• bazar, 22 Dekabr, 09:13
  • Baku Bakı 8°C

İxtisaslaşmış dini mediaya ehtiyac varmı? - ARAŞDIRMA

24.06.23 03:30 18441
İxtisaslaşmış dini mediaya ehtiyac varmı? - ARAŞDIRMA

Ölkəmizdə ixtisaslaşmış dini medianın formalaşdırılması təklif edilir. Bu sahədə Türkiyə təcrübəsi nümunə kimi göstərilir. Lakin Azərbaycanın çoxkonfessiyalı dövlət olduğunu əsas gətirənlər sözügedən ideyanın həyata keçirilməsini real saymırlar. 

Azərbaycanda müxtəlif media qurumlarında dini maarifləndirmə ilə bağlı müəyyən layihələr olsa da, bu sahədə bir pərakəndəlik var. Ölkəmizdə hüquq mühafizə orqanlarının həyata keçirdiyi müxtəlif əməliyyatlar da göstərir ki, yaranmış boşluqdan xarici təxribatçı qüvvələrin istifadə etməsi halları mövcuddur. Bunları nəzərə alsaq, sual yaranır, bizdə niyə ixtisaslaşmış dini media yoxdur? Dövlətin təhlükəsizliyi baxımından ixtisaslaşmış medianın yaranması hansı üstünlükləri özündə ehtiva edir? 

“Belə bir televiziyanın yaradılmasına böyük ehtiyac var”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov əvvəllər də bu məsələni dilə gətirdiyini dedi. Onun sözlərinə görə, Azərbaycanda dini maarifləndirmə apara biləcək bir dövlət kanalına ehtiyac var: “Bu gün biz Türkiyədən nümunə gətirsək, orada Türkiyə Dəyanət İşləri Nazirliyinin televiziya kanalı olduğunu görə bilərik. Bu telekanal vasitəsilə geniş və əhatəli maarifləndirmə işləri aparılır. Nəzərə alsaq ki, din həm də maarifləndirmə, təbliğat və eləcə də təhlükəsizlik məsələsidir, onda Azərbaycanda da buna ciddi ehtiyac olduğunu hesab edirəm. Əgər özümüzü zərərli təriqətlərdən, dini təsirlərdən qorumaq istəyiriksə, bunun yolu daha geniş sistemli maarifləndirmə aparmaqdır. Pərakəndəliyin aradan qaldırılması üçün belə addımın atılmasına böyük ehtiyac var. Bu, bizə imkan verəcək ki, dini bilgiləri özümüz verək, təhlükəsizliyimizi də özümüz təmin edək”.

“Dini maarifçiliyə sehrli çubuq kimi yanaşmaq düzgün deyil”

Ekspert Cəmaləddin Quliyev bildirdi ki, dini maarifləndirmə sahəsində vəziyyət ümumən dini sahədəki vəziyyətdən fərqli deyil: “Son illər, xüsusən də, Suriya hadisələrinin dindarlar arasında yaranmış kəskin ikitirəliyi üzə çıxarması, Gülən camaatı və ardınca da İranın dini mühitimizə kobud müdaxilələri problemin miqyasının böyük olduğunu  göstərir. Ona görə də dini maarifçiliyə bu problemləri bir anın içində həll edə biləcək sehrli çubuq kimi yanaşmaq düzgün deyil. İllərlə yığılmış, qalaqlanmış problemlərin həlli üçün zaman lazımdır. Maarifçiliyin hədəfi düzgün yanaşması olan insan - vətəndaş yetişdirməkdir. Təəssüf ki, bunu bir ilə həll etmək mümkünsüzdür. Amma hər şeyin bərbad olduğunu da iddia etmək istəməzdim, müvafiq dövlət qurumu, fondlar var, tolerantlığın, multikulturalizmin təbliği dövlətin ali rəsmi qurumlarının nəzarətindədir”.

“Hər icmanın öz dini baxışlarını təbliğ etməsi normaldır”

C.Quliyev qeyd etdi ki, komitənin, müvafiq fondların dəstəklədiyi KİV-lər var. Ənənəvi KİV-lərdə də dini maarifçilik istiqamətində işlər görülür: “Ayrıca bir media quruluşunun bu işi görə bilməsi inandırıcı deyil. Çünki həm xristianlığın, həm İslamın, həm musəviliyin bir KİV tərəfindən təbliğ edilməsi mümkünsüz görünür. Dövlət Azərbaycan üçün ənənəvi olan dini cərəyanlara öz ardıcıllarına ünvanlı maarifçilik işi aparması üçün maksimum şərait yaratmalıdır. Ənənəvi cərəyanlar isə bir deyil, bir neçədir. Dövlətin işi bu icmaları mümkün qədər xarici mərkəzlərin təsirindən çıxarmaq və bir-birinə qarşı açıq ədavət xarakteri alan təbliğat aparılmasının qarşısını almaqdır. Amma ümumən hər icmanın öz dini baxışlarını həqiqətin son instansiyası kimi görüb təbliğ etməsi normaldır. Müəyyən xarici təmaslar da qaçılmazdır. Məsələn, ortodoks xristianlar Roma və ya Moskva patriarxlığı, katoliklər Vatikanla təmasdadır və s. Bunun üçün yalnız dövlət deyil, medianın, xüsusən də sosial media fəallarının öz peşə etikaları çərçivəsində davranmaları gərəkdir. Nəhayət, anlamaq lazımdır ki, hər dini bayram ərəfəsində bəlli bir dini icmanı aşağılamaq maarifçilik, konkret halda dini çoxluğu xarici təsirdən çıxarmaq deyil, onu yad mərkəzlərə doğru itələməkdir”. 

Din pərdəsi altında gizlənən qruplaşmalar

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təhlilçisi Araz Qurbanov bildirdi ki, Azərbaycan dünyəvi dövlətdir və bütün dünyəvi dövlətlərdə olduğu kimi, bizdə də din dövlətdən ayrıdır: “Lakin bu, o demək deyil ki, Azərbaycanın dindar kəsimi, dindar vətəndaşları dövlətdən ayrıdır. Dövlət dindar vətəndaşlarının dini etiqad azadlığının, vicdan azadlığının qorunmasına və inkişafına ətraflı yardım göstərir. Əgər biz 90-cı illərin əvvəllərini nəzərdən keçirsək, görərik ki, kommunizm ideologiyasının ləğvindən sonra yaranmış ideoloji boşluqdan xarici destruktiv qüvvələr gen-bol istifadə etməyə çalışıblar. Radikal dini cərəyanlar Azərbaycana nüfuz etdirilib. Əslində, bunlar din pərdəsi altında gizlənən siyasi, bəziləri hərbi-siyasi qruplaşmalar olub. Qərbdən isə sonsuz sayda missioner təşkilatları Azərbaycana istiqamətləndiriliblər. Bunların da yeganə məqsədi Azərbaycan xalqını daxildən parçalamaq, dini, hətta etnik zəmində qarşıdurma yaratmaq olub. Ermənistanın, İranın və Rusiyanın dini separatçı təşkilatlarının bu istiqamətdə fəaliyyəti bu gün də davam edir. Bu o deməkdir ki, dini maarifçilik Azərbaycanda zəruridir, vacibdir. Bunun üçün əsas addımlardan biri dini maarifçiliklə məşğul olacaq, dini, dinşünaslığı təbliğ edə biləcək kadrların hazırlanmasıdır”.

“Dövlətin özünün dini konsepsiyası formalaşmalıdır”

A.Qurbanov ayrıca bir dini mediaya lüzum olmadığı qənaətindədir. Onun fikrincə, Azərbaycanda dominant din İslam dini olsa da, qanunvericiliyə görə bütün dinlər eyni hüquqa malikdir: “İndi siz təsəvvür edin ki, Azərbaycanda İslam nəşri ilə yanaşı, xristian, iudaist və ya missioner təşkilatlarını nəşrləri də işıq üzü görür. Onda biz yenə də əvvəlki xaosa qayıtmış olarıq. Xüsusilə də bilmək olmaz, həmin nəşrlər hansı ideyaları, hansı məramları təbliğ edəcəklər. Azərbaycan televiziya məkanında müxtəlif səviyyələrdə dini mövzuda bəzi söhbətlər olur, verilişlər də hazırlanır. Lakin bunlar kifayət deyil. Dini maarifçilik özfəaliyyət şəklində yox, sistemli, konseptual şəkildə aparılmalıdır. Bunun üçün dövlətin özünün dini konsepsiyası formalaşmalıdır. Dini mövzuları şərh edə biləcək kütləvi informasiya vasitələri də bu konsepsiya əsasında qurulmalıdır”.

Bəxtiyar Məmmədli

Yazı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur

banner

Oxşar Xəbərlər