• cümə, 19 Aprel, 10:19
  • Baku Bakı 13°C

“Mən ellər Aşığı Xan Kamandaram“

15.05.15 12:23 3656
“Mən ellər Aşığı Xan Kamandaram“
Bu yazımda, aşıq-ozan sənətində öz əbədiyyət heykəlini ucaldıb, ümumtürk aşıq-ozan sənətinin fatehlərindən olan Xan Kamandarın şeir yaradıcılığı haqqında mülahizələrimi oxucularla bölüşmək fikrindəyəm.

Aşıq Kamandar "Borçalı laylası" ( Bakı. Yazıçı. 1989), "Bənövşə" ( Bakı - "Nurlan" - 2004), "Mən ellər Aşığı Xan Kamandaram" ( Bakı - 2008) kimi üç kitab müəllifidir. Ustadın şeir dünyasını vərəqlədikcə, sazın, havacatın, dastançılığın Aşıq Kamandarının, aşıq şerinin bütün formalarında dəyərli şeirləri, o cümlədən Azərbaycan şeir dünyasının böyük ustadlarından Məmmədhüseyn Şəhriyarın "Heydər babaya salam" poeması uslubunda "Tərcümeyi-hal" və həmin üslubda ulu övliya Veysəl Qəraninin xatirəsinə yazdığı "Ağladım", "Kəlbəcər xatirələri", "Aşıqların 4-cü qurultayına" adlı poemaları, yazılı ədəbiyyat nümunələrinə xas şeirləri, publisistik yazıları aşığın ədəbi yaradıcılıda da Xan Kamandar olmasını sübut edir.
Ustadın şeir yaradıcılığı kamillik nümunəsidir. Məna-məzmun dairəsi geniş əhatəli, cəlbedici, oxucu sevgisini qazanmağa qabildir. Kamandar sazının cilasından keçmiş şeirləri axarlıdır, asan əzbərlənən və yaddaşa həkk olunandır.
Aşığın çox sevdiyim, tavar sazına həsr etdiyi bir divanisindən söhbət açmaq istəyirəm. Bu divaninin məzmunu saz tariximizin elə dərin qatlarını geniş və əhatəli şəkildə tərənnüm edir ki, onu həcmcə yığcam bir poema kimi qiymətləndirməyə dəyər... Divaninin:
"Dədəm Qorqud avazısan, sən Adəmdən qalıbsan
Əsirlərin hər dərdini pərdə-pərdə çalıbsan" -

misralanı açıqlayaq. İlk baxışda misralar, bəlkə də bəsit görünə bilər. Bilirik ki, aşıq-ozan sənətinin banisi Dədə Qorqud olub. Bu mülahizəyə etirazımız yoxdur. Bəs Aşıq: -"sən Adəmdən qalıbsan"- kəlmələri ilə hansı fikri ifadə edir?..
Sənəti özünə peşə edənlərə aşıq deyirik. Bəzi ehtimallara görə aşıq "işıq" sözündən yaranıb. Bu ehtimal özünü heç cür doğrulda bilməz. Tufaranqalı Abbasdan tutmuş Dədə Ələsgərə qədər sənətin bütün ustadlarına öncə buta(aşiqlik), sonra, öz sevgisini sazla-sözlə ifadə etmək qabiliyyəti verilmişdir. Deməli aşıq "aşiq" sözünün qəliblənmiş şəklidir. Aşıq sənətinin mayası aşiqlik, sevgi, məhəbbət, eşqdir. Cənnətdə təklikdən qəm-qüssə çəkən Adəmi(ə.s.) bu qüssədən xilas etmək üçün Allahın(c.c.) əmri ilə Cəbrail(ə.s) onu dərin yuxuya verib, sol qabırğasını çıxartdı. Həmin qabırğadan Həvvəni yaratdı. Adəm dərin yuxudan oyananda qarşısında bəyaz bədənli, incə əndamlı, uzun saçlı, mirvari dişli, gözəl bir yaradılışın ona baxıb, naz-qəmzə ilə gülümsədiyini gördü və ona aşiq oldu. Beləlıklə aşiqlik Adəmdən qaldı.
İkinci misrada söhbət sazın pərdəsindən gedir. Sazı pədəsiz çalmaq mükünsüzdür. Bu misranın məzmun- mündəricə dərinliyini saz tariximizin dərin qatlarında axtarmaq gərəkdir. Sənətin kamil ustadları deyiblər ki, sazın hər pərdəsi bir əsrin ərmağanıdır. Hər əsrdə sazın bir pərdəsi yaranıb, yarandığı əsrin tərəqqisini, tənəzzülünü, qayğısız-qəmsiz və dərdli-kədərli günərinin ifadəsini özündə cəmləşdirib. Kamandar, məhz bu deyimə istinadən adı çəkilən misranı qələmə almış, gözəl ovqat bəxş edən bir misra yaratmışdır.
Hər kəsin vətəni doğulduğu evin astanasından başlayır. Körpə dünyaya ayaq açıb, doğulduğu evin astanasına qədəm basdığı gündən vətən məvhumu onunla qoşa böyüyür. Boy atıb, böyüdükcə geniş hüdüdları əhatə edir. Bu meydanda kamillik zirvəsini tutan böyük şəxsiyyətlər üçün vətən mövhumu hüdüd tanımır. Dünyanın hansı guşəsində adı ehtiramala anılırsa, həmin guşə vətəninin bir parçasına çevrilir...
Dünyaya ilk qədəmi Borçalının Kürüstü vadisındən başlanan Kamandar Əfəndi dahiyanə sənətinin qüdrəti ilə belə bir hüdüdsuzluğu qazanıbdır... Onun şeir yaradıcılığı təkcə doğulub boya-başa, kamilliyə çatdığı Borçalını vəsf etməklə qənaətlənmir, onun hududlarından çox-çox uzaqlqara - türkçülüyün qədəm qoyduğ hər yerə öz səsini çatdırır, o yerlərin xoşbəxt günlərinə fərəhlənir, kədərli, qayğılı anlarının qayğısını yaşayır.
Pəhləvanlar, qəhrəmanlar yurdusan,
Doğmasan, əzizsən bizə, Borçalı.
Qeyrət qalasında qalib ordusan,
Birin cavab verər yüzə, Borçalı. -

deyən ustad, ellərimizi-obalarımızı gəzə-gəzə, sazı-sözü, Davud ləhcəli avazı ilə məclisləri bəzəyə-bəzəyə məna-məzmun zənginliyi könüllər oxşayan çox sayda şeirləri ilə də könüllərdə özünə yer tapmışdır. Azərbaycanın, Gürcüstanda və Qərbi Azərbacanda yaşayan azərbaycanlıların yaşadıqları torpaqların müqəddəsliyini, dağlarının əzəmətini, təbiətinin, çəmən-çiçəklərinin gözəlliklərini sənətkarlıqla vəsf etmişdir. Ustad, "Sənə can demişəm" şeirində yazır:
Sənə can demişəm, Azərbaycanım,
Dinim - imanımsan dinlər içində.
Harda dara düşsəm qaynayar qanım,
Ünüm sənə çatar ünlər içində...
...Aşıq Kamandarı hərdən yad elə,
Ən gözəl günlərin öndədir hələ,
Bakımla Təbrizim versin əl - ələ,
Min yaşa xoş aylar, günlər içində.

Aşıq Kamandar istər ifaçılıq sənətində, istərsə şeir yaradıcılığında türkü, türkçülüyü yüksək tutan, ilham və məhəbbətlə tərənnüm edən sənətkarlardandır. Gərgin əməyinin bəhrəsi olan Kamandar məktəbi, ozan-aşıq sənətinin ayaq açdığı hər yerdə - ölkəmizdə, Cənubi Azərbaycanda və Türkiyənin Qars, Ərzurum bölgələrində yüksək dəyərini çoxdan qazanıbdır. Aşığın aşıqlıq sənəti də, şeir yaradıcılığı da Türkiyənin araşdırmaçı alimlərinin diqqət mərkəzindədir. Onun qələm yaradıcılığına yüksək dəyərin təzahürüdür ki, Türkiyə Təlim və Tərbiyə Kurulu başqan vəkili, Milli Eytim Şurasının baş katibi, araşdırmaçı-şair-aşıq Nazim İrfan Tanrıqulu əfəndi ilə divani, qoşma, gəraylı seir formaları üstə diqqətəlayiq neçə deyişmələri mövcuddur...
Türkçülüyə dərin etimadını "Bir də Azərbaycanım" şeirində ustad belə tərrənnüm etmişdir:
Ellərinə heyranam mən,
Dillərinə heyranam mən,
Çöllərinə heyranam mən,
Atatürküm, doğma qanım,
Bir də Azərbaycanım.
...Bir karvandı çəkim mənim,
Qəm - hicrandı yüküm mənim,
Sənsən əslim - köküm mənim.
A qeyrətli Oğuz babam,
Atatürküm, doğma qanım,
Bir də Azərbaycanım.

Harda türkçülüyün ocağı yanıb, tüstüsü tüstülənib onun xoşbəxt çağlarından, firavan günlərindən müjdələr gətiribsə, Aşıq Kamandarın onbir telli sazı da, könüllər fəth edən avazı da, qiymətli şeirlər memarı qələmi də həmin müjdələrə köklənib, həmin müjdələri tərənnüm edib. Harda türkün acı günlərini eşidibsə, onun kədərini, qayğılarını öz kədəri, öz qayğısı kimi yaşayıb, yaradıcılığına hopdurub...
Ustad Şəhriyarın xatirəsinə həsr etdiyi şeirində cənublu qardaşlarımızın matəmli günlərində onlarla belə səsləşib:
Şair Şəhriyarım köçdü dünyadan,
Eşidib hər yanda ellər ağladı.
Söz baharım buz bağladı bir anda,
Leysan nalə çəkdi, sellər ağladı.
...Kamandar can deyir ana Təbrizə,
İgid mətin gərək, hər dərdə dözə.
Toyda, bayramlarda verib üz - üzə,
Sazımda danışan tellər ağladı.

Kamandar ömrünün son illəri, soydaşlarımızın doğma yurddan departatsiyası, 20 yanvar, Xocalı soyqırımı, Qarabağ işğalı, Gürcüstanda yaşayan soydaşlarımıza qarşı Qamsaxurdiya hakimiyyətinin amansız təzyiqləri dövrünü yaşamışdır. Aşıq bu amansız hadisələrə biganə qalmamışdır. Qələmin dili ilə xalqa tutulan divanlara, haqsız işgəncələrə, təzyiqlərə hər zaman dərin etirazını bildirmiş, onları törədənləri lənətləmişdir. Boş qalan yurd-yuvalar ustadın gözdağına dönmüşdü. Şahidi olduğu bu amansızlıqlara canyanğısı, ilhamının kədərli alovu ilə, qələmə aldığı şeirlərinin dili ilə cavab vermişdir. Xalqın igidlərini düşmənlərlə mübarizəyə səsləmişdir:
Vətən beşiyində göz açan oğlan,
Namusdan, qeyrətdən söz açan oğlan,
Vətən çağrışından, a qaçan oğlan,
Qaçanda kim əziz tutacaq səni?
Bil ki, Vətən o gün atacaq səni...

Məlum hadisələrin ən gərgin anları, Ermənistan hökumətinin təşkili və təzyiqləri altında Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın doğma torpaqlarından qəddarcasına departatsiyası ilə başlandı. Aşıq departatsiyadan əvvəlki Qərbi Azərbaycanın dilbər guşələrindən Qaraxaç yaylağını "Oxu" şeirində, dünyamızın düzən günlərində görün necə ilhamla tərənnüm etmişdir:
Başı ağ çalmalı uca dağların,
Lilparlı, yarpızlı tər bulaqların,
Bizim Qaraxaçın, qöy yaylaqların
Şehli çəmənindən, gьlьndən oxu.

Ellər köçdükdən sonra viranəyə çevrilmiş yurd-yuvalar, sahibsiz eyvan-otaqlar Aşığın sinədağına dönüb, sazını, sözünü kədər buludu kimi çulğaladı. Bir zamanlar xeyir məclislərinin başında durduğu, istisinə isindiyi, sevincinə sevinc qatdığı, məhəbbətlə qarşılanıb, ehtiramla yola salındığı ellərdən-obalardan əsər- əlamət körməyən Aşığın, oğlu Əflatunla dağlara səfəri zamanı yazdığı "Fikir ver" rədifli şeirində soydaşlarına tutulan haqsız divanlara qarşı etirazı, nifrəti, ürək yanğısı, acı təəssüfü qələminin ifadəsinə çevrildi:
..Qeybə çəkilibdi obalar, ellər,
Kədərə bürünüb çəmənli çöllər.
Görünmür eyvanda türfə gözəllər,
Viran qalan otaqlara fikir ver.

Bu şeirdə Qamsaxurdiya rejiminin qaragüruhçuları tərəfindən işgəncələrə məruz qalan, evlərinə basqılar edilən, Ermənistanla həmsərhəd Başkeçiddə, kəndlərini tərk etmək məcburiyyətində qalan soydaşlarımızın acı taleləri, Qərbi Azərbacanda Ağbababanın Quzu kəndində Aşıq Şennik, Göyçədə Aşıq Alı, Aşıq Ələsgər yurdunun viranələrə çevrilməsi Kamandarı sarsıdıb, göynədir. Bir zamanlar firavanlıq içində gördüyü Qaraxaçın bu gününü ürək yanğısı ilə belə qələmə alır:
Qaraxaçım, Dəlıdağım hardadı?
Ellər köçüb, yurdu boran-qardadı.
Haşxalılda ruhlar intiardadı,
Haqdan yanan çıraqlara fikir ver.

Haşxalıl, Mir Həmzə Seyid Nigari və dağıstanlı Şeyx Şamilin məsləkdaşı və silahdaşlarından olan böyük övliyadır. Türbəsi Kalinino rayonu ərazisindəki hündür bir dağın üstündədir. Carizmin işğalçı qoşunları ilə döyüşlərdə şəhid olub... Yaz-yay aylarının hər cümə günlərində Azərbaycandan, Gürcüstandan və ətraf kəndlərdən gələn ziyarətçilərin çoxluğundan bu ziyarətgahda ayaq basmağa yer tapılmırdı. Doğma elim İlməzli kəndi də daxil olmaqla neçə para kədin qəbrstanlığı Haşxalıl baba türbəsinin ətrafında yerləşirdi... Ustad şeirini belə tamamlamışdır:
Yeddi rəngdə yaranıbdı qöy nədən?
Buludlara sinə gərir göy, nədən?
Kamandarı, bax, beləcə göynədən
El -obasız o dağlara fikir ver.

Yağılar tapdağında qalmış gözəl yürdlarımızın, safalı torpaqlarımızın, əzəmətli və vüqarlı dağlarımızın faciəsi ustadı hər an düşündürür, kədərinə, qüssəsinə çevrilirdi. Bir gəraylısında yazmışdı:
Qol boynuma salan dağlar
İndi mənə yad görünür.
Yad əllərdə qalan dağlar,
Tamamən bərbad görünür.

Erməni millətçilərinin departatsiya siyasti başa çatdıqdan sonra, onların əlində alətə çevrilmiş Qorbaçov hakimiyyətinin Azərrbaycana yönələn mürtəce və amansız təzyiqləri daha da şiddətləndi. 20 yanvar və Xocalı qətliamları, Dağlıq Qarabağın işğali bir -birini əvəz elədi. Törədilən faciələr Kamandar şerində ardıcıllıqla öz əksini tapdı. 20 yanvar faciəsinə həsr etdiyi şeirində yazıb:
...Zirehlər titrədi, od səpələndi,
Millətin üstünə ölüm ələndi.
Təcili yardımlar qana bələndi,
Eşidin səsini Azərbaycanın! -

deyərək etirazını, nifrətdolu harayını bildirir!.. Aşıq Kamandar vətənin, millətin taleyi ilə səsləşən sənətkar olubdur. Onun ağrı-acılarını öz ağrı-acıları, xoşbəxt günlərini öz xoşbəxtliyi, fərəhi bilib. Şəhidlər xiyabanını ziyarət edərkən gərgin düşüncələr içində qovrula-qovrula neçə dəyərli şeirlər yazıbdır:
Bura xalqın qöz dağıdır,
Bura xalqın fərağıdır,-
Azadlığın çırağıdır
Azərbaycan şəhidləri.

deyən Aşığın nəzərini şəhid məzarı önündə ağlayan bir azərbaycanlı qızı cəlb edir. Qızın ah-naləsinə ağır düşüncələr içində donub qalır. Özü də məzar daşına dönübmüş kimi dərin sükuta dalır... Xeyli müddət bu gərgin sükutu yaşadıqdan sonra, göz yaşları içində boğulan qıza təsəlli verməyə çalışır:
Dönmüşdüm məzar daşına,
Gördüm bir qız yaman ağlar.
Rəhm edən yox göz yaşına,
Bir qaşları kaman ağlar.

