• cümə, 29 Mart, 17:27
  • Baku Bakı 14°C

İsgəndərnamə

28.06.16 11:33 3317
İsgəndərnamə

Cənnətşəhəri gördükdən sonra İsgəndər durmadan vətənə yola düşür. Onun qulağına qeybdən bir səs gəlir: Daha fatehlikdən əl çək, dünyanı başdan-başa gəzdin, öz ilk məkanına qayıt, əlini dünya işlərindən çək. O, öz həyati və insanlıq borcunu tam mənada yerinə yetirmişdi, edəcəyi və edə biləcəyi nə vardısa hamısını eləmişdi. Vətənə tələsən İsgəndər sanki ölümə tələsirdi. Onun qarşısında Allaha qovuşmaqdan başqa bir məqsəd qalmamışdı. Zur şəhərinə çatanda onun səhhəti pisləşir. İsgəndərin ömrü sona yetmişdi və heç kəs, heç nə onu bu yoldan döndərə bilməzdi. Burada ölüm qocalıq və bədənin gücdən düşməsinin nəticəsi kimi deyil, insan amallarının və onun missiyasının sona yetməsi kimi səciyyələnir. Ölüm İsgəndərin sonuncu səfəri kimi təsvir olunur. Ölüm ona əcr kimi verilir.

Dəva əgər tam abi-həyat olsa belə,

Əcəl gəlmişsə o necə vəfa (əsər) edə bilər.

Şahın işi işdən keçmişdi

Ki, onun əzabı rahatlığa çevrilsin (589).

İsgəndərin ölümü səhnəsi əsərin ən vacib və məzmunlu hissəsidir. Bütün səfərlərə hazırlaşdığı kimi, İsgəndər ölüm səfərinə də hazırlıq görür: anasına məktub yazıb dünyada müqəddəs nə varsa hamısına and verir ki, onun üçün yas saxlamasın, çünki ölən tək o deyil, dünya onun kimi çoxlarını yola salıb. İstər otuz altı, istərsə də otuz altı min il yaşa, onsuz da insanın dünyadan gözü doyan deyil. Həyatı sevərək ondan ayrılmağı da bacarmaq lazımdır. İnsanın ölümdən qaçmaq cəhdində Allahın iradəsinə müxalif olan bir istək var. İsgəndər Allaha yalvarır ki, onu mənəvi iztirablardan qurtarıb rahat eləsin. Torpaqdan yaranan torpağa da qayıtmalıdır. İsgəndərin dərindən dərk etdiyi ən ali hikmət ölümün haqq olmasıdır. O, ölüm ayağında bu hikməti dərk edir və öz iradə və istəklərindən imtina edir. Bütün nəfslərdən ən güclüsü yaşamaq istəyidir. Ölümə hazır olmaq bu nəfsi öldürüb tam təmənnasızlığa və ruhi saflığa çatmaq deməkdir. Nizami öz qəhrəmanının məhz belə bir mütləq ruhi kamilliyə və saflığa çatdığını qeyd edir. Anasına and verib matəm saxlamamağa çağıranda o, təkcə anasını düşünmürdü. O, ilk növbədə Allahı düşünürdü və matəmin haqq işinə etiraz kimi səslənəcəyindən qorxurdu. Ölümü matəmsiz və kədərsiz qəbul etmək Allahın haqq işi qarşısında tam müti olmaq deməkdir. Həyat və dünya sirlərini dərk etmiş İsgəndər filosofluq və müdriklik zirvəsinə yetişdisə, ilahi sirləri, ilahi hikməti dərk edən İsgəndər peyğəmbərliyə çatdısa, ölüm hikmətini dərk etmiş İsgəndər şəhidlik zirvəsinə çatır və bununla da əbədiyyətə qovuşur. Haqqın dərgahında əbədiyyətə qovuşan İsgəndər həm şahlıq, həm filosofluq, həm də peyğəmbərlik məqamından da yüksək bir səviyyəyə çatır – şəhidlik səviyyəsinə. Bu həm də ruhi ölməzlik səviyyəsidir. Ruhi əbədiyyətə qovuşdura bilən ölüm faciə deyil, ən böyük səadətdir, ən ali iqbaldır. Ona görə də İsgəndər öz ölümünü kədərlə və göz yaşları ilə deyil, təbəssümlə və sevinclə qarşılayır.

Niyə səkkiz bağa getməkdən qorxum ki,

Qapısı açarlıdır, yolu çıraqlı.

Niyə ovlağa sevinclə getməyim ki,

Səması buludsuz, yolu tozsuzdur (602).

İsgəndərin ölümünü Nizami cəza kimi deyil, əcr kimi təsvir edir. Allah öz sevimli bəndəsini, kamil övladını bu ötəri və miskin həyatdan ayırıb, əbədi və ülvi bir həyata qovuşdurur. Bu iqbala layiq olmaq ən böyük mükafatdır.

Fələk bizi bu hasardan xilas etdi,

Ki, hamı bizim kimi xilas olsun 9602).

Burada ölüm azad olmaq və əbədiyyətə qovuşmaq kimi səciyyələndirilir.

Əgər "Şərəfnamə” qəhrəmanın şahənşahıq taxtına yüksəlişidirsə, "İqbalnamə” onun şəhidlik məqamına çatmasıdır. İsgəndərin ölümü onun axirət dünyasına iqbal səfəridir. O, şam kimi gülümsündü və öldü, göylərdə ona taxt quruldu. Torpağa gömülən insan üçün göylərdə taxt qurulursa, bu iflas deyil, qələbədir, bu faciə deyil, səadətdir. Bu təsvirdə ölüm kədəri duyulmur, əbədi həyat sevinci duyulur. İsgəndər Allahdan razı, dünyadan isə narazı köçür. O, vəsiyyət edir ki, onun əlini tabutdan kənarda qoysunlar və ovcuna da torpaq töksünlər. Bu, İsgəndərin insanlara dünya haqqındakı son sözü idi: bu dünyadan heç kəs bir ovuc torpaqdan başqa heç nə apara bilmir. İsgəndərin taxtı torpaq altında quruldu, ruhu isə göylərə yüksəldi. Dünya vəfasızdır – onu sevməmək üçün, Allah vəfalıdır – onu sevmək üçün. Həyatı sevmək, onun nəşələrinə aludə olmaq özünü və dünyanı sevməkdir; ölümü sevmək isə özünü və dünyanı unudub Allahı sevməkdir. Ölüm dünyanın insandan intiqamıdır; ölüm həm də Allahın insana mərhəməti və rəhmidir. Dünya insanı yox edir, Allah isə onu əbədiyyətə çatdırır.

İsgəndərin həyat yolu həm də onun axirət yolu kimi başa düşülməlidir. Bəsit və empirik təfəkkür ölümü bədbəxtlik, hüzn, fənalıq kimi qavrayırsa, dini təfəkkür ölümü səadət, sevinc və əbədiyyətə qovuşmaq kimi dərk edir. Nizami həyata bu iki nöqteyi-nəzərdən baxır – həm adi, həm ali nöqteyi-nəzərdən. Ölümün səadət və əbədiyyətə çatmaq kimi dərk olunmasının nəticəsidir ki, "İqbalnamə” təkcə İsgəndərin deyil, bütün filosofların və nəhayət, Nizaminin özünün ölümünün təsviri ilə bitir. Bu möhtəşəm düha sahiblərinin ölümü fənalıq ideyasının deyil, məhz əbədiyyət ideyasının təsdiqidir. "Şərəfnamə” həyat fəlsəfəsidirsə, "İqbalnamə” ölüm fəlsəfəsidir. "Şərəfnamə” qəhrəmanın bir insan kimi özünütəsdiq yoludursa, "İqbalnamə” onun özündən imtina edib Allaha qovuşmaq yoludur. Bu yol şərəfdən səadətə, səhvdən həqiqətə doğrudur. Əsər qəhrəmanın və bütün möhtəşəmlərin ölüm səhnəsi ilə bitsə də, bu sonluqda bədbinlik ruhu duyulmur. İsgəndərin həyatı və ölümü ilə Nizami təsdiq etməyə çalışır ki, insan həyatının mənası və məqsədi dünya nemətlərinə və yüksək mənsəblərə deyil, axirət dünyasında əbədi səadətə çatmaqdır. Burada, yəni qəhrəmanın ölümünün təsvirində, Nizaminin insan konsepsiyası öz məntiqi nəticəsinə çatır: hər mənada yol qurtarır, hərəkət dayanır, zaman və məkan anlayışları yox olur, qəhrəman əbədiyyətə və sonsuzluğa qovuşur. İnsan bir varlıq kimi yalnız ölümdə tamamlanır, həyatda isə o, həmişə natamam olur.

Nizaminin insan konsepsiyasını tam mənada başa düşmək üçün əsərdə İsgəndərus surəti vacib yer tutur. Bu obraz yalnız əsərin sonunda səhnəyə çıxır. İsgəndərus atasının şahlıq yolunu davam etdirmək istəmir, taxt-tacdan imtina edərək özünü Allaha ibadətə həsr edir, yəni Allaha xidmət yolunu seçir. Bu ali və son məqsədə İsgəndər uzun keşməkeşlərdən və dərin ziddiyyətlərdən keçərək çatmışdı. İsgəndərus atasının səhvlərini təkrar etmir və birbaşa son məqsəddən başlayır.

Bununla da ölüm haqqındakı düşüncələr və nəticələr Nizami bədii-fəlsəfi axtarışlarının, onun insan haqqında düşüncələrinin son akkordu və tapşırması kimi mənalanır. Eşq bəlası, vüsal şirinliyi, hicran acılığı, şahlıq şövkəti, aqillik hikməti, peyğəmbərlik səadəti – bütün bunların hamısı insan ruhunun tərkib hissəsi və insan həyatının anları kimi təsvir olunur. Lakin insanı ilahi dərgaha çatdıran ölüm hər şeydən mənalı, bütün hikmətlərdən dərinidir. Ölüm həm də insan ruhunun saflaşması və ilahi hikmətə yetişməsidir. Ərəstun ölümündən qabaq dostlarına deyir: Mən indiyədək yalnız həyatın üzündəki pərdəni dərk etmişdim, indi bu köç məqamında öz səhvlərimi görürəm. Maddi aləm və həyat insanla Allah arasındakı pərdədir. Yalnız ölüm məqamında bu pərdə götürülür və insan ilahi hikmətə çatır. Nizaminin təsvir etdiyi bu dahi filosoflar bilik və hikmətlər uğrunda dünyayla cəngə çıxmışdılar, sirli mətləblərin açılması uğrunda çarpışırdılar. Ölüm məqamı yetişəndə onlar da ilahi hikmət qarşısında təslim olurlar. Məsələn, Bəlinasın ölüm-qabağı dediyi sözlər çox mənalıdır. O özünün zamandakı və məkandakı mövcudluğundan qurtarıb mütləq azadlığa çatdığını söyləyir:

Pəri kimi mən də gözlərə görünmürəm,

Haraya istəsəm, oraya da gedə bilərəm.

Gəlib-getməyim zaman daxilində olmaz,

Zamanı harda dayandırım, harda izləyim (614).

Çöllərdən, dənizlərdən keçə bilərəm.

Həm dənizdə İlyasam, həm səhrada Xızır (614).

Ölüm ruhun həyatının başlanğıcı və insanın zaman və məkan asılılığından qurtarmasıdır. Bu mənada insanın daim can atdığı ölməzlik də yalnız ruhi səviyyədə, yəni ölümün özündə reallaşır.

Beləliklə, "İsgəndərnamə”də insan problemi dərin fəlsəfi səpkidə təhlil olunur və əvvəlki poemalardan fərqli olaraq burada mövzu rəngarəngliyi və xarakter mürəkkəbliyi müşahidə olunur. Qəhrəmanın fəaliyyət dairəsi o qədər genişlənir ki, bütün dünya hadisələr səhnəsinə çevrilir. İsgəndər Nizami qəhrəmanlarının hamısından daha mürəkkəb, daha möhtəşəm və daha çoxcəhətli xarakterə malik insandır. Əgər Xosrov, Bəhram, Məcnun obrazlarında Nizaminin insan konsepsiyasının hər hansı bir cəhəti, tarixi insanın ideal kamilliyə doğru inkişafındakı hər hansı bir aralıq mərhələnin təsviri əsas yer tuturdusa, İsgəndər obrazında insan fəlsəfəsinin bitkin və hərtərəfli ifadəsi və insanın tarixi kamilləşmə yolunun zirvəsi və yekunu öz əksini tapır. Xosrovdan İsgəndərəqədərki tarixi-mənəvi kamilləşmə yolunu aşiqlikdən şəhidliyə qədər yüksələn bir yol hesab etmək olar. Xosrovdan Məcnuna qədər olan təkamül yolu aşiqlik yolu idi ki, onun da zirvəsini Məcnun fəth etdi. Xosrovdan Bəhrama qədər inkişaf yolu şahlıq yolu idi ki, bunun da zirvəsi Bəhram şah oldu. Bu iki mövzu (aşiqlik və şahlıq) "Xəmsə”də ayrı-ayrılıqda müəyyən inkişaf yolu keçir və öz həllini tapır. "İsgəndərnamə”də eşq və aşiq məsələləri əsas deyil. Burada qəhrəmanın həyatı şahlıqdan başlanır, fatehliyə yüksəlir. İkinci xətt, dönüş nöqtəsi alimlikdən peyğəmbərliyə aparan yoldur ki, bu da şəhidlik zirvəsində tamama yetir. Bununla da bitkin bir insan konsepsiyası yaranır.

Məmməd Qocayev

banner

Oxşar Xəbərlər