Orqanizmin müdafiəçisi, yoxsa düşməni?

Tromb ölümə və həyat keyfiyyətinin ciddi şəkildə aşağı düşməsinə səbəb olur. Uzun müddət hərəkətsizlik, yerüstü və yaxud hava nəqliyyatında saatlarla eyni şəkildə oturmaq trombun yaranmasını tezləşdirir.
O, həm orqanizmin müdafiəçisi, həm də düşmənidir. Müdafiə tərəfini tez-tez qabartsaq da, çox vaxt bizi öldürəcəyinə inanmırıq. Söhbət trombdan gedir. Son vaxt bu problem haqqında tez-tez eşidir, xəstəliyin cavanlaşmasını müşahidə edirik. Son illərdə vaxtsız ölümlərin əksəriyyətini də tromblarla əlaqələndirirlər.
Bəs trombun yaranma səbəbləri nədir? Müdafiəçimiz düşmən mövqeyini yerinə yetirdikdə orqanizmdə hansı fəsadları yarada bilər?
"Beyinə gedən şah damar trombozu iflicə səbəb olur"
Ürək-damar cərrahı Elvin Məmiyev “Kaspi” qəzetinə açıqlamasında bildirir ki, tromboz canlı orqanizmdə qan elementlərinin ürək, ağciyər və digər daxili orqanlarda, aşağı və yuxarı ətrafın damarlarının daxilində yapışması və pıxtı-tromb əmələ gəlməsi prosesidir: “Uzun müddət hərəkətsizlik, yerüstü və yaxud hava nəqliyyatında saatlarla eyni şəkildə oturmaq tromba səbəb ola bilir. Bundan əlavə, reproduktiv dövrlərində olan xanımlarda hamiləlik əleyhinə istifadə olunan hormonal dərman preparatları, ailənin başqa fərdində tromboz keçmişinin olması, hamiləlikdə, onkoloji müalicə alan xəstələrdə, bəzi gen mutasiyaları olan insanlarda tromboz riski daha yüksək olur”.
Həkim bildirir ki, tromb ölümə və həyat keyfiyyətinin ciddi şəkildə aşağı düşməsinə səbəb olur: “Əgər arteriyada tromboz olarsa, bu hansı orqandadırsa, orada qan axımı azalır, toxumalar qan, oksigen və digər qida elementlərindən məhrum olduğu üçün işemiya-infarkt dediyimiz tablo ortaya çıxır. Məsələn, ürəkdəki arterial tromboz miokard, yəni ürək infarktına, beyinə gedən şah damar trombozu iflicə gətirib çıxarır. Əgər arteriyada yox, venalarda tromboz olarsa, bu da hansı orqanda olmasına görə fərqli təzahürlərlə özünü göstərir. Məsələn, böyük vena damar qruplarında olan trombozlarda pulmonar emboliya dediyimiz və ciddi ölüm riski olan xəstəlik ortaya çıxır”.
Xərçəngdən də təhlükəli....
Mütəxəssisin sözlərinə görə, tromb xərçəngdən də ağır xəstəlik hesab edilməlidir: “Hər nə qədər cəmiyyətdə az bilinsə də, xərçəng və digər xəstəliklərdən daha çox ölümə səbəb olan xəstəlik qrupu elə trombozlardır. Amma müayinə üsullarının və müasir tibbin inkişafı bu xəstəliklərə daha erkən diaqnoz qoymağa imkan verir. Təbii ki, qidalanma, genetika, iqlim şəraiti xəstəliklərin geniş yayılmasında rol oynayır”.
Texnologiyanın inkişafı ilə insanların daha çox oturaq həyat tərzinə öyrənmələri müasir dövrdə venoz trombozlara yol açır. Həkim bildirir ki, cəmiyyət olaraq tənbəlləşməyimiz bu xəstəlikləri də həyatımıza dəvət edir: “Hazırda venoz sistemin trombozları arterial trombozlara görə daha çox yayılıb. Çünki oturaq həyat tərzinin müasir dövrdə aktiv həyat tərzinə nəzərən çox olması, texnologiyanın inkişafı ilə hər şeyin ”əlçatan” olması cəmiyyət olaraq tənbəlləşməyimizə, bu da venoz trombozlara yol açır. Birbaşa xəstəliyə səbəb olan risk faktorlarından elə ən öndə gələni passiv həyat tərzidir”.
Peyvənd tromb yaradır?
Trombozlarla bağlı cəmiyyətdə və sosial şəbəkələrdə tez-tez səsləndirilən fikirlər peyvəndlərin tromb xəstəliklərini akitvləşdirməsidir. Həkim bildirir ki, pandemiya dövründə peyvənd və tromb arasındakı əlaqənin müzakirəsi aktual idi: “COVID və yaxud digər hər hansı bir infeksion xəstəliyin peyvəndi tromb əmələ gətirmir. Araşdırmalar göstərir ki, COVID-ə yoluxmuş şəxslərdə tromboza meyillilik olurdu. Lakin bunun peyvənd olub-olmamaqla bir əlaqəsi yoxdur”.
Bəs orqanizmimizdəki gizli düşmənin simptomları nələrdir?
Həkim bildirir ki, tromb əgər arterial sistemdədirsə, hansı orqanda olmasından asılı olaraq, simptomu fərqli olur: “Məsələn, əldə və ayaqdadırsa, soyuqluq, rəngin solğunlaşması və şiddətli ağrı ilə özünü göstərir. Yaxud da ürəkdədirsə, infarkt, beyindədirsə, iflic olur və s. Əgər venoz sistemdə bir tromb olarsa, məsələn, əldə və ayaqda ciddi şişlik, orta şiddətli ağrı görərik. Venoz sistemdəki tromb ağciyər damarlarına atarsa, olduqca yüksək ölüm riski olan pulmonar emboliya ilə özünü göstərir. El arasında “tromb atdı öldü” deyilən xəstəlik də elə məhz budur”.
Həkim vurğulayır ki, trombozun qarşısını almaq üçün iş-ofis şəraitində, xüsusilə orta yaş sonrası insanlar 45-60 dəqiqə aralıqlarla oturduğu yerdən qalxmalı, bir neçə dəqiqə yeriməlidirlər. Uzun avtomobil səyahətlərimizdə iki saatdan bir dayanıb qısa fasilə verməli və yeriyərək qan dövranını sürətləndirməliyik. Bunlarla yanaşı, günlük gəzinti, üzmə və digər idman hərəkətlərini alışqanlıq halına gətirməliyik.
Müalicə metoduna gəldikdə isə, həkim bildirir ki, trombun müalicə taktikası genişdir. Təbii ki, müasir üsullarla həm tibbi, həm cərrahi, həm də endovaskulyar olaraq anjio laboratoriyasında tromboza yönəlik müalicə üsulları tətbiq edilir.
Qan durulaşdırıcı vasitələr trombu müalicə edir?
Məlumdur ki, insanlar trombla mübarizə aparmaq üçün tez-tez qan duruldan dərmanlardan istifadə edirlər. Türk həkim Mert Dumantepe deyir ki, həkim məsləhəti olmadan bu dərmanların yerli-yersiz istifadəsi xəstənin həyatında ciddi təhlükə yaradır: “Qan durulaşdırıcı dərmanlardan istifadə qan laxtasını əritmir. Laxtanın genişlənməsinə və qopan parçanın digər orqanlara keçməsinə əngəl olur, amma bu, xəstəliyi müalicə etmir. Çox istifadə etdikdə isə ciddi qanaxmaya səbəb olar, bu da xəstənin həyatını təhlükəyə ata bilər”.
Həkim vurğulayır ki, dünyada hər il 3 milyondan çox xəstə tromb səbəbindən ölür: “Dərin damar trombozuna (DVT) hər il 10.000 insandan dördündə rast gəlinir. 60 yaşdan yuxarı insanlarda onun tezliyi bir faizə qədər arta bilər. Nəzərə alsaq ki, bu göstərici hər il ABŞ-də döş xərçəngi və QİÇS-lə bağlı ölümlərin ümumi sayından çoxdur, xəstəliyin ciddiliyi bir daha özünü büruzə verir”.
Aygün Əziz
