• çərşənbə, 08 May, 20:10
  • Baku Bakı 18°C

Araz çayı və Xudafərin körpüsü sahillərinin qanlı günləri

18.09.18 11:37 4339
Araz çayı və Xudafərin körpüsü sahillərinin qanlı günləri
İşğalçı çar Rusiyasının Qafqaz Hərbi Dairəsinin Hərbi-topoqrafik şöbəsinin 1903-cü ildə tərtib etdiyi Cənubi Qafqazın ictimai-siyasi xəritəsinə əsasən, 1867-ci ildə Azərbaycanın inzibati ərazisində yaradılmış Cəbrayıl (Qaryagin) qəzasının (mərkəzi Qarabulaq, indiki Füzuli şəhəri olmaqla) sərhədləri daxilində 1200 kv.km-ə qədər sahə (100-ə qədər yaşayış məntəqəsi) mövcud olmuşdur. Təbii sərhədləri əsasən şərq hissədə Qarabağ düzü, Örənqala qədim şəhər qalıqlarından Araz çayı qırağındakı Qaradağlı kəndinədək istiqamətdə, qərbdə isə Həkəri çayının sol sahilindəki Xəndək kəndindən Şərifan kəndinədək olan xətt üzrə keçməklə, şimaldan Ziyarət dağı (2478 m) boyunca Mil düzünədək uzanmışdır. Qəzanın əlverişli təbii-coğrafi şəraiti onun strateji hərbi-siyasi yükünü xeyli dərəcədə artırmış (Cənubi Azərbaycanla birbaşa əlaqənin Xudafərin körpüsü ilə həyata keçirilməsi, Qarabağın dağlıq hissəsinin Araz çayı ətrafı bölgələrə geniş açılması, qonşu Zəngəzur və Naxçıvan qəzalarına sərbəst keçid, körpü rolunu oynaması) və tarixən düşmən hədəfinə tuş gəlməsinə səbəb olmuşdur (keçmiş qəzanın tərkibinə daxil olan ərazilər hazırda Qubadlı, Cəbrayıl və Füzuli rayonlarının inzibati-ərazi bölgüsü daxilindədir).
Bu baxımdan hay-daşnak, rus-bolşevik və ingilis-fransız birləşmiş silahlı qüvvələrinin 1918-1920-ci illərdə Cəbrayıl qəzasına qanlı hücumlarının bir məqsədi də dinc sakinlərin qətliamını - soyqırımını keçirməklə, əhalinin kütləvi ərazi tərk etməsinə nail olmaqla yanaşı, qonşu nahiyələrdə də qorxu-vahimə yaratmaq və mənfur xislətlərini həyata keçirmək idi. Ümumilikdə Cəbrayıl, Şuşa və Cavanşir qəzalarında 21 kənd məhv edilmiş və 8-10 minə qədər insan qətlə yetirilmişdir.
Bu faktlar o dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.M.Mixaylovun (1867-1920) hesabatlarında, eləcə də tədqiqatçı-publisist Nazim Tapdıqoğlunun "Azərbaycan faciələrinin təqvimi (hər bir azərbaycanlı üçün yaddaş kitabı)” əsərində (Bakı, 2010) əks olunmuşdur.
Cəbrayıl qəzasının daha çox qətliama məruz qaldığı yaşayış məntəqələri sırasında Məzrə, Sirik, Qışlaq, Süleymanlı, Şıxlar, Məlikli, Tatar, Balyand, Qaracallı, Doşulu kəndləri olmuşdur ki, bu kəndlər haylar yaşayan kəndlərlə (bu kəndlərin sakinləri XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan və Osmanlı Türkiyəsi ərazilərindən köçürülmüşlər idi) qonşu olmuş, aralarındakı məsafə 5-10 km-ə çatmışdır. 1918-ci ilin dekabr ayında bu kəndlərə başlamış hücumlar 1919-cu ilin yanvar-fevral aylarında xüsusilə amansız xarakter almışdır. Silahlı quldurların 1919-cu ilin fevral ayının 23-də Qarabağın dağlıq hissəsindən Xudafərin körpüsünədək olan əraziləri işğal etmək planının alt-üst edilməsi, ilk növbədə 1919-cu ilin 15 yanvarında yaradılmış Qarabağ Quberniyasının rəhbəri Xosrov bəy Sultanov və qardaşı, el qəhrəmanı Sultan bəyin, eləcə də yerli özünümüdafiə qüvvələrinin igid döyüşçülərinin şücaəti ilə mümkün olmuşdur.
