• cümə axşamı, 18 aprel, 13:39
  • Baku Bakı 22°C

AKILBEK ŞAYAXMET

16.05.16 10:45 1760
AKILBEK ŞAYAXMET

17 iyun 1951-ci ildə Kostanay vilayətinin Jitikarinski rayonunun Zabelovka kəndində anadan olub. Qazaxıstan Dövlət Universitetinin jurnalistika fakültəsini və M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. 1982-ci ildən Kostanay Dövlət Tele-Radio şirkətinin redaktordur. Qazaxıstan Yazıçılar İttifaqı idarə heyətinin üzvüdür.

Axmet Baytursınov adına Kostanay Dövlət Universitetində Qazax və rus filologiyası instututunun direktoru və Jurnalistika fakültəsinin dekanı vəzifələrində çalışıb. Hal-hazırda Kostanay Dövlət Universitetində Media-Mərkəzin direktorudur.İlk kitabı 1977-ci ildə işıq üzü görüb. 25 kitab müəllifidir. "Piramida”, "Mənim orbitim”, "Yer kürəsi bir yüyrükdür” kimi məşhur kitabları ona şöhrət qazandırıb.Akılbek Şayaxmet eyni zamanda Azərbaycan ədəbiyyatının yaxın dostu və ədəbiyyatımızın Qazaxıstanda fəal təbliğatçılarından biridir. Görkəmli şairi anadan olmasının 65 illiyi münasibətilə təbrik edir, ədəbi əlaqələrimizin möhkəmlənməsi yönündə apardığı işlərdə ona uğurlar diləyirik.

Sabir Abdulla

Nurlu Poeziya

Əgər yaradıcı insan özü cəsarətlidirsə, onun yaradıcılığı da yüksəklərdə yer tutur. Yalnız cəsur insanlar ədəbiyyatda uzunömürlü şah əsərlər yaratmağa qadirdirlər. Şairin, yazıçının, bəstəkarın mənəvi dünyası nə qədər zəngindirsə, onun yaradıcılığı da bir o qədər dəyərli və orijinaldır. Belə şairlərdən biri də mənim fenomen şəxsiyyət, istedadlı yazar kimi şəxsən tanıdığım ürək dostum Akılbek Şayaxmetdir.

Biz onunla birgə tələbəlik günlərinin sevincini paylaşmış, imtahanlara eyni otaqda hazırlaşmış, məşhur rus şairi V. Çibinin rəhbərlik etdiyi yaradıcılıq seminarlarında olmuşuq. Altı il onunla bir dəqiqə kimi ötüb keçdi. Sonra isə… Sonra necə deyərlər, hərə öz evinə getdi və bununla da yollarımız ayrıldı. Elə bilirdik ki, həmişəlikdir. Lakin tale əksini göstərdi və bir axşam möcüzə sayəsində bir-birimizi sosial şəbəkdə tapdıq. Tale bizi ayrı-ayrı ölkələrdə olarkən qovuşdurmuşdu. Mən Moskvada idim, dostum Akılbek Şayaxmet isə öz doğma Qazaxstanında. Və bu qədər uzaq olsaq da, eyni zamanda yaxın idik, axı başımız üzərində eyni səma var idi. Yaşayıb, yaradırdıq sevgi və şövq ilə.

Kimi razı salacaqsan gücünlə?

Belə yüngül ağılına tapınma.

Bir addım daha atsan bu kainatda,

Yer dönər qardaşlıq qəbristanına.

Yəqin ki, XXI əsrin – elm və texnikanın tərəqqisi əsrinin adamlarının çoxu belə durumla üzü-üzədir. Bəşəriyyətin taleyinə görə həmişə narahat olan şair öz çarəsizliyini dərk edincə qadir yaradana üz tutur:

Ruhu öz cisminə sığmaz övlada

Bir az dərrakə ver, sən ey Yaradan.

Daim həyəcanlı dünya. Hara baxırsan ancaq yalan və təəssüf... "Bədənin ruha məhbəs olduğu” anda nə demək olar... Öz ürək ağrılarını şair "Kor haqqında ballada”da izhar edir. Daim narahatlıq içində olan yer üzündə yaşamağa davam edən şair ulduzlu səmaya üz tutur:

Bəyaz üfüqlərdə səyahət edib,

Mən öz sahilimi tapmaq istərəm.

(

Bəyaz üfüqlərdə səyahət edərək zaman-zaman o gah uşaqlıq illərinə, gah da bu gününə nəzər salır:

Bir də dönüb olmayacam ayaqyalın qaçan oğlan,

Qəlbdə isə titrək işıq hey əriyir dayanmadan.

Şeirlərə keçmişimdən misralar da gələr qonaq,

O keçmiş ki, bir də ora qayıtmaq heç olmayacaq.

Şair ruhu isə hər yerdə və hər zaman nikbindir:

Boyum çatmayana zehnim əl atar,

Ağlım yetişməsə ruhum tez çatar.

Həqiqətən, hər bir insanın həyatında ən önəmli insanlardan birincisi onun anasıdır. Hörmətli oxucu, bütün əziz xatirələrini yada sal və hiss elə, şair ananı necə heyrətlə tərənnüm edir:

Müqəddəs ananın ulduz ürəyi

Parlaq şəfəqlərlə nur yayır göyə.