Tarixən belə olub; Dədə Qorquddan başlayaraq ozan-aşıq sənətimizin böyük ustadları xalqın bağrından qopub dünyaya təşrif gətiriblər. Nəbzləri yurdun nəbzi ilə birgə döyünüb, millətin sevincinə sevinclərini qatıb, ağrılı, kədərli günlərinin acılarını ürəklərinin başına yükləyərək, yaradıcılıqları ilə yaddaşlarımıza həkk ediblər. Azərbaycana qarşı törədilən faciələr, fəlakətlər Aşıq Kamandarın şeir yaradıcılığında öz əksini yüksək dərəcədə tapmışdır. O, bu mövzu ətrafında neçə-neçə dəyərli şeirlər məllifidir...
Kamandarın şeir yaradıcılığına ümumi bir nəzərlə baxdıqda onun kamil bir şair olması qənaətini görməmək mümkünsüzdür. Sanballı sayda, yüksək məzmunlu divanilər, təcnislər, cığalı təcnislər, qoşmalar, gəraylılar - bir sözlə aşıq şerinin bütün növlərində çoxsaylı dəyərli nümunələr yaratmış, sinəsi sənətin mövc verən ümmanı kimi zəngin olan aşıq, çox az hallarda öz şeir yaradıcılğına müraciət edər, tək -tək məqamlarda öz sözlərini saz üstə oxuyardı. Bunlar ustadın təvazökarlığından irəlı gələn hal idi... Bu təvazö, saz-söz tariximizin dərin qatlarından bu günümüzəcən gələn Dədə ustadlara dərin məhəbbətin, səmimiyyətin təzahürü idi...
Kamandar, bədahətən şeir demək meydanında da hazırcavab aşıqdı. Tiflis şəhərinə bitişik iki azərbaycanlı kəndində - Ağtəhlə və Qaratəhlədə aşıq sənətinə həddindən ziyadə ciddi münasibət var. Bu münasibət bir növ Bakının Nardaran, Maştağa və s. kəndlərində özünə xanəndəyəm deyənlərə olan münasibətlərlə uzlaşır...
Məclisin yuxarı başında sənətin bütün incəliklərini bilən, dastanlarımızı, klassik aşıqlarımızın şeir yaradıcılığını sinədəftər etmiş, havacatlara dərindən bələd ağsaqqallar əyləşər, aşığın sənət yükünü dəqiqliklə, saf-çürük edər, ələk-xəlbirlərindən keçirib, süzgəclərindən süzərlər. Etimadlarını doğruldan aşıqları hörmətlə, izzətlə başa çəkərlər. Onları qane etməyənləri ikinci dəfə məclislərinə dəvət etməzlər. Aşıq Kamandar bu iki kəndin illər uzunu xeyir işlərinin yuxar başında öz şərəfli yerini tutmuşdu.
Vaxtilə Aşıq Kamandara şagirdlik etmiş, Kürüstü İlməzlidə yaşamış yaxın qohumlarımdan mərhum Aşıq Şəmdin Yunis oğlunun Təhlədə, ustadla toy məclisində şahidi olduğu bir söhbəti xatirimdən silinmir... Aşıq Şəmdin söyləyirdi ki, məclis başa çathaçatda bir nəfər, Kamandara nəmər göndərib, onunçün "Üstə" rədifli bir divani oxumağını sifariş etdi. Ustad, Aşıq Nəcəf Əlmərdanlının:
Görürsənmi bu dağları, getmir duman, üstədi.
Ovçu gəzir şikarını, oxu kaman üstədi...

divanisini oxuydu. Sifarişçi məclisin sonunacan gözlədi. Camaat məclisi tərk etdikdən sonra Aşığa yaxınlaşdı:
- Aşıq, - dedi, - xətrinizə dəyməsin, mənim sifarişimi düzgün oxumadınız. Mən sizə "Üstə" rədifli divani oxumağı sifarış etdim. Siz mənə "Üstədi" oxudunuz.
Aşıq Kamandar əlini saza yetirəndə ev sahibi işə qarışdı.
- Aşığı incitmə, - dedi. - Bu ağırlıqda məclis yola salıb. Sabah da camaat qarşısına çıxacaq. İmkan ver dincəlsin, yatıb yuxusunu alsın.
Kamandar sifarişçidən soruşdu:
- Sabahkı məclisə gələcəksinizmi?
- Mütləq gələcəm.
- Qardaş, mən borclu... Sifarişinizi sabahkı məclisimizdə sizə çatdıracam...
Aşıqlar ev yiyəsinin təklifi ilə, qonaq otağına keçdilər. Kamandar dincəlmək əvəzinə sazı sinəsin basıb pəsdən çalıb-oxumağa başladı. Az müddət içində təbəəssümlə:
- Sifarişçimizin sabahkı sifarişi hazırdı, - dedi.
Sabahkı məclisdə Aşıq Kamandar ilk növbədə sifarışçinin sifarışini oxudu. Məclis əhlinin və sifarişçinin alqışlarını qazandı. Ustadın:
Şeyda bülbül fəğan eylər, bahar fəsli bağ üstə,
Hərdən enər, dövrə vurar, əyləşər budaq üstə...

divanisi belə yarandı.
Kamandarın belə bir xatirəsi də Kamandarsevərlərin yaddaşlarında yaşayır: Türkiyədən Nizaməddin bəy adl bir araşdırmaçı Bakıya gəlmişdi. Kamandar sənətinin yüksək dəyəri haqqında çox eşitmişdi. Münasib bildiyi adamlardan onu ustadla görüşdürməyi xahiş elədi. Arzusu baş tutdu. Bir neçə nəfərlə və həyat yoldaşı Maral xanımla Kamandarın görüşünə gəldi. Ustadın, klassik aşıqlarımzdan bəhs edən xeyli ifalarını lentə aldı və sonunda dedi:
- Ustad, mən istəyirəm ki, bizim bu gəlişimizi baba Şenlik, Aşıq Ələsgər kimi bədahətən şeir ilə deyəsiniz. Aşıq hiss etdi ki, Nizaməddin bəy onu sınağa çəkir.
-Baş üstə -dedi.
Bəy, aparatını düzəldib, əyləşənə qədər, şeirin birinci bəndi hazır oldu, qalan bəndlər bir-birinin arxasınca öz-özünə qoşulub, düzüldü... Həmin şeirin oxucu marağına səbəb ola biləcəyini nəzərə alaraq onu bütövlükdə, olduğu kimi yazıya götürməyi məsləhət bildim:
Gəlibdi
Nizaməddin bəyə
İlhamım dil açdı, coşdu, çağladı,
Gözəl bahar calalınnan gəlibdi.
Bu aləmə eşqim könül bağladı,
Hər fəsil öz sığalınnan gəlibdi.
Baxıram çalmalı uca dağlara,
Çəkir xəyalımı çox uzqlara.
Hicran xəzəl töküb güllü bağlara,
Şeyda bülbül məlalınnan gəlibdi.
Mənim taleyimə olmayın qənim,
Gülür məhəbbətim, gülür vətənim.
Bir könül məsləkim, könül həmdəmim,
Sinə dolu sualınnan gəlibdi.
İndi budur bəklədiyim, bəkdiyim,
Sevincimdən göz yaşımı tökdüyüm,
Uzun illər həsrətini çəkdiyim
Nizaməddin Maralınnan gəlibdi.

Aşığın bu şerini, qardaş Türkiyə dövləti ilə bir zamanlar "quş gəlsə qanad salan" sərhədlərimizin açılmasının müjdəsi kimi qəbul etmək olar. Bu açılışı sevinclərlə qarşılayaraq, uzun illər həsrət qaldığımız, "iki dövlət, bir millət" olan türk qardaşlarımızla belə xoşməramlı görüşün təəssüratından ilham alaraq, ustadın bədahətən dediyi şeiri Nizaməddin bəy, onun Almaniyada jurnalist işləyən həyat yoldaşı Maral xanım və dinləyənlər böyük təşəkkür və alqışlarla qarşıladılar... Kamandarın şeir yaradıcılığını araşdırdıqca, qarşında aşıq-ozan sənətinin Xan Kamandarı ilə qoşa, şeir yaradıcılığının da adı Kamandar, təxəllüsü Ceyhun olan sanballı bir şairin varlığı ilə fəxr edirsən.
Özündən sonra sənət dünyasında silinməz izlər qoymuş böyük ustad uzunömürlü sənətinin yaddaşında əsrlər boyu yaşayacaqdır. Bu uzunömürlülük onun halal haqqıdır. O, bu haqqı fitri istedadı və sənətə həsr etdiyi gərgin zəhməti sayəsində qazanmışdır!..
İsmayıl İlməzli
banner

Oxşar Xəbərlər