• cümə axşamı, 26 dekabr, 15:04
  • Baku Bakı 10°C

Vətəndaş haqlıdır, yoxsa MTK? - ARAŞDIRMA

18.03.23 05:00 18870
Vətəndaş haqlıdır, yoxsa MTK? - ARAŞDIRMA

Bu gün yeni tikililərdən mənzil alarkən ən çox üzləşdiyimiz problemlərdən biri mənzilin sahəsinin qanunda nəzərdə tutulandan çox hesablanmasıdır. Belə vəziyyətdə həm qanun pozulur, həm də vətəndaşlar ciddi məbləğdə maddi vəsait itirirlər. 

Yeni tikililərlə bağlı ən böyük problemlərdən biri də mənzilin sahəsinin fərqli göstərilməsidir. Lakin bu fərqlilik hər zaman alıcının ziyanına işləyir. Mənzil Tikinti Kooperativlərindən (MTK) müqavilə ilə mənzil alan vətəndaşlar sonradan əmlak çıxarışı əldə edərkən əksər hallarda problemlə üzləşir. Çünki müqavilədə göstərilən rəqəmlərlə çıxarışda göstərilən rəqəmlər eyni olmur.  Məsələn, yeni tikilidən mənzil alan vətəndaş 100 kvadrat metrin pulunu MTK-ya ödəyir. Çıxarış aldıqda isə sənəddə qanuni şəkildə 85 kvadratmetr qeyd olunur. 1 kvadratmetrin qiymətini ortalama 1000 manatdan götürsək, vətəndaş 15 min manat zərərə düşür. İllərdir bu problem davam edir və həllini tapmır. Bəs nə üçün bununla bağlı standart müəyyən olunmur? 

Eyvanın sahəsi böyük olanda müştəri uduzur

Ölkədəki qiymətləndirmə şirkətlərindən birinin rəhbəri olan Vüsal Məstəliyev deyir ki, qiymətləndirmə zamanı mənzilin ölçüsü mübahisə yaradır: “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin çıxarış vermək üçün ümumi qaydaları var. Bu qaydalara əsasən, mənzildə daxili sahələr ölçülür və vətəndaşa ona uyğun çıxarış verilir. MTK-lar isə mənzili satanda kvadratı çöl divardan çöl divara hesablanır. Əlbəttə ki, bu da müştərinin ziyanınadır. Ona görə vətəndaşlar mənzil alanda çalışırlar ki, eyvanın sahəsi böyük olmasın. Çünki eyvanın sahəsi böyük olanda da müştəri uduzur. Elə mənzillər var ki, eyvan sahələri 25-30 kvadrat metrdir. Müştəri mənzil alanda bu məbləği ödəyir, çıxarışda isə eyvan və arakəsmələrə görə ciddi pul itirir. Əvvəllər eyvanın sahəsini ümumiyyətlə çıxarışa salmırdılar. İndi 0,3 və 0,5 əmsalı ilə hesablayırlar”.

Eyvan və terras azaldılmış əmsallarla hesablanır

Hüquqşünas Sabir Qəniyev deyir ki, mənzillərdə istifadə olunmayan yerlər kvadrata salınmamalıdır: “Təəssüf ki, hazırda özəl tikinti müəssisələrindən, MTK-lardan mənzil əldə edərkən, vətəndaşla bağlanan müqavilədə mənzilin sahəsinə divarın çöl hissəsini də daxil edirlər. Mənzildəki eyvan sahəsi, şaxta da sahəyə vurulur. Bu qanunsuzdur. Çünki tikinti obyektlərində sahələrin ölçülməsi qaydası var. Həmin qayda da Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsinin kollegiyasının 4 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, mənzilin sahəsi dedikdə, iç divarların bir üzündən qarşıdakı divarın üzünə qədər olan məsafə nəzərə alınmaqla hesablanır. İstifadə olunmayan yerlər kvadratda vurulmamalıdır. Qaydaların 3.8-ci bəndinə əsasən eyvan və terrasların sahələri, şüşəbənd hesablanarkən müvafiq olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, eyvan və terrasların sahələri 0,3, şüşəbənd və lociyalar 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi sahəsinə daxil edilir. Yəni eyvanın sahəsi 10 kvadratmetrdirsə, o demək deyil ki, müqaviləyə 10 kvadratmetr yazılmalıdır. Çünki onlar azaldılmış əmsallarla hesablanır”. 

Məhkəməyə müraciət etməlisiniz

Hüquqşünas deyir ki, əgər MTK dövlətin qoyduğu qaydalara uyğun olaraq hesablama aparmırsa, məhkəməyə müraciət etməlisiniz: “Təbii ki, sizin MTK ilə bağlanan müqavilədə mənzilin sahəsi dövlətin qoyduğu qaydalardan fərqli olaraq hesablanırsa, deməli, bu qanunsuzdur. Əlavə ödədiyiniz vəsaitin qaytarılması və sizə dəyən mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməlisiniz. Bu məbləğin məhkəmə vasitəsilə tikinti şirkətindən tutulması mümkündür, hüquqidir və qanunidir”.

Daşınmaz əmlak sahəsi baxımsız vəziyyətdədir

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, ölkədə daşınmaz əmlak sahəsi baxımsız vəziyyətdədir. Həmsöhbətimizin sözlərinə görə, problemlərin aradan qalxması, bununla bağlı standartın müəyyən olunması üçün müvafiq qanun hazırlanmalıdır: “Mənzilin sahəsinin  yanlış hesablanması vətəndaşa qarşı haqsızlıqdır. Çox sayda vətəndaş artıq bununla bağlı məhkəmələrə müraciət edib, öz hüququnu məhkəmə vasitəsilə bərpa edə bilib. İstənilən halda vətəndaşa dəyən zərər ödənməlidir. Çox az sayda tikinti şirkətlərini çıxmaq şərtilə, əksər binalar satışı özünə sərf edən formada aparır”.

Tikinti şirkətləri mənzil satmamalıdır

Problemin həlli yoluna gəldikdə isə ekspert bildirir ki, tikinti şirkətləri mənzil satmaqla məşğul olmamalıdırlar. Onların işi binanı tikib, təhvil vermək olmalıdır: “Tikinti şirkətləri özəl sektordur. Tutaq ki, mənzil almaq istəyirəm. Etirazımı bildirdikdə, şirkət deyəcək ki, istəmirsən, alma. Aidiyyəti qurumlar bu məsələni tənzimləməlidir. Problem bizdə tikinti şirkətlərinin mənzil satması ilə bağlıdır. Tikinti şirkəti ancaq bina tikməlidir. Bu fəaliyyət normaldır, çünki ölkədə həm ev problemini həll edirlər, həm də köhnə binaları yeniləyirlər. Bu dövlətə bir dayaqdır. Amma satış mexanizmi onlardan alınmalıdır. İşi hansısa rəsmi dövlət qurumu aparmalıdır ki, həm satılan ümumi sahə, kvadratlar düz olsun, həm də mənzilin bir neçə nəfərə satılması halları aradan qalxsın”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər