• çərşənbə axşamı, 10 dekabr, 16:26
  • Baku Bakı 7°C

Ayaqlarımızın ən böyük problemi - SAĞLAMLIQ

03.06.23 01:30 11917
Ayaqlarımızın ən böyük problemi - SAĞLAMLIQ

Dırnaq batığının müxtəlif səbəbləri var. Genetik faktorlar, artıq çəki, hamiləlik, düzgün olmayan kəsim və s. Mütəxəssislər bu problemin müalicəsində cərrahi müdaxilənin tətbiqi məsələsində fərqli düşünürlər. 

İnsanların əksəriyyətində rast gəldiyimiz problemlərdən biri dırnaq batığıdır. Bu problem ayaq dırnaqlarında daha çox müşahidə olunur. Hətta elə insanlar var ki, ömür boyu bu problemdən əziyyət çəkir. Əməliyyat etdirsə də, ondan azad ola bilməyənlər də var.

Genetik faktorlar, artıq çəki, hamiləlik...

Podoloq Ruzanna Şahin dedi ki, dırnaq batığının müxtəlif səbəbləri var: “Əsas səbəblərdən biri genetik faktordur. Artıq çəki, hamiləlik də batığın yaranmasında rol oynayır. Əgər insan artıq çəkidən əziyyət çəkirsə və geyindiyi ayaqqabı ona uyğun deyilsə, kənarlardan sıxılma olur. Sıxılma nəticəsində batıq yaranır. İkinci səbəb sərt kəsimdir. Dırnaq heç vaxt tam dərin kəsilməməlidir. Bu halda ayaq ayaqqabıda hərəkət etdikcə aşınma, sürtünmə yaranır. Bunun nəticəsində də dırnaqda batıq əmələ gəlir. Hətta 5-6 aylıq balaca uşaqlarda geyindirilən corab dardırsa, o da batığa səbəb ola bilər”. 

Dırnağın kökdən çıxarılması doğru deyil

R.Şahinin sözlərinə görə, pasiyentlər dırnaq nahiyəsində qızarıqlıq, şişkinlik gördükdə mütəxəssisə müraciət etməlidir: “Bəzən elə olur ki, dırnağın altından böyük ət parçası götürürük. Cərrahlar dırnağı tamamilə kökündən çıxarır, matriksə, dırnaq yatağına çox böyük ziyan verilir. Batıq və ya göbələkli dırnağın kökdən çıxarılması doğru deyil”.

Podoloq bildirdi ki, dırnaq batmasını evdə müalicə etmək yanlışdır: “Bəzən pasiyentlər ayaqlarına isti su vannaları edərək, dırnaq kənarlarını dərin kəsib götürürlər. Pasiyent bilməlidir ki, ayaq dırnaqlarımız dərin kəsilibsə, bu, batığın yaranmasına səbəb olur. Qarşısını almaq üçün pedikür ustalarının hər dəfə dırnağın batan qismini müəyyən vasitələrlə kor-koranə kəsib götürməsi dırnaqaltı döyənəklər yaradır. Çünki  hər dəfə uzandıqca dırnağın kənarının kəsilib götürülməsi o hissənin boş qalması deməkdir. Pasiyent hərəkət etdikcə boş qalan hissədə sürtünmə nəticəsində dərinin üst təbəqəsi olan epidermisdə döyənəklər meydana çıxır”.

R.Şahin qeyd etdi ki, dırnaq batığı zamanı müxtəlif prosedurlar həyata keçirilir: “Dırnağın yan tərəfdən, kənardan sadəcə batan qismi götürülür. Yara varsa, sağalması üçün gözlənilir. Yarasağalma prosedurundan sonra kənarlara bant, tampon sistemi edirik, özəl iplər dırnağın altına yerləşdirilir ki, batan dırnağın çıxmasının qarşısını alsın. Daha sonra xüsusi tellər taxılır. Bu teli ancaq ayaq dırnağına tətbiq edə bilirik”. 

Batıq yaranmaması üçün bunlara əməl edin

Podoloq dedi ki, əl dırnağında da batıq ola bilir: “Bu da qaynaq dırnaqlardan, qalıcı laklardan istifadə olunan zaman yaranır. Onu tədricən dırnağı kəsib istiqamətləndirərək düzəltmək mümkündür. Əl dırnaqları həmişə yumru, oval kəsilə bilər, ancaq ayaq dırnaqlarımız düz kəsilməlidir. Dırnaq kənarları görünməlidir ki, hərəkət etdikcə ətin içinə girib batığa səbəb olmasın. Ancaq təəssüflər olsun ki, pasiyentlər ayaq dırnaqlarını da eynən əl dırnaqları kimi yumru və dərin kəsirlər”.

R.Şahinin fikrincə, pasiyentlər diqqət edərsə, dırnaq batığı sağala bilər: “Əgər pasiyent dırnaqlarını doğru şəkildə kəsməyə davam edərsə, 1,5-2 aydan bir müayinə olunarsa, problem ortadan qalxır. Biz ucu dar və ya qalın materialdan olan ayaqqabılar geyinəriksə, batıq hər zaman yarana bilər. Batıq yaranmaması üçün ucu geniş, ayaqlar içində rahat hərəkət edə biləcəyi ayaqqabılar seçin, dırnaqlarınızı doğru kəsin”. 

Əməliyyata o vaxt ehtiyac olur ki...

Cərrah Ela Ağayeva bildirdi ki, dırnağı düz kəsməyəndə zədələnir, infeksiya salır: “Dırnaq qalınlaşanda, göbələk bağlayanda əti zədələyir. Dırnaqlar anadangəlmə qüsurlu ola, həmçinin nəsillikcə də keçə bilir. Düzgün yeriş pozulanda, yastıpəncəlilik əmələ gələndə, baş barmağın əyilməsi də dırnaq batığına səbəb olur”.

E.Ağayevanın sözlərinə görə, problem yeni yaranan zaman mütəxəssisə müraciət edəndə pasiyentə əməliyyatsız kömək etmək olur. Əməliyyata o vaxt ehtiyac yaranır ki, içəridən artıq ət əmələ gəlir, şişir, qızarır, çirk edir, pasiyent ayaqqabı geyinə bilmir.

Cərrah qeyd etdi ki, batıq yeni başlayanda insanlar evdə özbaşına müəyyən prosedurlar edirlər: “Məsləhət görürük ki, sabunlu su ilə vanna et, dərman sürt, artıq ət əmələ gəlməyə qoyma. Amma bəzən batıq qayıda bilir. Elə adamlar var 12 dəfə dırnağını çıxartdırıb, amma yenə yaranıb. Onu başqa üsulla əməliyyat edirik. Dırnağın böyrünü kəsib götürəndən sonra, dörddə bir hissəsinin mayasını götürürük və o küncə bir də dırnaq çıxmır. Bu, yüz faizlik müalicədir”.

E.Ağayevanın fikrincə, salonlarda batığın müalicəsi düzgün deyil: “Çünki onlar dırnağın kökünə dəyə bilmir. Ancaq künclərə müdaxilə edirlər, kəsib götürürlər. Bu da həmişə effekt vermir. Çox zaman infeksiya keçir, şişir”.

Şəkər xəstələrində daha çox rast gəlinir

Cərrah bildirdi ki, əl dırnaqlarında dırnaq dolamaları olur: “Onda da dırnağın dörddə bir hissəsini götürürük. Sağalır. Dolama adətən dırnağın yan tərəflərini kəsəndə, manikür edəndə zədələnmə zamanı əmələ gəlir”.

Həkimin sözlərinə görə, dırnaq batığından qorunmaq qeyri-mümkündür, çünki yaranma səbəbləri çoxdur: “Şəkər xəstələrində daha tez-tez rast gəlinir. Dırnağı düzgün tutun, dar ayaqqabı geyinməyin, yerişiniz düzgün olsun, göbələyə qarşı müalicə tətbiq edin”.  

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər