• bazar, 22 Dekabr, 09:11
  • Baku Bakı 8°C

Həyatımızı riskə atan qonşular - PROBLEM

17.06.23 04:00 18843
Həyatımızı riskə atan qonşular - PROBLEM

Doqquzmərtəbəli binalarda liftlərin yanında olan boşluq sahə bir çox hallarda sakinlər tərəfindən zəbt edilir. Lakin sovet vaxtı inşa olunmuş çoxmənzilli binalar vətəndaşların ümumi əmlakı sayılır. Bu hal qanunvericiliyə ziddir, həm də həyatımız üçün təhlükəlidir.

Köhnə çoxmənzilli binalarda rast gəlinən problemlərdən biri liftlərin yanında olan hissənin sakinlər tərəfindən zəbt olunmasıdır. Bu hissələr bağlanılır və sakinlər oradan müxtəlif məqsədlərlə istifadə edir. Belə olduqda bloklara nə pəncərədən gün işığı daxil olur, nə də hava. Mərtəbələrdə qaranlıq və havasızlıq hökm sürür. Digər bir məsələ isə təhlükəsizliklə bağlıdır. Bir fövqəladə hal baş verdikdə havanın təmizlənməsi və ya insanların təxliyəsi kimi hallar çətinləşir. 

Həmin pəncərələr tək havalandırma məqsədi daşımır 

Əmlak eksperti Ramil Osmanlı dedi ki, mənzil qanunvericiliyində çoxmənzilli binalarda həmin ərazilər pilləkən qəfəsləri adlanır: “Pilləkən qəfəsləri, meydançaları, liftlər, lift şaxtaları, binanın dam örtüyü, binanın ərazisi sahə mülkiyyətçilərinin ümumi əmlakı sayılır. Həmin pəncərələr tək havalandırma məqsədi daşımır. Eyni zamanda, hər hansı bir fövqəladə vəziyyət halında sakinlərin təxliyəsi, ayrı-ayrı mərtəbələrə müdaxilə üçün nəzərdə tutulur”.

Şikayət olunsa, mütləq sökülməlidir

R.Osmanlının fikrincə, o sahələrin qapadılması qanunsuzdur: “Ümumi əmlakdan istifadə halları vətəndaşlar tərəfindən müəyyən olunan idarəetmə forması və ya sahə mülkiyyətçiləri tərəfindən ümumi yığıncaqda qərar şəklində verilir. Amma o binalar ki, dövlətin balansındadır, bu, artıq dövlət qurumlarının xüsusi razılığı əsasında həyata keçirilə bilər. Belə razılıqlar isə mövcud deyil. Həmin ərazilərin bağlanması qanunsuzdur. Yəni qonşular şikayət etsə, bu hal aradan qaldırılmalıdır. Oraya çən yerləşdirənlər, müxtəlif məqsədlər üçün saxlanc yeri düzəldənlər var”.

Bu binalar vətəndaşların ümumi əmlakı sayılır 

Tikinti məsələləri üzrə ekspert Elnur Azadov bildirdi ki, Doqquzmərtəbəlilərdə adətən lift meydançaları zəbt olunur: “Həmin sahə fövqəladə hallar baş verdikdə, adamların qorunmaq məqsədilə toplanması üçün nəzərdə tutulub. Eyni zamanda həmin sahə ehtiyac olarsa, yanğın söndürən maşınlar, qaldırıcı kranlar, xüsusi vasitələrlə vətəndaşların təxliyə olunması ilə bağlıdır. Hətta onların dəmir hissələri elə qurulurdu ki, üzüyuxarı qaldırılırdı, pəncərə açılırdı və altından çıxmaq imkanı olurdu. Yəni bu sahələr bina layihələndirilən vaxt 70-80-ci illərdə çox mükəmməl normativlərə uyğun olaraq hazırlanıb və inşa olunub. Bu baxımdan həmin sahələrin vətəndaşlar tərəfindən zəbt olunması, şəxsi məqsədlərlə nəyisə saxlamaq yeri kimi istifadə etmək qanuna ziddir”.

E.Azadovun sözlərinə görə, vətəndaşlar idarəetmə forması qurmalı və binanın hissələrinin qanunsuz zəbt olunmasının qarşısını almalıdırlar: “Artıq 15 ilə yaxındır ki, qanunvericilikdə baş vermiş dəyişikliklərə uyğun olaraq sovet vaxtı inşa olunmuş çoxmənzilli binalar vətəndaşların ümumi əmlakı sayılır. Xidmət sahələri kimi ərazi idarələri, mənzil kommunal təsərrüfat birlikləri binaların içinə heç bir müdaxilə etmir, həmçinin xidmət də göstərmirlər. Bu kimi çoxmənzilli binalar vətəndaşların öz ixtiyarına verilib və onlar qanunla qeyd olunmuş qaydada müştərək cəmiyyət yaratmalı, bu kimi sahələri özləri idarə etməlidirlər. Lakin bu proseslər yalnız yeni tikilmiş binalarda baş verir. Digər 3-5-9 mərtəbəli binalarda müştərək cəmiyyətlər qurulmayıb. Bu boşluqdan da bəzi vətəndaşlar istifadə edir. Binanın konstruktiv elementləri, həyəti, qurğuları, həyətində olan yaşıllıqlar, müxtəlif ümumi tikililər, girişlər, çıxışlar, liftlər, pilləkənlər, binanın fasadı, çöl hissəsi - bunların hamısı ümumi əmlakdır və hamıya aiddir. Onların qorunması və idarə olunması həmin binada yaşayan mülkiyyət sahiblərinin üzərinə düşür”. 

Bəzən həmin hissələr kimlərinsə istifadəsinə verilir

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev qeyd etdi ki, əsasən yük liftinin ərazisində bu hallar baş verir: “Binalar hansı qurumun balansındadırsa, istismarını kim həyata keçirirsə, onlar tərəfindən də təhlükəsiz istismarı həyata keçirilməlidir. Bu, mənzil kooperativləri də, mənzil istismar birlikləri də, mənzil müştərək cəmiyyəti də ola bilər. Yəni sakinlər tərəfindən binanın konstruksiyasına hər hansı bir müdaxilə, ümumi istifadədə olan hissələrin hansısa şəxsə verilməsi qadağandır. Bu, binanın zirzəmisi də, qarajı da, lift şaxtalarının yanındakı boşluq da ola bilər. Həmin hissələr əsasən yüklərin daşınması üçün olan liftin yeridir. Ancaq əfsuslar olsun ki, bəzən həmin hissələr kimlərinsə istifadəsinə verilir. Həmin şəxslər tərəfindən şkaf, qarderob, material yığmaq üçün istifadə olunur”. 

Tez alışan məhlullar, yaxud da qaz balonu ola bilər

E.Nurəliyevin sözlərinə görə, vətəndaşlar diqqətli olmalıdır ki, həyatları üçün bir təhlükə yaranmasın: “Hər hansı bir hadisə anında həmin şkaflarda, dolablarda kimyəvi tərkibli material, məhsullar, yanma riski yüksək olan, tez alışan məhlullar, yaxud qaz balonu ola bilər.

Digər məqam nəinki həmin liftlərin yanındakı ara hissə, eyni zamanda liftin yanında ehtiyat çıxış qapısına tərəf gedən pilləkənlərin qəfəslərində bu cür şkafların, dolabların düzəldilməsi hallarıdır. Əlbəttə, bu da hər hansı bir hadisə zamanı insanların tez bir zamanda rahat və təhlükəsiz şəkildə təxliyə olunmasına maneçilik yaradır. Bu hissələr hər zaman boş qalmalıdır ki, hər hansı bir hadisə anında insanlar həmin yerdən təhlükəsiz formada və tez bir şəkildə təxliyə olunsunlar”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər