“24-lər”dən səkkizincisi - Balabəy Həsənbəyov - CÜMHURİYYƏT -100

Hörmətli yazıçımız Manaf
Süleymanov "Son bahara çatdıq...” əsərində Ziya Bünyadovun "Qırmızı terror”
adlandırdığı repressiya illərini belə səciyyələndirir: "...otuz yeddinci ildə
fəhlə-kəndlidən tutmuş komissarlara qədər hamı, xüsusən ziyalılar rahatlığını
itirmişdi, nəinki sabaha, heç axşama ümidləri yox idi. Hamı hər an həbs
ediləcəyindən qorxurdu. Səhər açılanda hara gedirdin, yeni-yeni həbslər
olduğunu, kimlərinsə tutulduğunu xəbər verirdilər. Gündüz görüb danışdığın
adamları gecə aparırdılar”.
O, gecələrin qurbanları arasında BDU-nun rektorları da oldu. Onlardan
biri də 1935-ci ilin yanvarından, 1937-ci ilin yanvarına kimi bu vəzifəni icra
edən Balabəy Cabbar oğlu Həsənbəyov idi. Onun BDU-dakı fəaliyyətindən bəhs
etməzdən əvvəl, kimliyi haqqında məlumat vermək yerinə düşərdi.
Balabəy Həsənbəyov 1899-cu ildə Gəncədə anadan olub. İlk təhsilini də
bu şəhərdə alıb. Gənc yaşlarından Azərbaycan Kommunist (b) Partiyasının üzvü
olan Balabəy Moskvada Qırmızı
Professorlar İnstitutunu qurtardıqdan sonra Azərbaycandakı ictimai-siyasi
hadisələrdə çox yaxından iştirak edib. Balabəy müəllim BDU-ya rektor təyin
edilənə kimi Azərbaycanın hüdudlarından kənarda da görkəmli iqtisadçı alim,
yaxşı maarif təşkilatçısı kimi tanınmışdır. Ona görə də BDU-ya rektor təyin
ediləndən az sonra universitetin fəaliyyətində canlanma yarada bildi. 1935-ci
ilin aprelində universitetin akademik heyəti 52 nəfərdən ibarət idi. Onlardan
10 nəfəri professor, 14-ü dosent, 13-ü assistent, 10-u müəllim, 3-ü kabinet
müdiri, 1-i məsləhətçi, 1-i hazırlıq kursunun müdiri idi. Bu tərkibdə 22 nəfər
azərbaycanlı da var idi.
Amma bunlar Mərkəzi qane
etmirdi. SSRİ XKS və ÜİK (b) P MK-nin "Ali məktəblərin işi və ali məktəbə
rəhbərlik haqqında” 1936-cı il 23 iyun tarixli qərarı universitetlərin
fəaliyyətində bir sıra dəyişikliklər etdi. Bu dəyişikliklərə əsaslanaraq,
BDU-da 1936-1937-ci dərs ilində briqada-laboratoriya təlim metodunun ləğv
edilməsi, mühazirələrə, onların ideya-məzmununa, habelə tələbələrin müstəqil
işinin təşkilinə diqqətin artırılması nəzərdə tutulurdu. Burada əsas məsələ
BDU-nun ideya-siyasi istiqamətini elmə yox, "dövrün tələbi”nə uyğun qurmaq idi.
Ona görə də təkcə BDU-da deyil, respublikada olan bütün təhsil, elm ocaqlarında
"siyasi tərbiyə” işinə diqqət gücləndirildi. Ali məktəblərdə marksizm-leninizm
nəzəriyyəsinin öyrənilməsi üçün "Marksizm-leninizm əsasları” adlı kurs geniş
təbliğ edilməyə başlandı. Beləliklə, təkcə BDU-da deyil bütün ali məktəblərdə
xüsusi olaraq "ideya-siyasi tərbiyə sistemi” formalaşdı. Onu da qeyd edim ki,
bu sistem SSRİ-nin dağılmasına qədər davam etdi və mən bir zamanlar BDU-nun
tələbəsi kimi (1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində) bunun şahidi
oldum. Uzun illərdən sonra zaman sübut etdi ki, 1920-ci ilin ortalarından
başlayaraq SSRİ-də formalaşan kommunizm ideologiyası və bu ideologiya üzərində
qurulmuş bolşevik hakimiyyəti bəşəriyyət üçün ciddi təhlükə mənbəyinə çevrildi.
1936-cı ilin son aylarında Xalq Maarif Komissarlığının komissiyası
BDU-nun fəaliyyətini yoxlamağa başladı və universitetdə çox ciddi nöqsanların
olduğunu "aşkarladı”, rəhbərliyin yarıtmaz fəaliyyətini xüsusi qeyd etdi. Elə
bu bəs idi. 1937-ci ilin yanvarı Balabəy Həsənbəyov üçün qara gəldi. Yanvarın
28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşları
tərəfindən professor, BDU-nun rektoru B.Həsənbəyov həbs edilir. Görkəmli alimin
"günahı”, əksinqilabi trotskiçi təşkilatın üzvü olması, RK (b) P-a və Sovet
hökumətinə qarşı silahlı üsyan hazırlanmasında iştirak etməsi və ən əsası,
terrorun tərəfində durması idi. Heç bir ittihamları qəbul etməyən və
inadkarlıqla günahsız olduğunu, hökumətinə sadiq qaldığını sübut etməyə çalışan
B.Həsənbəyov üç-dörd dindirilmə prosesindən sonra "susmağa” məcbur oldu.
Verilən işgəncələr, təhqiramiz hadisələr bəzən o qədər dözülməz olurmuş ki,
"müqəssir” hər şeyi "səmimi şəkildə” boynuna alırdı.
Deyilənə görə bu cəza üsullarından ən ağırı "kruq” imiş. Bu haqda DSİ
baş müstəntiqi A.Mailyan illər sonra yazırdı: "Cəza üsullarından biri də "kruq”
("dövrə) idi. Şüşə zavodundan tonyarımlıq yük maşınlarına şüşə qırıntıları doldurub
gətirir, birinci mərtəbədəki otağa töküb hamarlayırdılar. Dövrədə bir-birindən
aralı yumşaq kreslo, bir də balaca stol qoyulurdu, stolun üstünə konyak, araq,
papiros, kibrit, qədəh, şirniyyat və məzələr düzülürdü. Böyüklər evlərində
nahar edib dincəlirdilər. Axşam gəlib bir az işləyir, sonra düşürdülər "kruqa”,
hərə otururdu kreslosunda. Nəzarətçilər "müqəssirləri” lüt soyundurub
itələyirdilər şüşə qırıntılarının üstünə, yerə sərib təpikləyə-təpikləyə,
şallaqlaya-şallaqlaya əzab verirdilər. Çox keçmirdi ki, "günahkarlar” al-qan
içində olurdular. Onlar qışqırıb bağırdıqca, ağlayıb aman istədikcə cəza verənlər
coşub, daha çox kötəkləyir, şallaqlayır, təpikləyir, qəhqəhə ilə gülür, əla
salır, təhqir edir, keçmiş yüksək mövqelərini onlara xatırladırdılar...”.
Müstəntiqin yazısından belə bəlli olur ki, həbs edilən "müqəssir” ziyalılarımızın
əksəriyyəti bu "kruq” əməliyyatından sonra güllələnməyə aparılırmış.
Təbii belə ağır, dəhşətli işgəncədən sonra "müqəssir” "günah”ını
(əgər sağ qalardısa və yaxud ağlını itirməzdisə) boynuna alırdı. Elə "əsas
məsələ” də bundan sonra başlayırdı. Balabay müəllimin də "məsələsi” 1937-ci
ilin 11 oktyabrında baş tutdu. Balabəy Həsənbəyovun işi ilə bağlı SSRİ Ali
Məhkəməsi Hərbi Kollegiyasının saat 17-də işə başlayan və cəmi 15 dəqiqə davam
edən iclası keçirildi. Cəmi 15 dəqiqəyə bu böyük alimin həyatına son qoydular.
Balabəy müəllim əmlakı müsadirə olunmaqla ən ağır cəzaya-güllələnməyə məhkum
edildi.
Məşhur amerikalı alim, siyasi
xadim Zbiqnev Bjezinski SSRİ-nin fəaliyyətinə həsr etdiyi məqalələrindən
birində onun inkişaf variantlarından danışır. Müəllif qeyd edir ki, SSRİ-nin
birinci onillikləri uzun müddət böhran vəziyyətində olacaq və bu əvvəlcədən
məlum olmayan çox ağır nəticələrə gətirib çıxaracaq. Bəli, çıxardı da. 1920-ci
ilin aprel işğalından 1950-ci illərin ortalarına kimi qırmızı imperiya yerli
nökərlərin vasitəsilə Azərbaycan adlı məmləkəti diri-diri odun içində
"yaşatdı”. Sonralar bu od nisbətən "sondürülsə” də, yaraları heç zaman
sağalmadı və sağalmayacaq da!
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
