap olunan "Stambul” (fransız dilində) və "Əxtər” (fars dilində) qəzetlərində, "Şərq ədəbiyyatı” jurnalında elmi və publisist məqalələrlə "Mehmet bəy” imzası ilə çıxış etmişdir. MəhəmmədağaŞahtaxtılı o zaman Bakıda rus dilində nəşr olunan "Kaspi”də də çalışmış (1891-1919), hətta üç ay ərzində (iyun-avqust) bu qəzetin müvəqqəti baş redaktoru da olmuşdur. M.Şahtaxtılı "Kaspi” vasitəsilə Azərbaycan mövzusunu gündəmə gətirmiş, məşhur "Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” adlı məqaləsini nəşr etdirmişdir. 1920-ci illərdə isə Cəlil Məmmədquluzadənin redaktorluğu ilə yeni əlifba ilə nəşrə başlayan "Yeni yol” qəzetində də məqalələr çap etdirmiş, burada əsasən əlifba məsələləri ilə bağlı dəyərli məqalələrlə çıxış etmişdir. Azərbaycan jurnalistikası və mətbuatının qocaman simalarından olan Məhəmmədağa Şahtaxtılı, ümumiyyətlə, dövrün "Ziya”, "Kaspi”, "Tiflisskiy listok”, "Novoye obozreniye”, "Kafkaz” və digər mətbuat orqanlarında fəal iştirak etmişdir. Məhəmmədağa Şahtaxtılıyerli mətbuat orqanlarında daha çox "Qəzetnəvis”,xaricimətbuat orqanlarındaisə"Mehmetbəy”imzası ilə çıxışetmişdir. Mətbuatın siyasiləşdirilməsi, siyasi publisistikanın yaranması və mətbuatın ümumxalq maraqlarına, istiqlal və milli hüquqlara xidmət etməsində onun və baş redaktoru olduğu "Şərqi-rus” qəzetinin xidmətləri misilsiz olmuşdur. O, Azərbaycan mətbuat tarixində siyasi publisistikanın banisi olduğu kimi, ilk dəfə silsilə məqalələr yazmaq ənənəsinin də əsasını qoymuşdur. Onun "Hər gün bir az” başlıqlı 56 məqaləsi Azərbaycan mətbuatı tarixində silsilə məqalənin ən yaxşı nümunəsi hesab edilir.
Azərbaycan milli mətbuatı tarixində "Əkinçi”dən sonra yalnız 1903-cü ildə nəşrinə nail olunan "Şərqi-rus” qəzeti Azərbaycan dilini mətbuatın dilinə çevirməyə müvəffəq olmuşdur. Məhəmmədağa Şahtaxtılı və onun məsləkdaşlarının birgə səyi ilə ana dilində nəşr olunan bu mətbu orqan xalqın mənafeyi naminə bir çox uğurlara imza atmışdır. İctimai-siyasi, iqtisadi, elmi, ədəbi mövzularda çıxış edən "Şərqi-rus” qəzeti Tiflisdə Azərbaycan dilində, həftədə 3 dəfə çıxırdı. İlk nömrəsi 1903-cü il martın 30-da, sonuncu nömrəsi isə 1905-ci il yanvarın 15-də çıxan, 2 ilə yaxın bir müddətdə çap olunan qəzetin cəmi 392 nömrəsi çıxıb. Qəzetin həm də Bakıda1905-ci ilin əvvəllərində ""Şərqi-rus”un "Teleqramları” adlı axşam xəbərlərinin bir neçə sayı da çapdan çıxmışdır ki, ona da redaktorluğu görkəmli publisist, alim, naşir Məhəmmədağa Şahtaxtılı etmişdir. Son 45 nömrənin redaktoru isə ədibin yaxın dostu və silahdaşı, görkəmli publisist və ədib Cəlil Məmmədquluzadə olmuşdur.1904-cü ildən gündəlik çap edilməyə başlayan "Şərqi-rus” qəzeti milli mətbuatçılıq sahəsində özünəməxsus nailiyyətlərlə yadda qalmışdır.
Məhəmmədağa Şahtaxtılı, dövrünün, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, Ö.F.Nemanzadə, H.Cavid, M.S.Ordubadi, Ə.Qəmküsar, Ə.Nəzmi və başqa görkəmli ziyalılarını ətrafında toplayaraq, mətbuatı milli maraqlara xidmət vasitəsinə çevirmişdir. Onun uğurla başçılıq etdiyi qəzetdə ana dili ilə bağlı islahatlar, qadın azadlığı, hicab (örtük) məsələsi, maarifin yayılması, məktəblərdə təhsil sisteminin inkişaf predmetləri və sair məsələlər əsas mövzunu təşkil edirdi. Ümumiyyətlə, qəzetin əsas məqsədi türk-müsəlman xalqlarını maarif və mədəniyyətə cəlb etməkdən ibarət olmuşdur. Deyildiyi kimi, ümumən, qəzetdə Azərbaycan probleminə, azərbaycanlıların maariflənməsi və dirçəlişi məsələsinə üstünlük verilirdi. Qəzetin məqsədi, məramı və iş prinsipi ilə bağlı redaktoru M.Şahtaxtılı belə yazırdı: "Qəzeti gündəlik etdik. ...Amma nə etməli, işləməli ki, müsəlmanlar (yəni azərbycanlılar – R.Q.) da heç olmazsa, ... mədəni qövmlər kimi yaşaya bilsinlər. Yəni yerlərindən qalxanda bizim canımız, sinirlərimiz, beyinlərimizlə hazırlanan "Şərqi-rus” nömrəsini ələ alıb, dünyanın o günkü vüquatına öz dillərində asanlıqla, gülə-gülə, çay içə-içə ettela kəsb etsinlər”.
Görkəmli publisistin naşiri və redaktoru olduğu "Şərqi-rus” qəzeti həm də xalqa türklük şüurunun aşılanması, türkçülük ideyalarının təbliği ilə müntəzəm məşğul olmuşdur. Fransada kitab halında nəşr etdirdiyi "Türkiyəni necə xilas etməli?” əsəri, habelə Fransa mətbuatında çap etdirdiyi "Əlifba və mədəniyyət”, "Biz nə haqda düşünürük?”, "Şərq böhranı” kimi məqalələri ilə özünü yetkin bir Avropa düşüncəli Şərq ziyalısı kimi tanıtdırmış, həmçinin mənsub olduğu xalqın, regionunun problemlərini də Avropa ictimaiyyətinə çatdırmağa müvəffəq olmuşdur. Onun "Qafqaz” qəzetində nəşr etdirdiyi silsilə "Konstontinopoldan məktublar” məqaləsi, habelə "Müsəlmanlarda məktəb həyatı”, "Novoye obozreniye” qəzetində nəşr etdirdiyi "Konstitusiya və müsəlmanlar”, "Mirzə Melküm xan” məqalələri, həm də 1879-cu ildə rus dilində nəşr etdirdiyi "Təkmilləşdirilmiş müsəlman əlifbası” kitabı həm müsəlman aləmi üçün vacib problemləri, inkişaf və dirçəlişin yolları haqda düşüncələrini, məktəb və yeni əlifbanın zəruri vasitəyə çevrilməsi ehtiyacını ifadə etmiş, həm də Osmanlı Türkiyəsinin ictimai-siyasi vəziyyəti, onun problemləri və çıxış yolları haqda təəssüratlarını əks etdirmişdir. Məhəmmədağa Şahtaxtılı ilk dəfə xalqımızı mətbuatda "azərbaycanlı” adlandıran ilk azərbaycançı alim və ziyalılardan biridir.
