Bakı Dövlət Universitetinin yaradılmasına aparan yol
1918-ci il mayın 28-də Azərbaycan xalqı sərbəst inkişaf yolunu
seçərək müstəqilliyini elan etdi. Xalqımız İstiqlal Bəyannaməsini
qəbul edərək öz müstəqil dövlətini -
Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.
1918-ci ildə yeni yaradılmış hökumət kabinəsi Avropa və Rusiyanın ən yaxşı universitet və
institutlarında yüksək təhsil almış nazirlərlə təmsil olunmuşdu. Həmin şəxslər Azərbaycan türkü olaraq öz ölkəsinin həqiqi vətəndaşı və
vətənpərvər övladları kimi tarixdə dərin
iz qoymuşdular.
Rusiya İmperiyası süquta uğradıqdan
imperiyanın dağıntıları üzərində yaradılmış dövlətlər arasında
Azərbaycan Xalq Cümhuriyyəti
bütün müsəlman dünyasında qurulmuş və
Avropa tərəfindən tanınmış yeganə türk respublikası idi. Həmin
dövrdə Azərbaycanın müstəqil dövlətçiliyinin önündə xalqımızın
M.Ə.Rəsulzadə, F.X. Xoyski, Ə.M.Topçubaşov, Ə.b.Ağayev, N.b.Yusifbəyli,
S.b.Mehmandarov, Ş.Rüstəmbəyli və
başqa şanlı oğulları
dayanırdı.
Azərbaycan Respublikasının Dövlət
Arxivi və Dövlət Tarix
Arxivində saxlanılan arxiv
sənəd və materialları
təsdiq edir ki, Azərbaycan Xalq
Cümhuriyyəti hökuməti mövcud olduğu dövrdə ölkənin sosial-iqtisadi və mədəni inkişafı, milli dövlətçiliyin əsasının yaradılması, milli kimliyin
inkişafı sahəsində mühüm addımlar atmışdır. Cümhuriyyət hökumətinin Respublikamızda xalq təhsili
və məktəb işinin inkişaf etdirilməsi
üzrə fəaliyyətini xüsusi olaraq
qeyd edirik. Azərbaycan Xalq
Cümhuriyyəti ölkədə məktəb-təhsil-tədris
işini həlli vacib
sayılan bir vəzifə
kimi ön cərgəyə
çəkmişdir. İlk növbədə hərc-mərclik
dövründə dağıdılmış və əmlakı
talan edilmiş məktəblərin
bərpası, yeni şəraitə
uyğunlaşdırılması, milliləşdirilməsi,
milli mədəniyyətin, ədəbiyyatın və
incəsənətin dəstəklənməsi işinə
xüsusi diqqət yetirilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti ilk növbədə
1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan
edilməsi haqqında qərar qəbul
etdi. Azərbaycan hökuməti və
Xalq Maarif Nazirliyinin
həyata keçirdiyi növbəti tədbirlərdən
biri də məktəblərin milliləşdirilməsi oldu.
1918-ci il avqustun 28-də
Azərbaycan Respublikasının Nazirlər Şurası tərəfindən məktəblərin milliləşdirilməsi haqqında
qərar qəbul edildi. Həmin
qərara əsasən bütün
məktəblərdə tədris, şagirdlərin öz ana dilində aparılmaqla yanaşı, dövlət dili olan azərbaycan dili də məcburi fənn
kimi tədris edilirdi. Hökumət
tərəfindən məktəblərin milliləşdirilməsi siyasəti
həyata keçirilərkən şagirdlərin müəyyən
bir hissəsinin məktəbdən
kənarda qalmamasına çalışılırdı və həmin məsələyə xüsusi diqqət yetirilirdi. Bu məqsədlə Hökumət tərəfindən 1918-ci il
noyabrın 13-də məktəblərin
milliləşdirilməsi haqqında əvvəl
qəbul edilmiş qərarın
dəyişdirilməsi haqqında yeni qərar
qəbul edildi. Yeni qərara görə, yalnız bir orta təhsil
müəssisəsi olan şəhərlərdə Xalq Maarif Nazirliyinin icazəsi ilə yuxarı hazırlıq
siniflərində paralel olaraq rus bölmələrinin
açılmasına icazə verilirdi. Eynitipli bir neçə təhsil ocağının
fəaliyyət göstərdiyi şəhərlərdə onların
bir hissəsi milliləşdirilir, qalan hissəsində isə təhsil rus dilində
aparılırdı. Həmin məktəblərin hamısında türk (Azərbycan-R.S.) dili dövlət
dili olaraq məcburi fənn ki¬mi tədris olunurdu.
Həmin dövrdə məktəblərin milliləşdirilməsi işi bir sıra ciddi çətinliklərlə
üzləşirdi. Pedaqoji kadrların
çatışmaması və məktəblərin azlığı,
lazımi sayda dərsliklərin olmaması başlıca çətinliklərdən sayılırdı.
Cümhuriyyət dövründə ölkədə məktəb işi ilə bağlı məsələlərin
müzakirə edilərək həll edilməsi,
məktəb-tədris və təlim-tərbiyə işlərinin
zamanın tələblərinə və milli mənafeyə uyğun qurulması üçün maarif
işçilərinin, müəllim və pedaqoqların
qurultayının çağırılmasına ehtiyac
duyulurdu. Azərbaycan hökuməti
və Xalq Maarif
Nazirliyi qarşısında məktəb
şəbəkəsinin dağılmasının qarşısının
alınması, həmçinin maarif və
təhsil sisteminin milli
maraqlara və tələblərə
uyğunlaşdırılması kimi vacib
vəzifələr dayanırdı.
Təsadüfü deyil ki, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə
ayrı-ayrı vaxtlarda - 13-28 dekabr
1918-ci il və 20
avqust - 01 sentyabr 1919-cu il
tarixlərində maarif işçilərinin,
müəllim və pedaqoqların iki qurultayı
keçirilmişdir.
Hökumətin 21 mart
1919-cu il tarixli qərarı
ilə X.b.Məlik-Aslanovun sədrliyi
ilə əlifba islahatı
üzrə xüsusi komissiya
yaradılmışdı. Qeyd edək
ki, yazılı dilin ərəbcədən
latın qrafikasına keçirilməsi
üçün Müsəlman Şərqində ilk dəfə
olaraq Azərbaycanda dövlət səviyyəsində
komissiya yaradılmışdır.
Çarizmin yürütdüyü
müstəmləkəçilik siyasətinin
ağır nəticələrinin tezliklə aradan qaldırılması məqsədilə, hökumət tərəfindən azərbaycanlı
şagirdlərin təhsilinə böyük diqqət
yetirilirdi. Xalq Maarif Nazirliyinin
orta məktəb rəislərinə
ünvanladığı sərəncamda qeyd edilirdi ki, azərbaycanlı uşaqlar
yalnız milliləşdirilmiş əlifba,
hazırlıq və birinci siniflərə qəbul edilsinlər. Azərbaycanlı uşaqların, tədrisi
rus dilində aparılan siniflərə qəbul
edilməsinə yalnız müstəsna
hallarda, nazirin icazəsi ilə yol verilirdi. Təhsil sahəsində
həyata keçirilmiş tədbirlər
nəticəsində köhnə məktəbin əhəmiyyətli
hissəsini bərpa etmək və bir sıra
yenilərini acmaq, bir sıra layihələri
qismən də olsa yerinə yetirmək mümkün
oldu.
Ölkədə ixtisaslı mütəxəssis
kadrların hazırlanması üçün Azərbaycan Respublikasında ali məktəblərin yaradılmasına böyük ehtiyac
var idi. Lakin ölkəmizdə ali
məktəbin təsis edilməsi heç də
asan məsələ olmayıb, xüsusi
çətinliklərlə müşayiət edilirdi. Çünki,
Azərbaycan Xalq Cümhuriyyəti yaradılana qədər
ölkəmizdə ali təhsil ocağı mövcud olmayıb və bu sahədə təcrübəyə malik
deyildik. Hökumət ali məktəbin yaradılması məsələsini -
bir tərəfdən gənclərin
oxumaq üçün xarici ali tədris
ocaqlarına göndərilməsi, digər tərəfdən isə ölkədə ali məktəbin yaradılması
istiqamətində konkret tədbirlərin həyata
keçirilməsi yolu ilə həll etməyə
çalışırdı. Milli hökumət 1918-ci
il oktyabrın 27-də xaricə
təhsil almağa getmək
üçün müsəlman tələbələrə
icazənin verilməsi qaydası haqqında
qərar qəbul etmişdir. Həmin qaydaya
uyğun olaraq, xaricə
getmə və orada ali məktəblərə
daxil olma imkanını sübut
edən müsəlman tələbələrə
icazə verilirdi ki,
təhsilini davam etdirmək
üçün xaricə getsin.
1919-cu il aprelin 8-də
Azərbaycan Respublikası hökuməti Bakı şəhərində Universitetin
açılması haqqında qərar qəbul
etdi. Həmin qərara əsasən
Xalq Maarif Nazirinə tapşırılırdı: 1) 1919-1920-ci tədris
ilinin əvvəlindən etibarən Bakı şəhərində Universitet açsın və bu məqsədlə 10 milyon manatdan artıq olmayan smetanı təqdim etsin; 2) Ticarət məktəbinin binası
Universitet üçün ayrılsın.
Azərbaycan Respublikası hökuməti 1919-cu il
mayın 19-da Universitet komissiyası
haqqında əsasnamənin qəbul edilməsi
və komissiyanın ilkin
xərclərinin ödənilməsi üçün
pul vəsaitinin ayrılması haqqında qərar
qəbul etdi. Həmin əsasnamədə
qeyd edilirdi ki, Bakı
şəhərində Universitetin yaradılması üçün Xalq Maarif
Nazirliyi yanında Universitet komissiyası təşkil
edilir. Komissiya aşağıda
qeyd olunan əvəzedilməz
üzvlərdən : elm nümayəndələri -
sədr professor V.İ. Razumovskiy və
üzvləri professorlardan: N.A.
Dübrovskiy, A.M. Levin, S.İ.Sitoviç və privat-dosent L.A.İşkovdan
ibarət idi və üstəlik,
komissiyanın işində həlledici
səslə Xalq Maarif
Nazirliyinin, Bakı şəhər Özünüidarəetmənin və Neft Mədən Sahibkarları Şurasının
nümayəndələri iştirak
edirdi. Komissiyanın başlıca
vəzifəsi Dövlət Universitetinin qanunvericilik layihəsi, nizamnaməsi, ştat və smetasının
işlənib hazırlanması və onun təsdiq
edilməsi üçün hökumət
vasitəsilə Parlamentə təqdim
etməkdən ibarət idi.
Komissiya universitetin yaradılması, onun quraşdırılması və
avadanlıqlarla təmin edilməsi
üzrə işlərin icrasına
başladı və bu məqsədlə
hökumət tərəfindən xalq
maarif nazirliyinin sərəncamına bir milyon manat
pul vəsaiti ayrıldı.
Komissiya ayrı-ayrı
məsələlərin işlənib hazırlanması üçün yardımçı komissiyalar yaradır və müxtəlif xüsusi məsələlər
üzrə ekspertlərin onun işində
iştirak etməsini təmin
edirdi. Komissiyanın öz üzvlərinin,
həmçinin digər şəxslərin xüsusi
məqsədlər üçün ayrı-ayrı
şəhərlərə və dövlətlərə
göndərmək hüququ da vardır.
Komissiyanın bütün qərarları
Xalq maarif naziri
tərəfindən təsdiq edilərək,
onun tərəfindən də icra
edilirdi.
Universitet komissiyasının ilk iclası 1919-cu il mayın 21-də komissiyanın sədri,
əməkdar professor Vasiliy İvanoviç
Razumovskiy, komissiyanın üzvləri: əməkdar
professor Aleksandr Mixayloviç Levin, professor Nikolay Aleksandroviç Dubrovskiy, həlledici səs hüququna malik Bakı şəhər
özünüidarətmənin nümayəndəsi, məktəb şöbəsi üzrə şəhər idarəsinin üzvü
Əli Cabbar Orucəliyev, neft sahiblərinin qurultay şurasının nümayəndəsi Arseniy
Nikolayeviç Saparov və komissiyanın
katibi İvan İvanoviç Babuşkinin iştirakı
ilə keçirildi. Həmin iclas müvəqqəti olaraq Xalq Maarif Naziri vəzifəsini icra
edən Camo bəy Hacinski tərəfindən
açıldı. O, iclas iştirakçılarını salamlayaraq
çıxışında qeyd etdi: "Azərbaycan hökuməti Bakıda universitetin açılmasının çox vacib olduğu
haqqında qəti qərara gəlmişdir. Hökumətin komissiya
üzvlərindən gözləntisi odur ki, onlar
öz bilik və təcrübələrini universitetin tezliklə təşkil edilməsi və açılması kimi çətin işə
yönəldərək lazımi töhfələrini
verəcəklər. Hökumət Azərbaycanın həyatında universitetin böyük mədəni və
dövləti əhəmiyyət kəsb etdiyini
qiymətləndirərək, müvafiq avadanlıqlarla
təchiz edilməsi üçün
heç bir vəsaiti
əsirgəməyəcək və əmindir ki,
komissiyanın üzvləri də öz bilik və
bacarıqlarını, işə olan sevgisini
Azərbaycanda ali təhsilin təşkili işinə sərf edərək,
lazımi töhfələrini verəcəklər.”
Azərbaycan Hökuməti 16
iyun 1919-cu il tarixdə
Xalq Maarif Nazirliyi
nəzdində Universitet Komissiyasının
müvəqqəti ştatının təsdiq
edilməsi haqqında qərar
qəbul etdi. Azərbaycan Respublikasının Parlamenti tərəfindən 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təşkil edilməsi haqqında
qanun qəbul edildi. Parlamentin qəbul etdiyi həmin qanuna uyğun olaraq Bakıda
4 - şərq şöbəli tarix-filologiya; fizika-riyaziyyat, hüquq və
tibb fakültələrindən ibarət Dövlət
Universiteti açıldı. Lakin
1919/1920-ci tədris ilində yalnız tarix-filologiya və tibb fakültələrini açmaq
mümkün oldu. Qeyd edək kii,
bütün fakültələrdə türk (Azərbaycan-R.S.)
dili məcburi fənn kimi tədris olunurdu. Azərbaycan Parlamenti 1919-cu il sentyabrın
1-də həmçinin təhsil almaq üçün
xaricə göndərilən azərbaycanlı
tələbələrə yol xərclərinin
və təqaüdlərin ödənilməsi
üçün 7 milyon manat pul vəsaitinin ayrılması
haqqında qərar qəbul etdi.
Həmin qərarda qeyd
edilirdi ki, təqaüddən istifadə etmiş
tələbələr təhsilini başa
vurduqdan sonra hökumətin
müəyyən etdiyi yerdə
dörd il işləməyə
borcludurlar.
Universitet Komissiyasının
sədri V.İ.Razumovskiy 1919-cu il
sentyabrın 4-də Ticarət
Məktəbinin direktoru V.İ.Ponomaryova 186
saylı məktubla müraciət
edərək məktəbin binasının
universitet üçün təhvil-təslim
edilməsi vaxtının sentyabrın 5-nə, səhər saat
10-a təyin edildiyi haqqında
məlumat vermişdir.
1919-cu
il sentyabrın 8-də
Bakı Dövlət Universitetinin rektor
və dekanlarının təsdiq
edilməsi haqqında Azərbaycan
Respublikasının Hökuməti tərəfindən
qərar qəbul edildi. Həmin
qərara əsasən, operativ cərrahiyə
kafedrasının əməkdar professoru V.İ.Razumovskiy Bakı
Dövlət Universitetinin rektoru,
patoloji anatomiya kafedrasının
professoru İ.İ. Şirokoqorov isə
Bakı Dövlət Universitetinin tibb fakültəsinin dekanı vəzifəsinə təsdiq
olundu. Universitet Komissiyası
tərəfindən seçilmiş fakültə
terapevtik klinikası kafedrasının
əməkdar professoru A.M.Levin tibb fakültəsinin dekanı və həmin kafedranın dosenti
N.A.Dubrovski isə tarix-filologiya fakültəsinin dekanı vəzifələrini icra
etməsi qəbul edilmişdir.
1919-cu il
sentyabrın 11-də Bakı
Dövlət Universitetinin rektoru
V.İ.Razumovskiy təhsil ocağını professorlarının mənzil
məsələsinin hökumət tərəfindən
həll edilməsi haqqında Xalq
maarif naziri R.b.Kaplanova
məktubla müraciət etmişdir. Müraciətdə qeyd edilirdi
ki, Rostov, Xarkov, Yekaterinoslav
və Rusiyanın digər
şəhərlərindən olan professor heyətinin xidmət etmək
üçün Bakıya dəvət
edilməsi, onların hökumət tərəfindən mənzillə təmin
edilməsini tələb edir. Bu
məsələnin həllinin gecikdirilməsi universitetin
fəaliyyətinə mənfi təsir
göstərməklə yanaşı, onun
gələcək fəaliyyətini təhlükə
altına alır. Azərbaycan Hökuməti
qısa müddət ərzində
universitetdə xidmət etmək üçün
dəvət olunmuş
müəllim-professor heyətinin mənzillərlə
təmin olunması vəzifəsini
layiqincə yerinə yetirmişdir.
Bakı Dövlət Universitetinin açılması
münasibəti ilə İngiltərənin Xarici işlər
naziri lord Kerzonun təbrik
məktubu Zaqafqaziyada Britaniya
diplomatik missiyasının başçısı
O.Uordrop tərəfindən 1920-ci il martın 2-də Azərbaycan Xarici işlər naziri F.X.Xoyskiyə
təqdim edilmişdir. Məktubda qeyd
edilirdi: "Kedelstondan Lord Kerzon
Bakı Universiteti üçün
aşağıdakı teleqraf məlumatı
sizə çatdırmağı məndən
xahiş etmişdir. Bu tapşırığı sizin
vasitənizlə böyük sevinclə yerinə
yetirirəm:
"Xarici işlər
naziri və dünyanın ən qədim və iri universitetlərinin kansleri
kimi Zaqafqaziyada yeni universitetlərin açılması
münasibətilə sizə səmimi
təbriklərimi göndərirəm,
məndə olan məlumata
görə Universitetlər Bakıda,
Aleksandrapol və Tiflisdə
artıq öz fəaliyyətinə
başlamışdır, onlara uğurlar arzulayıram.
Böyük
Britaniya həmin universitetlərin vətəni
olan ölkələrin parlaq gələcəyini qabaqcadan
gördüyü kimi, Oksford
universiteti də Zaqafqaziya universitetlərinin parlaq gələcəyini
görür. Sizə dərin hörmətimi
bildirirəm.”
Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) dövründə
Xalq Maarif Nazirliyi tərəfindən Bakıda
bir neçə ali məktəblərin açılması
haqqında qanun layihələri
işlənib hazırlanmışdır. Məsələn,
Pedaqoji və Kənd Təsərrüfatı İnstitutlarının açılması
haqqında qanun layihələri işlənib başa çatdırılmış və Parlamentin müzakirəsinə təqdim
edilmişdir. Gündəlikdə Konservatoriyanın
açılması məsələsi dayanırdı. Həmin dövrdə Xalq
Maarif Nazirliyi tərəfindən Azərbaycan Respublikasında
Dövlət İncəsənət İnstitutunun yaradılması haqqında qanun
layihəsinin işlənib hazırlanması üzrə müəyyən işlər də görülmüşdür. Lakin ölkənin iqtisadi-siyasi vəziyyəti və
Azərbaycanın sovet Rusiyası
tərəfindən işğal edilməsi ali
məktəblərin yaradılması üzrə hazırlanmış layihələrin həmin dövrdə həyata
keçirilməsini mümkün etmədi.
Həmin layihələr sonrakı
dövrlərdə həyata keçirildi. Cümhuriyyət dövründə yalnız Bakı Dövlət Universitetini açmaq
mümkün oldu.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ildə Bakı Dövlət
Universitetinin 90 illik yubileyinə həsr
edilmiş təntənəli mərasimdə çıxış
edərək qeyd etmişdir: "Bakı Dövlət
Universitetinin çox gözəl və böyük tarixi vardır. 1919-cu ildə təsis edilmiş
universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol
oynamışdır. Bakı Dövlət Universiteti, Azərbaycan müstəqilliyini əldə edəndən
bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis
edilmişdir. Bu, çox düşünülmüş və uzaqgörən bir addım idi. O vaxt ölkəmiz çox
gənc idi. Buna baxmayaraq, əhalinin maarifləndirilməsi, Azərbaycanda
savadsızlığın aradan qaldırılması və intellektual potensialın gücləndirilməsi
üçün universitetin yaradılması çox mühüm hadisə olmuşdur. Bildiyiniz kimi,
Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı, onun ömrü uzun olmadı, iki ildən
sonra süqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür, zamanın müəyyən ideoloji çərçivələri daxilində
fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq, Bakı Dövlət Universiteti
Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın
gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir.”
2019-cu ilin
sentyabrında Azərbaycanın nüfuzlu
təhsil və elm
ocağı olan Bakı Dövlət
Universitetinin təsis edilməsinin
100 illik yubileyi
tamam olur. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev
Bakı Dövlət Universitetinin 100
illik yubileyinin
keçirilməsi haqqında sərəncam
imzalamışdır. Həmin Sərəncamda qeyd
edilir: "Azərbaycan Xalq
Cümhuriyyətinin yadigarı Bakı
Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı
vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir. Daim
azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən universitetin ölkədə ali
təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son
texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və
ümumən milli özünüdərk prosesinin
sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır.”
Bu
məqalənin sonunda xalqımızı
Azərbaycanın nüfuzlu elm
və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi
münasibəti ilə ürəkdən təbrik
edirəm və universitetə yaradıcı fəaliyyətində yeni-yeni
uğurlar arzulayıram.
Rafiq Səfərov,
Azərbaycan
Respublikası Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsininBaş məsləhətçisi