Vətəndaş müharibəsi astanasında
Azərbaycanın Qarabağ iqtisadi rayonunda reallaşdırdığı lokal xarakterli antiterror tədbirləri zəlzələ effekti yaradıb. İctimai-siyasi vəziyyəti günü-gündən gərginləşən Ermənistan vətəndaş müharibəsinin bir addımlığındadır.
Azərbaycanın başlatdığı antiterror tədbirləri uğurla başa çatdıqdan və qarşıya qoyulan bütün hədəflərə nail olduqdan sonra İrəvan küçələrində xaos başlayıb. Onsuz da Nikol Paşinyanı devirmək üçün fürsət gözləyən müxalifət küçələrə axışıb. Etirazçılar küçələri və yolları bağlayır, ruporlar vasitəsilə insanları mitinqlərə səsləyir, Nikol Paşinyanın istefasını tələb edirlər.
Onların Paşinyandan əsas tələbi isə qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımasıdır. Müxalifət artıq qondarma rejimin tarixə qovuşduğunu bilir, sadəcə Paşinyana qarşı istifadə edilən sonuncu kartın əldən çıxması onları narahat edir. “Küçələrdə Ermənistanın, Zəngəzurun, Basarkeçərin və Qarabağın taleyi həll olunur” tezisi ortaya atılıb.
Qeqamın sınan burnu
Etirazçılar kütləvi aclıq elan etdiklərini bildirərək idmançıları, mədəniyyət xadimlərini, Katalikos Qaregini də aksiyaya qoşulmağa dəvət ediblər. Elə axşam saatlarında polislə etirazçılar arasında ilk toqquşma baş verib. Toqquşma zamanı Hayastan blokunun deputatı Qeqam Manukyan döyülüb. Burnu sınan Manukyan xəstəxanaya yerləşdirilsə də, videomüraciət yayımlayıb və xalqı küçələrə səsləyib. “Erməni dövlətçiliyinin” məhv olma təhlükəsi ilə üz-üzə olduğunu bildirən Qeqam, əslində xalqı vətəndaş müharibəsinə səsləyib.
Manukyan müxalifətin Milli Komitəsini yaradıb
Aksiyalara müxalifətlə yanaşı, keçmiş məmurlar da qoşulub. Ermənistanın birinci baş naziri olan Vazgen Manukyan müxalifət tərəfindən milli komitənin yaradıldığını elan edib və kütləvi itaətsizlik hərəkatına başladığını bildirib. Onun planına əsasən, komitə 11 nəfərdən ibarət olmalıdır. Hazırda 5 nəfərin adı məlumdur: Manukyan, “Şərəfim var” fraksiyasının lideri Hayk Mamicanyan, “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyan, “Hayakve” təşəbbüsünün təsisçisi Avetik Çalabyan və “Daşnaksütyun” nümayəndəsi İşxan Saqatelyan.
Polislə toqquşma və həbs dalğası
Aksiya iştirakçıları hökumət binasını mühasirəyə aldıqdan sonra Paşinyan qəti surətdə istefa verməyəcəyini açıqlayıb. Paralel olaraq isə polis aksiya iştirakçılarına qarşı zorakılıq tədbirlərinə start verdi. Baş nazir gözəl anlayır ki, aksiya iştirakçılarının əsas məqsədi İrəvan küçələrini qana boyamaq, bunun günahını hökumətin üzərinə yıxmaq və xalqın gözündə onun qəddar və qaniçən obrazını yaratmaqdır. Bununla belə, polis zorakılıqdan çəkinmir. Artıq yüzlərlə aksiya iştirakçısı polis tərəfindən həbs edilib. Onların arasında keçmiş prezident Robert Köçəryanın oğlu Leon Köçəryan və "Hayastan" fraksiyasının deputatı Mher Melkonyan da var. Həbs edilənlər konstitusiya quruluşunu devirmək maddəsi ilə ittiham edilirlər. “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyan da polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Müxalifət isə tələbələr və idmançılar vasitəsilə İrəvanda kütləvi iğtişaşlar törətməyi planlaşdırır. Artıq bir sıra ali məktəblər də müxalifətin çağırışına səs verərək aksiyalara qoşulublar. Onların sırasında Fransa Ermənistan Universitetinin olması da maraq doğurur.
Belə görünür ki, tərəflərin qəti surətdə kompromisə getmək niyyəti yoxdur. Artıq müxalifətlə hakimiyyətin ölüm-dirim mübarizəsi başlayıb.
Robert Köçəryan Rusiya kartını işə salır
Bu yaxınlarda İrəvan meriyasına keçirilən seçkilərdə fəallıq nümayiş etdirən Robert Köçəryanın da İrəvandakı etiraz aksiyalarından istifadə edəcəyi ehtimal olunur. Elə bu səbəbdən Ermənistanın eks-prezidentinin Rusiya lideri Vladimir Putinlə telefon danışığı mətbuata sızdırılıb. Ermənistan DTX tərəfindən paylaşılan səs yazısında Köçəryan vəziyyətdən narahat olduğunu bildirir. Məsələ ilə bağlı Köçəryan açıqlama verərək səs yazısının köhnə olduğunu qeyd etsə də, hakim partiyanı razı sala bilməyib. Paşinyan səs yazısını yaydırmaqla, İrəvanda baş verən etiraz aksiyalarında Rusiyanın əli olduğuna işarə edib. Onsuz da son dövrlər baş nazirlə Rusiya arasında münasibətlər kifayət qədər sərindir. Xarici siyasət vektorunu tamamilə Qərbə çevirən Paşinyan Rusiyanın qəzəb oxunu üzərinə çəkdiyini gözəl anlayır. Bu səbəbdən etiraz aksiyalarının təşkilində Rusiyanı günahlandıraraq Qərbdən dəstək istəyir.
Kilsə və diaspor müxalifəti dəstəkləyəcəkmi?
Erməni kilsəsinin də prosesə daxil olacağı istisna edilmir. Artıq I Aram və II Qaregin açıqlama verərək xalqı səfərbər olmağa, Qarabağ ermənilərini qorumağa və Ermənistan dövlətçiliyini mühafizə etməyə səsləyiblər. Dolayısı ilə kilsə uzun müddətdir Paşinyanla gərgin olan münasibətlərinə İrəvan küçələrində aydınlıq gətirmək niyyətindədir. Diaspor isə hələ susur.
Görünür, Paşinyanın Qərbə doğru istiqamət alması diasporun ağalarının işinə yaradığı üçün sükutu daha üstün tutublar. Hadisələrin gedişatı isə Ermənistandakı xaosun daha da böyüyəcəyinə işarə edir. Meriya seçkilərində uğursuzluğa düçar olan müxalifət vəziyyəti vətəndaş müharibəsinə qədər aparacağına işarə etmişdi. İndi də fürsəti əldən vermək niyyətində olmadıqlarını göstərirlər...
F.Abasoğlu