Daim üfüqlərdə işıq saçır o,

İnsanlar düz yoldan sapmasın deyə.

Şair, publisist, dramatirq Akılbek Şayaxmet yaradıcılığının ən çiçəklənən dövrünü yaşayır. Mən hədsiz dərəcədə sevinirəm ki, böyük poeziyanın böyük şairi və mənim böyük dostum, qarşısında yaradıcılıq uğurları ilə uzun bir yol duran Akılbek Şayaxmet haqqında yazmaq şərəfi mənə nəsib oldu.

Taleyim xalqımın taleyi kimi -

Qarşıma çıxsa da hər necə yollar.

Şeir orbitindən azıb çıxmaram,

Amalım yenə də dəyişməz qalar.

Rus dilindən tərcümə edəni: Aygün Yaşar

Akılbek Şayaxmet

Qazaxstan

Bacara bilsən

Mənim də qəlbimdə qəm var, ay dostum,

Vaxt olur, könlümdən ağlamaq keçir.

Donur təbəssümüm, itir sevincim,

Bağrımın başını tənhalıq didir.

Param-parça olur ürəyim, desən,

Ona dərdimənd ol, bacara bilsən.

Bir səbəb aramam qanlı tutmağa,

Niyə gileylənim taledən, baxtdan?!

Ümidim ağlıma deyir, hey deyir:

Özünə inamı itirmə, toxta.

Vücudum süst düşür, doğranır, desən,

Ona dərdimənd ol, bacara bilsən.

Mənimki gətirmir, ha düşün-daşın,

Qəmli xatirələr məni hey izlər.

Məni şər qüvvələr alır hədəfə,

Sanki oxa dönür zəhərli sözlər.

Çırpınır tələdə ürəyim, desən,

Ona dərdimənd ol, bacara bilsən.

Dosta məktub

Batdıq dəftərxana qovluqlarında,

Vəzifə axtardıq, rütbə düşündük.

Unutduq uşaqlıq çağlarımızı,

Həm parta yoldaşı, həm qonşu idik.

Qaydası ayrıydı köhnə dostluğun,

Birdi çörəyimiz, arzularımız.

Günəşi birlikdə qarşılayardıq,

Bir göyün altında cəmdik hamımız.

Əzəldənmi belə düşünürdün sən,

Yoxsa sənidəmi sındırdı həyat?

Arzular dalınca qoşduğumuzdan

Neçə qış, neçə yay ötübdür, heyhat.

Soraq gözləyirəm səndən boşuna,

Yox, məktubun gəlməz heç ünvanıma.

Yenəmi o qızı düşünürsən sən, -

Yenəmi ürəyin heç tapmır aram?

Çətin heç nə yoxdur əsla ömürdə,

Xatırla, neçə yol odda bişmisən.

Baxıb görərsən ki, bu tələyə sən

Gəlib bilə-bilə özün düşmüsən.

Yazağzı qarı

Göylərdən şəfəqlər ələnir kimi,

Ələnir yerlərə yazağzı qarı.

Öz bəyaz donunu geyinir torpaq,

Göz oxşayır çölün dümağ paltarı.

Qoy yağsın, qar örtsün gen tarlaları,

Ürəyi açılsın əkinçilərin.

Sabah bir zəmidir bol-bərəkətli, -

Xalqın çörəyidir əkin yerləri.

Üfüqdən-üfüqə bəyazlıq sarıb,

Düzlər dönüb olub sanki qar gölü.

Geniş sinəsinə çəkib ayazı,

Sərlib yerlərə Kostanay çölü.

Əgər söyləsələr...

Əgər, söyləsələr "dəyişməmisən”,

Sevin ki, haqqında belə deyirlər.

Haqsız olan zaman üzr istəmisən,

Alnıaçıq olur haqqı bilənlər.

Görməzdən gəlməyib, aldatmamısan,

Qoru ləyaqətlə bu vüqarı sən.

Demək, əməlində doğru olmusan,

Sinəndə təmiz bir qəlb bəsləmisən.

Əgər, söyləsələr "çox dəyişmisən”,

Sevin ki, haqqında belə deyirlər.

Demək, daha müdrik, daha təmizsən,

Demək, dost, qardaşdır bunu deyən də.

Dağıdıb qarşına çıxan sədləri,

Əzabla, sevgiylə önə çıxırsan.

Ömrünü bəzəyib təzadlarıyla,

Həyat səni yıxır, yenə qalxırsan.

Körpə

Elə ki, körpəni ana döşündən

Ayırıb kənara atırlar qəfil,

İçiboş əmzikdən elə yapışır,

Qışqırıb, demir də: "Ana, aman ver!”

Fərqi yox - o körpə oğlan olsun, qız,

Unudur ana kim, ana südü nə...

Dişinə çəkdikcə o boş əmziyi,

Allahın lütfütək qəbul eləyir.

Belədir, hər şeyə can atan insan,

Aldanıb yapışır dünya malına.

Əmziyə öyrəşən körpələr kimi

Atıb həqiqəti, uyur yalana.

Tərcümə edən: İbrahim İlyaslı

banner

Oxşar Xəbərlər