• şənbə, 27 Aprel, 08:10
  • Baku Bakı 12°C

Allaha, Vətənə və xalqa xidmət edən Şeyxülislam

26.05.18 09:30 2344
Allaha, Vətənə və xalqa xidmət edən Şeyxülislam
"İrşad” qəzetinin 1906-cı il tarixli 134-cü sayında "Hamımıza dair” sərlövhəli məqalədən oxuyuruq: "Cəhalət bütün bəlaların ümdə səbəbidir. Ona uymayın, amanın bir günüdür. Hamıya məlumdur ki, nə qədər maarifin çıraqları sönürsə, cəhalət çoxalırsa, səfil millət o qədər zillət və zəlalətə səbəb olur... Qeyrət, qardaşlar, qeyrət... Allah eşqinə bir qeyrət edin. O səfalı və pak yaradılmış qəlbinizi alçaq və dini qərəzlərlə məşğul edib, binəva millətin yetim balalarını cəhalət yoluna yaxmayın”. Bu məqalənin müəllifi Axund Molla Puhulla Məmmədzadədir. Təəccüblüdür. Çünki uzun illər Azərbaycanda ruhanilərdən, din xadimlərindən, axundlardan, şeyxlərdən söz düşəndə yadımıza Mirzə Cəlilin "Ölülər”indəki "ölü dirildən” Şeyx Nəsrullah düşüb. Amma nə yaxşı ki, çox az da olsa (barmaqla sayıla biləcək qədər) həmin dövrdə maarifi, yeniliyi, tərəqqini dəstəkləyən din xadimlərimizdə olub. Məsələn, Mirzə Əbu Turab Axundzadə, Axund Mir Məmməd Kərim Mircəfərzadə, Axund Molla Ruhulla Məmmədzadə, Şeyxülislam Axund Molla Ağa Əlizadə kimilər Azərbaycanın görkəmli din xadimlərindəndir. Onlar elm və maarifin təbliğində, dövrün digər ictimai, mədəni, siyasi işlərində yaxından iştirak edərək, cəmiyyət arasında böyük nüfuz sahibi olmuşlar. Bu gün onlardan biri - Şeyxülislam Axund Molla Ağa Əlizadə haqqında məlumat vermək istərdim. O, Ağa Əlizadə ki, Azərbaycanın ilk Şeyxülislamı olub.
Ağa (əsl adı Zeynalabdin - Nəcəfdə oxuyub gələndən sonra ona Ağa Axund deyirlərmiş) 1871-ci ildə Bakının Pirşağı kəndində dünyaya gəlib. Atası Axund Hacı Məhəmməd Cavad xeyirxah, mərhəmətli, zəhmətkeş bir ağsaqqal kimi hörmət-izzət sahibi olub. Övladlarına dini təhsillə yanaşı, dünyəvi təhsil də vermək üçün Pirşağıdan Bakıya köçür. Bakıda ev tikdirir və ailəsi ilə birlikdə burada yaşayır. Oğlu Ağanı ilk olaraq İçərişəhərdəki Məhəmməd məscidinin nəzdindəki mədrəsədə oxudur. Ağa burada ərəb, fars dillərini yaxşı öyrənir. Mədrəsədə təhsili başa vurduqdan sonra atası, Ağanı dövrün tanınmış müəllimi, şair Həsib Qüdsinin yanına aparır və oğluna dünyəvi elmləri öyrətməyi xahiş edir. Ağa burada digər elmlərlə yanaşı riyaziyyat və astronomiyanı öyrənir. Daha çox isə təbabət elminə diqqət yetirir. Əslində təbabətə maraq Ağada hələ mədrəsədə oxuduğu illərdə də özünü büruzə verirdi. Onda bu marağı dayısı, dövrünün tanınmış həkimi Xalıq Axundov yaramışdı. Xalıq Axundov həm də dövrünün tanınmış yazarı idi. O, 1909-1910-cu illərdə nəşr olunan satirik "Zənbur” jurnalının redaktoru olmuşdur. Ətrafda baş verən ictimai-siyasi, mədəni işlərdə yaxından iştirak edərdi.
Hacı Məhəmməd Cavad övladının daha mükəmməl təhsilə yiyələnməsi üçün onu İraqa yola salır. Ağa burada Nəcəf-Əşrəf universitetinə daxil olur. Təhsilini ləyaqətlə başa vuran Ağa Axund rütbəsi alaraq 1896-cı ildə vətənə qayıdır. İçərişəhərdə məhəllə məscidlərindən birinə təyinat alan Ağa, 1903-cü ildə Təzə Pir məscidində Axund kimi fəaliyyətini davam etdirir və 1904-cü ildə Qafqaz Müsəlmanlarının Şiə Ruhani İdarəsinə üzv seçilir. Gənc Axund, Mirmövsüm Ağanın bacısı Zeynəb xanımla evlənir.
A.Əlizadə dini işlərlə yanaşı xeyriyyə işlərinə, maarifin təbliğinə də fikir verir. 1907-ci ildə "Səadət” Müsəlman Ruhani Cəmiyyəti yaradır (Bəzi mənbələrdə bu cəmiyyət Müsəlman Xeyriyyə Cəmiyyəti kimi qeyd edilir). Xeyriyyə işləri ilə məşğul olan Cəmiyyət imkansız, kimsəsiz ailələrin uşaqlarının məktəblərdə, mədrəsələrdə oxumasına yardım edir.
