• şənbə, 20 Aprel, 00:49
  • Baku Bakı 15°C

Xəttə qənaətin yaratdığı təhlükə - PROBLEM

06.05.22 09:02 1433
Xəttə qənaətin yaratdığı təhlükə - PROBLEM

“Asfalt örtük üzərinə çəkilən xətlər, xətlənmə nişanları təhlükəsizliyə xidmət edir. Xətlənmənin standartlara uyğun, keyfiyyətli aparılması sürücülərin avtomobilləri təhlükəsiz idarə etməsinə, həmçinin piyadaların yolları qaydalara uyğun, tam təhlükəsiz şəkildə keçməsinə hesablanır”.

Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki yollar “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi (İLİİ) tərəfindən, guya, ötən həftə xətlənib. “Guya” ona görə deyirəm ki, bu “xətlənmə” işləri yalnız 5-6 metrlik ərazini əhatə edib. Mehdiabaddan Novxanı istiqamətinə “Təzə yol”da (Qara Qarayev küçəsi), Digah yolunda, 28 May küçəsində və mərkəzə ayrılan, polis və bələdiyyənin inzibati binasına doğru istiqamətlənən yoldakı işıqforların yanı istisna olmaqla, yolboyu heç bir yerdə xətlənmə işi aparılmayıb. Yolu hərəkət istiqamətlərinə ayıran qoşa və tək xətlərə, eləcə də yol kənarlarında sarı xətlərə rast gəlinmir.

Gözdən uzaq, könüldən iraq qəsəbə

Xətlənməyə “qənaətlə” yanaşan “Siqnal” mütəxəssislərinin istifadə etdiyi boyanın keyfiyyətsiz olması da diqqət çəkir. İşıqforların yaxınlığındakı qısa məsafədə asfalt üzərinə vurulan boya cəmi bir həftədən sonra silinməyə başlayıb. Üstəlik, istifadə edilən boyanın tərkibinə lazımi qatqılar əlavə edilmədiyindən, axşam saatlarında asfalt örtüyün üzərindəki xətlər görünməz olur. Halbuki avtomobilin işığı həmin xətlərin üzərinə düşən kimi parıltı effekti verməklə sürücünün, eləcə də piyadaların diqqətini çəkməlidir. Amma bu, belə deyil. Abşeron rayonunun Mehdiabad qəsəbəsi paytaxt Bakının inzibati ərazisinə daxil edilmədiyindən, necə deyərlər, daim göz önündə olmadığından, “Siqnal”ın məsul şəxsləri qəsəbədaxili yollarda xətlənmə işinə barmaqarası yanaşıb, sadəcə gözdən pərdə asmaq prinsipi ilə iş görüblər.

Qanunvericiliyin tələbi

Nəqliyyat eksperti, qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, yolların xətlənməsi yol təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, xətlər, xətlənmə nişanları yol kənarında quraşdırılan nişanlar qüvvəsindədir: “Asfalt örtük üzərinə çəkilən xətlər, xətlənmə nişanları təhlükəsizliyə xidmət edir. Xətlənmənin standartlara uyğun, keyfiyyətli şəkildə aparılması sürücülərin avtomobilləri təhlükəsiz idarə etməsinə, həmçinin piyadaların yolları qaydalara uyğun, tam təhlükəsiz şəkildə keçməsinə hesablanır. Bu barədə “Yol Hərəkəti haqqında” Qanunun 69-cu Maddəsində geniş bəhs olunub. Qeyd olunub ki, yolun nişanlanması yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə tətbiq olunur. Nişanlanmanın hər birinin mənası, irəli sürdüyü tələb, tətbiq qaydası və şərtləri barədə də Qanunun 69-cu Maddəsində ətraflı bəhs olunub”.

Xətləmə işi bütün yolboyu aparılmalıdır

Nəqliyyat eksperti deyib ki, asfalt üzərində xətləmə işləri aparılarkən standarta uyğun, tərkibində əlavə qatqılar olan xüsusi boyadan istifadə olunmalıdır: “Xətləmə keyfiyyətli boya ilə həyata keçirilməlidir. Həmin boyanın tərkibinə işıqqaytarıcı maddələr vurulmalıdır. Bunun sayəsində qaranlıqda avtomobil işığında o xətt daha yaxşı görünür. Sürücülər hərəkət zolaqlarını, durma və gözləmə əmri verən nişanları, piyada zolağını qaranlıqda daha aydın seçə bilirlər. Xətləmənin yarımçıq olması, yəni yalnız işıqforlara yaxın hissədə qısa məsafəni əhatə etməsi standartlara uyğun deyil. Xətləmə işi bütün yolboyu aparılmalıdır. Bu işə məsul olan müvafiq qurum xətləməni savadlı şəkildə həyata keçirməli, mütəxəssisləri prosesə cəlb etməlidir. Çünki xətləmədə yol verilən istənilən səhv, natamamlıq hərəkət iştirakçıları olan sürücülərin, piyadaların təhlükəsizliyinin əleyhinədir”.

“Siqnal” İdarəsi təkzib edir

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin (İLİİ) şöbə müdiri Şahin Həsənov qəzetimizə açıqlamasında deyib ki, Mehdiabad qəsəbəsindəki yollarda xətləmə işi tam başa çatdırılmayıb. Onun sözlərinə görə, işıqforların yanında qısa məsafəni əhatə edən xətləmə, oxlar, piyada zolaqları əl işi olduğu üçün qabağa salınıb. Şöbə müdiri söyləyib ki, yaxın bir-iki gün ərzində qəsəbə daxilində xüsusi texnika və mexanizmlərin köməyi ilə yolboyu xətləmə işi görüləcək. Ş.Həsənov asfalt üzərinə vurulan boyanın keyfiyyətsiz olmasına, qısa zamanda silinməsinə də münasibət bildirib. İddia edib ki, xətləmədə istifadə olunan boya keyfiyyətlidir və tərkibinə şüşə tozu deyilən qatqı əlavə olunub. O, əraziyə təkrar baxış keçiriləcəyini, yeni vurulan boyaların qısa vaxtda silinməsi faktı aşkar edildiyi halda, yenidən boyama işlərinin aparılacağını vurğulayıb. “Siqnal” İdarəsinin boya istehsal etmədiyini diqqətə çatdıran şöbə müdiri söyləyib ki,  xətləmə üçün istifadə olunan boya elan edilən müvafiq tender əsasında alınır.

P.S. Qəzetimiz çapa hazırlanarkən məlumat aldıq ki, Mehdiabad qəsəbəsindəki yollarda xətləmə işləri 2 həftəlik fasilədən sonra tam həyata keçirilib. Xətləmə işlərinin keyfiyyətli, standartlara uyğun aparılıb-aparılmaması barədə isə heç nə deyə bilmərik. 

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər