• cümə axşamı, 26 dekabr, 17:08
  • Baku Bakı 10°C

Trampın İran üçün “maksimal təzyiq” planı

17.11.24 04:54 1574
Trampın İran üçün “maksimal təzyiq” planı

Tramp İranın indiki zəifləmiş mövqeyindən istifadə edərək, onu iqtisadi cəhətdən “boğmaq” niyyətindədir. Onun planları ilə tanış olan “Wall Street Journal”ın mənbələrinə görə, yeni strategiya sanksiyaları kəskin şəkildə sərtləşdirməyə, Tehranın neft gəlirlərini kəsməyə və Yaxın Şərqdə təsirini məhdudlaşdırmağa yönələcək.

Donald Trampın yenidən ABŞ prezidenti seçilməsi İranda ciddi narahatlıq doğurub. Xüsusilə, yeni komandada qatı anti-İran mövqedə olan şəxslərin təmsil olunması qarşı tərəfi təşvişə salıb. Son anda dövlət katibi vəzifəsinə İsrailin atəşli tərəfdarı Marko Rubionun namizədliyi irəli sürülüb. 

Bəs görəsən, Trampın növbəti prezidentliyi ABŞ-İran münasibətlərində nələrə səbəb olacaq? İndi bu sual ətrafında qızğın müzakirələr, ən müxtəlif ehtimallar səslənir. Əsas xətt ondan ibarətdir ki, ABŞ-nin yeni seçilmiş prezidenti dövlət başçısı kimi ilk müddətində İrana qarşı sərt mövqe ortaya qoyacaq. 

2017-2021-ci illərdə Tramp administrasiyası İrana "maksimum basqı" kampaniyasını gerçəkləşdirib. Güman edilir ki, Tramp İranla qarşıdurmada İsrailin baş naziri Benyamin Netanyahuya sərbəstlik verəcək. Artıq bəzi mühafizəkar İran qanunvericiləri və KİV-ləri Trampa qarşı nifrətlərini gizlətmirlər. 


"Maksimum təzyiq" strategiyası

Trampın seçkiqabağı platformasına və “Layihə 2025” adlı proqramına baxdıqda görürük ki, bu sənəddə İran adı 58 dəfə təkrar olunur və Tehrana qarşı yenə də "maksimum təzyiq" strategiyasının əsas götürüləcəyi bildirilir. Xüsusilə nüvə obyektləri və nüvə infrastrukturu ilə bağlı daha kəskin addımların atılacağı qeyd olunur. Bunun necə baş verəcəyini təbii ki, zaman göstərəcək. Təzyiqlər effekt verməyəcəyi halda və İsrail-İran müharibəsi ehtimalında ABŞ-nin bütün imkanları ilə müharibəyə qoşulacağı ehtimalı da kifayət qədər yüksək görünür. 
Birinci prezidentliyi dövründə Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və ABŞ səfirliyini bu mübahisəli şəhərə köçürüb. Bununla da ABŞ-nin on illərlə sürən siyasətinin üstündən xətt çəkib. 

Lakin İran liderlərini Trampla danışıqlar aparmaq barədə düşünməyə səsləyənlər də var. Özəlliklə Qərblə münasibətləri yaxşılaşdıracağına söz verən Prezident Məsud Pezeşkiana üz tutulur. Xatırladaq ki, Tramp ilk dəfə prezident olanda İranın nüvə və raket proqramlarına basqıları artırmış və ölkəyə qarşı genişmiqyaslı sanksiyalar tətbiq etmişdi. Həmin vaxt Tramp ölkəsini Tehran və dünya gücləri arasındakı nüvə sazişindən çıxarmışdı.

2020-ci ildə Tramp hakimiyyətdən getməzdən az öncə məşhur “Pew Research Center”in keçirdiyi ictimai rəy sorğusuna görə 54% amerikalı düşünürdü ki, Trampın siyasəti İranla “genişmiqyaslı hərbi konflikti” artıra bilər.

“İran başa düşməlidir ki...”

COP29-da iştirak edən Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossinin İranla bağlı bəyanatı da diqqətə alınmalıdır. O, noyabrın 13-də Tehrana yola düşməzdən öncə səsləndirdiyi bəyanatda İran hökumətinin manevr imkanlarının azaldığını deyib. “İran hökuməti başa düşməlidir ki, beynəlxalq vəziyyət hər gün daha da gərginləşir və onun manevr imkanları azalır. Ona görə də problemlərin sülh yolu ilə həllinə nail olmaq üçün diplomatik yollar tapmaq lazımdır", - Qrossi bildirib. O, həmçinin vurğulayıb ki, Agentlik İranda yoxlamalar aparmaq üçün lazımi icazəyə malikdir, lakin daha çox nəzarətə ehtiyacı var. "İranın nüvə proqramının əhatə dairəsi, dərinliyi və ambisiyasını nəzərə alaraq, Tehranın bu sahədəki fəaliyyətlərini izləmək üçün daha şəffaf üsullara malik olmalıyıq", - deyə Qrossi qeyd edib. 

Trampın İranla bağlı qarışıq siqnalları

Seçki kampaniyası zamanı Tramp İranla bağlı qarışıq siqnallar verib. O, Tehranla müzakirələrə açıq olduğunu da bildirib. Əlavə edib ki, Tehranın nüvə silahı ola bilməz. Sərt mövqeyi ilə seçilən iranlı millət vəkili Malek Şəriəti “X” sosial şəbəkəsində sonradan sildiyi paylaşımında "Trampa ölüm" sözlərini yazıb. Mühafizəkar "Həmşəhri" qəzeti "qatil”in geri qayıdışını pisləyib. Qəzet Süleymaninin qətlində Trampın roluna işarə edib. Bəzi dini rejim tənqidçiləri isə Trampın İslam Respublikasını çökdürməyə kömək edəcəyinə ümid bəsləyirlər. Trampın prezident seçilməsinin Tehran üçün heç nəyi dəyişmədiyini deyən Prezident Məsud Pezeşkian isə İranın müsəlman və qonşu ölkələrlə münasibətlərini inkişaf etdirəcəyini bildirib. 

Tramp İranı “boğmaq” niyyətindədir

Tramp İranın indiki zəifləmiş mövqeyindən istifadə edərək, onu iqtisadi cəhətdən “boğmaq” niyyətindədir. Trampın planları ilə tanış olan “Wall Street Journal”ın mənbələrinə görə, yeni strategiya sanksiyaları kəskin şəkildə sərtləşdirməyə, Tehranın neft gəlirlərini kəsməyə və Yaxın Şərqdə təsirini məhdudlaşdırmağa yönələcək.

Digər məsələ budur ki, Trampın dövründə İsrailə silah tədarükü dayanmayacaq, əksinə, daha da artacaq. Belə görünür ki, ABŞ İrana birbaşa zərbə endirməyəcək. Suriya, Livan, İraq və Yəməndəki müqavimət oxu isə çətin anlar yaşayacaq. Bu qruplar tam şəkildə təqib ediləcək. İranın regionda təsirini azaltmaq ABŞ-nin maraqlarına uyğundur və bu məqsədə yalnız Tehranın proksi qruplarının hərbi infrastrukturunu dağıtmaqla nail olmaq mümkündür. İran da öz növbəsində İsrailə mümkün hücum mövzusunda ABŞ ilə sövdələşməyə çalışacaq. 

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər