AZE | RUS | ENG |

45 ildir “Həyat bizi sınayır” - Fotolar

45 ildir “Həyat bizi sınayır”  - Fotolar
Təsəvvür  edin ki, səmada ağ-qara buludlar, uzaqda isə kələ-kötür təpələr və taxıl zəmiləri görünür. Bir nəfər təpəliklə kiçik kənd qəbiristanlığına tərəf gedir. O, başdaşları arasında oturmuş qardaşına yaxınlaşır. Qəm-qüssəyə batan kiçik qardaş ayağa qalxıb soruşur: "İndi biz neyləyəcəyik?” 
 
Haqqında danışdığım bu əhvalat "Həyat bizi sınayır” bədii filmindəndir. Ekranda filmin adı, rejissor Ş.Mahmudbəyovun, sseanristlərdən V.Babanlının, Mixail Papavanın, operator A.Nərimanbəyovun, aktyorların soyadları hələ ki, görünmür. Amma biz artıq düşünməyə başlayırıq: indicə anasını itirmiş oğlanın həyatı necə olacaq? Həmin vaxt qəbiristanlıqda böyük qardaş Ömər Rəşidə təsəlliverici sözlər deyir: "Ağlama, dünyanın işi belədir. Gedərsən Bakıya, oxuyarsan. Görürsən, varımız-yoxumuz burdadır, xeyir-bərəkət də”.
 
Film yazıçı Vidadi Babanlının eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Filmdə baş verən hadisələri izləyəndə süjetin sadə olduğunu düşünürsən. Lakin bu, zahirən belə görünür. Filmin ideyasında dərin sosial problem durur: fəhlə adamın formalaşması! Bu aktual və müasir problemdir. Problemin həlli yollarını müəlliflər Rəşidin taleyi vasitəsilə açıb göstərirlər. Rəşid təhsil almaq üçün Bakıya gəlib qardaşı Məsinin evinə düşür. Lakin bu evdə onu heç kəs gözləmir. Məsinin arvadı rolunda aktrisa Amalya Pənahova çəkilmişdir. Münəvvər epizodik də olsa, xarakterik bir roldur. Aktrisanın yaratdığı Münəvvər tamaşaçıların diqqətini cəlb edir, yadda qalır. Münəvvər - A.Pənahova təkəbbürlü, iddialı qadındır. Rəşidin kənddən köçüb qardaşı evində məskunlaşmasına imkan vermir. Münəvvər qından çıxıb qınını bəyənməyənlərdəndir. Şəhər mühiti onun başını elə gicəlləndirib ki, o, kənddən gələn qaynının onlarda  qalacağını eşidəndə əsəbiləşir. Yazıq oğlan evdən çıxıb gedir. 

Məsi – E.Zeynalov ilk baxışda ailə başçısı təsiri bağışlayır. Lakin o, ağzını açıb danışanda, "Yaxşı, bir məni başa sal görüm kimə arxayın olub gəlibsən, kimə?” deyəndə aydın olur ki, Məsi arvadının sözü ilə oturub durur, qardaşının onun yanında qalmasına laqeydlik göstərir.
 
 

Aktyor Eldəniz Zeynalov ailədə bütün məsələlərin həllini arvadının öhdəsinə buraxan, özü də qadından asılı vəziyyətə düşən, el arasında "arvadağız” adlandırılan kişi tipi yaratmağa müvəffəq olmuşdur.

Beləliklə də, qaynar şəhər həyatına hələ alışmamış Rəşid əzizlərindən, doğma qardaşından kömək gözlədiyi halda, rədd cavabı alır. Gənc Sumqayıtda, boru prokat zavodunda işə girir, burada özünə dostlar tapır. Uzaq kənddən gəlmiş oğlanın taleyinə biganə qalmayan insanlar ona kömək əlini uzadırlar.

Rejissor Şamil Mahmudbəyov istər bu, istərsə də digər filmlərində insan faktorunu, insan münasibətlərini ön plana çıxarmağa çalışmışdır.

"Həyat bizi sınayır” filmi Sumqayıt şəhərinin əməkçi insanları, xüsusilə gənclər haqqındadır. Burada süjet xətti bir neçə hissəyə ayrılır: 1) Kənddən şəhərə gəlib buranın ab-havasına, həyat tərzinə öyrəşmək istəyən cavan oğlan. 2) Sonra bu oğlan şəhərdə insan münasibətləri ilə qarşılaşır. Doğma qardaşı xudbin və hikkəli arvadının təkidi ilə kiçik qardaşından üz döndərir. Bu zaman yaxın qohuma ümidlərin qırılması baş verir. 3) Daha sonra bir zavodda çalışan insanların dostluq və qardaşlıq münasibətlərini görürük.

Rəşid Bakıya tək yox, həmkəndlisi Fərəclə gəlmişdi. Fərəc Sumqayıtda boru prokatı zavodunda işləyir. Rəşidi də bu zavodda işləməyə o həvəsləndirir. Onların hər ikisi həmyaşıddır.

Filmdə Rəşid rolunda o vaxtlar heç kəsin tanımadığı Fikrət Quliyev, onun dostu Fərəc rolunda isə aktyor Ömür Nağıyev çəkilmişlər. Onların hər ikisi özlərini oynayırlar. Bu işdə rejissorun xidməti böyükdür. O, gənc ifaçılarda ən gözəl keyfiyyətlərin üzə çıxarılmasında xeyli zəhmət çəkməli olmuşdur.
 
 

Fəhlələrin əlləri ilə yaradılmış gözəl Sumqayıt şəhəri. Ağzından od püskürən zavod sexləri, zavod yataqxanası, fəhlə klubu – biz Rəşidlə hara getsək, hər şeyə onun gözləri ilə baxırıq. Məhz bu filmdə operator Arif Nərimanbəyovun kinokamerası təəccübdən gözləri geniş açılmış uşağa bənzəyir.

Belə bir duyğu ilə biz ekranda baş verən hadisələri, fəhlə Rəşidin yeni həyat səhnələrini izləyirik. Belə bir hisslə Rəşidi əhatə edən yeni adamlarla tanış oluruq. Şahmar  Ələkbərov briqadir Arifin xarakterini parlaq və qabarıq şəkildə açır, bir qədər sərt. Açıq danışan Arif bəzən xeyirxah və yumşaq təbiətli olur.

Filmdə Sadıq dayı obrazı xüsusilə diqqəti cəlb edir. Bu rolu aktyor Həsən Qara oynayır. Sadıq dayı dünya görmüş kişidir. O, təqaüdə çıxsa da, elə bir gün yoxdur ki, zavoda gəlməsin, iş yoldaşları ilə görüşməsin. O, Rəşidə sexləri, maşınları, mexanizmləri fərəh hissi ilə göstərir. Bəlkə məhz bu zavodun sahələrini gəzmək gəncin həyatı üçün həlledici əhəmiyyət kəsb edir. Burada həmin saatlarda fəhlə adamın əməyinə dərin hörmət hissi yaranır.Film bu xeyirxah hissləri tamaşaçılarda da doğurur. 

Sadıq dayının həyatı çətinliklərdən, Böyük Vətən Müharibəsinin alovlarından keçsə də, o, adamlara qarşı kobudlaşmayıb, özü də ruhdan düşməyib. Avaraçılıq edən, işdən yayınan Şumalı (akt. Ə.Rzayev) briqada kollektivdən qovmağa qərar verərkən,  həmin epizodda Sadıq dayının oğlana necə mərhəmət göstərdiyinin şahidi oluruq. Arif deyəndə ki, belələri ilə başqa cürə rəftar etmək olmaz, Sadıq dayı onunla razılaşmır. Lakin həyat Arifin haqlı olduğunu sübut edir.

Təəssüf ki, Rəşid bu kollektiv qərarın iştirakçısı olmur. Çünki o, başqa sexdə, qəlibçilərin sexində işləyir. Arifin briqadası ilə onu yalnız "yataqxanadakı yer” – Arif və onun briqada üzvlərinin yaşadığı otaq bağlayır. Nəhayət filmin sonunda gec də olsa Rəşid Arifin briqadasına köçürülür. Bununla da müəlliflər demək istəyirlər ki, gəncin peşəkarlığı artmış, o, zavodun əsas sexində işləməyə başlamışdır. Amma bunun ardınca sexdə qəza baş verir. Bunun səbəbkarı Rəşid olur. Bunu necə izah etmək olar? Bir tərəfdə peşəkarlığın yüksəlməsi, digər tərəfdən qəzanın törədilməsi.

Müəlliflər bu qəzanı ona görə göstərirlər ki, tamaşaçılar dar günündə də, xoş günündə də Rəşidin yanında dostlarının olduğunu görə bilsinlər. Lakin o, zavodda işləsə də, fəhləlik etsə də, filmin əvvəlində gördüyümüz sadəlövh, qəmgin baxışlı kəndli balası olaraq qalır. Bu, heç də onun təbiətindən irəli gəlmir. Rəşid povestdən fərqli olaraq, filmdə istehsalat səhnələrinin çox olmasına baxmayaraq, fəhlə sinfinin nümayəndəsi kimi öz təsdiqini tapmır. O, ətrafında baş verən hadisələrin sadəcə, müşahidəçisinə çevrilir. Halbuki povestdə bu məsələlər qabarıq şəkildə əks etdirilmiş, fəhlə mövzusu müəllif tərəfindən dərindən işlənmişdir.

Yazıçı V.Babanlı bu əsər üzərində necə işləməsi ilə bağlı söhbətlərinin birində demişdir: "Mən uşaqlıq və gənclik vaxtlarımdakı görüb-götürdüklərimlə kifayətlənməmişəm. Yeni həyat bilikləri qazanmağa çalışmışam. "Həyat bizi sınayır” povestini yazmaq üçün öz təşəbbüsüm, şəxsi səyimlə Sumqayıt şəhərinə gedib orada fəhlə yataqxanasında tərbiyəçi müəllim vəzifəsində il yarım işləmişəm.”

Belə bir iş üsulu yazı prosesində öz müsbət həllini tapmaya bilməzdi. Quruluşçu rejissor Ş.Mahmudbəyov müsahibələrinin birində demişdir: "Biz filmdə əməyin poeziyasını təcəssüm etdirməyə çalışmışıq. Bunun üçün şəraiti necə varsa, olduğu kimi, bəzək-düzəksiz canlandırmalı idik. Düşünürəm ki, bilavasitə sexlərdə apardığımız çəkilişlər müsbət təsir bağışlayır.

Bəzən səhnələr təbii alınsın deyə, elə çəkilirdi ki, boru prokatçılar bundan xəbər tutmurdular. Belə bir vəziyyətdə aktyorlar öz rollarını ifa etməli olurdular. Amma əvvəlcədən işi elə qurmuşduq ki, prokatçı rolunu oynayacaq aktyorlar fəhlələr kimi səhər tezdən zavoda gəlir, digər metallurqlar kimi işləyir, onlardan metalı tutqacla, qarmaqla tutmağı və qəbul etməyi öyrənirdilər. Belə "istehsalat” təcrübəsi hər bir kəs üçün bir-iki gün yox, bir həftə davam edirdi. Aktrisalardan biri rola elə girmişdi ki, ona tapşırılan işi metallurq kimi yerinə yetirirdi.”

Çəkilişlər əsasən Sumqayıtda, müəyyən bir hissəsi isə Bakıda aparılmışdır. Filmin rəssamları F.Bağırov və M.Ağabəyovdur. Filmə musiqini V.Adıgözəlov yazmışdır.
 
 

Filmdə bir süjet xətti də var ki, bu, Rəşidin ilk məhəbbəti ilə bağlıdır. Rəşid zavoda gəlməmişdən jurnallardan birinin üz qabığında bir qızın şəklini görüb ona vurulur. Hətta ona məktub da yazır. Zavoda işləməyə gələndə isə həmin qızla – laborant Hicranla (akt. X.Qasımova) rastlaşır. Onların arasında isti münasibət yaranır. Bir gün Rəşid ürəyini qıza açır.

Müdriklərdən biri deyib ki, məhəbbət başqasının xoşbəxtliyində öz xoşbəxtliyini tapmaq deməkdir. Rəşidin simasında biz bu fikrin bir daha təsdiqini görürük. 

Orta məktəbi bitirib müstəqil həyata atılan və böyük həyatın ilk sınaqlarından keçən Rəşid kimi Fikrət Quliyev də onuncu sinfi yenicə bitirmişdi. Kinoda heç vaxt çəkilməmişdi və bu barədə ciddi düşünməmişdi də. 

Ümumiyyətlə, rejissor Ş.Mahmudbəyov əksər filmlərində baş rollara peşəkar aktyorları yox, ifaçıları dəvət etmiş və yanılmamışdır. Bu dəfə də belə olmuşdur. Lakin kinostudiyanın bədii şurasında rejissorun namizədi müzakirə edilərkən müxtəlif fikirlərə səbəb olmuşdur. Əsas səbəb Fikrətin burnunun böyük olması idi. Deyildiyinə görə, bu, müsbət obrazın təsirini azalda bilərdi.

Ş.Mahmudbəyovun cavabı belə olmuşdur: "Mənim də burnum böyükdür, indi mən pis adamam? Mənə xarakter, həyatdakı insan lazımdır. Siz onun burnuna yox, gözlərindəki məna dərinliyinə baxın.”

Filmdə Fikrətin tərəf-müqabili, Arif rolunun ifaçısı, aktyor Ş.Ələkbərovun fikirləri də maraqlıdır: "Mənim də burnum böyükdür, amma o qədər müsbət obrazlar ifa etmişəm ki. Kinoda Fikrətin burnu mənimkinin yanında toya-bayrama gedəsidir.”

Filmdə daha bir peşəkar olmayan "aktrisa” çəkilmişdir. Bu, Arzu Səfərovadır. Onun cəmi beş yaşı vardır. Diribaş, cəzbedici, olduqca fərasətli qızdır. Rejissor Arzunu yaradıcı qrup üçün əsl tapıntı hesab edirdi.

Ssenari müəlliflərindən biri V.Babanlıdan aldığım müsahibədən: "Eyni adlı povestim Bakıda və Moskvada çap olunmuşdur. Sumqayıtın fəhlə həyatından bəhs edən bu povest keçmiş Kino Komitəsinin sədri M.Qurbanovun çox xoşuna gəlmişdi. Onun göstərişi ilə ssenarini yazdım. O vaxt kinostudiyanın direktoru A.İsgəndərov Şamil müəllimi yanına çağırıb ssenarini ona verdi və dedi: "Kino üçün gözəl material var burda, mövzu da çox aktualdır, işləyin ortaya yaxşı bir film çıxarın.”

Ş.Mahmudbəyov rejissor ssenarisində bir sıra dəyişikliklər etdi. O vaxtlar dəbdə olan zavodun qaynar həyatına, domna peçinin işləməsinə geniş yer ayırmışdı. Yaxşı rejissor tapıntıları var idi. Şamil müəllim müəllif fikri ilə razılaşsa da, bəzi səhnələri öz bildiyi kimi çəkdi: texniki cəhətlərə daha çox yer verdi. Poladəridən sobalar, hay-küy və s. detallar əsas obrazın daxili aləminin istənilən səviyyədə açılmasına kömək edə bilmədi. Nəticədə kənddən gəlmiş gəncin fəhlə kimi formalaşmasını ekranda görə bilmədik.

Vidadi müəllim deyir ki, buna baxmayaraq bu sənətkarla birgə işimi xoş niyyətlə xatırlayıram.

Rejissorun aktyorlarla işləmək manerası, həssaslığı, çəkiliş qrupunun hər bir üzvünü diqqətlə dinləmək, fikir söyləmək bacarığı bu gün də gözlərimin önündədir.

Bütün bu deyilənlərə baxmayaraq, film tamaşaçılarda, xüsusilə gənclərdə fəhlə insanın əməyinə dərin hörmət hissi aşılayır. Təsadüfi deyil ki, "Həyat bizi sınayır” kinopovesti 1972-ci ildə Qorkidə, indiki Nijni-Novqorodda fəhlə sinfi haqqında filmlərin Ümumittifaq kinofestivalında SSRİ Kinematoqrafiya Komitəsi və SSRİ Kinematoqrafçılar İttifaqının diplomuna layiq görülmüşdür.  
 
Aydın KAZIMZADƏ
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176