Yeniliyin, insanların azad və rahat yaşamasının tərəfdarı olan Ağa Axund Əlizadə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını böyük ruh yüksəkliyi ilə qarşılayır. "Allah-taalanın buyruqlarını yalnız ölkənin istiqlaliyyəti şəraitində intişar etdirmək olar” deyən Axund, hər gün moizələrində, camaatla söhbətlərində insanları bu gənc respublikanın ətrafında sıx birləşməyə, ona dəstək olmağa çağırırdı. O, ölkənin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi üçün gəncləri orduya getməyə ruhlandırır və xeyir-dua verirdi. 1919-cu ildə Cümhuriyyətin ildönümü münasibətilə keçirilən dövlət səviyyəli tədbirlər ilk olaraq onun xeyir-duası ilə açılırdı. İstiqlaliyyəti "böyük nemət, qənimət” adlandıran Axunda Ağa Əlizadə onun qorunmasını, yaşanmasını təvəqqə edirdi.
Əksər tədqiqatçıların fikrincə Axund öz dini fəaliyyətini, demək olar ki, gənc dövlətin möhkəmləndirilməsinə tərəf istiqamətləndirmişdi. Məhz belə fədakar fəaliyyətinə görə, o, 1918-ci ildə dini etiqad və sosial təminat naziri Musa Rəfibəyovun əmri ilə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri seçilmiş və Şeyxülislam təyin edilmişdi.
... 1920-ci ilin aprelində XI Qırmızı Ordunun Azərbaycanı zəbt və talan etməsi Axundun da nəcib fəaliyyətinə son qoydu. Ölkədə dəhşətli və faciəli bir allahsızlar hərəkatı başladı. Dini idarələr, məscidlər bağlandı, dini mərasimlərə dövlət tərəfindən qadağalar qoyuldu, ruhanilər həbs edildi. Tanrısını tanımayanlar Tanrıya qarşı üsyana qaxdılar... Din əleyhinə aparılan bu kompaniya 1941-ci ilin sonlarına kimi davam etdi. Böyük Vətən Müharibəsinin başlanması istər-istəməz camaatı dininə, məzhəbinə, yaradanına tərəf qaytardı. Hökumət nə qədər ağır cəzalar tədqiq etsə də, alınmadı. Ölkədəki ağır vəziyyət, cəbhəyə yönəlmiş diqqət hökuməti istər-istəməz bu məsələyə "göz yummağa” vadar etdi. Məscidlərin bağlı qapıları açıldı, din xadimlərinin üstündən veto götürüldü. Hətta 1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə fəaliyyətinə 1920-ci ildə xitam verilmiş Qafqaz Müsəlmanları Ruhani İdarəsi bərpa edildi və idarənin sədri seçilməsi üçün Ağa Axund Əlizadənin namizədliyi irəli sürüldü. 1944-cü il mayın 25-də də Qafqaz Müsəlmanları Ruhani idarəsinin birinci qurultayı çağırıldı. Mayın 28-də səsvermə zamanı Ağa Axund Əlizadə yenidən (24 il sonra) Qafqazın Şeyxülislamı seçildi.
Böyük Vətən Müharibəsi qurtardıqdan sonra A.Əlizadə susmadı, o bütün dünyada sülhün carçısı kimi çıxış etməyə başladı. Səsi xarici ölkələrin kürsülərindən eşidildi. Xarici ölkələrdə keçirilən sülh konqreslərinə tez-tez dəvət olunan Axund, sülhün mübariz qoruyucusuna çevrilmişdi. Doğrudur, bu hal heç də SSRİ hökumətinin ürəyincə deyildi. İstəmirdilər ki, xalq dinə, imana gəlsin, dünənini, keçmişini bilsin, öz kökünə-soyuna qayıtsın. Amma artıq ox yayından çıxmışdı. 1952-ci ildə Axund Ağa Əlizadə Vyanada keçirilən sülh konqresinə dəvət alır. Axund 1952-ci ilin may ayında Vyana konqresində Qafqaz müsəlmanları adından məruzə ilə çıxış edərək deyir: "Bütün Qafqaz və dünya müsəlmanlarına, bütün namuslu adamlara üzümü tutaraq deyirəm: sülhü müdafiə uğrunda aparılan müqəddəs işə qoşulun, müharibəyə qarşı öz səsinizi qaldırın”.
1866-cı ildə Mirzə Fətəli Axundovun evində bir məclis keçirilir. Məclisə Azərbaycanın sayılıb-seçilən maarifpərvər, millətsevər ziyalıları, ruhaniləri toplaşmışdılar. Gecənin yarısı məslisi xoş əhval-ruhiyyə ilə tərk edən H.Zərdabi üzünü Tanrıya tutaraq demişdi: "...Şükür sənə, İlahi, çoxalırıq, artırıq! İradəmizin, ağlımızın, gücümüzün bir yerə cəm olması milləti, xalqı cahillikdən xilas edəcək!” Həsən bəyi daha çox sevindirən o idi ki, xalqın maariflənməsinə, tərəqqisinə o gecə Axund Mirzə Əbu Turab, Axund Mir Məhəmməd Kərim Müzəffərzadə, Axund Molla Ruhulla və başqa görkəmli din xadimləri də qoşularaq, öz xeyir-dualarını vermişdilər (Bu məclis haqqında yazıçı Sona xanım Vəliyeva "İşığa gedən yol” romanında çox geniş məlumat verib).
Tarixçi alim Anar İsgəndərlinin "Allaha, vətənə və xalqına xidmət edən Şeyxülislam” adlandırdığı Ağa Axund Əlizadənin xeyirxah, işıqlı əməllərini bu gün yaşadan nəvə-nəticələri var. (AMEA-nın prezidenti Akif Əlizadə Ağa Axund Əlizadənin nəvəsidir). 1954-cü ilin dekabrında dünyasını dəyişən Ağa Axund Əlizadənin Allahı, vətəni və xalqı yolunda etdiyi xeyirxahlıqlar bu gün gənc din xadimlərimizə bir örnəkdir.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər