çərşənbə, 17 Avqust, 16:56

Baku Bakı 35°C

Uşaqlar arasında yayılan hepatit və onun əlamətləri

icon 207 icon 22 iyul 2022 | 16:45 Uşaqlar arasında yayılan hepatit və onun əlamətləri

Yeni növ koronavirus (COVID-19) və meymunçiçəyinin ardınca indi də dünyanın bir çox ölkəsində uşaqlar arasında hepatit xəstəliyi yayılmağa başlayıb. Həmin virus nəticəsində yüzlərlə uşaqda qaraciyər transplantasiyasına ehtiyac yaranıb. Ümumdünya Səhiyyə Təşkilatınin məlumatına görə, ümumilikdə 35 ölkədə azyaşlı uşaqlarda səbəbi məlum olmayan kəskin hepatit və qaraciyər iltihabının mindən çox halı qeydə alınıb, 22 uşaq isə həyatını itirib. Bunların təxminən yarısı Avropada aşkarlanıb. Naməlum hepatit hələlik ölkəmizə ayaq açmasa da, xəstəliyin yayılması hər kəsdə narahatlıq yaradır.

AZƏRTAC xəbər verir ki, həkim-hepotoloq Könül Mahmudova deyib: “Hepatit virusu deyəndə, ilk növbədə, hepatit C və hepatit B nəzərdə tutulur. Uşaqlar arasında yayılan bu virus isə odenavirusdur. Həmin virus əsasən fekal-oral yolla, yəni xəstə uşağın qab-qaşığından və yaxud əşyalarına digər sağlam uşağın təması, həmçinin öskürmə və asqırma zamanı ağızdan çıxan tüpürcəklə başqalarına yayıla bilər” .

Virusun əlamətləri barədə danışan həkim-hepotoloq deyib: “Xəstəlik zamanı təxminən 60 faiz hallarda qarında ağrı və ishal müşahidə olunur. Gün ərzində ishalın sayı 4-5, hətta bəzən 8-ə qədər qalxa bilər. Ona görə də valideynlər çox diqqətli olmalıdır. İndiyədək hepatitlə xəstələnən zaman, ilk növbədə, dəri səthində və gözlərində saralma baş verdiyi müşayiət olunub. Bu mərhələdə həmin əlamətlər olmaya bilər. İlk növbədə, iştahasızlıq, yeməkdən imtina, daha çox zəiflik, qarın getməsi və qarında ağrı olması əlamətlərindən valideyn virus xəstəliyindən şübhələnərək uşağı həkimə göstərməlidir”.

Burada ən vacib məsələ uşaqları virusa yoluxmaqdan qorumaqdır və bunu müxtəlif yollarla etmək mümkündür. Mümkün qədər, xüsusilə yay aylarında uşaqları təbii qidalandırmaq lazımdır. Günəş işığı altında olmaq D vitaminin bədəndə depolaşmasına və immun sisteminin daha da güclənməsinə səbəb olur. Bağırsaq infeksiyalarından qorunmaq lazımdır. Paket yeməyi alarkən onun saxlanılma qaydasına ciddi fikir vermək lazımdır, çünki diareya uşaqda immun sisteminin kəskin şəkildə zəifləməsinə səbəb olur. Təbii qidalanan və meyvə-tərəvəzlərdən istifadə edən uşağın bədəni odenavirusa qarşı daha müqavimətli olacaq. Viruslardan qorunmaq üçün gigiyenik qaydalara riayət etmək də vacibdir. Əllərin düzgün yuyulmasına və tənəffüs yollarının gigiyenasına düzgün riayət edilməlidir. Azyaşlıların bütün bunların əhəmiyyətini dərk etmədiyini nəzərə alsaq, onda bunun məsuliyyəti valideynin üzərinə düşdüyü aydın olar.