Xalqımızın görkəmli oğlu Məhəmmədağa Şahtaxtılı Azərbaycan ictimai-mədəni və elmi fikir tarixində həm də "ilk azərbaycanlı professor” kimi də böyük şöhrətə malikdir. Ölkəmizin ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində uzun müddət müəllim kimi fəaliyyət göstərmiş Məhəmmədağa Şahtaxtılı, bu ali təhsil ocağının ilk professorlarından da biri olmuşdur. Burada şərqşünas kimi çalışan Məhəmmədağa Şahtaxtılıya məhz bu sahədəki fəaliyyətinə görə, universitetin Elmi Şurası professor elmi adını vermişdir. Məhəmmədağa həm də poliqlot alim kimi şöhrət qazanmış bir ziyalıdır. O, ərəb, fars, rus, ingilis, fransız dillərini, ümumiyyətlə isə 7 xarici dili mükəmməl bilib. Məhəmmədağa o ziyalılardan idi ki, həm Avropa mədəniyyəti, dəyərləri və biliklərini Azərbaycan reallığına gətirmişdi, həm də Azərbaycan reallıqlarını və dəyərlərini Avropada müvəffəqiyyətlə təmsil və təbliğ etmişdi. Haqqında akademik İ.Həbibbəylinin də bəhs etdiyi kimi, o, Avropalılar üçün tanınmış "şərq mənşəli siyasətçi”, ruslara görə, millətinin cəsarətli müdafiəçisi, Azərbaycan baxımından isə "Avropa qiyafəli Şərq oğlu idi: "Bu nəhəng şəxsiyyətin Azərbaycana Qərb maarifçiliyi ənənələrini gətirmək, doğma xalqını Şərq fanatizmindən xilas etmək, Qərblə Şərqi yaxınlaşdırmaq kimi böyük vəzifələrin həyata keçirilməsinə təkbaşına etdiyi xidmət, həmin amala ömür sərf etmiş bütöv bir ziyalı nəslinin fəaliyyətinə bərabərdir”.
Məhəmmədağa Şahtaxtılının Azərbaycan elmi, ədəbi və ictimai fikir tarixindəki mühüm xidmətlərinə görə, dövlət səviyyəsində xatirəsi həmişə əziz tutulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Görkəmli ictimai xadim, publisist və maarifçi Məhəmmədağa Şahtaxtılının anadan olmasının 160 illiyinin qeyd olunması və xatirəsinin əbədiləşdirilməsi haqqında” 27 fevral 2006-cı il tarixli Sərəncamı da görkəmli ziyalının xidmətlərinə göstərilən dövlət qayğısı və ehtiramın bariz bir nümunəsidir. Məhz bu sərəncam işığında Naxçıvanda yaşayan elm adamları və ziyalılar tərəfindən fikir adamının həyat və yaradıcılığı yenidən araşdırma obyekti olmuş, ilk dəfə görkəmli ədəbiyyatşünas alim, akademik İsa Həbibbəylinin tərtibçiliyi ilə seçilmiş külliyyatından ibarət "Seçilmiş əsərləri” çap olunmuşdur. Həmçinin Naxçıvan şəhərindəki Kitab Evinə Məhəmmədağa Şahtaxtılının adının verilməsi bu görkəmli fikir adamı və ziyalıya ehtiramın məntiqi ifadəsi kimi razılıq doğurur. "Naxçıvan” jurnalının xüsusi buraxılışının maarifçi ziyalıya həsr olunması və AMEA Naxçıvan Bölməsində "Məhəmmədağa Şahtaxtılı: taleyi və sənəti” kitabının da dövlət qayğısı ilə çap olunması, görkəmli şəxsiyyətin həyatı, fəaliyyəti və irsinin öyrənilməsi və təbliği baxımından diqqətəlayiqdir. Akademik İsa Həbibbəylinin böyük zəhməti ilə çap olunan "Məhəmmədağa Şahtaxtlı. Seçilmiş əsərləri” (I cild) kitabında, onun əsərlərinin bir hissəsi toplanmışdır. Bu gün Şahtaxtinskilərin doğma dədə-baba yurdu olan Şahtaxtı kəndində kütləvi ziyarət yerinə çevrilən Şahtaxtinskilər muzeyi də dövlət səviyyəsində verilən qiyməti və göstərilən ehtiramı aydınlığı ilə təzahür etdirir.
Məhəmmədağa Şahtaxtılı milli jurnalistikamızın inkişafına öz layiqli töhfələrini vermiş, redaktorluq etdiyi "Şərqi-rus” qəzeti isə Azərbaycan mətbuatının inkişafında özünəməxsus xidmətləri ilə yadda qalmışdır.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru, dosent
banner

Oxşar Xəbərlər