Azərbaycan Ermənistanı sülhə hazırlayır
Bakının uzaqgörən gedişi Ermənistan cəmiyyətinə Orta Dəhlizin iştirakçısına çevrilmək fürsətinin nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi. Otuz illik işğal embarqosunun aradan qalxması qərarının Ermənistan iqtisadiyyatına faydasını hətta revanşist qüvvələr belə gözdən sala bilmirlər.
Son günlərdə Cənubi Qafqazda yaşanan proseslər yenidən dünyanın diqqətini özünə cəlb edib. Azərbaycanın birtərəfli qaydada Ermənistana qarşı tətbiq olunan tranzit embarqosunu ləğv etməsi bölgədə sülh prosesinə yeni nəfəs verib. Artıq qarşı tərəfdə, həmçinin regionun digər ölkələrində Azərbaycanın təşəbbüsü ciddi müzakirə olunmaqdadır.
Sülh üçün unikal imkan
Bakı ilə İrəvan arasında 30 ildən çox davam edən münaqişədən sonra etimad mühitinin yaradılmasına hesablanan bu cür açıqlamalar eşitmək, həqiqətən də, qeyri-adi görünür. Tərəflərin sülhə doğru addımlaması, heç bir vasitəçi olmadan danışıqlar apara bilməsi, hətta konkret iqtisadi əməkdaşlıq qurması Cənubi Qafqazda davamlı sabitliyin və inkişafın əldə olunması istiqamətində unikal imkanlar yaradır. Azərbaycan və Ermənistan yekun sülhü tezləşdirmək üçün siyasi iradələrini inamla nümayiş etdirirlər. Bu qərarlılıq isə özünü konkret addımlarla büruzə verir. Tranzit embarqosu aradan qalxır, vətəndaş cəmiyyətinin təmsilçiləri görüşür, kommunikasiya əlaqələrinin bərpası ciddi şəkildə müzakirə olunur. Bu addımlar bütün tərəflər, xüsusilə də Ermənistan üçün ciddi iqtisadi dividendlər deməkdir.
İrəvan maksimum fayda götürməyə çalışır
İrəvan da bunun fərqindədir. Məsələn, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan etiraf edib ki, Qazaxıstan taxılının İran üzərindən yox, Azərbaycan vasitəsi ilə tranziti xeyli ucuz başa gəlir. Bu marşrut həm vaxt, həm də maddi və texniki baxımdan çox sərfəlidir. Papoyan daha da irəli gedərək Ermənistanın Azərbaycandan mal idxalında maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın ixracının əhəmiyyətli hissəsi İrəvanın idxal tələbatına uyğun gəlir. “Yəni biz bir-birimizə çoxlu mal sata bilərik", - nazir qeyd edib. Göründüyü kimi, Ermənistan Azərbaycanın onun üçün yaratdığı iqtisadi nəfəslikdən maksimum fayda götürməyə çalışır.
Ermənistan Orta Dəhlizin iştirakçısı kimi
Bu qərarın siyasi tərəflərinə gəldikdə isə, Bakının uzaqgörən gedişi Ermənistan cəmiyyətinə böyük perspektivlər vəd edən Orta Dəhlizin iştirakçısına çevrilmək fürsətinin nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi. Hələlik çox ciddi iqtisadi və tranzit əlaqələr qurulmamasına baxmayaraq, 30 illik işğal embarqosunun aradan qalxması qərarının Ermənistan iqtisadiyyatına faydasını hətta revanşist qüvvələr belə gözdən sala bilmirlər. Beləliklə, İrəvan bütün dünyanın fokuslandığı Orta Dəhliz layihəsinin tam hüquqlu iştirakçısına çevrilmək şansı əldə edir. Bu məsələdə yekun qərarın Azərbaycandan asılı olduğunu çox gözəl bilən Ermənistan rəhbərliyi artıq Türkiyə üzərindən gələn yük maşınlarının hələlik mövcud imkanlar daxilində Azərbaycana maneəsiz keçidini təmin etməyə hazır olduğunu açıqlayıb.
Rusiyanı maraqlandıran qərar
Təbii ki, yaranmış fürsətlər imkanından yararlanmaq istəyən tək Ermənistan deyil. Bu məsələdə Rusiya tərəfi də ciddi qərarlar qəbul etmək ərəfəsindədir. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib ki, "Rusiya Dəmir Yolları" və onun regional həmkarları hazırda Rusiya mallarının Azərbaycan vasitəsilə Ermənistana tranzitinin təşkili üzərində işləyirlər. O qeyd edib ki, Bakı Moskvaya Rusiya məhsullarının Azərbaycan üzərindən Ermənistana tranziti üçün Azərbaycan dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib: "Yəni bu məsələdə çox maraqlı irəliləyişlər əldə etmişik. "Rusiya Dəmir Yolları" hazırda regional həmkarları ilə birlikdə bu daşımaların necə təşkil olunacağını müəyyən etmək üçün çalışır. Eyni zamanda bu yeni logistika marşrutunun hazırlanması üçün Kənd Təsərrüfatı Nazirliyinə müvafiq göstərişlər vermişik".
“Birbaşa daşıma daha sərfəlidir”
Bakının məlum qərarının sülh istiqamətində əsas maneələrdən biri sayılan Zəngəzur dəhlizi məsələsini tətiklədiyi də sirr deyil. Artıq Ermənistan daxilində iqtisadi müzakirələrə başlanılıb. Tranzit embarqosunun aradan qaldırılmasından sonra Gürcüstan üzərindən daşıma xərcləri əsas gətirilərək malların birbaşa Azərbaycan-Ermənistan sərhədindən daşınmasının daha effektli və səmərəli olduğu xüsusi vurğulanır. Təbii ki, bu məqam İrəvan rəhbərliyinin də məlumudur. Sözügedən təşəbbüsün reallaşması üçün isə ən ideal variant məhz Zəngəzur dəhlizi (TRIPP) layihəsinin ən qısa müddətdə reallaşmasıdır.
Bu baxımdan, Ermənistan rəsmilərinin açıqlamaları da diqqət çəkir. Ermənistan parlamentinin sədri Alen Simonyanın sözlərinə görə, TRIPP layihəsinin həyata keçirilməsi Ermənistan, Azərbaycan və qonşu dövlətləri birləşdirən boru kəmərləri, elektrikötürücü xətlər və rabitə kabellərinin inşası üçün şərait yaradır. "Layihə təkcə dəmir yolu əlaqələrinin inkişafını deyil, həm də Ermənistan, Azərbaycan və regionun digər ölkələri arasında avtomobil yolları, boru kəmərləri, elektrikötürücü xətlər və rabitə kabellərinin inşası perspektivini nəzərdə tutur", - A.Simonyan qeyd edib.
Sülhdən xəbərsiz Ermənistan sülhə hazırlanır
Məlum proseslər yaşanarkən Ermənistan Baş naziri Nikol Paşinyanın sülh prosesi ilə bağlı etirafları qərarların hansı şəraitdə qəbul edildiyini və nə dərəcədə mühüm əhəmiyyət daşıdığına dair geniş təsəvvür yaradır. Paşinyanın “Qəbul etməliyik ki, sülh bizim üçün tanış olmayan bir haldır, Ermənistan Respublikası sülhün nə demək olduğunu bilmir” etirafı son beş ildə Azərbaycanın sülh gündəliyi formalaşdırmaq üçün atdığı hərbi-siyasi, indi isə iqtisadi addımların nə dərəcədə əsaslı olduğunu göstərir. Rəsmi Bakı sülhün və onun yaratdığı imkanların nə olduğunu bilməyən bir tərəflə danışıqlar aparır. Bu prosesdəki maneələri isə uzaqgörən qərarları ilə zərərsizləşdirir. Beləliklə, Azərbaycan qalib dövlət olaraq atdığı addımlarla Ermənistan kimi sülhdən xəbərsiz bir dövləti də sülhə hazırlayır.
Azad Əliyev