SÖZDƏN ASILMIŞ ŞAİR

SÖZDƏN ASILMIŞ ŞAİR

19 May 2015, 05:53 977
Nə vaxtsa belə bir ifadə oxumuşam :”İstedad pul kimidir, ya var, ya da yoxdur”. Müəllifini unutduğum bu deyim məndə daha bir oturuşmuş ifadənin assosiasiyasına səbəb oldu: ”İstedadlının bir yolu var, istedadsızın min bir”. Yaddaşımın alt qatında yatıb qalmış bu ifadələr Ramiz Kərəmin yenicə nəşr olunmuş “Mən sözdən asıldım” kitabının ilk oxucusu olarkən oyandı. Yazıya başlamağıma stimul verən yuxarıdakı sitatları bu məqamda təsadüfən xatırlatmıram. Bir çox istedadlı şəxslər kimi, bu ifadələrin, haqqında söhbət açacağım Ramiz Kərəmə də bu və ya digər formada aidiyyəti var. Tam cəsarətlə deyirəm ki, Ramiz Kərəm istedadlı şairdir. Elə təbii istedad sahibi olduğundandır ki,o, öz yaradıcılığına qarşı həmişə son dərəcə biganə olub. Uzun illər əyalətdə müəllim işlədiyindən yazdıqlarını ədəbi nəşrlərə təqdim etməyib, kitabını nəşr etdirməyibdir. İlk şeirlər kitabı da yaxınlarının təkid və təhriklərindən sonra 2007 –cu ildə işıq üzü görmüşdür. Paytaxtda qərarlaşdıqdan sonra “Azərbaycan” və “Ulduz “jurnallarında vaxtaşırı dərc olunmuş şeirləri ilə həqiqi poeziyasevərlərin rəğbətini qazanmışdır.

Redaktor kimi , Ramiz Kərəmin “Mən sözdən asıldım” kitabının müəllifdən sonra ilk oxucusu mən olmuşam. Ədalət naminə təkidlə deyirəm ki, Ramiz Kərəm istedadlı şairdir. Onun bircə şeiri ilə tanış olanlar mənim haqlı olduğumu təsdiqləyərlər. Çox təəssüflər edirəm ki, uzun illər “təbliğat maşınından”(Əslində, o, bu gün də elədir. Elə bu ifrat təvazökarlığın nəticəsidir ki, ondan məqam düşərkən şeir payı diləyəndə öz şeirləni yox, adaşı Ramiz Rövşənin şeirlərini əzbərdən söyləyir. ) özünü uzaqda saxlamışdır,Ancaq o,sözə və şeirə həmişə urvatlı yanaşmış,elə bu gün də özünün dediyi kimi,”sözdən asılmışdı”.
Ramiz Kərəm ədəbiyyata 1980-ci illərin başlanğıcında-böyük ədəbi eşelonun gəldiyi bir vaxtda gəlib. Bu məqamda həmin dövrün yaddaşını oyatmaq yerinə düşərdi. 1980-ci il idi. Əkrəm Əylisli “Azərbaycan” jurnalının baş redaktoru idi. Jurnalda ədəbiyyata-sözə qarşı çox ciddi bir münasibət,kritik bir meyar hökm sürürdü. Ramiz Kərəm həmin illərdə tələbə idi-indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin üçüncü kurs tələbəsi idi. Həmin vaxt onun şeirlərini haqqında danışdığım sarı üzqabığı (çoxlarının şüurunun alt qatında hələ də “Azərbaycan” jurnalı bu rəngdə o illərin ədəbi intibahının simvolu kimi qalıb) ilə işıq üzü görən “Azərbaycan” jurnalı heç bir yan təsir olmadan dərc etmişdir. Keşmişə bu epizodik ekskursu etməklə iki məqamı vurğulamaq istəyirəm. Birincisi, Ramiz Kərəm ədəbi eşelonun səsli-küylü,haylı-haraylı bir dönəmində ədəbiyyata gəlib və həmin dövrdə də alqışlanıb. İkincisi, Ramiz Kərəmin gənclik ehtirası ilə qələmə aldıqları ilə bu gün yazdıqları zərrə qədər olsun belə heç bir nəsnədə bir-birindən seçilmirlər. Onun şair ruhu elə olduğu kimi qalıbdır. Onun şeirlərini oxuyan hər bir kəs mənimlə həmfikir olar ki,o,şeirlərini masa arxasında oturub gərginləşərək yazmayıb. Ramiz şeirlərini ilahi vəcdlə,ilhamın gücü ilə harada gəldi, lap dizinin üstündə birbaşa
cibində gəzdirdiyi dəftərçəyə yazır. Onun şeirlərini oxuduqda hər kəsdə belə bir qənaət yaranır ki,bu şeirlər birbaşa yazılıb . Elə bu təbiiliyin və səmimiliyin nəticəsidir ki, Ramiz Kərəmin şeirləri sonacan təşnəliklə oxunur. Etiraf edək ki, elə şeirlər var ki, birinci misradan sonra ardını oxumaqdan vaz keçirik, adam bezir, davamını oxumağa vaxtını və gözünün işığını qıymağa heyfi gəlir. Dəryadan bir damla. . . Bu məqamda Ramizin “MƏN SÖZDƏN ASILDIM” kitabını əlimə götürüb necə gəldi açdım . Təsadüfən 27-ci səhifə açıldı: ”Bir səhər yuxudan durub görəsən “ şeiri ürcahıma çıxdı. Özlüyümdə fikirləşdim ki, ardıcıl üç səhifəyə-üç şeirə baxacam. Səhifə 28 -də “Od üstündə köhnə çaynik” , səhifə 29-da “Saz havası, durna köçü” ,bir səhifə də çevirdim, 30-cu səhifədə “Ruhumu yazıram” şeiri gəlir. Özlüyündə hər bir şeirdə lirik emosional bir əhval-ruhiyyənin süjeti yatıb. Bütün zamanlar üçün poeziyanın dəyişilməz bir meyarı var: səmimiyyət və heyrət. Ramiz Kərəmin poeziyası səmimiyyət və heyrətdən yoğrulub. Onun hər bir şeirində səmimiyyət yatır və heyrət duyulur. Bir anlıq misralara diqqət kəsilək : ”Mənim şəkil anam, mənim daş bacım, Daşlar üşüyürmü gecə bilmirəm. Ürəyim başdaşı ölçüsündədir,Sığışır köksümə necə bilmirəm”(“Gəlmişəm”); Heç kim təzələnmir, hamı köhnəlir, Hamının arzusu-kamı köhnəlir, Şirin dünyanın da tamı köhnəlir,Dərdlər təzələnir, bir də sevgilər. (“Təzədi sevgilər, təzədi dərdlər”) ;Hərdən kefi açılsa da,Toy-düyünə qatılsa da,Dərdə şərik tapılsa da, Ağrılar şəriksiz olur. (“Yurddan perik düşənlərə”). Ramiz Kərəmin bütün şeirləri səmimiyyətlə yüklü və heyrətləndiricidir. Bu səmimiyyət və heyrət Ramizin Kərəmin mənsub olduğu xalqın qan yaddaşından-sufilikdən gəlır. Onun “Sənə bir namə yazmışam” şeirində fikir və ruh bağı yüz ilin dərinliklərindən yön alıb gəlir:”

Sənə bir namə yazmışam,
Görən, kimlə göndərim?
Sevgilərə dil öyrədən,
Sarı simlə göndərim.
. . . Kim aparsa, gözündə,
Könlündə qan aparsın.
Belə qasid tapammasam,
Verim şeytan aparsın.
Hər sevginin axırında,
Sənə bəlli bir ah var.
Hər sevgidə bir az savab,
Bir azca da günah var.


Poeziyanın ucaldığı və həm də ucaltdığı (insanı)müqəddəs məqam elə budur. Ramiz Kərəm sevgi şeirlərində də səmimi olduğu qədər də ucadır. O,sözü uca tutduğu qədər də sevgini uca tutur. Adilik hər şeyin ucuzluğu, hər şeyin ölümüdür. ”Bir yer var könlümün baş tərəfində,Min ildi gözləyir bir könülsüzü. Neçə yol demişəm eşitmir məni, Könüldü gözləyir bir könülsüzü”. (“Bir yer var könlümdə”).

Bəzilərinə elə gələr ki, mən Ramiz Kərəm haqqında qədərindən yüksək tonda danışdım,onun poeziyası barədə leksikonumu həddindən artıq tündləşdirdim. İnanın ki, onun şeirləri şeir adlanan nəsnənin özüdür ki, var .
Sonda bir məsələyə də münasibət bildirmək istəyirəm. Ədəbi tənqid heç kəsi yazar edə bilməz, bu, mümkün deyil. Olsa –olsa bəzi “ortabab”ları və hətta boyu “ortabab”ları da keçməyənləri “üfürüb” şişirdib gündəmə gətirə və populyarlaşdıra bilər, amma uzunömürlü edə bilməz. Gündəm ədəbiyyat deyildir. Bilənlər bilir ki, ədəbiyyat bir özgə şeydir. Bu məqamda ədəbi tənqid barədə fikir yürütməyim də təsadüfi deyildir. Səbəbini dürüst deyə bilmərəm, amma nədənsə, ədəbi tənqid Ramiz Kərəmin poeziyası haqqında bu vaxta qədər heç nə deməyibdir. Əslində, onun poeziyası haqqında danışmağa söz tapmaq olar və danışmağa dəyər.

Xeybər Göyyallı