Adını XX əsr Türkiyə incəsənəti tarixinə qızıl hərflərlə yazan azərbaycanlı - Fotolar
XX əsrin əvvəlləri Azərbaycan tarixinin
ağrılı-acılı, tale yüklü səhifələrindən biri olsa da, ölkəmizin mədəniyyəti ilə
bağlı mənzərə tamamilə başqa idi. Bu dövrdə incəsənətimiz, xüsusilə təsviri sənət
sahəsi ənənəvi çalarlarla öz inkişafını davam etdirdir, professional rəssamlıq ənənələri
yaranırdı. Bu ənənələrin yaranmasında sənət fədailərindən Bəhruz Kəngərli, Əzim
Əzimzadə, Şamil Qazıyev, Adil Qazıyev və başqalarının böyük xidmətləri olmuşdur. Qeyd edək ki, həmin gənclərin
arasında elələri də olmuşdur ki, onların yaradıcılığı təkcə Azərbaycan rəssamlığının
inkişafına yox, ölkə hüdudlarından kənara çıxaraq dünya incəsənəti tarixinə də töhfə
vermişdir. O, dövrün gənc rəssamlardan biri olan İbrahim Səfinin yaradıcılığı
bu cəhətdən də diqqəti cəlb edir.
Əvvəlcə Rəhman Səfiyev, sonralar isə İbrahim Səfi
adı ilə tanınan rəssam, 1898-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur
rayonunda, Cəlilkənddə Qafar bəy və Hürnisə xanım Səfiyevlərin ailəsində
dünyaya göz açıb. Səfiyevlər əsilli, nəcabətli nəslin nümayəndələrindən olub.
Bu nəslin kökü Səfəvilərə dayanır. Qafar bəy Səfiyevin altı övladı olub – Kərim bəy, Bədirnisə, Şiəmən,
Mina, Xırdaxanım və Rəhman. Ziyalı insan olan Qafar bəy şer də yazarmış.
Qafar bəy vəfat edəndə ailənin sonbeşiyi Rəhmanın
üç yaşı var imiş. Qafar bəyin digər övladları ata qayğısını, sevgisini görsələr
də, Rəhmanın yaşı az olduğundan, o, bu hisslərdən uzaq olmuş, qardaş və
bacıları ilə birgə qohumların himayəsi altında böyümüşdür. Rəhmanın uşaqlıq illəri
Cəlil Məmmədquluzadənin doğma yurdu olan indiki Cəlilkənddə keçmişdir. O, orta
məktəbi də bu kənddə bitirmişdir. Rəhman və qardaşı Kərim bəy ibtidai, sonralar
ali təhsil alsalar da, bacıları təhsil ala bilməyiblər.
Rəhman Səfiyev orta məktəbi bitirdikdən sonra
seminariyada oxumaq üçün İrəvana gedir. İrəvan Müəllimlər Seminariyasında
oxuduğu illərdə onun rəsmə olan həvəsi daha da artır. Seminariyanı bitirdikdən
sonra ali rəssamlıq təhsili almaq, bu sənətin sirlərinə dərindən yiyələnmək
üçün Rusiyaya gedir. 1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra təhsilini
yarımçıq qoyub geri qayıtmalı olur. Həmin ilin dekabr ayından başlayaraq erməni
quldur dəstələri Naxçıvana, Şərur-Dərələyəz və Ordubad şəhərlərinə basqın edir,
evləri dağıdır, yandırır, minlərlə insanı vəhşicəsinə qətlə yetirir, canlarını
qurtaranlar isə öz yurdlarından didərgin düşürdülər. Vətənin müdafiəsinə qalxan
azərbaycanlıların igidliyi və türk əsgərlərinin qardaşlıq köməyi ermənilərin
bölgəyə sahib olmaq və azərbaycanlıları tamamilə bu bölgədən qovmaq və öldürmək
planlarının qarşısını almışdır. Həmin dövrdə vətənin müdafiəsinə qalxan könüllü
gənclər sırasına Rəhman Səfiyev də qoşulmuşdur. O, Qafqaz-İslam Ordusunun tərkibində,
Zəngəzur döyüşlərində könüllü olaraq ermənilərlə vuruşur. Qafqaz-İslam Ordusu
geri çəkiləndə, o da bu ordunun sıralarında Türkiyəyə gedir və ailəsi ilə əlaqələri
itir. Rəhman, ömrünün sonuna kimi qardaşı Kərim bəyin böyük qızı Zərrux xanım
istisna olmaqla, qohumlarını görə bilmir. Ailənin digər üzvləri Kərim bəyin
himayəsi ilə Bakıya, sonralar Gəncəyə köçür və orada kök salırlar.
