• şənbə, 19 Sentyabr, 04:47
  • Baku Bakı 23°C

Ana özünü yaxşı hiss edir, bəs körpə?

19.09.26 01:41 32
Ana özünü yaxşı hiss edir, bəs körpə?

Hamiləlik dövründə müntəzəm tibbi nəzarətin əsas məqsədi yalnız yaranmış problemi müalicə etmək deyil. Mümkün riskləri erkən mərhələdə müəyyənləşdirmək və lazım gəldikdə vaxtında müdaxilə etməkdir. 

İki qolu olmadan dünyaya gələn və anası tərəfindən imtina edilən körpə haqqında xəbər cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Hadisənin ən ağrılı tərəfi isə ananın hamiləlik dövründə bir dəfə də olsun həkim müayinəsindən keçməməsidir. Bu acı mənzərə cəmiyyətdə vacib bir həqiqəti yenidən gündəmə gətirdi. Hamiləlik zamanı planlı həkim nəzarəti və müayinələr nə üçün vacibdir, “şikayətim yoxdursa, həkimə getməyə ehtiyac yoxdur” düşüncəsi hansı risklər yarada bilər?

 “İlk həftələrdən tibbi nəzarət olmalıdır”

Mama-ginekoloq, uzman həkim Zivər Eldarova “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, hamiləliyin ilk həftələrindən etibarən tibbi nəzarət olmalıdır. Həkimin sözlərinə görə, hamiləlik testi pozitiv olduqdan sonra ilk mərhələdə müayinədən keçmək vacibdir: “Hamiləlik 3 əsas mərhələyə - trimestrə bölünür. Birinci trimestr 1-13-cü həftələri, ikinci trimestr 14-27-ci həftələri, üçüncü trimestr isə 28-ci həftədən doğuşa qədər olan dövrü əhatə edir. Hamiləliyin 5-6-cı həftələrində həkimə müraciət etmək məsləhətdir. Bu mərhələdə uşaqlıq daxilində yerləşmə, hamiləlik müddəti və inkişafının ilkin qiymətləndirilməsi aparılır. Eyni zamanda ananın ümumi sağlamlıq vəziyyəti və risk faktorları müəyyənləşdirilir. İlk müraciət zamanı həkimin tövsiyəsinə əsasən, qan və sidik analizləri, qan qrupu və Rh faktoru, qanazlığı və bəzi infeksiyaların qiymətləndirilməsi kimi müayinələr aparıla bilər”.

Hamiləlik boyunca hansı müayinələr aparılır?

Həkimin sözlərinə görə, birinci trimestrdə aparılan ultrasəs müayinəsi hamiləliyin inkişafının və dölün ilkin anatomik göstəricilərinin qiymətləndirilməsinə imkan verir: “11-14-cü həftələr arasında aparılan ultrasəs müayinəsi dölün inkişafının qiymətləndirilməsi ilə yanaşı, bəzi xromosom anomaliyaları ilə əlaqəli USM markerlərinin müəyyənləşdirilməsinə imkan verir. Bu mərhələdə ikili test də aparıla bilər. İkili test diaqnoz qoymur, müəyyən xromosom anomaliyaları üzrə riski hesablayır”.

“Anomaliyalar birinci mərhələdə görünə bilər”

Dölün inkişaf qüsurlarının nə vaxt aşkarlana bilməsi məsələsinə toxunan həkim bildirir ki, bəzi struktur anomaliyaları artıq birinci trimestrdə görünə bilər: “Lakin dölün orqanlarının daha ətraflı anatomik qiymətləndirilməsi üçün ikinci trimestrdə aparılan detallı ultrasəs müayinəsi mühüm əhəmiyyət daşıyır. Adətən 18-22-ci həftələrdə aparılan detallı anatomik ultrasəs müayinəsində dölün beyni, ürəyi, onurğası, böyrəkləri, qarın orqanları və ətrafları daha ətraflı qiymətləndirilir. Şübhəli hal aşkarlandıqda əlavə ultrasəs müayinələri, fetal exokardioqrafiya, genetik konsultasiya və digər prenatal müayinələr tələb oluna bilər”.

“Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik”

Həkim vurğulayır ki, hamiləlik zamanı bir sıra problemlər heç bir aşkar simptom olmadan inkişaf edə bilər: “Ananın özünü yaxşı hiss etməsi hamiləliyin tamamilə problemsiz getdiyi anlamına gəlmir. Yüksək təzyiq, preeklampsi, hamiləlik diabeti, qanazlığı, bəzi infeksiyalar, dölün inkişafında gerilik və digər risklər planlı müayinələr zamanı müəyyən edilə bilər. Müntəzəm tibbi nəzarətin əsas məqsədi yalnız yaranmış problemi müalicə etmək deyil, mümkün riskləri erkən mərhələdə müəyyənləşdirmək və lazım gəldikdə vaxtında müdaxilə etməkdir. Bu, ana və dölün sağlamlığının dinamik şəkildə izlənilməsidir. Ona görə də heç bir şikayət olmasa belə, həkim nəzarətində olmaq vacibdir”.

Böyük Britaniya Kral Kolleci Xəstəxanasında çalışan, "Prenatal tibbin atası" kimi tanınan həkim Kypros Nicolaides bildirir ki, müasir dünyada ana bətni əlçatmaz bir qutu deyil. Müasir USM aparatı həkimə imkan verir ki, dölü sadəcə müşahidə etməsin, onu bir pasiyent kimi ana bətnindəcə müalicə etsin. Hamiləlikdə USM-dən imtina etmək qaranlıq otaqda gözübağlı əməliyyat etməyə bənzəyir. Biz körpənin ilk nəfəsini gözləmədən onun gələcəyini dəyişə bilərik.

Dünya təcrübəsində USM ilə xilas edilən həyatlar

Dünya tibb praktikasında vaxtında aparılan USM sayəsində bir çox ağır patologiyaların qarşısı ana bətnindəcə alınır. Məsələn, Böyük Britaniya və ABŞ-də 18-22-ci həftələrdə aparılan USM zamanı dölün onurğasında açıq yırtıq (Spina Bifida) aşkar edildikdə, körpə doğulmadan laparoskopik əməliyyat olunur. Əgər bu qüsur vaxtında görünməsə, uşaq ömürlük iflic doğulacaq. Vaxtında olunan müayinə sayəsində isə həmin uşaqlar doğulduqdan sonra sərbəst yeriyə bilirlər.

ABŞ-də aparılan araşdırmalara görə, vaxtında olunan detallı USM sayəsində ürək və ya nəfəs borusu qüsuru öncədən bilinən körpələr doğulan kimi süni tənəffüs aparatına qoşulur və dərhal əməliyyat olunurlar. Məhz müayinə sayəsində xəstəxana heyəti doğuşa tam hazır olur ki, bu da uşaq ölüm faizini 70 faiz aşağı salır.

Dünya təcrübəsi göstərir ki, hamiləlikdə profilaktik müayinələr sadəcə ananın öhdəliyi deyil, dövlət səviyyəsində tənzimlənən məcburi tibbi protokoldur. Beynəlxalq Ultrasəs Cəmiyyətinin (ISUOG) standartlarına əsasən, 18-22-ci həftələrdə aparılan detallı müayinə zamanı mütəxəssis dölün bütün ətraflarını (uzun sümüklər, mil və dirsək sümükləri, əl və ayaq pəncələri) protokollaşdırmağa borcludur. Avropa ölkələrində, məsələn Almaniyada hamilə qadına ilk gündən rəsmi "Ana Pasportu" (Mutterpass) verilir və müayinələrdən imtina edildikdə uşaq doğulduqdan sonra dövlət tərəfindən ödənilən sosial müavinətlərə məhdudiyyət qoyulur. Böyük Britaniya (NHS) və digər Avropa ölkələrində isə hamiləlik müayinələri dövlət və ya icbari sığorta tərəfindən 100 faiz qarşılanır, anaların müayinədən imtinası hüquqi məsuliyyət şərti kimi qeydə alınır.

Aygün ƏZİZ

 

banner

Oxşar Xəbərlər