• şənbə, 15 Avqust, 11:56
  • Baku Bakı 24°C

Günvurma, infarkt, yoxsa insult?

15.08.26 02:33 42
Günvurma, infarkt, yoxsa insult?

Yay aylarında ən çox rast gəlinən çətinliklərdən biri səhhəti qəfil pisləşən şəxsdə bunun adi günvurma, infarkt, yoxsa insult kimi həyati təhlükə yaradan vəziyyət olduğunu vaxtında müəyyənləşdirməkdir. Mütəxəssislər hər üç halın ayrı-ayrı əlamətləri olduğunu qeyd edirlər.

Son günlər ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraiti təkcə gündəlik rahatlığımızı pozmur, həm də sağlamlığımız üçün ciddi risk yaradır. Yay aylarında həddindən artıq maye itkisi, kondisionerli mühitdən birbaşa günəşin altına çıxmaq və ya uzun müddət açıq havada qalmaq sadəcə yorğunluqla nəticələnmir. Mütəxəssislər bildirir ki, bu amillər infarkt və insult kimi həyati təhlükə yaradan kəskin halların yaranma riskini də artırır. Bəs termometrlərin yüksək göstəriciləri orqanizmimizdə hansı gizli prosesləri tətikləyir? Biz bu təhlükədən necə qoruna bilərik? 

Yay aylarında ən çox rast gəlinən çətinliklərdən biri səhhəti qəfil pisləşən şəxsdə bunun adi günvurma, infarkt, yoxsa insult kimi həyati təhlükə yaradan vəziyyət olduğunu vaxtında müəyyənləşdirməkdir. Məsələ ilə bağlı “Kaspi”yə danışan terapevt Gülşən Məmmədova bildirib ki, hər üç halın özünəməxsus ilkin əlamətləri var və onları bir-birindən fərqləndirmək mümkündür: “Günvurma adətən uzun müddət günəş şüaları altında qaldıqdan sonra inkişaf edir. Onun əsas əlamətləri yüksək bədən hərarəti, baş ağrısı, güclü halsızlıq, ürəkbulanma, qusma, başgicəllənmə, dərinin isti və quru olmasıdır. İnfarktın əsas fərqləndirici əlaməti isə döş sümüyü arxasında yaranan sıxıcı və ya yandırıcı ağrıdır. Bu ağrı sol qola, çənəyə, boyuna və ya kürəyə yayıla bilər. İnsult isə adətən qəfil yaranan nitq pozğunluğu, üzün bir tərəfinin sallanması, qol və ya ayaqda zəiflik, keyimə, tarazlığın pozulması, eləcə də görmənin qəfil pisləşməsi ilə xarakterizə olunur”.

“Şəkərli qazlı içkilər və alkoqol susuzluğu aradan qaldırmır”

Mütəxəssis vurğulayır ki, isti havalarda sağlamlığı qorumağın əsas şərtlərindən biri orqanizmin su balansını düzgün saxlamaqdır. Terapevtin sözlərinə görə, mayeyə olan tələbat hər bir insanın yaşından, bədən çəkisindən, fiziki aktivliyindən və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir: “Sağlam yetkin insanlar üçün isti havalarda adətən gündə 2-3 litr maye qəbul etmək tövsiyə olunur. İntensiv fiziki fəaliyyət və ya güclü tərləmə zamanı isə bu ehtiyac daha da arta bilər. Əksər hallarda adi içməli su kifayət edir. Şəkərli qazlı içkilər və alkoqol susuzluğu aradan qaldırmır, əksinə, orqanizmdə maye itkisini artıra bilər”.

“Yaş artdıqca...”

Həkim bildirir ki, yaş artdıqca orqanizmin istiliyi tənzimləmə qabiliyyəti zəifləyir, eyni zamanda susuzluq hissi azalır: “Bu səbəbdən yaşlı insanlar susadıqlarını hiss etmədən qısa müddətdə ağır susuzlaşma və istilik zərbəsi ilə üzləşə bilərlər. Artıq çəkili şəxslərdə isə ürək-damar sisteminə düşən yük artır. Yüksək temperatur şəraitində ürək orqanizmi soyutmaq üçün daha intensiv işləməyə məcbur olur. Bu isə arterial təzyiqdə dəyişikliklərə, ürək ritminin pozulmasına və kəskin ürək-damar hadisələrinin riskinin artmasına səbəb ola bilər. Xüsusilə hipertoniya, şəkərli diabet və xroniki ürək xəstəlikləri olan şəxslər bu dövrdə daha diqqətli olmalıdırlar”.

“Bəzən bir stəkan su həyat xilas edər”

Terapevt bildirir ki, yay aylarında daha yüngül həzm olunan qidalara üstünlük verilməlidir:  “Rasionda tərəvəz, meyvə, tam taxıllı məhsullar, balıq və digər yağsız zülal mənbələrinə daha çox yer verilməlidir. Duzlu, yağlı və qızardılmış yeməklər isə kəskin məhdudlaşdırılmalıdır. Çünki bu cür qidalar həm arterial təzyiqin yüksəlməsinə, həm də ürəyə düşən yükün artmasına səbəb olur”.

Mütəxəssis bildirir ki, hər hansı kəskin hal baş verdikdə ilk növbədə vaxt itirmədən 103 Təcili Tibbi Yardım xidmətinə zəng edilməlidir: “Həkimlər gələnədək xəstə sərin və kölgəli yerə aparılmalı, sıx geyimləri boşaldılmalı və bədəni soyudulmalıdır. Huşu yerindədirsə, ona kiçik qurtumlarla su vermək olar. Huşu pozulmuş şəxsə isə ağızdan maye vermək qətiyyən olmaz. İnfarkt və ya insult şübhəsi olduqda xəstəni yeritmək, həkim məsləhəti olmadan dərman vermək və ya gözləmək düzgün deyil. Xüsusilə insult şübhəsi zamanı diaqnoz dəqiqləşmədən aspirin qəbul etdirilməməlidir. Ən vacib məsələ xəstənin mümkün qədər tez ixtisaslaşmış tibbi yardım almasını təmin etməkdir”.

Terapevt vurğuladı ki, isti havalarda sadə qoruyucu tədbirlərə əməl etmək bir çox ciddi sağlamlıq probleminin qarşısını ala bilər: “Bəzən bir stəkan su, bir neçə dəqiqə kölgədə istirahət və ya vaxtında edilən bir zəng insan həyatını xilas edə bilər”.

Yay aylarında edilən ən ciddi səhv 

Türkiyənin tanınmış kardiologiya mütəxəssislərindən biri olan Prof. Dr. Bengi Başer bildirir ki, yay aylarında insanların yol verdiyi ən ciddi səhvlərdən biri uzun müddət istidə qaldıqdan sonra qəfil soyuq suya girməkdir: “Yay aylarında havaların istiləşməsi ilə orqanizm tərləyir və bu zaman təkcə su deyil, natrium və kalium kimi elektrolit balansını qoruyan həyati minerallar da itirilir. Bu, xüsusilə ürək ritm pozğunluğu və arterial hipertenziyası olan şəxslər üçün ciddi risk yaradır. Yayda ən çox rast gəlinən səhvlərdən biri uzun müddət günəş altında qaldıqdan sonra qəfil dənizə, hovuza və ya soyuq duşa girməkdir. Bu zaman damarlar kəskin şəkildə yığılır və damar spazmı nəticəsində infarkt riskini artıra bilər”.

Beynəlxalq kardioloji təşkilatlardan üç vacib xəbərdarlıq

Avropa Kardioloji Cəmiyyətinin (ESC) və Amerika Ürək Assosiasiyasının (AHA) tövsiyələrində qeyd olunur ki, yay aylarında ürək-damar riskini azaltmaq üçün bir neçə vacib məqama diqqət yetirilməlidir:

Dərman dozalarının həkim nəzarəti ilə tənzimlənməsi - İsti hava damarların genişlənməsinə və tərləmə nəticəsində arterial təzyiqin enməsinə səbəb ola bilər. Buna görə də hipertoniya və sidikqovucu dərman qəbul edən şəxslərə yay aylarında müalicə planını həkimlə yenidən qiymətləndirmək tövsiyə edilir.

Ani temperatur dəyişikliklərindən çəkinmək - Uzun müddət günəş altında qaldıqdan dərhal sonra soyuq suya girmək və ya çox soyuq duş qəbul etmək damarların kəskin yığılmasına səbəb ola bilər. Bu isə ürək-damar sistemi üçün əlavə risk yaradır.
Elektrolit balansının qorunması - Güclü tərləmə zamanı orqanizm natrium və kalium kimi vacib mineralları da itirir. Bu mineralların çatışmazlığı, xüsusilə kalium səviyyəsinin azalması, ürək ritminin pozulması riskini artıra bilər. Buna görə mütəxəssislər kifayət qədər maye qəbulu ilə yanaşı elektrolit balansının qorunmasını da vacib hesab edirlər.

Aygün Əziz

banner

Oxşar Xəbərlər