Təxminən 1918-ci ildə ürəyi daima sənətlə
döyünən Rəhman, sənətdə özünü tapmaq, arzularını gerçəkləşdirmək, gələcəkdə
layiqli rəssam olmaq üçün Türkiyənin böyük şəhərlərindən birinə, sənaye, ticarət
və sənət mərkəzi olan İstanbula gedir. Qürbət diyarda gənc Rəhmanın həyatı ilk
vaxtlar çox ağır keçir. O, bir qarın çörək qazanmaq üçün tütün fabrikində fəhləlik
edir. Lakin rəssam olmaq arzusu İbrahimi heç vaxt tərk etmir. Bir neçə illik həyat
mübarizəsindən sonra nəhayət, o, İstanbul İncəsənət Akademiyasına daxil olur və
Moskvada yarımçıq qalmış təhsilini burada davam etdirir. O, 1923-cü ildə rəssamlıq
təhsilini başa vurur.
Rəhman Səfiyev təxminən 1940-cı illərdə Türkiyə
Cümhuriyyətinin vətəndaşlığını qəbul edir, ad və soyadını dəyişdirərək rəsmi sənədlərdə
İbrahim Səfi yazdırır. İbrahim Səfi Türkiyədə, həmçinin Azərbaycan da daxil
olmaqla bir çox ölkələrdə ikinci ad və soyadı ilə tanınır və çəkdiyi əsərləri də
bu adla imzalayır. Onun Rəman Səfiyev adı ilə imzalanmış əsəri məlum deyil.
İbrahim Səfinin həyat yoldaşı Yunanıstanın paytaxtı
Afina olan, yunan mənşəli Zaharina adlı xanım idi. Onun övladı olmur. Zaharina
Səfi İbrahim Səfinin vəfatından sonra həyat yoldaşının dostları ilə birgə rəssamın
xatirəsinə həsr olunmuş sərgi təşkil edir. Zaharina xanım doğma yurdu Afinaya,
öz ailəsinin yanına köçür və həyat yoldaşının ən dəyərli, heç vaxt satmadığı,
sevərək qoruduğu tabloları da özü ilə aparır. Sonralar Zaharina xanım maddi
ehtiyac üzündən İbrahim Səfinin ən dəyərli tablolarını satır. Bu tabloların bəziləri
rəssamın yaradıcılığına böyük mənəvi dəyər verən Ənvər Tali tərəfindən, bir neçə
tablonun qarşılığında geri qaytarılır. Digər əsərlərin isə aqibəti naməlum
olaraq qalır.
İbrahim Səfinin Türkiyədəki həyatı onun yaradıcılıq
fəaliyyəti ilə sıx bağlı idi. Yeni əsərlərin çəkilməsi, sərgilərin təşkili, sənət
sirlərinin öyrənilməsi, sənətdə mükəmməlliyə çatmaq, sənət dostları ilə görüşlər,
söhbətlər, yaradıcılıq ezamiyyələri, xarici ölkə səfərləri İbrahim Səfinin həyatının bir parçası idi.
Onun həyatı yalnız sənət gözəlliklərindən, dostları və ömür-gün yoldaşı
Zaharina Səfi ilə paylaşdığı gözəl anlardan ibarət olur.
Rəssam Türkiyədə yüzlərlə sənət əsəri yaratmışdır.
Bu əsərlər Türkiyədə fəaliyyət göstərən muzeyləri, qalereyaları, həmçinin
kolleksiyaları bəzəyən ən dəyərli əsərlər arasındadır. Demək olar ki, əsərlərinin
böyük əksəriyyəti Türkiyə kolleksiyaçılarıdır. Munis Dündar, Erol Bilecik,
Enver Tali, Naci Tərzi və digərləri onun əsərlərini sevərək qoruyan kolleksiyaçılardandırlar.
Erol Bilecik kolleksiyasında yer alan əsərlər arasında onda xüsusi təəssürat
oyadan rəsmin "İxtiyar adam və qış” olduğunu xüsusilə qeyd etmiş, həmçinin bu əsəri
"mənəvi dəyəri ən yüksək olan əsərim” adlandırmışdır.
İbrahim Səfi yaradıcılığı boyunca realist üsluba
sadiq qalsa da, ömrünün sonlarında mücərrəd əsərlər yaratmağa da meyl göstərmişdir.
Bizə onun 4 mücərrəd tablosu məlumdur. Rəssamın əsas sənət ideyası real həyat
hadisələri ilə bağlı idi. Onun əsərləri real olanın təsvirindən ibarətdir.
"İbrahim Səfi realist rəssamdır və ömrünün sonuna
kimi yaradıcılıq ənənəsinə sadiq qalmışdır”. Bu fikir «Türk kültürü» jurnalının
son nömrələrindən birində çap olunmuş, sənətşünas Süleyman Arasoyun «Sənətkar rəssam
İbrahim Səfi» başlıqlı məqaləsində də öz əksini tapmışdır. Sənətşünas qeyd edir
ki, "İbrahim Səfi yaradıcılıq aləminə gəldiyi ilk günlərdən indiyə kimi realizmə
sadiqdir. O, öz yaradıcılıq təcrübəsində dünya incəsənətinin ən mütərəqqi ənənələrini
davam etdirir”.
İbrahim Səfi ensiklopedik yaradıcılığa malik rəssamlardandır.
O, əsərlərini müxtəlif janrlarda – natürmort, portret və mənzərə janrlarında
yaratmışdır. Onun yaratdığı portret qalereyasına yüzlərlə tanış və tanış
olmayan simalar daxildir. Ən dəyərli portretlərindən biri olan Atatürkün
portreti yaradıcılığının şah əsərlərindəndir. Rəssam müxtəlif illərdə Türk
dünyasının böyük lideri Atatürkün obrazına müraciət etmişdir. Rəssamın XX əsrin
60-70-ci illərində yaratdığı "Atatürkün Samsuna çıxışı” və 1975-ci ildə çəkdiyi
"Atatürk” əsərləri xüsusilə diqqətəlayiqdir.
İbrahim Səfi, yaradıcılığı dövründə həm qarışıq sərgilərdə
iştirak etmiş, həm də özünün 100 fərdi sərgisini reallaşdırmışdır. Ömrünün son
20 ilində təşkil etdiyi fərdi sərgisində rəssamın əsərləri sərgi salonunu
dolduracaq qədər çox olmuşdur. 1973-cü ildə İstanbulda, Bəyoğlunda təşkil
etdiyi fərdi sərgidə o, 175 əsərini sərgiləmişdir. Əsərlərin arasında Türkiyə
mövzusuna həsr olunmuş əsərlərlə yanaşı, xarici ölkələrə həsr etdiyi tabloları
da yer almışdır. "Münhendə bir qış mənzərəsi”, "Münhendə stadion və Hols Kirşə”,
"Münhendə axşam”, "Almaniyada Tolsi qəsəbəsi”, "Konkord meydanı Paris” "Münhendə
Hakker Kaller qarşısında”. Bu əsərlərdən məlum olur ki, rəssam hələ 70-ci illərə
qədər Berlin və Hamburqdan sonra Almaniyanın ən böyük üçüncü şəhəri olan
Münhendə, həmçinin Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa, Yunanıstan və
digər ölkələrdə olmuşdur. Məlumdur ki, rəssam ömrünün iki ilini Münhendə
yaşamışdır və həmin əsərlər də onun yaradıcılığının Münhen dövrünə aiddir.
İbarahim Səfi 1955-ci ildən sonra xarici ölkələrdə
sərgi açmağa başlamışdır. Ömrünün iki ilini Münhendə olmaqla, on bir ilini
xarici ölkələrdə yaşamışdır. Rəssamın fəaliyyəti yüksək dəyərləndirilmiş, hökumət
tərəfindən Roma və Vyanaya yaradıcılıq ezamiyyələrinə göndərilmişdir.
1983-cü il görkəmli rəssam İbrahim Səfi ömrünün son
səhifəsi olmuşdur. Son nəfəsinə kimi yaradıcılıq eşqi ilə yaşayan rəssam, ömrü
boyu şan, şöhrət, rütbə dalınca qaçmadı, yalnız fərdi yaradıcılıq fəaliyyəti ilə
məşğul oldu, sənətin zirvəsinə öz yaradıcılığı ilə qalxdı və insanların
sevgisini öz sənəti ilə qazandı. Türk dünyasının görkəmli rəssamlarından biri
olan İbrahim Səfinin palitra və fırça formasında olan başdaşı rəssamın sənətə nə
qədər bağlı bir insan olduğunu səssizcə söyləyir. Həmçinin məzarının sinə
daşında naməlum biri tərəfindən yazılan bir bənd şeirin misraları İbrahim Səfi
sənətinin nə qədər uca olduğunu tam dolğunluğu ilə ifadə edir:
Renkten
ve işıktan bir devdi Safi
Aramadı rütbe, şan, sevdi
Safi
Doyulmaz güzellikte Safi`yi tanımaya
Gönül
gözünüzle bakmanız kafi
Ömrünün sonuna kimi ancaq yaradıcılıqla məşğul olan
görkəmli rəssam İbrahim Səfi XX əsr Türkiyə incəsənəti tarixinə adını qızıl hərflərlə
yazmağı bacaran azərbaycanlılardan biridir. İbrahim Səfinin ölümündən artıq 35
il keçməsinə baxmayaraq, Türkiyədə onun zəngin yaradıcılığına diqqət azalmamışıdır.
Həmişə olduğu kimi bu günün özündə belə böyük rəssamın əsərlərinə təkcə
kolleksiyaçılar deyil, həmçinin sənətşünasların da böyük marağı var.
İbrahim Səfiin yaradıcılığı Azərbaycanda da hər
zaman diqqət mərkəzində olmuşdur. Ölkə muzeylərimizdə onun yaradıcılığını əks
etdirən əsərlər hələ ötən əsrlərdən bu günə kimi qorunmaqdadır. Müxtəlif illərdə
rəssamın həyat və yaradıcılığına həsr olunmuş elmi və publisistik məqalələr də
nəşr olunmuşdur. Azərbaycan muzeylərində İbrahim Səfi yaradıcılığının Türkiyə
dövrünə aid 11 əsəri qorunmaqdadır. Bu əsərlərinin əksəriyyəti etüd xarakterli
olduğundan, ölçü cəhətdən bir qədər kiçikdir. Onlardan ikisi – "Zərrux xanım” və
"Bosfor mənzərəsi” Azərbaycan Milli İncəsənət Muzeyində qorunur. Bu əsərlərin hər
ikisi də muzeyə 1970-ci ildə daxil olub. Rəssamın digər 9 əsəri isə Nizami Gəncəvi
adına Ədəbiyyat və İncəsənət Muzeyində qorunur. Bu əsərlərin ölkəmizə necə gətirilməsinin
hekayəsi də tamamilə fərqlidir.
Dövlətimiz hər zaman sənət adamlarını, onların
yaradıcılığını diqqət mərkəzində saxlamaqdadır. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif Talıbov 17 oktyabr 2018-ci ildə "Görkəmli rəssam
İbrahim Səfiin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.
Həmin sərəncamdan keçən dövr ərzində həmyerlimiz İbrahim Səfinin həyat və
yaradıcılığı daha da ətraflı tədqiq olunmaqdadır. Ümid edirik ki, görkəmli rəssamın
həyatı və yaradıcılığı ilə bağlı yeni məlumatlar əldə ediləcək, ona həsr olunan
kitab və albom-kataloq nəşr olunacaqdır.
Fizzə Quliyeva,
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat
İnstitutu təsviri və
dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri, Azərbaycan Rəssamlar İttifaqının
üzvü