Cəbrayıl rayonu, Yuxarı Məzrə kənd sakini, 83 yaşlı Xanoğlan Təhməz oğlu Əliyevin söylədiyinə görə, o vaxt bu kənddə 35-40 ev olub, əhali sığınacaq məqsədilə Arazqırağı kəndlərə - əsasən Şahvəlli kəndinə (25 km-lik məsafədə) köçmüşlər. Bu kənd hayların yaşadıqları Daşbaşı kəndi ilə (əvvəllər Hadrut rayonuna aid olub, indi Xocavənd rayonu tərkibindədir) qonşu olduğundan əsas hücumlar bu kənddən (orada 45-50 ev vardı) olub.
Qəzanın Qışdağ kəndi ( o illərdə 35-40 ev olub) isə ən çox haylar yaşayan Sur kəndinin (aralarında 1 km məsafə olub) hücumlarına məruz qalıb. Bu cür silahlı basqınlar 1905-1907-ci illərdə də baş vermişdi, o zaman bütün evlər yandırılmış və yerlə-yeksan edilmişdir. Bu kəndin əhalisi qonşu Daşkəsən, Quycaq, Böyük Mərcanlı kəndlərində özlərinə sığınacaq tapmışlar.
Həmin qanlı-qadalı illərin şahidləri olmuş kənd sakinlərindən Hümbət Kərim oğlu Kərimovun (1870-1948), Məmməd Rüstəm oğlu Nəsirovun (1875-1956), Süleyman Əsəd oğlu Səfərovun (1880-1970) bu barədə xatirələri indi də yaddaşlarda.
Fövqəladə Təhqiqat Komissiyasının üzvü N.M.Mixaylovun yazılı məruzəsində Cəbrayıl qəzasının dinc sakinlərinə qarşı törədilmiş soyqırımın, yaşayış məntəqələrinin, tarixi maddi-memarlıq abidələrinin, ictimai xarakterli tikililərinin yerlə-yeksan edilməsində, dağıdılmasında, əhalinin mal-mülkünün qarət edilməsində başlıca rol oynayan silahlı hay quldurlarının adı, soyadı (54 nəfər) və ünvanları (Düdükçü, Kemrakuç, Edilli, Çirakuz, Qoqa, Çanaxçı, Mülkədərə, Dolanlar, Daşbaşı, Zamzur, Ağcakənd Cilan kəndləri) göstərilmişdir.
Qafqaz İslam Ordusunun qalibiyyətli döyüşlərinin sırasında Cəbrayıl qəzası da xüsusi yer tutur. Müzəffər türk döyüşçüləri hay-daşnak və bolşevik-rus qüvvələrini qəzanın müharibə meydanı olan kəndlərində (Sirik, Məzrə, Qışdağ, Balyand, Süleymanlı... Cəbrayıl şəhərində...) darmadağın etməklə, yerli müsəlman-türk soylu əhalinin doğma yurd-yuvalarına və müqəddəs ocaqlarına qayıtmalarını öz canları və qanları bahasına təmin etmişlər. Hərbi qərargahları Cəbrayıl şəhərində yerləşsə də, qanlı döyüşlər qəzanın hər guşəsində getmişdir.
Qafqaz İslam Ordusunun əsgər və zabit heyəti ilə çiyin-çiyinə yerli özünümüdafiə dəstələrinin üzvləri və qəhrəman el döyüşçüləri də düşmənə layiqli cavablar vermiş, onların məhv edilməsində yaxından iştirak etmişlər. Unutmayaq ki, Qafqaz İslam Ordusu gələnə qədər mənfur düşmənlə üzbəüz qalan, silah-sursat baxımından zəif təchiz edilən, lakin onlara layiqli cavab verənlər yerli igidlər olmuşdur. Bu cür qəhrəmanlardan Qışdağ kəndindən Zeynal Məhəmməd oğlu İbişovun (1890-1970), Əlirza Ağamirzə oğlu Bədirxanovun (1888-1968), Məzrə kəndindən Abbas Molla Məhəmməd oğlunun (1855-1929), Quşçular kəndindən Kor Abdullanın, Sirik kəndindən qaçaq Süleymanın və qardaşı Salmanın, qaçaq İsmayılın, Qalacıq kəndindən qaçaq Babaş Cəbrayıl oğlunun (1890-1977), qardaşı Tanrıverdinin, Harovlu kəndindən Qulu Məmmədəliyevin, Əziz Allahyar oğlunun və başqalarının adları hörmətlə çəkilir, xatirələri yad edilir. Türk döyüşçülərdən Ər-Əziz əfəndi isə sonrakı həyatını Cəbrayıl rayonunda keçirmiş və burada ömür-gün sürmüşdür.
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
banner

Oxşar Xəbərlər