Vaşinqtonda Mərkəzi Asiya sammiti
ABŞ Prezidenti Donald Tramp Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərini 6 noyabrda Vaşinqtonda keçiriləcək Mərkəzi Asiya-ABŞ sammitinə dəvət edib. Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın da sammitdə iştirakının mümkünlüyünü bildirib.
Vaşinqton Donald Trampın prezidentliyi müddətində daha bir tarixi sammitə ev sahibliyi edəcək. ABŞ Prezidenti Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərini 6 noyabrda Vaşinqtonda keçiriləcək Mərkəzi Asiya-ABŞ sammitinə (C5+1 formatı) dəvət edib. Bu, qeyd edilən formatda keçirilən ikinci sammit olacaq. Birinci sammit 2023-cü ildə Nyu-Yorkda, BMT Baş Assambleyasının iclası çərçivəsində Co Baydenin rəhbərliyi ilə keçirilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev artıq Trampa dəvətə görə "səmimi minnətdarlığını bildirən" məktub göndərib. Özbəkistan və Qırğızıstan liderləri Şavkat Mirziyoyev və Sadir Japarov da sammitdə iştirak edəcəklərini təsdiqləyiblər.
“Tramp yolu”ndan Mərkəzi Asiyaya
Regional medianın məlumatına görə, dəvət ABŞ-nin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qora və dövlət katibinin müavini Kristofer Landaunun Mərkəzi Asiyaya səfərindən sonra göndərilib. Onlar 25 oktyabrda Daşkəndə gəliblər. ABŞ Dövlət Departamenti səfərin məqsədinin "əhəmiyyətli mineral ehtiyatlar və enerji sahələrində ticarət və investisiyaları müzakirə etmək, eləcə də “C5+1” formatında regional tərəfdaşlığı inkişaf etdirmək" olduğunu bildirib. “Trampın yolu nəhayət Mərkəzi Asiyaya çatdı”, - deyə qazax politoloq Mars Sarıyev “C5+1” sammiti ilə bağlı şərhində bildirib. "Sammit ABŞ tərəfindən aparılan ardıcıl, sistemli işlərin bir hissəsi kimi keçirilir. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından və Cənubi Qafqazda Zəngəzur dəhlizinin yaradılmasından sonra ABŞ indi Mərkəzi Asiya ölkələrinin prezidentləri ilə sammit keçirmək qərarına gəlib", - deyə politoloq bildirib.
Ənənəvi təsir dairələri Rusiyanın əlindən çıxır
M.Sarıyev əlavə edib ki, Vaşinqton Rusiyanın ənənəvi siyasi arenalarda təsirini azaltmaq üçün səylər göstərir. “Rusiya artıq faktiki olaraq Cənubi Qafqazdan sıxışdırılıb. Bu, sadəcə an məsələsidir. İndi növbədə Mərkəzi Asiyadır. Avropa və ABŞ ilə ticarət yüz milyardlarla dollarlıq dövriyyəni təmin edir ki, bu da həm Qafqaz, həm də Asiya ölkələri üçün çox cəlbedicidir. Vaşinqton sammitində əməkdaşlıq üçün yeni yollar təklif oluna bilər. Tramp Asiya turnesi zamanı Çin lideri Si Cinpinlə görüşməyi planlaşdırır. Buna görə də görüş əsas geosiyasi oyunçular arasında maraqların toqquşmasını yaratmayacaq", - deyə ekspert vurğulayıb.
Azərbaycan da iştirak edəcək?
Yeri gəlmişkən, Qazaxıstanın Prezidenti Tokayev Azərbaycanın Mərkəzi Asiya-ABŞ formatında qarşıdan gələn sammitdə potensial iştirakının mümkünlüyünü bildirib. "Azərbaycanın belə mühüm forumda iştirakını arzuolunan hesab edirəm. Bu ölkə enerji resursları, əlverişli coğrafi mövqeyi, strateji baxışı və Prezident İlham Əliyevin siyasi iradəsi ilə Cənubi Qafqazda və onun hüdudlarından kənarda son dərəcə mühüm rol oynayır, əslində regional nəqliyyat-logistika və enerji dövlətinə çevrilib. Azərbaycan Böyük Mərkəzi Asiyanın təbii hissəsi kimi nəzərdən keçirilə bilər", - deyə o qeyd edib.
Bölgə uğrunda mübarizə güclənə bilər
Göründüyü kimi, sammit mühüm əhəmiyyət kəsb edir. Son vaxtlar ABŞ dövlət katibi və onun müşavirləri mütəmadi olaraq bölgəyə səfərlər edirlər və ya videoformat əsasında Mərkəzi Asiya ölkələrindəki həmkarları ilə müxtəlif mövzuları müzakirə edirlər. “5+1” formatından Pekin də istifadə edir. Mərkəzi Asiya ölkələrinin Çinlə sıx iqtisadi əlaqələri var. Bundan başqa, Çin Mərkəzi Asiya ölkələrinin əsas ticarət tərəfdaşı və investorudur. Çin bunun qarşılığında Mərkəzi Asiya ölkələrindən ucuz neft və qaz alır.
ABŞ-a Mərkəzi Asiya nə üçün lazımdır?
“C5+1” formatı 2015-ci ildə Barak Obama administrasiyası dövründə dövlət katibi Con Kerri tərəfindən düşünülmüşdü. O, 1992-ci ildən sonra Mərkəzi Asiyanın bütün dövlətlərinə səfər edən ilk yüksək rütbəli ABŞ məmuru idi. 2021-ci ilin əvvəlində Qazaxıstan, Özbəkistan və ABŞ özəl sektorda layihələrə bir milyard dollardan çox investisiya qoymaq və regionda iqtisadi tərəfdaşlığı gücləndirmək məqsədilə Mərkəzi Asiya İnvestisiya Tərəfdaşlığının yaradılması barədə razılığa gəldilər. Ümumiyyətlə, 2023-cü ilə qədər ABŞ hakimiyyətinin vəzifəsi Çinin Mərkəzi Asiya regionuna təsirini azaltmaq idi. Bu, ilk növbədə, müxtəlif proqram və layihələrə investisiyalar və maliyyələşdirmə hesabına, o cümlədən USAID vasitəsilə həyata keçirilirdi. 2022-ci ildən etibarən, Rusiyaya qarşı sanksiyalar fonunda ABŞ-nin Mərkəzi Asiyaya istiqamətlənmiş vektoru dəyişib: prioritet Moskvanın regiondakı təsirini azaltmaqdır.
Vaşinqtondan Mərkəzi Asiyaya yeni baxış bucağı
Rusiyaya qarşı tətbiq edilən məhdudiyyətlər Vaşinqtona Mərkəzi Asiyaya yeni bir baxışla yanaşmaq imkanı verib. Bu region, ilk növbədə Rusiyadan yan keçən beynəlxalq ticarət dəhlizlərinin yaradılmasında tərəfdaşdır, neft daxil olmaqla qiymətli resursların, həmçinin kritik əhəmiyyətli mineralların və nadir torpaq metallarının mənbəyidir. Qazaxıstan son dörd ildə ABŞ ilə ticarət dövriyyəsini 3,3 milyard dollara qədər artırıb.
Vaşinqtonun Mərkəzi Asiya regionunda öz mövqeyini gücləndirmək istəyi aşkar olsa da, ən azından Qazaxıstan və Özbəkistanla əlaqələr hesabına, daha böyük yaxınlaşma yolunda “Cekson-Venik” düzəlişi durur. Bu düzəliş ilk növbədə tam miqyaslı ticarət münasibətlərinə maneə törədir.
Azər Nuriyev