• şənbə, 08 Fevral, 11:20
  • Baku Bakı 3°C

Tramp kosmosu da fəth etməyi planlaşdırır

08.02.25 04:22 97
Tramp kosmosu da fəth etməyi planlaşdırır

ABŞ prezidenti müdafiə naziri Pit Heqsetə 60 gün ərzində "Dəmir qübbə" adlandırılacaq ən yeni raketdən müdafiə sisteminin layihəsi və yerləşdirilməsi planını təqdim etməyi tapşırıb. Bu layihənin minimum 300 milyard dollara başa gələcəyi proqnozlaşdırılır. 

ABŞ Prezidenti Donald Tramp yeni layihələri ilə dünyanı şoka salmaqda davam edir. Ağ ev rəhbəri birinci prezidentliyi dövründə elan etdiyi fantastik layihəsini reallaşdırmaq barədə göstəriş verib. Söhbət ölkənin ordu sisteminin əhəmiyyətli hissəsi kimi kosmik güclərin yaradılmasından gedir. O, ABŞ-nin raket əleyhinə müdafiə sistemlərinin inkişafını "Ulduz müharibələri" ilə müqayisə oluna biləcək səviyyəyə çatdırmaq niyyətindədir. Tramp hesab edir ki, ABŞ kosmosda üstün olmalıdır və bu, çox əhəmiyyətlidir. Artıq media və siyasi dairələr yeni proqrama ad da verib - "Ulduz müharibələri 2.0". ABŞ prezidenti bununla da Ronald Reyqanın kosmosda təhlükəsizlik və hökmranlıq planını yenidən canlandırmış olub. 

ABŞ-nin də öz “Dəmir qübbə”si olacaq 

Tramp ilkin olaraq müdafiə naziri Pit Heqsetə 60 gün ərzində "Dəmir qübbə" adlı ən yeni raketdən müdafiə sisteminin layihəsi və yerləşdirilməsi planını təqdim etməyi tapşırıb. "Ballistik, hipersəs və qanadlı raketlər, eləcə də digər müasir hava hücumu təhlükəsi vasitələri ABŞ-nin üzləşdiyi ən fəlakətli təhdid olaraq qalır", - sənəddə qeyd olunub. Bildirilib ki, fərmanın dərc edildiyi andan 60 gün ərzində müdafiə naziri Prezidentə yeni nəsil raketdən müdafiə qalxanının arxitekturasını və yaradılması planını təqdim etməlidir.

300 milyard dollar xərc, 650 peyk

"Dəmir qübbə” layihəsi ballistik və hipersəs təhdidlərindən müdafiə üçün kosmik qəbuledicilərin yerləşdirilməsini nəzərdə tutur. “National Defense Magazine” nəşrinin qeyd etdiyi kimi, ad İsrailin raketdən müdafiə sistemi ilə oxşar olsa da, mahiyyət Ronald Reyqan dövründəki "Ulduz müharibələri" proqramını xatırladır. Əsas fərq - İsrailin "Dəmir qübbəsi”ndə olmayan qitələrarası raketləri dəf etmək qabiliyyətidir. “Financial Times”ın yazdığına görə, layihə kosmosda lazer sistemlərinin yerləşdirilməsini nəzərdə tutur. ABŞ-nin “Dəmir qübbə”si İsrailin eyni adlı sistemindən fərqli olaraq “100 dəfə uzağa və 7 dəfə sürətli" uça bilən raketlərdən müdafiəni də təmin edə biləcək. 

“The Financial Times” yazır ki, Trampın fərmanı "raketlərin buraxılışından əvvəl məhv edilməsi sistemlərinin" yaradılmasını da nəzərdə tutur. Yəni təkcə təhlükənin deyil, daşıyıcının da neytrallaşdırılması üçün vasitələrin hazırlanması planlaşdırılır. Məhvetmə kosmosda yerləşdirilmiş lazer silahı vasitəsilə həyata keçiriləcək. İlkin hesablamalara görə, bu cür layihələrin dəyəri astronomik olacaq. ABŞ Milli Elmlər Akademiyasının 2012-ci il hesabatında göstərilirdi ki, hətta "məhdud və ciddi funksional" kosmik RƏM sistemi 300 milyard dollar dəyərində 650 peykin yerləşdirilməsini tələb edəcək. 

Rusiya Trampın planına görə narahatdır

Moskvada Trampın bu təşəbbüsü tənqid edilib. Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu planlar ABŞ-nin eskalasiya yolu ilə getmək istəyindən xəbər verir. "Biz bunu ABŞ-nin kosmosu silahlı qarşıdurma, mübarizə meydanına çevirmək və orada silah yerləşdirmək niyyətinin növbəti təsdiqi kimi qiymətləndiririk. ABŞ-nin göstərilən yanaşmaları gərginliyin azaldılmasına, strateji sahədə vəziyyətin düzəldilməsinə, o cümlədən səmərəli dialoq üçün zəmin yaradılmasına kömək etməyəcək", - deyə Rusiya XİN-in sözçüsü bildirib.
Hərbi ekspertlər hesab edirlər ki, ABŞ-nin "Ulduz müharibələri 2.0" proqramı Rusiya və onun müttəfiqləri üçün təhlükə təşkil edir. Bu proqrama Rusiya, Çin və digər ölkələrin reaksiyası, əlbəttə ki, olacaq. 

Nüvə sınaqları bərpa olunur?

Tramp komandasının Ağ evə gəlişi ilə silahlanma yarışının təkcə kosmosda deyil, geniş miqyasda davam etməsi ehtimalı qalır. Belə ki, mövcud nüvə silahları güclü şəkildə modernləşdirilir. ABŞ yayım şirkəti NPR-in məlumatına görə, ölkə yazda mövcud nüvə silahlarının effektivliyini yoxlamaq və sonrakı modifikasiyası üçün Nevadakı poliqonda az miqdarda plutoniumun yeraltı partlayışının reallaşdırılmasını planlaşdırır. Amerikalı alimlərin fikrincə, nüvə silahlarının sınaqları zəruridir, çünki onlara sahib olan ölkələr peykləri, dəniz limanlarını və digər mühüm obyektləri məhv edə bilən yeni silah növləri hazırlayırlar. 

Tramp hakimiyyətə gələrsə, ABŞ-nin yeraltı nüvə sınaqlarına başlaya biləcəyi barədə Amerika KİV-ləri hələ 2024-cü ilin yayında yazırdı. “The New York Times” Trampın keçmiş milli təhlükəsizlik müşaviri Robert O'Brienin sözlərini sitat gətirərək bildirirdi ki, Vaşinqton “Çin və Rusiya nüvə arsenalları üzərində texniki və say üstünlüyünü qorumaq üçün 1992-ci ildən bəri ilk dəfə yeni nüvə silahının etibarlılığını və təhlükəsizliyini sınaqdan keçirməlidir”. Qəzetin xatırlatdığı kimi, “soyuq müharibə” dövründə silahın konstruksiyasındakı çatışmazlıqları aşkar etmək və etibarlılığını yoxlamaq məqsədilə Çin 45, Fransa 210, Rusiya 715 və ABŞ 1030 nüvə sınağı keçirib. 

Rusiya rəsmiləri dəfələrlə bəyan ediblər ki, nüvə sınaqlarının keçirilməsi ilə bağlı Moskvanın mövqeyi dəyişməzdir. Onlar yalnız ABŞ-nin oxşar addımlarına cavab olaraq nüvə sınaqları keçirilə bilərlər. RF XİN rəhbərinin müavini Sergey Ryabkov hələ 2024-cü ilin sentyabrında bildirmişdi ki, “Novaya Zemlya”dakı poliqonun infrastrukturu artıq tam hazır vəziyyətdədir. 

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər