• şənbə, 20 Aprel, 15:47
  • Baku Bakı 23°C

100 il əvvəlin 15 noyabrı

14.11.19 09:30 1040
100 il əvvəlin 15 noyabrı
Və ya BDU-da ilk dərs günü

100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin bərqərar olması ölkədə bir çox islahatların aparılmasına səbəb oldu. Milli və ictimai tərəqqidə elmin, təhsilin rolunu dərk edən cümhuriyyət liderləri ilk olaraq təhsillə bağlı islahatlara üstünlük verdilər və Azərbaycanda təhsil məsələləri ilk dəfə dövlət səviyyəsinə qaldırıldı. Hər bir xalqın milli mənliyinin və milli şüurunun formalaşması onun mədəniyyətinin, elminin, təhsilinin inkişafı ilə şərtləndiyini bilən aydınların ən böyük arzularından biri Azərbaycanda universitet açmaq idi. Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsi bu arzunu reallaşdırdı. Bakıda universitetin açılmasına çox böyük əhəmiyyət verən Cümhuriyyət hökuməti, bu mühüm məsələni 1919-cu il 8 aprel tarixli iclasında müzakirə etdi. Beləliklə, dəfələrlə Parlamentdə müzakirə olunan məsələ 1919-cu ilin sentyabrında həllini tapdı: BDU 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edildi.
Bircə faktı qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Xalq Cümhuriyyəti liderləri ölkədə heç bir iş görməsəydilər belə, yalnız müsəlman Şərqində ilk Avropa tipli ali məktəbin” açılmasına nail olmaqla, ən mühüm işi görmüş olardılar və oldular da. Nə maddi təminat, nə də başqa çətinliklər onları bu yoldan döndərə bilmədi. Hökumət bütün çətinliklərə zamin durdu, "...ən yüksək maaş, ən gözəl şərait. Bircə şərtlə, təki universitet qurulsun...”.
8 sentyabr 1919-cu il. Azərbaycan hökuməti BDU-nun rektoru və dekanları haqda qərar qəbul edir və bu qərarla universitetin təşkilat komissiyası BDU-ya, onun yaradılmasında və ali məktəb işinin təşkilində böyük rolu olan, Kazan Universitetinin professoru, görkəmli pedaqoq, məşhur cərrah Vasili İvanoviç Razumovskini yekdilliklə rektor təyin edir. Universitetin Azərbaycanda açılmasından xoşhal olan V.İ.Razumovski Parlamentdəki çıxışında demişdir: "Azərbaycanda, hətta müsəlman dünyasında bu böyük hadisənin - Darülfünunun təsisi mərasimi təntənəsini qeyd etməyə, nəinki Parlamanı, buraya toplaşan kütlələrin şəxsində ictimai fikri də gördüyümə hədsiz xoşbəxtəm”. Beləliklə, 1919-cu ilin 15 noyabrı universitetdə ilk dərs günü kimi tarixə düşür. Təəssüf ki, bu xoşbəxtliyin ömrü uzun olmur...
1920-ci ilin aprel işğalından sonra BDU "yeni tarixi şəraitdə” fəaliyyət göstərməyə məcbur edilir. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin 1920-ci il 10 və 22-si may tarixli dekretlərinə əsasən universitetin fəaliyyəti "sinfilik və partiyalılıq prinsiplərinə əsaslanaraq” yenidən qurulmalı olur. Doğrudur, 1929-cu ilin sonlarına kimi universitetin həyatında nisbi "müstəqillik” dövrü olmuşdur. Təbii, burada 1926-cı ildə universitetə təyin edilən ilk azərbaycanlı rektor Tağı Şahbazinin əməyi danılmazdır. Məhz Şahbazinin BDU-nu milliləşdirmək, milli zəmində inkişaf etdirmək uğrunda mübarizə aparması, hökuməti təşvişə salmış və onu universitetdən uzaqlaşdırmışlar. Elə universitetə qarşı sərt rejim, hədə-qorxu, təqiblər də əsasən bu ildən gücləndirilir. 1930-cu il yanvarın 12-də Azərbaycan Dövlət Universitetinin (BDU) yubileyini təntənəli qeyd edən hökumət, həmin ilin iyununda universitetin fəaliyyətini dayandırdı.
1934-cü il mayın 25-də Azərbaycan SSR Xalq Komissarları Soveti Azərbaycan Dövlət Universitetinin açılması haqqında qərar qəbul etdi və Məmmədkazım Ələkbərli universitetə rektor təyin edildi. Az qala bir necə aydan bir, rəhbərliyi dəyişən hökumət, hər gün universitet divarları arasında "xalq düşmən”ləri (rektorlar da daxil olmaqla)” kəşf” edərək gedər-gəlməzə göndərirdi. BDU üçün "dəhşətli, qorxulu, və səksəkəli” keçən bu dövrdə universitetin rektoru olan 4 ziyalımız (Tağı Şahbazı, Maqsud Məmmədov, Məmmədkazım Ələkbərli, Balabəy Həsənov) ən ağır cəzaya, güllələnməyə məhkum edildi.
II Dünya müharibəsinin başlanması universitetin həyatına mənfi təsir etsə də, tədris prosesi davam etdi. Nəhayət 1950-ci illərin ortalarında sovet cəmiyyətində baş verən nisbi yumşalma universitet həyatına da müsbət təsir etdi. Lakin bu vəziyyət çox uzun sürmədi. Yenidən milli ruhun sıxışdırılması prosesi başladı. Mərkəzin nəzarəti sərtləşdirməsi nəticəsində təhsildə yersiz siyasiləşdirmə və ideologiyalaşdırma daha da gücləndirildi.
Bu zaman BDU rəhbərləri arasında "siyasi-tərbiyə işini” yaxşılaşdırmaq məqsədilə Mərkəzin cəza prosesini alqışlayanlar da oldu, tərəqqipərvər ziyalıları qoruyub saxlamaqla (vəzifəsini itirmək qorxusu olmayanlar) universiteti yaşadanlar da... Elə bu zaman BDU-nu proletarlaşdırmaq və kommunistləşdirmək arzusunda olanlar "Marksizm-leninizmin əsasları” və "Elmi kommunizm”in təbliği ilə universitetin "tərbiyələnməsində” "at oynatdılar”.
1990-cı ilin ilk günlərində BDU-da tədris prosesi tamamilə öz axarından çıxmışdı. Belə bir zamanda BDU kollektivi 1926-cı ildən sonra ilk dəfə olaraq demokratik yolla Mirabbas Qasımovu yekdilliklə rektor seçdi. BDU-da "ekstremist” ovu nisbətən dayandırılsa da, Dağlıq Qarabağda baş verən hadisələr, azərbaycanlıların doğma yurd-yuvasından qovulması, 20 Yanvar faciəsi, saysız-hesabsız şəhidlər, ölkədəki özbaşınalıq, təhsilin infrastrukturunda baş verən əyintilər universitetdə tədrisin fəaliyyətinə çox ağır zərbələr vurdu. Kollektivin yekdilliklə seçdiyi rəhbər də universiteti bu çətin durumdan çıxara bilmədi. Onu 1992-ci ilin 8 oktyabrından görkəmli hüquqşünas alim Firudin Səməndərov əvəz etsə də, universitetin həyatında dirçəliş dövrü 1994-cü ildən başladı. Uzun, çətin və şərəfli bir yol keçən BDU-nun bu gün əzəmətli bir elm ocağı olmasında təbii ki, ona rəhbərlik edən rektorların da əməyi az olmayıb. Bu günə kimi BDU-ya 25 rektor (25-ci Elçin Babayevdir) rəhbərlik edib.
Bir necə il bundan əvvəl "Universitetlərin Şahı, Universitetim -BDU” sərlövhəli (Bax: "Kaspi” qəzeti, 8 sentyabr 2011-ci il) bir məqaləm çap olunmuşdu. Doğrusunu deyim ki, sərlövhəm bir az qısqanclıqla (bəziləri tərəfindən) qarşılanmışdı. Amma unutmaq olmaz ki, ölkəmizdə fəaliyyətdə olan dünənki institutların, bugünkü universitetlərin hamısı BDU-nun "şinelindən” çıxıblar. Odur ki, "Universitetlərin Şahı, Universitetim BDU”, ad günün mübarək!
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist


banner

Oxşar Xəbərlər