Kədər və bədbinlik şairi

Kədər və bədbinlik şairi

25 May 2015, 05:41 1235
“Ritm, hər şeydən əvvəl ritm... Bu, birxətli misraların sıxıntısından qurtuluşdur. Musiqinin ritmi ilə havada qıvrılan əllər əriyir. Ritmi duyan kəs ağır və axsaq birxətliliyə tab gətirməz. Kəlmə seçərkən meydan sizindir. Bəzən az da olsa, bilə-bilə aldanmaq lazımdır, ehtiyacınız olanı seçə bilmək üçün. Şeirlərin dumanlı xatirələr oyadanları möhtəşəmdir. Həm seçilmiş olmalı, həm də qapalı qutu”.

Bir şairin şeirlərlə çatdırdığı həqiqətlə üzləşmək istəyəndə mütləq onun şeirlərinə şahidlik edən həyatının, ömür illərinin şahidi olmaq, keçdiyi yolları tanımaq lazım olur. Bu mənada “şairin həyatı və yaradıcılığı” kimi bəsit və özünün qaçmağa çalışdığı “birxətli” sərlövhə yerinə bu iki məsələni ayrı-ayrı işıqlandırmağı məqsədəuyğun hesab etdik. Bu ayırım bir tərəfdən şairin həyatı və yaradıcılıq yolundakı qarışıqlığı aradan qaldıracaq, digər tərəfdən isə oxucunun şairi daha yaxından tanımasına imkan verəcək.

Şair Paul Verleynin ömür yolu

1844-cü il martın 30-da fransız hərbçinin ailəsində dünyaya göz açmış Paul Verleynin bədbəxt və ağrılı xatirələrlə dolu keçən uşaqlıq illərinin təməlini anası ilə xalası qızı Elisa qoyur. Mütəmadi olaraq, Paulun ətrafında olan və ona düşkünlükləri həddini aşan bu iki qadın zamanla Paulu onsuz da evə gec gələn atasından tamamilə soyudur və hafizəsindən “ata” fiqurunu silirlər. Təhsil almaq yaşı gələndə Paul internat tipli məktəbə yazılmalı və evdən ayrılmalı olur. İllərdir evdən başqa mühit və həyatındakı iki qadından başqa adam görməmiş Paul üçün internat cəza kimi görünürdü. Ziqmund Freyd bütün homoseksualların mütləq uşaqlıqlarına qədər uzanan bir unudulmuş dövrləri olduğunu iddia edir. Kişi sevgisi və ünsiyyətindən tamamilə məhrum olmuş, yalnız dərin qadın qayğısı ilə əhatələnmiş Paulun da homoseksual gələcəyinin təməli məhz bu illərdə qoyulur.
Şair əslində bir çoxlarının onun haqqındakı rəylərində qeyd etdiyi kimi üsyankar təbiətli olmayıb. Onun gücsüzlüyü əslində mübarizə qabiliyyətinin olmamasından, iradəsizliyindən qaynaqlanırdı. Məhz bu səbəbdən Paulun həyatında əksər şairlərdə rast gəldiyimiz macərapərəstliyə şahid olmuruq, əksinə, o hər zaman bir yerdə yaşamağın tərəfdarı olub. Əslində Paul dəfələrlə xəyalındakı xoşbəxtliyin xanımı və övladları ilə birgə uzun illər dörd divar arasında yaşayacağı etibarlı və təhlükəsiz həyat olduğunu etiraf edib. Hətta öyrəşdiyi yerdə formalaşan rahatlıq və təhlükəsizlik hissi ona iki il yatdığı həbsxananı belə həsrətlə xatırladır. Bütün həyatı boyu rahat və daimi həyat sürməyin xəyalını quran Paul özü də bilmədən anidən və tamamilə ailəsindən qopur və özünü dağınıq, qarışıq günlərin bir-birini əvəzlədiyi bir həyatın içində içki aludəçisi olaraq tapır. İtirdiklərini geri qazana bilməməyin, mənəvi məğlubiyyətin dərki ilə əzablar içində də dünyasını dəyişir.

Göz açdırmayan sərt rüzgarlar

Şairin ədəbi istedadı, şeirlərinin uğur qazanmasına səbəb olan qabiliyyət nə qədər çox idisə, ruhi və əxlaqi zəiflikləri, mənəvi yoxsulluğu da bir o qədər dərin və açıq idi. Bu, onun ömürlük bədbəxtliyinin səbəbi, qarşısını ala bilmədiyi faciəsidir. Bütün yazıçıların ömür yolunda olduğu kimi yazarlıq qabiliyyəti Paulun da həyatında görə biləcəyi işin öhdəsindən layiqincə gəlmişdi. O da sözün gücündən payına düşəni alır. Uğurun və xoşbəxtliyin zirvəsini görür. Lakin digər bütün sevinclərlə müqayisədə bu fəth bir anlıq idi. Enişlə mübarizə apara bilməyən şair çarəsiz yarpaqlar kimi şüursuzca tale rüzgarının sürüklədiyi yerlərə gedir. Bir müddət taleyin qara qutusunun divarlarını döyəcləməyə, taleyi dəyişməyə cəhd edən ədib bu mübarizədən qalib ayrılanlardan yox, qan itkisindən ölənlərdən olur.
Gənclik illərində dolanışıq dərdi çəkməmək üçün dövlət qulluqçusu olmağı seçən Paul olduqca dəbdəbəli olmasa da, rahat və doya-doya zövq aldığı burjua həyatı sürür. Hardasa otuz il şeir yazandan sonra şərəf nişanı alaraq akademiyaya qəbul edilən fransız burjua şairlərindən biri də Verleyndir. Bu rahat, dinc və xoşbəxt həyatdan onu məhrum edən, bütün həyatını səfalətə sürükləyib, ruhunu viran qoyan isə içki olur. İçki aludəçiliyi özü də bilmədən xilas ola bilməyəcəyi bir həddə gələnə qədər isə Paul artıq tamamilə yalnız qalmışdı. Kobud, həddini bilməz bir insana çevrilmiş şair subaylıq illərində pulu və şairanə sözləri və duruşu ilə istədiyi qadınla birgə olur. Bu cəhəti ilə də uzun müddət tənqid olunan Paul nəhayət, 1870-ci ildə Matilda Monte ilə ailə qurmaq qərarı verir. Bir müddət sonra başlayan müharibə isə onsuz da içki ilə həyatı və şüuru alt-üst olmuş Paulun psixologiyasında ciddi pozuntular yaranmasına səbəb olur. Elə həmin illərdə evliliyin məsuliyyətini hələ tam mənimsəməmiş Paul və Matildanın oğlu dünyaya gəlir. Müharibənin qorxunc dalğaları, ailənin bitməz-tükənməz qayğıları, övlad yetişdirmək qorxusu Paulun zəif və gərgin ruhunu viran edir. Onun ehtiyacı olan tək şey isə onu olduğu yerdən əbədiyyən çəkib aparacağı bir rüzgar idi. O rüzgarın adı Artur Rimbaud olur.

Başdan sonadək şeir kimi həyat

Paulun 1971-ci ildə aldığı bir məktubla həyatına girən Artur arzuladığı dörd divar içindəki rahat həyatın qəfəsində çırpına-çırpına qalmış şairin “birxətli” həyatını, “sabit” dəyərlərini dağıdıb, alt-üst edir. Bununla da, Verleynin yaradıcılığında sözün əsl mənasında “qızıl” dövr başlayır, bir-birinin ardınca möhtəşəm ədəbi nümunələrə müəlliflik edir. Artur onun ailə, məsuliyyət, din kimi anlayışlarını, bu məfhumlara olan baxışlarını kökündən dəyişir, onun köhnə sistemini çökdürür, onunla çürüməkdə olan bağını tamamilə qoparır. Köklərindən qocaman çinarlar kimi qopan şair bu çılğın gəncin rüzgarına təslim olur və onun arxasınca Parisə gəlir. Artura bağlandığı, onun yenilikçi havasına qoşulduğu üçün daxilən narahatlıq yaşayan Paul ədəbi və mənəvi yaxınlığın fiziki yaxınlığa keçməsinin qarşısını da ala bilmir. 1872-ci ildə ailəsindən tamamilə qopan Paul geri dönmək istəsə də, Matilda onun macərapərəstliyini bağışlamır. Paul Artura sığınmaq üçün ondan üzr istəyir, onu Brüsselə çağırır. Rimbaud ondan pul tələb edir, əsəbləri onsuz da sıradan çıxmış Paul cibindəki silahla onu yaralayır. Arxasınca üzr istəmək, barışmaq üçün getsə də, Arturun dostları onu həbs etdirir.

Əzabın dibindən ədəbiyyatın zirvəsinə

Öz mənəvi dəyərlərinə yadlaşan və daxili peşmanlıqlarla dolu şairə yalnız həbsxanada tanış olduğu rahib kömək edir. Həbsxanada keçirdiyi müddətdə içkidən uzaq durması beyninin qabiliyyətini yenidən bərpa edir. Həyatındakı bütün boşluqları ilahi sevgi ilə doldurur. Həbsxanada olduğu illərdə yazdığı mistik, ilahi sevgini tərənnüm edən şeirləri Verleynin yaradıcılığının zirvəsi hesab olunur. Ruhunu tamamilə təmizləyən şair 1875-ci ildə azadlığına qovuşarkən onu çıxışda bircə nəfər gözləyir – anası.
Bütün doğmalarını itirmiş Paul iradəsini qoruya bilmir və yenə özünü Arturun yanında tapır. Ateist Artur qısa zamanda Paulu həbsxanadan əvvəlki vəziyyətinə qaytarır. Lakin bu yaralı münasibət yenə davam etmir. Yaşadığı əyyaş və qəbuledilməz həyat tərzi ilə ədəbi çevrədə nüfuzunu tamamilə itirmiş şairin kitabları və əlyazmaları ilə heç kim maraqlanmır. Anası yeganə oğlu üçün son bir cəhd edərək, sakit bir kənddə ev alır. Lakin Verleyn burada da həbsə düşür və həbsdən çıxanda artıq anası da dünyasını dəyişmiş olur. Ömrünün sonuna kimi əyyaş kimi yaşayan, bir qədəh içki üçün hər şeyə boyun əyən şair 1886-cı ildə əxlaqsızlıqla məşhurlaşmış bir qadının yanında dünyasını dəyişir. Sağlığında onunla üz-üzə gəlməməyə çalışan, ondan qaçan, yaxına buraxmayan həmkarları onun dəfnində olduqca alovlu çıxışlar edir, haqqında şöhrətli təriflər səsləndirirlər. Həyata tutuna bilməyənlərdən olan Verleynin bütün həyatı və yaşadıqlarından duyduğu əzabların ağırlığını ancaq yaradıcılığı, şeirləri ilə yaxından tanış olanlar anlaya bilər.

Verleynin ədəbi dünyası

Paul Verleyni ədəbi aləmdə ən çox tanıtdıran ədəbi təhlilləri, sevimli şairlərinin yaradıcılığı ilə bağlı qələmə aldığı şərh və araşdırma məqalələri olub. Xüsusilə Viktor Hüqo, Lekont le Lisle, Qauter, Banvil və Qletiqni, Bodeluar və Şekspirin yaradıcılığı ilə bağlı qələmə aldığı məqalələr, elmi işlər, araşdırmalar, müqayisələr Verleynin ədəbi duyumunun və biliyinin dərinliyindən xəbər verir, onun poeziya ilə bağlı irəli sürdüyü ağırçəkili iddialar şairi həmkarlarından fərqləndirən, onun hər zaman fərqlənən, öndə olan olacağına şübhə etməyə imkan verməyən detallar idi. Onun yaradıcılığında eyni zamanda Şərq şairlərinə xas olan ruhi, ilahi cəhətlər də geniş yer alır. Şeirlərində tez-tez rast gəldiyimiz “xatirə, xəyal, şirinlik, vüsal” kimi kəlmələr xəyallar dünyasını, “solğun, ölü, sıxıntı, narahat” kimi kəlmələr isə bu xəyallar dünyasının kədərli bir örtüyün altında məhkum edilməklə yaratdığı ağır atmosferi əks etdirir. Onun şeirlərinə birmənalı şəkildə kədər və bədbinlik hakimdir. Dünya ədəbiyyatı dərin əzablardan keçən, yaşadıqlarına görə ittiham edilən və yaradıcılığı ilə şəxsiyyəti təmizə çəkilən Verleyni təkcə fransız şeirinin yaradıcısı kimi yox, eyni zamanda, dünyəvi şeirin xilaskarı kimi xatırlayır.

Tərcümə etdi:
Elcan SALMANQIZI
P.S. Yazı cafrande.org-dan götürülüb